Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Ermənilərin nifrət etdiyi məşhur rus aktyor: Sergey Bodrovun faciəli sonluğu

Ermənilərin nifrət etdiyi məşhur rus aktyor: Sergey Bodrovun faciəli sonluğu

Sergey Bodrov 90-cı illər Rusiyasının simvolu sayılır. Filmlərində, xüsusən “Qardaş” filmindəki Danila Badrov – təmkinli, azdanışan, ciddi görəkəmli sadə rus oğlanı obrazı onu bütün tamaşaçılara sevdirmişdi. Adətən yüksək ədalət uğruna mübarizədə əlini silaha atan bu gənc həmin dövrün pərakəndə və kriminal ruhlu Rusiya cəmiyyətinin illüstrasiyası idi. Düzdür, professional aktyor olmasa da, Sergey Bodrov öz ekran enerjisi və xarizması ilə bunu kompensasiya edirdi və öz nəslinin simasına çevrilməyi bacarırdı.

Modern.az saytı məşhur rus aktyorunun həyat yolunu təqdim edir.

Sergey Bodrov 1971-ci il dekabrın 27-də Moskvada anadan olub. Maraqlıdır ki, onun atası da oğlu ilə eyni ad-soyad daşıyırdı – rejissor Sergey Bodrov. Anası isə sənətşünas Valentina Nikolayevna Bodrova idi. Maddi baxımından təmin olunmuş ailədə anadan olduğu üçün oğul Bodrov uşaq vaxtı xüsusi çətinlik yaşamır. O, Moskvanın fransızdili təmayüllü ən yaxşı məktəblərindən birində təhsil alır və hələ o zamandan öz aktivliyi, təşəbbüskarlığı ilə yaşıdlarından fərqlənirdi. Məktəbdə dərslər bitdikdən sonra Sergey və onun kimi bir neçə fəal şagird yaxınlıqda yerləşən “Udarniça” şirniyyat fabrikinə gəlir və burada məhsulların qablaşdırılmasında iştirak edirdi. Sonralar məşhur aktyor olduqda məktəb vaxtlarını tez-tez xatırlayan Bodrov uşaqlıq dövrünü ömrünün ən gözəl çağları adlandırırdı.

Valideynlərinin incəsənət adamları olması Sergey Bodrovun da gələcək taleyini müəyyənləşdirir. O, məktəbi bitirdikdən sonra Teatr İnstitutuna daxil olmaq istəyir. Lakin kinorejissor atası ona “kinonun, teatrın ruh halı, xüsusi ehtiras” olduğunu anladır və öz hisslərində əmin olması üçün düşünməyə çağırır. Oğul Bodrov özündə bu ehtirasın kifayət qədər olmadığı qənaətinə gəlir və Moskva Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. Bu hadisə 1989-cu ildə, Qorbaçov “yenidənqurması”nın qırılma nöqtəsinə çatdığı məqamda baş verir. Tarix fakültəsində “Venesiya intibahı dövründə rəssamlıq sənətinin inkişafı” istiqamətində ixtisaslaşır.

1994-cü ildə universiteti qırmızı diplomla bitirənə qədər Sergey Bodrov öz sahəsinə mükəmməl yiyələnir. Çox sonralar – 1998-ci ildə Sergey Bodrov “İntibah dövründə Venesiya rəssamlığının özəllikləri” mövzusunda dissertasiya müdafiə edərək, elmlər namizədi elmi adı qazanacaqdı.
Tələbə Bodrov 1991-ci ildən isə bir neçə dəfə öz biliklərini zənginləşdirmək üçün İtaliyada praktika keçir. Hətta Venesiya çimərliklərindən birində xilasedici kimi işə düzəlir və hər il praktika kurslarına gələn zaman qısa aralarla burada işləyir. Xilasedici kimi topladığı pula isə o bütün İtaliyanı gəzir.

Adətən müstəqil yaşamağı sevən Bodrov öz məşhur atasından xahişlər etməyi sevmir və baş vurduğu istənilən sahədə heç kəsin yardımı olmadan uğur qazanmağa çalışır.
1994-cü ildə universiteti bitirən zaman Bodrov SSRİ-nin qalıqları üzərində bərqərar olmuş yeni Rusiya reallığında yaşamlı olur. Dövr dəyişmişdi və yeni münasibətlər sistemində Sergey Bodrov öz yerini tapmağa çalışırdı. O, Venesiya incəsənətini illər ərzində incələyərək anlayır ki, incəsəntin kino-teatr kimi sahələri də onun üçün yad deyil. Və bu anda atasının – böyük Sergey Bodrovun kinorejissor nüfuzu oöula lazım olur.
Tələbəlik illərində atasının “Azadlıq- cənnətdir” və “Ağ kral, qırmızı kraliça” filmlərində kiçik rollar oynayır. Lakin oğul Bodrovun həyatını aktyor karyerası ilə bağlaması baxımından həlledici an 1995-ci ildə “Qafqaz əsiri” filminin çəkilişlərində baş verir. Çeçenistan mühariubəsini əsas mövzu kimi işıqlandıracaq filmin ilkin mənbəyi Lev Tolstoyun bir əsr öncə yazdığı və aktuallığın irirməyən “Qafqaz əsiri” hekayəsi idi. Maraqlıdır ki, filmin rejissoru ata Sergey Bodrov çəkilişlər üçün Dağıstana səfər etmək istəyir. Oğlu təkidlə bu səfərdə iştirak etmək istəyir və gözlənilməz təkliflə qarşılaşır. Ata Sergey Bodrov oğluna baş rolu – çağırışçı əsgər İvan Jilin obrazını təklif edir. Təbii ki, atasının yaratdığı şansdan imtina etməyən oğul Bodrov təklifə razılıq verir və tərəf müqabili təcrübəli aktyor Oleq Menşikovla birlikdə uğurlu duet yaradırlar. Çeçen əsirliyində olan rus əsgərini məharətlə canladıran Bodrov kino ictimaiyyətinin diqqətini özünə cəlb edir. Film bir çox kinofestivalların mükafatlarını, o cümlədən Kann kinofestivalında Kinotənqidçilər Federasiyasının xüsusi mükafatını alır.

1996-cı ilin oktyabrından Sergey Bodrov həm də “ORT” telekanalının ən reytinqli verilişlərindən olan “Vzqlyad” teleproqramının aparıcısı oldu. O, 1999-cu ilin avqustunda qədər yeni ampluada pis təsir bağışlamırdı.

Televiziyada aparıcılıq etməyə başladığı 1996-cı ildə Bodrovun həyatında digər önəmli hadisə yadda qaldı. O, qalmaqallı rejissor reputasiyasına malik Aleksey Balabanov ilə tanış oldu. Onların yaradıcı birliyi qısa müddətdə “Qardaş” filmini çəkilişlərinə başlamaqla nəticələndi. Filmdə ordudan yenicə təxris olunmuş Danila Baqrovun (Sergey Bodrov) və muzdlu qatil kimi fəaliyyət göstərən qardaşının cinayət aləmiylə olan münasibətləri rus məişətinin amansız reallığı fonunda təsvir edilir.

“Qardaş” filmi Sergey Bodrovu tanınmış aktyora çevirdi. Lakin güzəştsiz süjet xəttinə malik filmdəki bəzi replikalar tamaşaçıların xoşuna gəlmədi. “Qardaş” filminə görə rejissor Aleksey Balabanovu və baş rol ifaçısı Sergey Bodrovu antiamerikanizmdə, ukraynafobiyada ittiham edirdilər. Xüsusən filmin tramvay səhnəsində Danila Baqrov obrazının erməni milliyətindən olan sərnişinin “qardaş” müraciətinə “sən mənim qardaşım deyilsən, qara əclaf” ifadəsi qafqazlıların, xüsusən ermənilərin ona qarşı sonsuz nifrət bəsləməsinə səbəb olur. Bəzi tamaşaçılar filmdə səslənən ifadələri real təhqir kimi qəbul edirlər. Bu nifrət Bodrovun faciəli ölümüdən sonra belə, davam edirdi.

“Qardaş” filmindən sonra Bodrov “Stringer” filmində ekstremal jurnalist Vadik obrazını canlandırır. 1999-cu ildə isə Fransa-Rusiya ortaq layihəsi olan və Fransa kinosunun ikonalarından sayılan Katrin Denevin də iştirak etdiyi “Şərq-Qərb” tarixi dramında əsas rolardan birini ifa edir.

Lakin Aleksey Balabanovla yenidən işbirliyi istəyi sonda Danila Boqrov obrazının növbəti macəralarını təsvir edən “Qardaş-2” filminin çəkilməsinə səbəb olur. Bu dəfə Sergey Bodrovun yaratdığı obraz mafiya tərəfindən qətlə yetirilən əsgər yoldaşının qisasını almaq üçün Amerikaya yola düşməsindən bəhs edir. İlk filmdən də daha radikal və kəsin millətçi ifadələrin işləndiyi ekran əsəri Amerikada heç də xoş həyatın olmadığını tamaşaçılara çatdırır. Başqa bir süjet xəttində isə Danila Baqrovla Amerikada fahişəliyə məcbur edilən Daşa adlı rus qızının isti münasibətlərindən söhbət açılır. 2000-ci il avqustun 30-da premyerası keçirilən film yenə də tamaşaçı və kino tənqidçi icması tərəfindən fərqli şərhlərlə qarşılaşdı.

Bundan sonra, rejissor kimi yetişdiyini hiss edən oğul Sergey Bodrov ilk rejissor debütnü tamaşaçılara təqdim edir və uğur qazanır. 2001-ci ilin 10 mayında “Bacılar” filmi kinotertlarda göstərilməyə başlandı. Danila Bodrov tematikası ilə sıx bağlı olan film onun Amerikadan gətirdiyi azyaşlı qızın cinayəkar aləmlə ilk tanışlığından bəhs edirdi. Epizodik rollardan birində Sergey Bodrov öz əfsanəvi Baqrov obrazında görünür. Maraqlıdır ki, ata Badrov ssrenarist kimi filmin ərsəyə gəlməsində oğluna yardım edir.

Lakin istedadlı rejissorun bioloji saatı sonuna çatmaq üzrə idi. 2002-ci ilin iyulunda Sergey Bodrov ikinci rejjisor işi (və təəssüf ki, son) olan “Rabitəçi” filminin çəkilişlərinə başlayır. Onun sözlərinə görə, filmdə 2 dostun başına gələn əhvalatlar fəlsəfi şəkildə nəql olunacaqdı. O baş rollardan birini ifa edəcəyini də təsdiqləmişdi. Sentyabr ayında çəkiliş qrupu Qafqaza gəlir. Şimali Osetiyanın inzibati mərkəzi olan Vladiqafqazda həbsxana çəkilişləri çəkildikdən sonra filmin heyəti dağlıq bölgədə yerləşən Kormodon dərəsinə gedir. Burada baş qəhrəmanlardan birinin evə dönüş səhnəsi çəkilməli idi. Lakin 2002-ci il sentyabrın 20-si gecə saatlarında Kolka buzlağı çəkiliş qrupunun da düşərgə qurduğu Kormodon dərəsini 300 metr qalınlığında buz və daş layı ilə örtür. Saatda 150-200 kilometr sürətlə hərəkət edən buzlaq 120 nəfərin ölümünə və itkin düşməsinə səbəb olur.

Rəsmi məlumatlara görə, o hadisədə 19 nəfər həlak olub və 106 nəfər, o cümlədən “Rabitəçi” filminin 42 üzvü itkin düşüb. Təbii fəlakətin qurbanlarından biri 31 yaşlı Sergey Bodrov olur. Bütün ölkə bu faciədən şoka düşür. Yaradıclığının çiçəklənən dövründə gənc və istedadlı aktyorun nadir təbiət faciəsi nəticəsində ölümü hər kəsi təəssüfləndirir.

2004-cü il mayın 7-nə qədər davam edən axtarış tədbirləri əksər cəsədlərin aşkar olunmaması ilə nəticələnir. Ekspertlər güman edirlər ki, buzlağın tam əriməsi və Sergey Bodrov da daxil olmaqla bütün çəkiliş üzvlərinin cəsədlərinin üzə çıxması üçün bir neçə on illik tələb edir.

Qeyd etmək lazımdır ki, Sergey Bodrov ölümündən 24 gün öncə ikinci dəfə anadan olmuşdu. Həyat yoldaşı Svetlana ona Aleksandr adlı oğul övladı bəxş etmişdi. Yeri gəlmişkən, Bodrov öz ömür-gün yoldaşı ilə “Vzqlyad” verilişinin aparıcısı olduğu zaman tanış olmuşdu. Svetlana Mixaylova o zaman “ORT” telekanalında “Gözlə məni” proqramının teleprodüseri idi. Onlar 1997-ci ildə jurnalsit kimi Kubada keçirilən gənclik və tələbəlik festivalında iştirak edən zaman daha sıx şəkildə bir-birinə bağlanırlar. 1998-ci ildə isə səs-küysüz toy mərasimi təşkil edərək evlənirlər. Tezliklə onların Olqa adında qızları və 2002-ci il avqustun 27-də isə qeyd olunduğu kimi Aleksandr adlı oğul övladları dünyaya gəlir.

İrili-xırdalı 13 filmdə rol alan Sergey Bodrov bununla belə, yaddaqalan Danila Baqrov obrazı ilə kino tarixində özünəməxsus iz qoyub. Çox güman ki, kino karyerası qəfil faciə ilə yarımçıq kəsilməsəydi, o hələ tamaşaçının zövqünü oxşayacaq çox obrazlar yaradacaqdı…

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın