Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Ermənilərin oğurlamaq istədiyi milli rəqslərimizdə gizli şifrələr– ARAŞDIRMA

Ermənilərin oğurlamaq istədiyi milli rəqslərimizdə gizli şifrələr– ARAŞDIRMA

Təssüf ki, bu problem indi də davam edir. Torpaqlarımızı işğal edən erməni yağıları torpaq qədər dəyərli olan mədəniyyətimizə də göz dikməkdədirlər. Zaman-zaman bir çox xalq mahnı və rəqslərimizi az adlarına çıxmaq istəyən ermənilər yenə də iş başındadırlar. “Köçəri” oyun havasınə yenidən qarmaq atırlar. Amma tək “Köçəri” deyil ki…
  Moderator.az təqdim edəcəyi yazıda erməni plagiatlığının qurbanı olmuş rəqslərimizdən danışacaq.
Təəssüflər olsun ki, tariximizin, mədəniyyətimizin bir parçası olan rəqslərimiz də zaman-zaman düşmən hədəfinə tuş gəlib.
Ermənilər Azərbaycan   torpaqlarını zəbt etməklə  yanaşı, hər zaman onun zəngin mədəniyyətinə də  göz dikiblər.  Mənfur qonşular müxtəlif vaxtlarda Azərbaycana məxsus olan musiqi əsərlərini, folklor və digər qeyri-maddi mədəni irs nümunələrini öz adlarına çıxarmağa çalışıblar.  Buna misal olaraq,  “Sarı gəlin”, “Süsən sünbül” və onlarca xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, həmçinin tar, balaban, zurna kimi milli musiqi alətlərimizi göstərmək olar. Hətta məşhur Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməkdən belə  çəkinməyiblər.
 
“Köçəri” 
Ermənilər milli rəqsimiz olan “Köçəri”ni bir neçə dəfə özəlləşdirməyə cəhd ediblər. “Eurovision-2011” musiqi yarışmasında ifa etdikləri mahnıya bu rəqsi də əlavə etmələri plagiatlığın ən pik nöqtəsi idi. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müdaxiləsindən sonra həqiqət öz yerini tapdı. Agentlik rəqsin tarixi, onun Azərbaycan xalqına bağlılığı, hətta “köçəri” sözünün etimologiyası barəsində geniş araşdırma hazırlayaraq, onu Ümumdünya Əqli Mülkiyyət Təşkilatına yolladı.
“Köçəri” rəqsi bir yerdə qərar tutmayan, tez-tez köç edib yerlərini dəyişən insan zümrəsinin-köçərilərin həyat tərzini əks etdirir. Bir-birinin kəmərindən tutan rəqqaslar dairəvi yallı gedirlər, yəni, yerlərini dəyişirlər.
Çox təəssüflər ki, Azərbaycan bəstəkarlarından kimsənin yararlanmadığı  rəqs 1940-cı ildə də erməni plagiatlığının qurbanı olur. Aram Xaçaturyan adlı  erməni bəstəkarı özünün “Qayane” adlı baletində “Köçəri” rəqsinin motivlərindən istifadə edir. Bununla bərabər, başqa iki milli rəqsimizə aid müəyyən parçaları da ora daxil edir. Lakin Xaçaturyanın bu addımı onu tez bir zamanda ifşa edir. SSRİ-nin məşhur musiqişünasları baletin tərkibindəki folklor nümunələrinin ermənilərə deyil, azərbaycanlılara məxsus olduğunu üzə çıxarırlar. Xaçaturyan bundan sonra özünü sığortalamaq üçün  belə bir fikir söyləyir ki, guya uşaq vaxtı nənəsi ona həm Azərbaycan, həm də erməni nəğmələri oxuyarmış. Guya onu aldadan da həmin uşaq yaddaşı olub. Amma bu sığortalama cəhdi özünüifşadan başqa bir şey deyildi.
“Şalaxo” 
İgidlik, cəsurluq, qətiyyətlilik kimi müsbət xarakterləri şifrə şəklində özündə əks etdirən “Şalaxo” adlı milli rəqsimiz də erməni plagiatlığının qurbanı olub. 1959-cu ildə SSRİ-də hazırlanan “Musiqili ensiklopedik lüğətdə” “Şalaxo”  “erməni solo kişi rəqsi” kimi təqdim olunub. Bu məsələdə təbii ki, Mərkəzi Komitədə  çoxluq təşkil edən ermənilərin əli olub. Aram Xaçaturyan “Qayane” baletində “Şalaxo”dan geninə-boluna istifadə edib.
 “Şalaxo”nun sırf Azərbaycana məxsus olması o zaman kiməsə sirr deyildi. Xüsusən, Gürcüstan azərbaycanlıları da  “Şalaxonun” Azərbaycan rəqsi olmasını çox gözəl bilirdilər. Çünki bu rəqsin fəlsəfəsində qədim türkçülüyə aid rəmzlərlə  Qafqaz dağlarında yaşayan toplumun xarakteri sintez olunub.  Bəzən “Şələküm” kimi də təqdim edilən rəqs solo və duet şəklində ifa olunur. Rəqsdə ifaçı özünün bütün gücünü ortaya qoymalı, bütün bacarığını göstərməlidir.
“Uzundərə” 
Dahi bəstəkar, Üzeyir Hacıbəylinin   “O olmasın, bu olsun” operettasında istifadə etdiyi “Uzundərə” milli rəqsi də çox təəssüf ki, erməni plagiatlığına məruz qalıb.
Erməni musiqişünaslar- R.Boyaçyan və A.Seriyeks tərəfindən çapa hazırlanan “Erməni xalq nəğmələri” kitabının Paris nəşrində  “Uzundərə” və “Ceyranı” kimi  folklor nümunələrimiz erməni rəqsi kimi göstərilib. Hələ bu azmış kimi, Xaçaturyan özünün “Qayane” baletində “Köçəri” və “Şalaxo” ilə yanaşı, bu rəqsdən də yararlanıb. Lakin “Uzundərə”nin aqibəti digər iki oyun havasına nisbətən yaxşı olub. Çünki plagiatçılıq faktına qədər Üzeyir Hacıbəyli  artıq özünün “O olmasın, bu olsun” adlı operettasında əsas obraz Məşədi İbadı bu rəqsin ritmləri altında “rəqs etdirmişdi”. Oxucular yəqin ki, “mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana” misrası ilə başlayan məşhur musiqi parçasını  unutmayıb. İndi isə “Uzundərə”nin yaranma tarixini xatırlayaq:
Qarabağda Ağdamla Göytəpə arasında bir dərə var ki,  adına “Uzundərə” deyilir. Deyilənə görə,  rəqs məhz həmin dərəyə həsr olunub. Uzundərə adlanan yer  tərəkəmələrin  düşərgəsi olub, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrdilər. Həmçinin gəlin aparılarkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik musiqi ilə müşayiət edər,  oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir-dua verərmiş. Beləliklə, “Uzundərə” oyun havası yaranıb.
O zamandan başlayaraq şənliklərdə  həmin havaya oynamaq istədikdə “gəlini o uzun dərənin içindən aparan musiqini çalın” deyilir.
 
“Vağzalı”
 Az qala toyların himni sayılan bu həzin rəqs də ermənilərin “diqqət və hörmət”indən kənarda qalmayıb. Rəqsin qədim adı “Atlandırma”dır. Qədim və Orta Çağ türklərinin toy mərasimlərində bu oyun havasından istifadə edilib. Hələ XVl əsrdə Azərbaycanda məskunlaşan Qaraqoyunlu qəbiləsinə məxsus olan  rəqs “Qarabağın ağırı” adlandırılıb. Oyun havası XlX əsrin sonu XX əsrin əvvəllərindən etibarən  “Vağzalı” adlanmağa başlanıb. O zaman iri şəhər və qəsəbələr arasında yeganə əlverişli nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan “Qarabağ ağırı”nın sədaları altında yola salardılar. Rəqs də bu səbəbdən xalq arasında “Vağzalı” kimi məşhurlaşır. Rəqsə qulaq asarkən orada sevinc və kədər duyğularının sintezini hiss etmək olar.
“Vağzalı” rəqsinin əcdadı  “Kitabi Dədə Qorqud”da  adı keçən “Yelətmə” havası sayılır.  “Yelətmə”- “yelləndirmə”, “həvəsləndirmə”, “coşdurma” mənalarını əks etdirir. Bu oyun havasının qədim Oğuz elində gəlin köçürən zaman ifa olunduğu güman edilir: “Qanturalıyla qızı götürüb gərdəkə qoydular. Ozan gəldi, yelətmə çaldı”. (Kitabi-Dədə Qorqud)
Keçmişdə bu rəqs məşəl və atəş sədaları altında toy evinə gəlin gələnə qədər müşayiət olunardı. İndinin özündə də bu rəqs Azərbaycan toylarının rəmzi sayılır.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın