Ana səhifə / Gündəm / HƏBSDƏKİ RABİTƏÇİLƏR AZADLIĞA BURAXILDI

HƏBSDƏKİ RABİTƏÇİLƏR AZADLIĞA BURAXILDI

Bakı Apellyasiya Məhkəməsində “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə başa çatıb.

APA-nın verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

“Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.

Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

* * *

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.

V.Zeynalov qısa çıxış edərək qeyd edib ki, qanun qarşısında heç bir günahı yoxdur. O, sadəcə Prezident qarşısında günahkar olduğunu bildirib

Hakimlər kollegiyası qərarı elan etmək üçün müşavirə otağına yollanıb.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib. Hökmdən narazı qalan V.Zeynalov, onun ailə üzvləri və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …