Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / İcra başçısı Kərəm Həsənov üçün mətbuat dəllalığı edirmiş – Sensasion faktlar

İcra başçısı Kərəm Həsənov üçün mətbuat dəllalığı edirmiş – Sensasion faktlar

CƏLİLABAD SÖZÜNÜ NİYƏ “KƏRƏMABAD”LA ƏVƏZLƏYİRDİLƏR?

Bakı Apellyasiya Məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun sifarişi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə mənzilinə  tapança qoyulub həbs olunmuş Mətləb Mustafayevə bəraət hökmü verdikdən sonra çoxları Kərəm Həsənovun   karyerasına ciddi zərbə vurulduğunu güman edirdi. Çünki Bakı Apellyasiya Məhkəməsində və Bakı Hərbi Məhkəməsində keçirilən uzun müddətli, çoxsaylı iclaslardan sonra Mətləb Mustafayevin şərləndiyi tam təsdiqini tapdı.

Gununsesi.info xəbər verir ki, hələ Mətləb Mustafayev həbsdən çıxdıqdan sonra mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciətində həbsinin sifarişçisinin ƏMDK-nin sədri Kərəm Həsənov olduğunu bildirmişdi. Kərəm Həsənov isə bu ittihama cavab verməmiş, ittihamı təsdiq və ya inkar etməmiş, yaxud buna lüzum görməmişdir. Deyilənə görə, Kərəm Həsənov KİV-də Mətləb Mustafayevin müraciətindən sonra uzun müddət özünə gələ bilməmişdi. Güvəndiyi Eldar Mahmudovun vəzifəsindən azad olunması,  yaxın adamlarının buraxdığı şayiəyə görə çoxdan arzuladığı baş nazir postuna yeganə şəxs olduğunu güman etməyə bir neçə addım qaldığını düşünən zaman Mətləb Mustafayevin müraciəti onu pis vəziyyətə saldı. Hətta ictimaiyyət də onun barəsində bu gün-sabah cinayət işinin başlanacağını güman edirdi. Buna əsas da var idi. Çünki “krışası“ Eldar Mahmudov artıq öz hayına qalmışdı. Bir vaxtlar övladının toyunda Eldar Mahmudovun əlindən tutub yallı gedən, badəsini Eldar Mahmudovla toqquşdurmaqla onun himayəsində olduğunu ətrafındakılara nümayiş etdirən Kərəm Həsənov çətin duruma düşdüyünü anlayırdı.

Sabiq MTN generalı Elçin Quliyevin məhkəmədə “Mətləb Mustafayevin evinə silahı Eldar Mahmudovun göstərişi ilə qoymuşduq” ifadəsi də  böyük rezonansa səbəb oldu. Eldar Mahmudovun MTN-də çalışan peşəkar bir polkovnikin qardaşının şərlənməsinə göstəriş verməsi də onun Kərəm Həsənovla nə dərəcədə yaxınlığını sübut edirdi. Ancaq Elçin Quliyevin bu bəyanatından sonra çoxları gözləyir ki, qanun Kərəm Həsənovun da yaxasından yapışacaq.

Bəzi məlumatlara  görə, həmin ərəfədə əslən Cəbrayıl rayonundan olan  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qohumları vasitəsi ilə Mətləb Mustafayevə ismarıc göndərib adının hallandırılmaması müqabilində ona mənzil, külli miqdarda pul təklif etdiyi söhbətləri də yayılmışdı. Kütləvi informasiya vasitələrində gedən müraciətin yayılmaması üçün həmin müraciətin dərc olunduğu qəzetlərin onun yaxınları tərəfindən köşklərdən alınıb məhv edilməsi xəbərləri də gündəmdə idi. Hətta indi həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktoru, müavini Rafiq Cəlilovun və həmyerlisi Fərahim Mirzəyevin  tanışı, “reket” jurnalist Habil Vəliyevin Bakı şəhərinin müxtəlif rayonlarında ümumi istifadə olunan yerlərdə və sosial obyektlərin ərazisində qanunsuz tikdirdiyi obyektlərə çıxarış verəcəyi müqabilində  bəzi KİV-də həmin müraciətin dərc olunmamasına nail olmuşdu. Amma atalar yerində deyib: Cidanı çuvalda gizlətmək olmaz.

Bu azmış kimi bir vaxtlar ayağının altını qazdığı, ona etibar edib vəzifə verən həmyerlisi, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də ölkəyə dönüb Sumqayıt şəhəri yaxınlığında avtomobil yağı istehsal edən özəl müəssisə tikdirdiyi xəbəri də ona ikiqat zərbə vurdu. Gələcəkdə həmin müəssisəyə mülkiyyət hüququ verən sənədləşmə zamanı onunla qarşılaşacağını fikirləşdikdə gecələr gözünə yuxu da getmirdi. Necə deyərlər, əri ölmüş arvadı it də tutdu bir yandan…

Yaxınları ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Cəliabad rayonunun sosial iqtisadi inkişafı üçün ayrılmış vəsait hesabına  aparılmış tikinti, abadlıq işlərini Kərəm Həsənovun adı ilə bağlayırdılar. O və yaxınları rayon əhalisi arasında elə fikir formalaşdırmışdılar ki, Cəlilabad rayonunda aparılan bütün yenilikləri onun adı ilə bağlanılırdı. Hətta metronun “20 Yanvar” stansiyası ətrafında Cəlilabad rayonuna sərnişin daşıyan, taksi xidməti ilə məşğul olan şəxslər bəzən Cəlilabad sözünü “Kərəmabad” sözü ilə əvəzləşdirirdilər…

Əslində Əziz Əzizovun Cəlilabad rayonunda başçı işlədiyi dövrdə  rayonda tikilmiş saysız-hesabsız ticarət, iaşə, xidmət obyektləri Kərəm Həsənovun, Rüstəm Şahbazovun, Əziz Əzizovun yaxın qohumlarına məxsus olduğunu çoxları bilirdi. Yaşadığımız ölkədə üzləşdiyimiz gündəlik mövzuların biri də imkanlıların başqa şəxslərin adına rəsmiləşdirdiyi sonradan danılan mülk üstündə gedən mübahisədir.  Kərəm Həsənov nə vaxtsa Əziz Əzizovun məcburi köçkün qohum əqrabasının, balakənlilərin, zaqatalalıların, Rüstəm Şahbazovun tələbə yoldaşlarının, qubalılıların, qazaxlıların, Rafiq Cəlilovun lənkəranlı qohumlarının adına rəsmiləşdirilmiş obyekt və torpaq sahələrinin öz adlarına keçirilməsi zamanı problemlər yaşamayacaqlarına heç kim zəmanət verə bilməz. Məsələn, götürək elə X-in adına çıxarışı olan “SİTİ MAİL” yaşayış kompleksindəki 2 ədəd hər birinin dəyəri 1 milyon ABŞ dolları olan 3 otaqlı mənzili (bu mənzillərin kimin adına rəsmiləşdirildiyi  bizə məlumdur. Lakin həmin əməliyyata görə o şəxsə müəyyən məbləğ ödənildiyinə görə onun adını hallandırmırıq). Hamıya məlumdur ki, Bakı şəhərində ilk inşa olunan binalardan biri olan həmin binada mənzilin 1 kvadratmetrinin qiyməti 5 min ABŞ dolları civarında olub. Görəsən, X-də o qədər vəsait haradan idi, yaxud həmin vəsaiti ödəyən şəxs bu məbləği haradan əldə etmişdi? Qısası oğrudan oğruya halaldır…

Son illər Bakı, Sumqayıt , Gəncə şəhərlərində çoxlu hündürmərtəbəli binalar inşa olunub və olunur. Bu binaların çoxu Kərəm Həsənovun sərəncamı ilə Səhmdar Cəmiyyətinə çevrilmiş sonradan onun razılığı ilə ləğv edilmiş müəssisə və təşkilatların torpaq sahələrində inşa olunub. Səhmləri investisiya müsabiqəsi ilə satılmış, investor tərəfindən investisiya şərtlərinə əməl olunmamış bu müəssisələrin torpaq sahələrində tikilmiş hündürmərtəbəli binalara və obyektlərə  qeydiyyatdan keçirib çıxarış veriləndə hansı meyarın əsas götürüldüyünü Kərəm Həsənov necə izah edə bilər? Deyilənə görə, Kərəm Həsənov da keçmiş “krışası” Eldar Mahmudovun metodu ilə hər  yeni tikilən binadan 1-2 mənzili başqa şəxslərin adına rəsmiləşdirmək şərti ilə bu işə “dabro” verirmiş. Götürək elə metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı Nəsimi rayonu 159 nömrəli orta məktəbin  idman meydançası və yaxınlıqdakı istirahət parkının sahəsinin “yığcamlaşdırılması” hesabına inşa olunmuş hündürmərtəbəli binanı. Qeyri-rəsmi məlumatlara görə, bu binanı Eldar Mahmudovla Kərəm Həsənov şərikli tikdiriblər. Birinci qolunun zoruna, ikinci  torpağın boş və istifadəsiz olması barədə yəqin ki, Nəsimi rayon Bələdiyyəsinin verdiyi Qərarı əsas götürüb saxta sənəd verməklə tikiblər. Əslində bələdiyyə sədrini qınamaq olmaz. Bələdiyyənin qərarını verməsəydi  Eldar Mahmudov onun da cibindən silah, yaxud mənzilindən narkotika  tapdıracaqdı…  Amma qərarı verəndə qara qarğışla veribmiş ki, həmin  binadan bu günə qədər də mənzil satılmır. Kərəm Həsənov yəqin şəriki  Eldar Mahmudovun ətrafında cərəyan edən hadisələrin sonunu gözləyir.

Ölkədəki bütün daşınmaz əmlakın qeydiyyata alınıb mülkiyyət hüququ verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi olmasına baxmayaraq, Kərəm Həsənovun tabeliyində olan Reyestr Xidməti əməkdaşlarının Binəqədi, Yasamal, Sabunçu, Qaradağ rayonlarında ötən əsrin 50-60-cı illərində tikilmiş fərdi yaşayış  evlərinə çıxarış verilməsi üçün vətəndaşdan “Budyonnı dövrü”ndən  qalma sənədlər tələb etməkdə məqsədi nədir? Bakı şəhərinin Binəqədi, Yasamal, Qaradağ, Suraxanı, Sabunçu və digər rayonlarında bələdiyyə qərarları ilə inşa olunmuş minlərlə yaşayış evlərinə çıxarış verilmədiyinə baxmayaraq, həmin bələdiyyə qərarları ilə tikilmiş ticarət obyektlərinə çıxarış verəndə nəyin əsas götürüldüyünü Kərəm Həsənov necə izah edə bilər? Necə ola bilər ki, eyni qurum tərəfindən eyni ərazi üzrə verilmiş qərar əsasında inşa olunan fərdi yaşayış evinin birinə çıxarış, digərinin  təqdim etdiyi sənədlərə isə “əndərəbud” cavablar verilir.

Hər ay mətbuatda mərkəzi icra hakimiyyəti orqanı rəhbərlərinin rayonlarda vətəndaşları qəbul etməsi barədə məlumat dərc olunur. Görəsən, Kərəm Həsənovun ayda bir dəfə Bakı şəhərinin rayonlarında vətəndaşları qəbul edib onların mülkiyyət barədə ərizə və şikayətlərini həll etməsinə kim mane olur?

Cəlilabad rayonun kəndlərinə çəkilən asfalt döşənmiş yolların inşası bir qayda olaraq bu işdə heç bir səriştəsi, təcrübəsi olmayan, Kərəm Həsənova, Əziz Əzizova və Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin əmisi oğlanlarına yaxın şəxslərə tapşırılırdı. Bu yolların tikintisinə külli miqdarda pul ayrılmasına baxmayaraq, səriştəsiz iş adamları tərəfindən  tikildiyi üçün ömrü çox qısa olub tez-tez sıradan çıxdığı üçün yenidən Kərəm Həsənovun və Əziz Əzizovun “daxili imkanları” hesabına təmir olunur .

Kərəm Həsənov “krışası” Eldar Mahmudov vəzifədən azad olunduqdan sonra əvvəllər olduğu kimi komitədə keçirilən müxtəlif toplantılarda tabeliyindəki əməkdaşları son zamanlar ayağa qaldırıb ağa-qara  dedirtməkdən çəkindiyi bildirilir. Acığını həmyerliləri, tərk etdiyi  müavini Rüstəm Şahbazovun, şöbə müdirləri Yusif Qənbərovun, Fərahim Mirzəyevin, tələbə yoldaşı Mohuma Heraçıyevin üstünə qışqırmaqla əsəblərini sakitləşdirir.

Bu yaxınlarda Kərəm Həsənovun əmisi oğlu, mühafizəçisi Kamal Həsənovun bir çobanı əzişdirdiyi barədə mətbuatda çobanın şikayəti və şəkli dərc olunmuşdu. Təbii ki, arxalı köpək qurd basar. Hamı gözləyirdi ki, son zamanlar havalanmış məmurların övladları barədə görülmüş tədbirlər Kərəm Həsənovun əmisi oğluna da tətbiq olunacaq. Baxmayaraq daha Eldar Mahmudov kimi “krışa” artıq özü istintaqa  çağrılırdı, ona kömək edə bilməyəcəkdi, əmi oğlu çobanın haray-həşirini   özü bildiyi vasitə ilə boğdu.

Gununsesi.info

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …