Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / General Ramiz Zeynalovun DYP-dəki “sistemi” vətəndaş-dövlət münasibətlərinə ciddi zərbə vurur

General Ramiz Zeynalovun DYP-dəki “sistemi” vətəndaş-dövlət münasibətlərinə ciddi zərbə vurur

Son günlər sərnişin avtobuslarının qəzaya uğraması nəticəsində onlarla insanın həlak olması, xeyli vətəndaşın xəsarət alması problemə diqqəti daha da artırıb. İddia edilir ki, bir müddətəvvəl Bakıda nəqliyyata nəzarətin Nəqliyyat Nazirliyindən alınaraq, Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsinə (DYPİ) verilməsi bu sahədə vəziyyəti kritik həddə çatdırıb. Bundan əlavə, son dövrlər DYP əməkdaşları ilə sürücülər arasında yaranan qalmaqalların, əlbəyaxa davaların intensivləşməsi də bu sistemdəki bərbad vəziyyəti göstərir.

Tanınmış hüquqşünas, kriminalist-ekspert İlqar Altay məsələni “Reytinq”ə şərh edərkən deyib ki, bu sahədə vəziyyət olduqca kritikdir. İ.Altayın sözlərinə görə, nəqliyyat sistemindəki bərbad vəziyyətin səbəbləri ciddidir:

“Bu sahəyə cavabdeh və bu sahədə funksiyaları kəsişən iki dövlət qurumu var – Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi. Son dövrlər ölkədə demək olar ki, münaqişə vəziyyəti yaşayan, hər gün nəqliyyatda səs-küylü qarşıdurma tərəfinə çevrilmiş yol polisi strukturu üzərində dayanmağa ehtiyac var. DİN-in nəzdindəki bu dövlət strukturunun təəssüf ki, nə kabinetlərdəki yuxarı təşkilatı, nə də yollardakı sıravi heyəti barədə ürəkaçan söz demək mümkün deyil. Həm yuxarıda, həm də aşağıda eyni dərəcədə problemlər yaşanır. Daxili İşlər Nazirliyinə, onun bir çox digər fədakar strukturlarına hörmətimlə birlikdə, onun Dövlət Yol Polisi Baş İdarəsi barədə obyektiv fikirlər bildirməmək olmur. Xırdalan qəsəbəsində yerləşən, cənab Ramiz Zeynalovun da rəis olduğu Respublika DYPİ-nin həyətindəki texniki baxış zonasından düz yuxarı maşın sənədləşmələri kabinetlərinə qədər müşahidə buranın ciddi hüquq-mühafizə orqanı yox, “maşın bazarı” olduğunu xatırladır. Ümumi səliqəsizlik, qaydasızlıq, sistemsizlik hökm sürür. Bu ciddi dövlət idarəsində dövlət qulluğu işçiləri və vətəndaşlar arasında rəsmiyyət sanki pozulub. Bilmək olmur polis hansıdır, aradüzəldən-makler kimdir, bura işi düşən vətəndaşlar kim. Biri polis işçisinin qoluna girib o küncəçəkir, digərini polis yanına çağırıb üstünəqışqırır vəbeş dəqiqə sonra gülüb zarafatlaşırlar. Ən vacib prosedur olan texnki baxışı hansısa mülki geyimdəki şəxslər, sənədləşmə işlərini isə aradüzəldənlər kabinetlərə girib çıxmaqla aparırlar”.

Ekspert deyib ki, Respublika DYPİ-nin rəisi yaxın qohumlarını işə cəlb edərək, önəmli məsələləri həll edirlər. İ.Altayın sözlərinə görə, Ramiz Zeynalovun bacısı oğlu, digər yaxın qohumları da arada-bir vacib görkəmlə koridorlarda görünür və vacib məsələləri həll edirlər. Rüşvət, alver, pozuntular isə öz yerində:

“Bunu bütün camaat görür, bilir və danışır. Əvvəllər prosedurlar rayonlar üzrə DYP şöbələrində aparılırdısa, indi baş idarədə mərkəzləşdiriblər və dövlətçiliyimizə başucalığı gətirməyən bu “pozuntu teatrı”nı hamı görür. Bu hala eynən Bakı Şəhər DYP İdarəsində və maşın gömrüyü həyətindəki DYP qeydiyyat strukturunda da rast gəlməmək olmur. Bir məsələ təəccüblüdür ki, dövlət başçısının korrupsiyaya qarşı reformalar üçün irəli sürdüyü “ASAN Xidmət” nümunəsi olan bir şəhərin o biri başında tam əksinə – antinümunə tüğyan edir”.

Müsahibimiz nəzərə çatdırıb ki, ölkədə və xüsusilə də Bakı şəhərində yol hərəkəti qaydalarına nəzarət edən DYP strukturunun işi bərbad vəziyyətdədir. Hər gün sürücü və piyadalarla yol polisi arasında ziddiyyətlər, hətta dava-dalaş yaşanır. Bu məsələdə isə tək sürücü və piyadaların yox, yol polisinin də kifayət qədər təqsiri üzə çıxır:

“Ziddiyyət və qarşıdurmalar isə əhalinin gözü qarşısında baş verir. Bu da insanlara psixoloji təsir edir, şüurlarda ümumən ölkəpolisinə, ictimai asayiş vəqayda-qanun anlamına, dövlətçiliyimizə xələl gətirir”.

Rusiyada və Azərbaycanda uzun müddət ekspert-kriminalist işlədiyini deyən İ.Altay bildirib ki, bu səbəbdən də çoxlu sayda avtonəqliyyat hadisələrini araşdırıb. Amma bu müddət ərzində bir dəfə də olsun, yol şəraitinə görə, nə yol istismar idarəsinin, nə də yol polisinin təqsirkar bilinməsinə rast gəlməyib: “Həmişə sürücü günahkar çıxarılıb, ya da nadir hallarda sürücü qurtulursa, bu məsələ avtotexniki ekspertizanın rəyi ilə maşındakı texniki səbəb üzərinə qoyulur. Qeyd etdiyim məsələ ilə bağlı şəhərdəki vəziyyət isə belədir ki, yol polisi bütün hallarda, reallığı nəzərə almadan, fərqinə varmadan, standart yanaşma ilə qayda pozuntusuna görə sürücünü günahlandırır. Bütün texniki imkanlardan, radar, kamera və digər vasitələrdən istifadə etməklə, sürücüdən standartlara uyğun hərəkət tələb olunur. Ancaq düşünülmür ki, standartlara uyğun hərəkət tələbi üçün standartlara uyğun da şərait yaratmaq lazımdır. Çox vaxt şərait özü vətəndaşı qayda pozuntusu yaratmağa vadar edir. DYP-nin bu cür etinasız, səhlənkar yanaşma ilə sürücülərə absurd yol qayda tələbləri qoyması birbaşa sürücü vətəndaşlarımızı qayda pozuntusuna itələyir, ədalətsiz cəza və cərimələr, hətta rüşvət üçün tələ rolunu oynayır. Bunlar da çoxminlik sürücü toplumu arasında böyük narazılıqlar yaradır”.

Ekspert hesab edir ki, bu sahədəki problemlər harada və hansı nişanların qoyulması, xətlərin çəkilməsi, hansı küçələrlə hansı istiqamətdə hərəkət edilməsi, şəxsi və sərnişin dayanacaqları və s. xüsusi ixtisaslı yol mühəndisi tələb edən məsələdir. Amma İ.Altay düşünür ki, DYP rəhbərliyinin kabinetlərdən çıxıb, özlərini sıravi sürücü yerinə qoyaraq küçələr və yollardakı hərəkət şəraitini vaxtaşırı da olsa, analiz etmələri inandırıcı deyil:

“Edirlərsə, niyə tədbirlər görmür, bu qəzalar, ziddiyyətlər yaradan, vətəndaş-polis qarşıdurmasına səbəb olan şəraiti düzəltmək istəmirlər? Yoxsa bunlar istədikləri yerdə istədikləri məhdudiyyət nişanlarını, qadağaları qoymaqla vəqeyri-real şərait yaradıb real davranış tələbi ilə öz işlərini, vəzifə borclarını bitmiş hesab edirlər?

Mən xaricdə dəfələrlə şahidi olmuşam ki, yol polisi yol hərəkət şəraiti pozulan, işıqfor, nişan və sair problemlər olan yerdə ya xidmətdən imtina edir, ya da hərəkəti dayandırır və əlaqədar instansiyalardan tələb edirlər ki, təcili normal şərait yaradılsın. Bizdə isə DYP işçiləri belə çaşdırıcı şərait vəziyyətindən əksinə, çox vaxt cəza və ya rüşvət üçün sui-istifadə edirlər. Piyadalara qarşı da şəraitin olmadığı və ya təşkil edilmədiyi halda qayda tələb edirlər. Bu halda ədalətsiz, qanunsuz cəzalar tətbiq edilir, yenə də polis-vətəndaş mübahisələri yaranır. Məsələn, yaşadığım ərazidəki – “Nərimanov” metrostansiyası üzərində neçə ildir ki, piyada vətəndaşlar yeraltı keçiddən istifadə etmədikləri üçün cərimələnirlər. Əslində isə yığılan cərimələr, verilən cəzalar qanunsuzdur. Niyə? Çünki yol polisinin tələb etdiyi keçid əslində keçid deyil, metro girişidir, yeraltı keçid üçün nəzərdə tutulmayıb. Bu səbəbdən, heç üstünə keçid işarəsi də yazılmayıb və yalnız metro girişi işarəsi var. İşarə olmayan yerdə vətəndaşdan nə tələb edilə, necə inzibati protokol yazıla bilər? İndiyədək nə şəhər, nə də rayonların DYP rəhbərliyi gəlib bunu ayırd etməyib. Amma cərimələr yığılır. Bu girişlər metro sərnişinləri üçün güclə bəs edir”.

İ.Altay onu da vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi baxış aparsa, məlum olar ki, “Nərimanov” metrostansiyasının girişi üçün nəzərdə tutulan yeraltı keçiddən vətəndaşların keçid kimi istifadəsi və DYP işçiləri tərəfindən bütün aidiyyətsiz camaatın metro girişlərinə doldurulması təhlükə mənbəyidir. İ.Altayın qənaətincə, metroda partlayış, yanğın olduğu hallarda bu, sıxlıq yarada bilər, təcili evakuasiya üçün maneəyə çerilər: “Ondansa, metro üstündə işıqforlar qoyulmalıdır ki, piyadalar yer üstündən rahat keçəbilsinlər.

Bunlar, sadəcə qeyd etdiyim bir neçə misaldır ki, yol hərəkəti qaydalarının sürücü və piyadalardan qayda tələbinə əks göstərişlidir. DYP işçilərinin vəzifə borclarını qeyri-rəsmi və kobud pozuntu ilə yerinə yetirmələri, təlimatdankənar davranışları, sürücülərə süni problemlər, qarşıdurma yaradılması, rüşvət və s. barədə də problemlər çoxdur. Bunu da sürücülər bütün gün ərzində görür, bilir və bir sıra hallarda istintaq və aidiyyətli orqanlara bildirirlər. Ümumiyyətlə, mən deyərdim ki, yol polisi DİN və dövlət orqanları içərisində əhali ilə ən çox təmasda olan sahədir. Bu sahənin öz işini yüksək professional qaydada aparmaması vəüstəlik, müxtəlif pozuntularla aparması həm dövlətçiliyə zərbədir, həm də əhaliyə başağrısıdır. DYP-nin yarıtmaz fəaliyyəti, xüsusən də tabeliyində olduğu Daxili İşlər Nazirliyinin, bu nazirliyin tərkibindəki digər ictimai asayişin, dövlətçiliyin keşiyində duran fədakar strukturların adına xələl gətirir”.

Müsahibimiz qeyd edib ki, DYP rəhbərliyi öz işini müasir tələblərə uyğun, ölkədəki inkişaf tədbirləri ruhuna uyğun olaraq yenidən qurmalıdır: “Düşünürəm ki, cənab Zeynalovun rəhbərliyi ilə bu irəliləyiş çətin ki, baş tutsun. Çünki onun rəhbərliyində bu sistemdə pozuntular islahata yararsız qədər dərinə işləyib və bunun üçün xeyli zaman və imkan əldən verilib”.

Reyting.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın