Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Gəncəlilər Niyazi Bayramovun gördüyü işlərdən çox razıdırlar

Gəncəlilər Niyazi Bayramovun gördüyü işlərdən çox razıdırlar

Ümummilli  Liderimiz  Heydər Əliyevin təməlini qoyduğu  sosial və iqtisadi kurs  bu gün  ölkə  rəhbəri, möhtərəm  prezidentimiz İlham  Əliyev  tərəfindən uğurla  davam etdirilir.

Məhz İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət  nəticəsində Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da  möhkəmləndirmiş,  dövlət  quruculuğu  prosesi  sürətlənmiş,  Azərbaycanda uğurlu sosial və  iqtisadi islahatlar  aparılmışdır. Bu gün dövlət siyasətinin  əsas  prinsiplərindən  biri – Azərbaycanın   möhkəmlənməsi,   güclü  iqtisadi  potensialın yaradılması və  Azərbaycan xalqının  təhlükəsiz şəraitdə, rifah içində yaşamasıdır. Bu  məqsədlə yeni  iqtisadi  proqramlar  qəbul  edilmiş və  bu proqramlar uğurla icra edilir.

Prezident İlham Əliyevin  təşəbbüsü ilə qəbul edilmiş regionların sosial-iqtisadi  inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası, Gəncə şəhəri ilə  bağlı imzalanan sərəncamlar  şəhərin   bütün  sahələr üzrə davamlı  inkişafını  təmin  etməkdədir.

Prezident  İlham Əliyevin 28 avqust 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən  Niyazi  Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin edildi. Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyəti  başçısı vəzifəsinə təyin olunmasından bir il  yarım vaxt keçmişdir.

Gəncə şəhərinə başçı təyin olunan Niyazi Bayramov şəhərdə  ilk görüşünü ağsaqqallarla keçirmiş,  onların xeyir duasını almış  və şəhərdə olan problemlərlə dərindən maraqlanmışdır.
Fəaliyyətinin ilk günündən Niyazi Bayramovun əsas məqsədi  Prezident  İlham  Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütamadi olaraq sakinlərlə  görüşmək, əhalinin arasında olmaq , onların problemləri ilə yaxından tanış olmaqdır.

Niyazi Bayramov Gəncəyə icra başçısı təyin olunduğu gündən bəri hər həftə şəhər əhalisinin problemlərinin həlli ilə bağlı şəhərin müxtəlif məhəllələrində sakinlərlə  görüşlər təşkil edir, müxtəlif  təbəqə  nümayəndələrini  fərdi qəbul edir, vətəndaşları narahat  edən məsələləri dinləyir, bir çox problemlərlə yerindəcə tanış olur və onun  aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Onun şəhər əhalisi ilə görüşləri müəyyən qapalı məkanda deyil, birbaşa məhəllələrdə və küçələrdə keçirilir. Qısa müddət ərzində Niyazi Bayramov  xalq arasında böyük rəğbət qazanıb.

Bunlarla yanaşı şəhərdə bir çox yeniliklər də baş verməkdədir.İlk dəfə olaraq Bakı-Gəncə sürət qatarı işə düşüb,habelə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “E-321” markalı elektrobus və “PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.
Əsas əlamətdar hadisələrdən biri isə  Gəncənin 2019-cu ilin Avropa İdman Şəhəri seçilməsidir. Avropanın İdman  Şəhərləri  və  Paytaxtları Federasiyasının təşkilatçılığı  ilə Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif  olunma mərasimi keçirilib. Avropanın idman şəhərləri və qəsəbələri öz titullarını götürərək, 2019-cu il üçün rəsmi bayraqlarını təhvil alıblar.2019-cu il üçün Avropanın İdman Şəhəri seçilən Gəncə də mərasimdə təmsil olunub. Təltif  etmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Tədbirin davamı olaraq 5 Mart tarixində Heydər Əliyev park-kompleksində “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi də baş tutub.
Gəncə bir sıra festivallara da  ev sahibliyi edib. Belə ki, “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının ilk ünvanı məhz qədim Nizami yurdu olub,“IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardın fotosərgisi nümayiş edilib.Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin  “Nəsimi ili” elan edilməsi münasibəti ilə Gəncənin Heydər Əliyev  meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəffəkir İmadəddin Nəsiminin canlı portreti də yaradılıb.

Niyazi Bayramovun  işlədiyi bu qısa müddət ərzində   Gəncə ilə xarici ölkələrin bir sıra şəhərləri arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələri yaradılıb. 27-29 Aprel 2019-cu il tarixləri arasında Gürcüstanın Batumi şəhərində “Batumoba 2019” adı altında şəhər günləri keçirilmişdir. Şəhər bələdiyyəsinin təşkil etdiyi tədbir Batumininin 131 illiyinə həsr olunmuşdu. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun baçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Gəncə şəhərində aparılan abadlıq-quruculuq istiqamətində görülən işlər  də  şəhər sakinləri tərəfindən  böyük rəğbətlə qarşılanır. Belə ki, Prezidentin  müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına şəhərdə 198 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, 36 çoxmənzilli binanın fasad hissəsi əsaslı təmir edilib, 46 çoxmənzilli yaşayış binasında 93 ədəd lift yenilənib, ümumi uzunluğu 80 kilometr və sahəsi 1 milyon 232 min kvadratmetr olan 119 küçə və prospektdə yeni asfalt örtüyü salınıb. 71 küçə və prospektdə yeni müasir işıqlandırma sistemləri quraşdırılıb, Gəncə şəhərinin Gəncəçay çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan beş körpü keçidində təmir-bərpa işləri başa çatdırılıb.

Əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın-mexanizm parkı da proqrama uyğun olaraq qismən yenilənib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Dövlət Proqramının icrası çərçivəsində Gəncə şəhərində qəzalı vəziyyətdə olan yataqxanalardan köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının, həmçinin dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan yeni çoxmənzilli yaşayış binasının tikintisi də uğurla davam etdirilir.

Sahibkarlıq fəaliyyəti ilə bağlı Prezidentin  fərman və sərəncamları Gəncədə  bu sahənin inkişafına geniş imkanlar yaratmışdır. Bütün bunların nəticəsidir ki, təkcə 2019-cu ildə Gəncə şəhərinə 266 milyon manata yaxın investisiya cəlb edilib. İş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manata yaxın investisiya qoyulub. Hal-hazırda  Gəncə şəhərində  alçı və tikinti materialları istehsalı zavodlarında  ilkin  məhsul  istehsalına  başlanılıb,  o cümlədən  illik istehsal  gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib. Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək.

Şəhərdə sosial-iqtisadi inkişafın və iqtisadi artımın sürətlənməsi, investisiya və işgüzar fəallığın davamlı şəkildə artması nəticəsində vergi daxilolmaları üzrə proqnoz artıqlaması ilə yerinə yetirilib.Şəhərdə iqtisadiyyatın sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunub, 2019-cu ildə ümumi məhsul buraxılışı 4,4 dəfə, sənaye 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 59,7 dəfə, tikinti-quraşdırma işləri 132,8 dəfə artıb. 2019-cu ildə şəhər üzrə 3700-ü daimi olan 5286 yeni iş yeri açılıb.

Şəhər əhalisinin içməli suya olan tələbatını tam ödəmək və keyfiyyətli su təminatını  təmin  etmək  məqsədilə  Gəncə  şəhərinin  su  təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə  davam etdirir.

2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  Gəncəyə səfəri zamanı verdiyi tapşırıqlara əsasən 980 yerlik bir ümumtəhsil məktəbi əsaslı təmir olunub, qəzalı vəziyyətdə olan 280 yerlik körpələr evi-uşaq bağçası yenidən qurularaq istifadəyə verilib. Ümumilikdə isə ötən il 1476 yerlik iki məktəb binası əsaslı təmir edilib, bir məktəb üçün əlavə 280 şagird yerlik yeni korpus inşa olunub, yeni inşa edilmiş və ya əsaslı təmir olunmuş məktəblərin sayı 34-ə çatdırılıb.

Azərbaycan   Dövlət  Aqrar  Universitetinin   nəzdində   üçmərtəbəli aqrar yönümlü  Peşə Təhsil Mərkəzinin, həmçinin  dördmərtəbəli  yeni  tədris korpusunun  tikintisi  və  Gəncə Dövlət Universitetinin üç  korpusdan  ibarət yataqxanalarının əsaslı təmiri işləri artıq başa çatmaq üzrədir.

Bununla yanaşı, 200 çarpayılıq Gəncə  Psixiatriya Xəstəxanasının tikintisi və tarix-memarlıq abidələri – Şah Abbas və Uğurlu Xan  karvansaraylarında  əsaslı təmir-bərpa işləri başa çatdırılıb. Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin təmiri, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binasının əsaslı təmir-bərpası, Gəncə Dövlət Dram Teatrının yeni binasının və İdman Sarayının tikintisi işləri sürətlə davam etdirilir.

Bu günlərdə  Gəncədə infrastrukturun və yaşayışın yaxşılaşdırılması sahəsində  Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Yenidənqurma və İnkişaf  Bankının (AYİB)  birinci vitse-prezidenti Jurgen Rigterink arasında  Bakı şəhərində görüş keçirilmişdir. Bank Azərbaycanın ikinci böyük şəhərində infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazır olduğunu bildirmişdir.Gəncə və AYİB arasında qurulan əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən  300  mindən çox əhali bəhrələnəcək.

AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi  və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncəyə kömək göstərəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazır  olduğunu bildirmişdir.

Bu uğurlar da Niyazi Bayramovun Prezident İlham Əliyevin tapşırığı ilə apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir.

Məlum olduğu kimi, respublikamızda  şəhid  ailələri, müharibədə fiziki sağlamlığını itirən şəxslər və ailə üzvləri xüsusi qayğı ilə əhətə olunublar. Onların sosial problemlərinin həlli, həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Ölkənin hər yerində olduğu kimi, Gəncədə də bu istiqamətdə müvafiq işlər görülür. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə Qarabağ əlilləri və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, qaldırılan məsələlər yerinə araşdırılaraq həll edilir.

Bir sözlə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun məqsədyönlü təşkilatçılığı sayəsində Gəncə öz tarixinin inkişaf dönəmini böyük coşqu ilə yaşayır, abadlaşır və tarixləşir.

Niyazi Bayramov özünün şəxsi keyfiyyətləri ilə seçilən İcra Başçısı olduğunu sakinlərlə ünsiyyətində göstərir. Yaxın günlərdə keçirilən şəhər tədbirlərinin birində mən şəxsən buna bir daha şahid oldum. Belə ki,  yaşlı bir şəhər sakini ondan öz problemlərinin həll olunmasına köməklik göstərməsi ilə əlaqədar cənab başçıya  yaxınlaşdı. Niyazi Bayramov o qadının əlindən tutaraq, sol tərəfində tədbirin sonuna qədər saxladı və tədbir başa çatandan sonra həmin yaşlı qadını sona qədər dinlədi. O,  yaşlı qadının probleminin həll olunması ilə bağlı yerindəcə göstəriş verdi.Bu cür addımları görən şəhər sakinləri  hörmətli Niyazi Bayramova sevgi ilə yanaşır. Şəhər sakinləri  başçının hər bir vətəndaşa olan diqqət və qayğısını görüb,ona  ehtiramla və sevgi ilə qarşılıq göstərirlər.

Göründüyü kimi,Niyazi Bayramov Prezident İlham Əliyevin  əhaliyə diqqət və qayğı ilə yanaşmaq,onların problemlərini həll etmək haqqında olan bütün tapşırıqlarını çox ləyaqətlə yerinə yetirən bir icra başçısıdır. Belə bir bacarıqlı, yüksək insani keyfiyyətlərə malik bir şəxsi şəhərimizə başçı təyin etdiyinə, respublikamızın inkişafı naminə gördüyü  işlərə  görə,Prezident İlham Əliyevə   şəhərin çoxminli əhalisi adından  təşəkkür edirik.

ELÇİN   CAVADOV,

Gəncə  Dövlət  Universitetinin  dosenti,

texnika elmləri üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …