Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Gəncədə Şah Abbas məscidini kimlər qarət edib – Həmid Herisçidən sensasion araşdırma

Gəncədə Şah Abbas məscidini kimlər qarət edib – Həmid Herisçidən sensasion araşdırma

Maddi çətinliklər…qapıya yapışdırılan kommunal ödəniş qəbzləri… hə, bütün bunlar gün-güzaranımızı necə deyərlər, “göy əskiyə bükmüşdü” axır vaxtlar. Artıq xərclərdən qaçırdıq. Eyni metro kartından yoldaşımla birgə növbəylə istifadə edirdik ki, xərclərimiz az olsun. Başqa bir qazanc, gəlir yerlərimiz qətiyyən yox idi… Pul kartımda olan-qalanlar günü-gündən azaldı, azaldı…axırda gəlib düşdü sıfıra. Az sonra, təbii idi, bu kartın kodunu da unutdum. Kartı atdım evimizin bir küncünə...
“Ac toyuq yuxuda darı görər” məsəli bu vaxt özünü lap doğrultdu – yuxuda darı olmasa da, gizli bir xəzinə gördüm. Dəfinə hardasa Gəncə tərəflərdə torpağa basdırılmışdı. Nağılların nurani şəxsi gecə vaxtı yuxuma girdi, qulağıma nəsə pıçıldadı yavaşca…Əfsanələrə inansaq, qədimlərdə Məzyad adlı bir ərəb sərkərdəsi də eynən mənim günümdəymiş -pulu yoxmuş, borcu çoxmuş. Bir gün o da mənim kimi bu xoş həyatdan lap bezir. Başını yerə qoyub dərin yuxuya dalır. Gecənin necə deyərlər “xain” vaxtı şirin röyalar aləmində görür ki, bəs ey dili-qafil, ayıl, çox yatma. Gəncə tərəfdə torpağa xəzinə basdırılıb. Tələs. Yoxsa bəxtindəki bu xəzinəyə tezliklə it-qurd yiyələnəcək.
Şirin yuxumdan təngi-nəfəs olaraq ayıldım. Ətrafımdakı kasıb mənzərənin bir zərrəsi belə dəyişməmişdi – altı qaralmış ütü yemək masası üzərində soyuyurdu. Dünən axşam dilxorçuluqdan hövsələmiz çatmamışdı onu götürüb öz həmişəki yerinə qoyaq. Küçə pal-paltarlarım da asılqanda deyildi. Yataq odamızın ortasında yerə atılmışdı.
Fincanda qalıb soyuyan çayın dibini başıma çəkincə ağlım başıma qayıtdı. Heç inanmazdım ki, çayın dibində bu qədər güc gizlənə bilər. Heç…çayın turşumuş dadı hələ damağımdan getməmiş, yaxın bir həftə ərzində nə edəcəyimi indidən dəqiq bilirdim –  dostlarımdan birini, operator Tahiri qoşacaqdım özümə. Gedəcəkdim Gəncəyə. Yuxuda gördüyüm yeri ayırd edə-edə axır gəlib yetişəcəkdim lazımı ünvana…
Gəncənin göbəyindəki məşhur Şah Abbas məscidinə.
Yuxuda gördüyüm bu ünvana indi gəlib reallıqda da yetişməliydim.
***
Cibimdə gizlədiyim əllərim indidən gicişirdi. Bir yerdə dinc qərar tutammırdım. Gəncəyə yetişdiyimiz vaxt avtomobilimizi şəhər mərkəzindəki bir çayxanaya sürdürdüm. Başladım qara camaatla Gəncə xəzinələri barədə uzun-uzadı söz-söhbətlərə. Cibimdən çıxardığım bir parça kağız üzərindəki qısa mətni, vaxtaşırı ona-buna oxuyurdum. İstəyirdim o kağızdakı məlumatlar barədə şəhər sakinlərinin fərqli fikirlərini biləm.
Məlumatlar isə təxminən beləydi:
“Nəzakət Məşədiəliqızı – APA. 10 avqust 2008. Gəncədəki Şah Abbas məscidi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə təmir olunur. 4 əsir əvvəl – 1606-cı ildə Şah Abbasın sifarişi ilə Şeyx Bahəddin Amil tərəfindən inşa edilən məsciddə təmir bərpa işləri zamanı 19-cu əsrə aid 180 rus rublu, kitab və əlyazma tapılıb. Məscidin axundu İsgəndər Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, məscidin şimal qütbündəki otağın iç divarından tapılan əsginaslar 1898-1909-cu illərə aid edilir: “Bu əsginaslar 1910-cu ildə məsciddə təmir aparılarkən xeyriyyəçi Molla Qasım tərəfindən hədiyyə edilib. Mola Qasım o dövrdə Gəncənin Şeyxi və Axundu olan molla Həsən Mollazadəyə müraciət edib ki, 25 illik halal zəhməti ilə yığdığı vəsaiti Şah Abbas məscidinin təmirinə sərf etmək istəyir və həmin vəsait təmirə xərclənir. Puldan artıq qalan 180 rubl isə məscidin divarında saxlanılıb. Təmir bərpa işləri başa çatdıqdan sonra tapılan pullar və kitab məsciddə yaradılacaq kitabxanaya veriləcək”.
***
Qızıl, ləl-cavahirat, xəzinə söhbətlərim şəhər sakinləri üçün çox cəlbedici göründü əvvəlcə. Başladılar bu mövzu ətrafında bilib-bilmədiklərini danışmağa. Süfrəyə çaydanın dolusu gəldi, boşu getdi. Əsəblər tarıma çəkildi. Bəlli oldu ki, bəli, Gəncə sözün həqiqi mənasında əsl sirlər xəzinəsidir. Açılmamış dəfinədir. Filan filandır. Beş il əvvəl indiki şəhər prokurorluğu yerləşən binanın zirzəmisindən 300 kilo təmiz qızıl çıxarılıb və s.i. və ilaxır. Yavaş-yavaş həmsöhbətlərimin sifəti turşudu. Operatoruma gizlincə işarə ötürdüm ki, çəkilişlərin bu vaxtında diqqətli olsun.
Deyəsən, əsl mətləbə lap yaxınlaşmışdıq.
“O qızıl, ləl-cavahiri Gəncəni işğal edən knyaz Sisianov yerli müsəlman əhalisindən qarət edib yığmışdı öz qərargahının zirzəmisinə” – ziyalıların nümayəndəsi söhbətimizə tarixi ştrix kodlar artırmaq niyyətində idi.
Sadə, savadsız zümrənin nümayəndələri isə söhbətimizi elə hey kriminal mövzulara calayırdılar:
– Hardadı həmin o qızıl? O daş-qaşlar? Hardadı? Oğrudur hamı! Hamı!
Söhbətlərdən belə çıxırdı ki, Gəncənin Sisianov tərəfindən başlanan qarəti indi bir başqaları tərəfindən uğurla davam edir. Xəzinələr aşkarlanır, hə… Ancaq tez bir zamanda da su olub havaya buxarlanır.
Məlumatları sonra saytlardan, internet səhifələrindən də pozurlar!
Cavanlar yaşlılardan daha cürətli danışmağa başladılar. Ağız deyəni daha qulaq eşitmirdi.
 Söhbətlər marağını itirdi mənim üçün. Gözlərimi kənara çəkib ətrafımı iti baxışla, diqqətlə bir süzdüm, iki süzdüm… Axır baxışlarımı yavaşca sağ-salamat gətirib çıxartdım Şah Abbas məscidi üzərinə. Bu beş yüz illik məbədi yaxşı-yaxşı nəzərdən keçirdim. İmkan vermədim kimsə bir başqası çay dəstgahımızın xərcini çəksin. Pulu özüm ödədim. Ayağa qalxıb məscidə tərəf getdim. Yerli mollalardan birisi məni bu ünvana qədər ötürdü, məscidin arxa qapısını açıb içəri dəvət etdi.
2008-ci ilin yay vaxtıydı, hə… Məscid binası Heydər Əliyev Fondunun maliyyə yardımı ilə təmir olunurdu. Qəfil xəbər gəldi ki, bəs binanın sağ qanadındakı hücrələrdən birində səs-küydü. Ustalar divar arxasındakı boşluğu qazıb ordan xəzinə tapıblar…
Demək tapdınız Şah Abbasın xəzinəsini, eləmi?
Son sualımın cavabı xeyli yubandı. Hiss etdim ki, buxara papaqlı molla tanışımız öz daxili aləmində bu sualımın cavabını axtarır. Onun köməyinə özüm gəldim:
– Yəni bu, Şah Abbas xəzinəsi deyildi, eləmi?
Yazıq mollanın eyni bir anda açıldı. Üzü güldü:
– Yox bir Şah Abbas xəzinəsi. Yüz il əvvəl bir xeyriyyəçi…
– Molla Qasım adını daşıyırdı o, hə? – həmsöhbətimi yenə də özüm yönləndirirdim.
– Elədi. Molla Qasım idi onun adı. Təmir zamanı pullar – cəmi 180 manat, artıq qalır. Bu kağız əskinasları da götürüb tikirlər divara ki, gələcək təmirdə lazım olar.
– Xəzinənin aşkarlanmağı barədə bir akt-filan tərtib edildimi? Hanı o kağız əskinaslar?
Mollanın sifətinə çaşqınlıq ifadəsi qondu. Sənədlərə görə söhbətimiz qaldı sabaha.
***
Ertəsi günü bu mollayla yenə elə həmin Şah Abbas məscidi divarları arasında görüşdük.
Xəzinənin aşkarlanmağı barədə tərtib edilmiş akt, kağız əskinaslar elə ilk dəqiqələrdən mənə çox şübhəli göründü. Xüsusən, ordan çıxmış Nikolay əskinasları heç də divar altından çıxanlara oxşamırdı. Belə hallarda lazım olan nəmişlik ətrini əsla vermirdilər.
Molla Qasımın gələcək nəsillərə ünvanlanmış məktubunu bir müddət əlimdən buraxmadım. Məktub, əskinaslara baxanda, hə, razıyam, çox köhnəydi. Nəm ətri verirdi… Ancaq, içimdəki bir səs mənə deyirdi ki, bu sənəddə də nəsə şübhəli əmmalar tapmaq mümkündü.
Ətrafımızdakı möminlər bir an belə qulaqlarını bizdən kənara çəkmirdilər. Hər ikimiz diqqət mərkəzinin tam ortasındayıq. Vəziyyəti düzgün dəyərləndirib səsimi bir pillə yuxarı qaldırdım.
– Bəs akt hardadı? – cümləm divarlara dəyib məsciddə əks-səda yaratdı.
– Buyurun. Bu da akt.
Eynəyimin şüşələri üstdən sənədə baxıb onun məzmunu ilə tanış oldum.
                                                      AKT
Tərtib edilir Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, 14 iyun 2008-ci il tarixindən başlayaraq Gəncə şəhər Şah Abbas Cümə məscidində, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə, əsaslı yenidən bərpa təmir işləri aparılır və təmir zamanı 24 iyul 2008-ci il məscid binasının şimal qütbünün sol küncündəki otaqda suvaq altından 1 ədəd 09 noyabr 1910-cu ilə aid olan təmir aktı formalı məktub. Həmin dövrə aid olan 180  rus rubli məscidin axundu və təmir qrupuna rəhbərlik edən mühəndis və bir neçə köməkçisinin iştirakı ilə tapıldı.
4 ədəd 10 rubl 1909-cu ilə aid.
12 ədəd 5 rubl 19090cu ilə aid.
17 ədəd 3 rubl 19005-ci ilə aid
29 ədəd 1 rubl 1898-ci ilə aid.
                                                   İŞTİRAKÇILAR
Axund: Məmmədov İskəndər Mirzə oğlu
Mühəndis: Qurbanov Elton Elman oğlu
Mühəndis köməkçisi: Səfərov Emil Rövşən oğlu
Fəhlə: Qəhrəmanov Seyfəddin Ağa oğlu
24 iyul 2008-ci il.
Xəzinənin tapılması barədə akt
***
Fürsəti əldən verməyərək sənədlərin surətini yaxındakı “Dəftərxana ləvazimatları” dükanında surətini çıxardım. Arada bir səllim köpək gəlib ayaqlarıma sürtündü. Mənə etibarını hamıya nümayiş etdirdi. Mənzərə tam yerinə düşdü. Ətrafdakılarımdan özümə qarşı eyni etibarı hiss etmədim.
Sonra bir xeyli müddət susa-susa həm mollaya baxdım, həm də digər tamaşaçılarıma.
– Belə hallarda sənədlər bir başqa cür hazırlanır axı… Burda hüquq-mühafizə nümayəndələrinin imzası olmalıdır. Mədəniyyət nazirliyi yetkililərinin. Gəncədə belə işlərə adətən Samir Pişnamazov öz imzasını atardı… Niyə burda onun vacib qolu gözə dəymir axı?
İradlarım cavabsız qaldı yenə.
Cavanlardan biri – qara pencəkli oğlan, sükut buzunu əritdi bu vaxt. Arxadan qulağıma pıçıldadı:
– Gedin Qayıbov küçəsinə. Samirin evi ordadı. Arvadı sizlə danışar. Narazı qalmazsız.
Bir anda hamı məni tərk etdi. Şah Abbas məscidində tam tənhaydım. Hiss edirdim ki, nəsə çox qəliz bir cinayətin izinə düşmüşəm.
Mənə burda xeyli ehtiyatlı olmaq lazım idi.
***
Düzü, Gəncəyə gəldiyim vaxt alim-tədqiqatçı, xəzinə-dəfinələr mövzusunun qənimi Samir Pişnamazov artıq beş-altı ay idi ki, dünyada yoxdu. Yol-nəqliyyat qəzası zamanı müəmmalı şəkildə dünyasını dəyişmişdi. Özü də harda?
Qayıbov küçəsindəki məşhur Pişnamazov mülkü qarşısında…
Göstərdiyimiz bu ünvan Gəncənin ən sirli, sehrli məkanlarından biridir. Vaxtilə Gəncə İmam cüməsi Məhəmməd Pişnamazov bu malikanədə yaşayıb. 1937-ci ildə məhz burdan gedər-gəlməzə aparılıb. Sonra burda Gəncə hərbi komendantlığı yerləşib. Zirzəmisində gen-bol hərbi qazamat varmış. 1990-cı illərin əvvəlində bu mülk Heydər Əliyevin şəxsi göstərişi ilə Məhəmməd Pişnamazovun nəvəsi Samir Pişnamazova qaytarılır.
21 iyun 2015 tarixində, axşam saat 10-11 radələrində Samir Pişnamazovun sönük kölgəsi sonuncu dəfə həmin evinin ağır darvazası önündə bircə an görünüb tez də itir. Mərhumun son dəqiqələrini iş yoldaşlarından biri – jurnalist “X” belə təsvir edir.
– Samir bəy avtomobilini həmişəki kimi evi qarşısında saxlayıb eşiyə çıxdı. Gəlib qapıya yaxınlaşan kimi  tez də geri, avtomobilinə tərəf döndü. Salonda nəysə qiymətli bir sənəd qalıbmış. Heç… sənədi götürür maşından, qapıları örtür. Küçəni keçib darvazaya yaxınlaşarkən uzaqdan şığıyıb gələn bir köhnə “Mersedes”in amansız zərbəsinə tuş gəlir.
Cismi havada fırlanıb qara asfalta çırpılır.
– Samirin əlindəki o vacib sənəd noolur bəs? Su kimi havaya buxarlanır? – sualım özümə də xoş gəlir, həmsöhbətimə isə yox. O, sifətini turşudub qaşlarını düyünləyir.
– Yəqin külək aparar da bax bu sənədi…
Jurnalist “X” qəzanın şahidi olmasa da, hadisəni öz gözləri ilə görmüş kimi nəql edirdi. “Harda, necə görmüşdü o bu mənzərəni?” sualına indi doğru-dürüst cavab tapmaq çətin idi. Söhbətdən belə çıxırdı ki, Samir Pişnamazov, bəli, vacib sənədə görə həlak olub –  avtomobilində unutduğu bu sənədi götürmək üçün geri qayıdıb və məhz bu zaman sürətlə gələn “Mersedes”in təkərləri altına düşüb.
Gəncədə baş vermiş bu acı hadisənin şahidi sən demə, təkcə elə jurnalist “X” deyildi.
Bir başqa vacib şahidi də varmış bu faciənin. Jurnalist “X”-dən ayrıldıqdan sonra biz məhz həmin şəxslə gizlində görüşməyi bacardıq.
***
Gəldim faciənin baş verdiyi yerə – Gəncə, İsmət Qayıbov küçəsi 12 ünvanına. “Payızın rəssam fırçası yol kənarındakı çinarları min bir rəngə boyamışdı” desəm, romanizmə yuvarlanar, bu küçədəki acı dramatizmi diqqətinizə çatdıra bilmərəm. Yooooxxxx… bu qədim ünvanın mənzərəsi daha sərt və daha qorxuluydu – darvazanın arxasındakı vəhşi köpək dayanmadan hürür, ətrafdakı tək-tük piyadaları əməlli-başlı  hürküdürdü.
O gün, mənzərə görünür elə eyniydi – Samirin “Adolf” köpəyi, qabaq pəncələri ilə torpağı eşir, zəncirini qopararaq sahibinin köməyinə gəlmək istəyirmiş.
– Hə…elədir… “Adolf” o saniyələrdə həyəti bir-birinə vurmuşdu. Dayanmaq nədi bilmirdi… Samirin ömür-gün yoldaşı Esmira xanım, pəncərəni kip örtüb “Adolf”un hürməsini eşidilməz edir. Masaya yaxınlaşıb mənə çay süzür, büllur mürəbbəqabının ağır qapağını qaldırır.
– Vəfatından öncə bir-ki əcaib, müəmmalı hadisə baş verdi bu qədim evimizdə. Əvvəlcə Gəncə qasırğası cumdu həyət-bacamıza, vallah. Evin dam örtüyünü hop edib aşağı sürüşdürdü… Yaxşı əlamət deyildi heç… Sonra növbəni ötürdü Əzrayıla…
Qarşıdakı qapı, Samirə məxsus iş otağının qapısıdır. Esmira xanım məni ora dəvət etməyə hələ ki özündə güc, cürət tapmır. Danışdıqca hərdən bir dərindən udqunur.
– Hə… o qasırğadan sonra Samir sarıdan bərk nigaran idim. Xasiyyəti beləydi – desə bir saata gəlirəm, inanma. Üç-dörd saat sonra gələrdi. Bu dəfə bilmirəm niyə vaxtında qayıtdı evə. Pəncərənin önündə dayanmışdım, küçəyə baxırdım o dəqiqələrdə. Hə… o, əvvəlcə darvazanı döydü… Sonra elə bil durduğu yerdə diksindi möhkəm. Qarşı səkidəki maşınına tərəf geri qayıtdı. Gördüm ki, qapını açdı.
Esmira xanımın dedikləri ilə jurnalist “X”-in xatirələri üst-üstə düşürdü. Bu vacib nöqtədə
– Samirin ölümü səhnəsində, bütün ziddiyyətlər elə bil bitirdi. Qəribədir, hamı elə bil eyni cür, eyni sözləri danışırdı bu vacib məqamda.
– Həmişə çıraqları gur yanan küçəmiz o gün bilmirəm niyə zülmətə qərq oldu. Əvvəl küçəmizin çıraqları söndü…
– Sonra Samirin, eləmi? Əlində bir sənəd-zad gördünüzmü o an siz? Esmira xanımın söhbətinə azacıq müdaxilə edirəm. Gözəl, niskilli xanım dediklərimlə razılaşır.
– Hə, elədi. Qaranlıq olsa da, Samirin vurulduğunu, havada kəllə-mayallaq aşdığını öz gözlərimlə görüb dəhşətə gəldim. Yerimdəcə quruyub qalmışdım. Cınqırımı çıxara bilmirdim. Əlində kağız-zad vardımı soruşursuz bəlkə də…
Esmira xanım, diqqətlə mənə baxıb axırda son cümləsini sakit nida işarəsi ilə bitirdi:
– Hə vardı…
***
Həmin gecə səhərəcən gözümə yuxu getmədi. Mərhum Samirin siması, fotoları dəqiqəbaşı beynimdə canlanır, mənə rahatlıq vermirdi.
Bakıya dönüncə Şah Abbas məscidində aşkarlanmış sənədlərin birini ekspertiza üçün Respublika Əlyazmaları İnstitutuna təqdim etdim. Ekspertizanın nəticələri çox gözlənilməz oldu mənim üçün. Bəlli oldu ki, həmin vacib sənəddə Molla Qasımın artıq qalıb divara hörülmüş 180 rublu barəsində zərrə qədər belə  məlumat-filan yoxdur.
Əlyazmaları İnstitutunda bizə təqdim edilən sənəd aşağıdakı məzmunda idi.
YELİZOVETOPOL UYEZDİNİN QAPANLI QƏRYƏSİNİN MOLLASI MOLLA ƏLİ MOLLA QASIM OĞLU TƏRƏFİNDƏN CƏNAB AXUND MOLLA HÜSEYNƏ
                                                                ŞƏHADƏTNAMƏ
ONA BİNAƏN, MƏNİM  BİRLƏ KƏND CAMAATINDAN İSMAYIL QASIM OĞLU XAHİŞ EDİR Kİ, ÖVRƏTLİYƏ KƏBİN KƏSİM. QADININ ADI NABAT HÜSEYN QIZI. HƏR İKİSİ BİR YERDƏ MƏNİM QARŞIMDA OTURUBLAR. BİRİNCİ, QADINDAN XƏBƏR ALDIM: BAKİRƏSƏNMİ?
DEDİ: BAKİRƏYƏM.
İKİNCİ, XƏBƏR ALDIM: NİŞANLI DEYİLSƏNMİ?
DEDİ: NİŞANLI DEYİLƏM.
ÜÇÜNCÜ, İQRAR ALDIM. BU QƏRAR İLƏ Kİ, MƏN RAZI VARAM.
BUNLARIN ARASINDA 100 MANAT KƏBİN KƏSİLDİ.
VƏKİL: MƏSUM BÖYÜKKİŞİ OĞLU.
ŞAHİDLƏR: MƏSTAN QASIM OĞLU.
                    TEYMUR HƏSƏN OĞLU
6 DEKABR 1910.
                                                    MƏŞƏDİ MOLLA ƏLİ MOLLA QASIM OĞLU
Xəzinəyə dəxli olmayan saxta sənəd
***
Daha nə əlavə edəsən, bütün bu acı sənədlərə?
Bəlli oldu ki, xəzinədən çıxmış sənədlər əməlli-başlı saxtalaşdırılıb. Xəzinənin əsl məzmununu, təyinatını göstərən vacib sənəd bir başqası ilə – kəbin kağızı ilə əvəzlənib.
Yadıma bilirsiz nə düşdü? Mərhum Pişnamazovun son anda avtomobilindən götürdüyü mühüm sənəd…
Həmin an da qəza baş verir. “Mersedes” var gücüylə Samirə zərbə endirib, alfalt üzərində xeyli sürüşür. Göydə uçan sənəd, payız yarpaqlarına qoşularaq gəlib düşür darvaza kəndarına.
Yad əllər, irəli uzanaraq bu sənədi elə havadaca qamarlayır. Heç qoymur yerə düşsün. Darvaza arxasındakı qara köpək ulayıb zingildəməyə başlayır.
 
P.S. Barəsində danışdığımız hadisələrin hamısını videoyaçarxa çəkdik. Vaxt gələr, görərsiniz...







Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın