Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / İçki, seks… İran vətəndaşlarını Ermənistana aparan səbəblər

İçki, seks… İran vətəndaşlarını Ermənistana aparan səbəblər

Tehranda yaşayan soydaşımız ilginc açıqlamalar verdi: “Ermənistan istəyir ki, “İranın gecə klubu” olsun”; “Azərbaycan vizanı qaldırsa…”

Erməni mediasının yaydığı xəbərlərə görə, Novruz tətilini Ermənistanda keçirməyə üstünlük verənlər arasında İran vətəndaşları üstünlük təşkil edib. Yayılan məlumatlarda deyilir ki, bir həftə ərzində İrandan İrəvana 27 təyyarə reysi uçub.

Bayramı Ermənistanda keçirməyə gələn iranlılar əslən İrandan olan erməni müğənni Andinin konsertində iştirak ediblər. Təəssüf doğuran budur ki, turistlərin bir çoxu milliyətcə türk olan güney azərbaycanlılardır. Qeyd edək ki, mətbuatda iranlı turistlərin böyük hissəsinin azərbaycanlılar olmasına aid ötən illərdə də video-görüntülər yayılmışdı. Bundan əvvəl də güneyli qardaşlarımızın işğalçı ölkəyə istirahətə yollanmasından bəhs edən kadrlar ictimailəşmişdi. Qarabağın işğalda olduğu bir zamanda qan qardaşlarımızı düşmən ölkədə görmək məyusluq doğurur. Qeyd edək ki, bayram ərəfəsində ermənilər İrandan gələcək turistləri nəzərə alıb təyyarə reyslərini 36-yadək artırmağa qərar vermişdilər. Fars millətindən olanlar məlum, bəs, soydaşlarımızı, güneyliləri Ermənistana çəkib aparaq qüvvə nədir? Bu məlumatlar İrandakı soydaşlarımız tərəfindən necə qarşılanır?

Bununla bağlı internet üzərindən Tehranda yaşayan, adının çəkilməsini istəməyən Azərbaycan türkü ilə danışdıq.

İranda hələ Novruz havasının davam etdiyini deyən şəxs Ermənistana tətilə gedən azərbaycanlılara görə üzüldüyünü etiraf etdi. Amma o, əlavə etdi ki, İran vətəndaşlarının, o cümlədən azərbaycanlıların işğalçı ölkəyə üz tutmasının səbəbləri var: “Ermənistandakı içki və seks azadlığı burdakı adamları özünə cəlb edir. Hər halda bu ölkənin super-starı Kim Kardaşyandır, bir sıra kişilər də onun “eşqinə” Ermənistana üz tutur. Özü də əksəriyyəti orda çox qalmır. İki-üç günlük kefdən sonra İrana dönürlər”. Bununla belə, tehranlı soydaşımız Azərbaycanın tarixi ərazilərini işğal etmiş bir ölkəyə gedənləri qınadı: “Biz tanıdığımız adamları ora səfər etməkdən çəkindirməyə çalışırıq, bir çoxları da fikrindən vaz keçib, amma gedənlər də az deyil. Bu gün Ermənistan İranın meyxanəsidir. Ermənistan istəyir ki, “İranın gecə klubu” olsun”.

Həmsöhbətimiz bununla belə qeyd etdi ki, Ermənistanla müqayisədə İrandan Azərbaycana qat-qat artıq turist gəlir: “Təssüf ki, Azərbaycanın viza rejimini ləğv etməməsi İran vətəndaşlarının, xüsusilə də azərbaycanlı bacı-qardaşlarımızın rahat gəlişini əngəlləyir. Amma Ermənistan vizanı göturməklə xeyli irəli düşdü. Məhz vizanın ləğvi sayəsində İranın hesabına hər il xeyli turist qazanır. Lakin gərək əksinə olaydı, sizlər belələrinə dərs verəydiniz. Şəxsən mən Ermənistanda olmamışam, bu şərtlər altında da heç vaxt getmərəm. Amma hamı eyni düşünmür. Doğrudur, İran-Ermənistan əlaqələrinə qarşı çıxan, Qarabağı işğalda saxladığı üçün erməniləri lənətləyənlər də çoxdur. Lakin elələri də var ki, onlar üçün milli hiss yox dərəcəsindədir. Belələri üçün eyş-işrət önəmlidir. Bəzi iranlılar elə İrandan qadınlargötürüb Ermənistana gedirlər, orada otellərdə bir neçə gecə qalıb qayıdırlar. Bəzilər hətta qaçaq yolla İrana şərab gətirir. Gedib-gələnlər deyir ki, İrandan fərqli olaraq Ermənistanda çox bahalıqdır. Lakin vizanın ləğvi səbəbindən getmək asandır deyə, adamlar həvəslənir. Hətta elə olur ki, səhər tezdən gedib axşam geri dönürlər, ya da bir gecə qalıb İrana qayıdırlar. Çoxları da içki həvəskarıdır”.

İşğalçı ölkəyə gedənlərin daha çox əslən Azərbaycan türkləri, yoxsa farsların olmasına gəldikdə, mənbəmiz dedi ki, bununla bağlı konkret fikir söyləməyə çətinlik çəkir: “Amma Tehrandan Ermənistana gedənlər daha çox olar”.

Son videonu izlədiyini deyən müsahibimiz dedi ki, orada oxuyan muğənnilərin İranda konsert verməsi yasaqdır: “Oxuyan kişi müğənni Andranik Madadiandır. Belələri ya Antalyada, da da Ermənistanda konsert verirlər. Vizanın olmaması səbəbindən oralarda rahat müştəri toplaya bilirlər.

Türkiyəyə də gedənlər çoxdur. Amma bu il Azərbaycana gələnlərin sayı xeyli artıb. Azərbaycan vizanı ləğv etsə, indikindən qat-qat artıq adam ora üz tutar. Bir çoxları Novruz tətilini ölkə xaricində keçirmək istəyir, onlar üçün rahat gediş-gəliş çox önəmlidir. Viza isə buna çox mane olur. Məsələn, kim istəsə, hər zaman Türkiyəyə rahat gedə bilər, elə bil daxili səfər edir. Təbrizdə dayım yaşayır, vaxtaşırı Vana gedib-gəlir, heç bir şikayəti də yoxdur. Amma Azərbaycanla viza məsələsi işimizi çətinləşdirir. Bir nəfər Tehrandan Azərbaycan vizası almaq istəsə, müsibətlə üzləşir. Amma insafən, Təbrizdə vizanı rahat verirlər. Bilmirəm bunun səbəbi nədir ki, belə fərq var. Şəxsən mən Bakıya gələndə vizanı Təbrizdən aldım. Yaşadığım Tehranda səfirliyə getdim, dedilər 2 həftə çəkər. Bir dəfə başqa məsələlərlə bağlı getmişdim, kobud reaksiya ilə üzləşdim. Amma Təbrizdəki konsulluqda tamam ayrı münasibət gördüm. Çox yaxşı qarşıladılar, elə bil, ikisi də bir ölkənin nümayəndəliyi deyil”.

Soydaşımız dedi ki, Tehrandakı səfirliyə viza üçün müraciət edəndən azı iki həftə sonra cavab gəlir: “Özü də gərək adına dəvət gələ, otel sifariş oluna. Deyirəm axı, mən Bakıda kimi tanıyıram ki, oradan dəvət də gözləyim? Ancaq nə faydası? Əlacsız qalıb getdim Təbrizə, bir gündə viza aldım. Amma turistlərin çoxu Tehrandan gedir. Yolun yaxınlığı və vizanın olmaması Ermənistanın şansını artırır. Adamlar da daha rahat getmək imkanı olan ölkəyə üz tutur. Bu zaman vizasız Ermənistana axışanlar artır. Ötən il dedilər prezidentlər arasinda vizanın ləğvi ilə bağlı razılaşma olacaq. Amma alınmadı”. Həmsöhbətim onu da dedi ki, erməni qadınla ailə quranlar olmur: “Şəxsən mən eşitməmişəm. İranlılar Avropa ya amerikalılarla evlənirlər”.

musavat.com

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın