Ana səhifə / Gündəm / Həsən Zeynalovun müsahibəsinə reaksiya verildi – Ekspert rəyi

Həsən Zeynalovun müsahibəsinə reaksiya verildi – Ekspert rəyi

Məhərrəm Zülfüqarlı: “Bunun üçün xaricdə təhsilin yeni konsepsiyası hazırlanmalıdır”

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Strateq.az-a verdiyi son müsahibədə Türkiyədə təhsil alan azərbaycanlılarla bağlı yaşanan ciddi problemlərdən söz açıb. Həsən Zeynalov bir sıra azərbaycanlı gəncin Türkiyədə xoşagəlməz hallara yol vermələrindən, müxtəlif radikal qruplara qoşulmalarından narahatlığını dilə gətirib:

“Son iki ildə Türkiyəyə özəl şirkətlər vasitəsilə təhsil almağa gələn azərbaycanlı tələbələrin sayı xeyli artıb. Təkcə son il ərzində Azərbaycandan Türkiyəyə 6 min nəfərdən artıq tələbə gəlib. Onların əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarından keçməyənlərdir. Bu sayda gəncimiz attestatını götürüb gəlib burada hansısa universitetlərə daxil olubsa, deməli, bunu təşkil edənlər var”.

Baş konsul tələbə vətəndaşlarımızın radikal qruplara qoşulmasına dair narahatlığını belə ifadə edib:

“Bizim narahatlığımız ondan ibarətdir ki, gənclərimiz siyasi fəaliyyətə, arzu olunmayan bəzi cərəyanlara və qruplara qoşulmasınlar. Biz istərdik ki, onlar mükəmməl təhsil alaraq keyfiyyətli mütəxəssis kimi ölkəmizə geri dönsünlər və aldıqları təhsilin bəhrəsini həm özləri, həm də dövlətimiz görə bilsin…

Azərbaycanda fəaliyyət göstərən və xaricdə təhsil imkanları təklif edən bəzi özəl qurumlar gənclərin məlumatsızlığından istifadə edərək onlardan gəlir mənbəyi kimi yararlanır. Mətbuatda müxtəlif şirnikləndirici reklamlarla onları yoldan çıxarırlar. Gənclər də həmin reklamlara inanaraq müxtəlif ölkələrin əyalət universitetlərində oxumağa gedirlər”.

Həsən Zeynalov bu yaxınlarda 3 azərbaycanlı gəncin PKK sıralarına qoşulması barədə yayılan xəbərlərə də aydınlıq gətirib:

“Bu məsələ üzrə hazırda araşdırma aparılır. Lakin hesab edirəm ki, bu gənclərin həqiqətən də azərbaycanlı tələbələr olması öz təsdiqini taparsa, bu olduqca xoşagəlməz haldır. Belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Tələbə gənclərlə iş kompleks yanaşma tələb edir və əminəm ki, respublikamızın müvafiq qurumları ilə diplomatik nümayəndəlik və konsulluqlarımız arasında sıx əlaqələndirmə nəticəsində qarşıya çıxan bütün problemləri həll etmək mümkün olacaq”.

Baş konsul fürsətdən istifadə edərək gənclərə səslənib:

“Bizim apardığımız araşdırma zamanı məlum olub ki, təkcə ötən il əyalət universitetlərinin birinə 600 nəfərə yaxın azərbaycanlı tələbə qəbul edilib. Araşdırmamız müəyyən etdi ki, onlardan 500-ə yaxını dərslərdə sistematik davamsızlıq göstərib və məşğələlərdə iştirak etməyib, birinci semestrin nəticələrinə görə imtahanlardan qeyri-kafi qiymətlər alıblar. Təəssüf ki, vəziyyət ikinci semestrdə də o qədər fərqli olmayıb. Belə olan halda onlar ya kursda qalacaqlar, yaxud da kəsirlə növbəti kursa keçəcəklər, ola bilsin, kəsirləri verə bilməyib sonda geri dönəcəklər. Beləliklə də onlar burada qalmaqla sadəcə vaxt itirəcəklər. Gənclərə sözüm odur ki, vaxtlarını boş işlərə sərf etməsinlər, diqqətlərini təhsilə, özünü yetişdirməyə və inkişafa yönəltsinlər”.

Göründüyü kimi, ölkəmizi təmsil edən diplomat Türkiyədə təhsil alan gənclərimizlə bağlı acınacaqlı faktlar açıqlayıb.

Diplomatın söylədikləri barədə ekspertlər nə düşünür?

Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı  açıqlamasında bildirdi ki, belə hallar kifayət qədərdir və yalnız Türkiyə ilə bağlı deyil:

“Bilirsiniz ki, xaricdə təhsil uzun illər dövlət xəttilə aparılıb. Sonradan Azərbaycan ali məktəblərinə qəbulun çətinliyini görən işbazlar bundan məharətlə istifadə etməyə başladılar. Təsəvvür edin ki, yalnız attestatla, yəni imtahan vermədən Türkiyənin, Ukraynanın universitetlərində oxumaqla bağlı bizim ictimai yerlərdə, KİV-lərdə reklamlar verilir. Şərtlər cəlbedici olduğu üçün əksər vətəndaşlarımız xaricdə təhsili qəbul edir. Siz təsəvvür edin, imtahan vermədən instituta qəbul edilən tələbə hansı parametrlərə cavab verəcək? Bunun üçün ölkəmizdəki ali məktəblərə qəbul şərtlərini bir qədər asanlaşdırmalıyıq. Xüsusilə də ödənişli təhsilin qiymətini azaltmalıyıq. Əks halda bu, qarşısıalınmaz prosesə çevriləcək. Həsən Zeynalovun müsahibəsini oxudum, çox ciddi faktlara toxunub. Hansısa küçədən gedib Türkiyədə imtahansız ali məktəbə daxil olan adama səfirlik və ya başqa qurumlarımız necə nəzarət edə bilər? Bunun üçün xaricdə təhsilin yeni konsepsiyası hazırlanmalıdır. Onda biz gənclərimizi bəzi neqativliklərdən xilas edə bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın