Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / İbrahim Mehdiyevin yeni əməlləri üzə çıxdı

İbrahim Mehdiyevin yeni əməlləri üzə çıxdı

Yasamal rayonun keçmiş icra başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunmadan 10 gün əvvəl rayonun 568-ci məhəllə və Zahid Xəlilov 30, 32, 34-də “Elite city” MMC tərəfindən çoxmərtəbəli bina tikintisinə icazə verilməsi üçün sərəncam imzalayıb. Zahid Xəlilov küçəsi 30A, 36A, 36B, 36V, Əhməd Cəmil küçəsi 23, 25, 27 və Şəhriyar küçəsi 5 ünvanda yaşayan sakinlər isə sərəncamın ləğvi iddiası ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıblar.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, sözügedən ünvanlarda üç 9 mərtəbəli, bir 5 mərtəbəli olmaqla 300-dən çox mənzil var: “Binalar dördbucaqlı formada tikilib, həyət qapalıdır.

Binalardan əlavə həyətdə qəzalı vəziyyətdə olan 3 fin ev də var, bu evlərdə ümumi mənzillərin sayı 24-dür. Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən qəzalı binalar sökülərək yerində yenisi tikilməlidir. İbrahim Mehdiyev isə guya Nazirlər Kabinetinin qərarını əsas götürərək şirkətə fin evlərinin sökülməsi və ərazidə bina tikintisinə icazə verib. Əraziyə baxış keçirilməyib, çoxmərtəbəli mənzil tikintisi üçün yer olub-olmadığı araşdırılmayıb”.

Şikayətçilər deyirlər ki, fin evləri cəmi 4 sot torpaqda tikilib, yeni inşa ediləcək bina isə 12 sotda tikilməli, ümumi sahəsi 1200 kvadratmert olmalıdır. Bu isə yalnız ağac və yaşıllığın məhv edilməsi sayəsində reallaşa bilər. “Şirkət mart ayından işə başladı, əvvəlcə 5 ağac kəsildi, dərhal üstü qum və daşlarla örtüldü. Bunu təsdiqləyən videogörüntülər, fotolar var. Sakinlərin şikayətindən sonra ağacların kəsilməsi dayandırıldı, çoxillik tut ağacları yarıya kimi kəsildi ki, şikayətlər səngiyən kimi dibindən çıxarılsın. İbrahim Mehdiyev 3 ay sonra sərəncam imzalayaraq yaşıllıqların məhv edilməsinə qanuni don geyindirməyə çalışıb. Halbuki Nazirlər Kabinetinin qərarında yaşıllığın məhv edilməsi, sakinlərin narazı salınması yazılmayıb”, müraciətdə deyilir.

Hazırda “Elite city” MMC tərəfindən Zahid Xəlilov 36A, 36B ünvanda 320 mənzillik çoxmərtəbəli bina tikilir. Bu bina təhvil veriləndən sonra kiçik bir ərazidə mənzillərin sayı 600-dən çox olacaq. Fin evlərinin yerində bina tikiləndən sonra isə nəinki maşınla, hətta piyada giriş-çıxışı çətinləşəcək. Sakinlərin şikayətindən sonra Şəhərsalma və Arxitektura Komitəsi əraziyə baxış keçirib və çoxmərtəbəli bina tikintisinə verilmiş razılığı ləğv edib. Komitənin Yasamal Rayon İcra Hakimiyyətinə göndərdiyi 10 iyul, 2017-ci il tarixli məktubda göstərilir ki, sakinlərin kollektiv şikayət ərizəsi araşdırılıb, təkrar baxış keçirilib və 14 mərtəbəli binanın yerinə yalnız 3 mərtəbəli qeyri-yaşayış binasının tikintisi tövsiyə olunub.

Komitə Nazirlər Kabinetinin 25 fevral, 2006-cı il tarixli, 86 nömrəli qərarının 1.4 bəndinin tələblərinə uyğun olaraq sakinlərin çoxsaylı şikayətinin nəzərə alınmasını istəyib.

“Həyətdə nəqliyyatın hərəkəti çətindir, maşın saxlamağa yer yoxdur. Yeni bina tikiləndən sonra isə dayanacaq üçün yer qalmayacaq. Bu azmış kimi təcili yardım və ya yanğın xəttləri də bağlanılır, fəlakət baş verəcəyi halda xilasetmə tətbirləri çətinləşəcək. Yeni binadan sonra uşaqların oynaması üçün yer olmayacaq”,-şikayətçilər qeyd ediblər.

İyulun 26-da 1 saylı İnzibati İqtisadi Məhkəmə tərəfindən əraziyə baxış keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya Deportamentinin sektor müdiri Fəxrəddin İsgəndərov virtualaz.orgsaytına deyib ki, iyulun 27-də əraziyə baxış keçirilib. 52 ağac və kol qeydiyyata götürülüb. Müəyyən olunub ki, mart ayında 6 tut ağacları budanıb, lakin ağac kötüklərinə rast gəlinməyib. Ərazi nəzarətə götürülüb. “Həmin ərazidə olduqca sıxlıqdır, burda yeni bina tikintisi ətraf mühit baxımından məqsədəuyğun deyil. İşə məhkəmə qərar verəcək”,-F.İsgəndərov bildirib.

Sakinlər iddia ediblər ki, sözügedən şirkət İbrahim Mehdiyevin yaxın ətrafınındır. Xatırladaq ki, İbrahim Mehdiyev Yasamalın “Sovetski” adlanan ərazisində yerləşən “Hacı Cavad” məscidinin eyni adda yeni məscidin tikintisinin başa çatmasını gözləmədən sökülməsinə dair göstəriş verdiyinə, beləliklə də prezident İlham Əliyevin həmin məscidlə bağlı tapşırıqlarından kənara çıxdığına görə işdən azad olunub. Onun başçılıq etdiyi rayondan bundan əvvəl də dəfələrlə yaşıllıqların məhv edilməsinə dair şikayətlər edilmişdi.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın