Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Erməni Rubeni Mir Cəfər Bağırov əvəzləməsəydi…– ARAŞDIRMA

Erməni Rubeni Mir Cəfər Bağırov əvəzləməsəydi…– ARAŞDIRMA

…Yaradanın hökmü ilə bəşəriyyətin və ayrı-ayrı xalqların taleyində bu və ya digər mənada böyük rol oynamış müxtəlif lider şəxsiyyətlər yetişmişdir. Onlar arasında yalnız müsbət cəhətləri xatırlananlar barmaqla sayılasıdır. Çoxları isə yaddaşlarda həm müsbət, həm də mənfi xüsusiyyətləri ilə qalıb. Azərbaycan tarixində ziddiyyətli əməlləri ilə dərin iz buraxmış belə liderlərdən biri də Mir Cəfər Bağırovdur. Onu həm Moskvanın buyuruğu, ermənilərin əli ilə repressiya aparan xalq cəlladı, həm də sərt, amma ədalətli, tədbirli rəhbər olaraq “Azərbaycanın xilaskarı” kimi xatırlayanlar da var…

Bəs mərhum Xalq Yazıçısı İsa Hüseynovun məşhur “İdeal” romanında “Mircəllad” adlandırdığı Mir Cəfər Bağırovun doğrudanmı Azərbaycan üçün müsbət əməlləri olmuşdur?

1920-ci illərdə Azərbaycanın iki erməni rəhbəri olmuşdu…

82 il öncə bu günlər -1933-cü ilin dekabrında Mir Cəfər Bağırov Bakı Şəhər Partiya Komitəsinin I katibi vəzifəsindən Azərbaycan Kommunist (bolşevik) Partiyasının Azərbaycan rəhbərliyinə gətirildi. Bəs, buna qədər ölkəmizdə kimlər K(b)P rəhbəri olaraq hökmranlıq edirdi? Əslində, 1920-1933-cü illərdə Azərbaycandakı proseslər ciddi araşdırılsa, o dövrdə baş verənlərin sonrakı dövrlərdə, xüsusən 1937-1953-cü illərdə və 1988-1994-cü illərdə başımıza gətirilən faciələrin bünövrəsini qoyduğu bəlli olar. Birincisi, rus dili Azərbaycanda da dövlət dili elan edildiyindən, milli kadrların çatışmazlığı bəhanəsilə kənardan Azərbaycana rusdilli kadrlar gətirilmişdi. Və nəticədə, hökumətin tərkibi azərbaycanlılardan ibarət olduğu halda, sovet sistemində rəhbər rol oynayan partiya rəhbərliyi qeyri-millətlərdən (ruslardan, ermənilərdən, gürcülərdən, yəhudilərdən) olan kadrların əlində cəmləşmişdi. İkincisi, bəlkə də ən başlıcası, həmin 13 ildə Azərbaycanın Moskvanın göstərişi ilə hərəkət edən birinci şəxslərindən yalnız ikisi (hər biri cəmi 1 ilə yaxın) – Mirzə Davud Hüseynov (1920) və Ruhulla Axundov (1925-1926) azərbaycanlı olub. Onları da 1938-ci ildə güllələyiblər. Qalan rəhbərlər isə erməni, gürcü, rus və yəhudi əsilli olublar. 1920-1921-ci illərdə Nəriman Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri olsa da, Azərbaycan K(b) P MK-ya ardıcıl olaraq V.Naneyişvili (gürcü), Y.D.Stasova (yəhudi), V.Y.Dumbadze (gürcü), Q.N.Kaminski (yəhudi) rəhbərlik ediblər. 1921-ci ildən ta 1933-cü ilə kimi isə bolşeviklərin birinci katib tacını Sergey Kirov (1921-1925, rus), Levon Mirzoyan (1926-1929, erməni), Nikolay Gikalo (1929-1930, yəhudi), Vladimir Polonski (1930-1933, yəhudi), Ruben Rubenov (1933, erməni) bir-birilərinə ötürüblər.

1933-1953-cü illərdə də Azərbaycanın başçısı erməni olsaydı?
1920-ci illərin əvvəllərində Bakı partiya təşkilatının rəhbərliyi bilavasitə mikoyanların, sarkislərin, mirzoyanların əlində cəmləşmişdi. Sovet və partiya quruculuğunda yerli şəraiti, milli adət-ənənələri, dəyərləri nəzərə almağı tələb edən Nəriman Nərimanov Sarkisin, Lominadzenin, Orconikidzenin, Yeqorovun, Mikoyanın və s. fitvası ilə Azərbaycana rəhbərlikdən uzaqlaşdırılmışdı.

Ölkəmizdə “Allahsızlar İttifaqı” vasitəsilə İslama, milli-mənəvi dəyərlərə, ədəbiyyata, milli musiqiyə, hətta milli geyimlərə, papağa qarşı daha şiddətli basqılar da məhz 1926-1929-cu illərdə Mirzoyanın dövründə edilmişdi. Nəhayət, 1933-cü ilin dekabrında M.C.Bağırov I katibliyə gətirilərək erməni Ruben Rubenovu əvəzlədikdən sonra Azərbaycan rəhbərliyinə birinci şəxs kimi bir daha erməni və qeyri-millətin nümayəndəsi gətirilmədi. Doğrudur, sovet dövründə xalqımızın daha kütləvi deportasiya, repressiya, sürgün və qətllərə məruz qaldığı dövr elə 1933-1953-cü illəri əhatə edir. Ancaq təbii bir sual meydana çıxır: 1933-cü ildə Azərbaycanın başına Azərbaycan türkü (bir çox mənbələr bunun belə olduğunu təsdiqləyir) Mir Cəfər gəlməyəydi. Və əvəzində erməni Ruben qalaydı, yaxud Mirzoyan, ya Mikoyan I katib qoyulaydı. Onda Stalinin repressiya və deportasiya maşınının tüğyan etdiyi bir şəraitdə xalqımızın başına nələr gələrdi? Ümumiyyətlə, Azərbaycan adlı respublika, məkan, xalq qalardımı?..

Bəs tanınmış tarixçi və təhlilçilər bu mövzuda nə düşünürlər?

“Mir Cəfər Bağırovu qəddarlığına görə Azərbaycanın başına gətirdilər”

Görkəmli tarixçi Nəsiman Yaqublu Mir Cəfər Bağırovun heç bir müsbət cəhəti və işindən danışmaq mümkün olmadığını söylədi: “Bəzi araşdırmaçılar yazırlar ki, Mir Cəfər Bağırov Azərbaycanın xilaskarı olub.

Onun zamanında Hüseyn Cavidi həbs etdilər, Muşfiqi, Salman Mümtazı və s. güllələdilər. Abbas Mirzə Şərifzadəni həbsxanada elə günə saldılar ki, axırda özü intihar etdi. Bağırov Azərbaycanı sevirdisə, niyə bu tanınmış ziyalıları xilas etmədi? Bəziləri Rəsulzadə kimi şəxsiyyətlə Bağırovu gətirib bir cərgəyə qoymaq istəyir. Axı, ən azı, ideoloji baxışlarına görə onlar çox fərqli idilər. O, Cümhuriyyət dönəmində bolşeviklərlə birləşib Azərbaycanın müstəqilliyinə qarşı mübarizə aparırdı. Elə 1920-ci illərdən başlayaraq repressiyalar aparırdı. Sonra da Stalin hökuməti onun xarakterinə yaxşı bələd olduğundan anladı ki, Bağırov Azərbaycana rəhbər təyin edilsə, bu xalqa Mirzoyanlardan, Rubenlərdən də çox zərbə vuracaq. Odur ki, 1933-cü ildə onu I katib təyin etdilər. Digər müttəfiq respublikalara nisbətdə ən kəskin və qəddar repressiyalar da məhz Azərbaycanda Bağırovun dövründə aparıldı…”.

 

“Bağırovun Azərbaycanı bütövlükdə Qazaxıstana sürgündən xilas etməsi nağıldır”

“Bəs Mir Cəfər Bağırov Azərbaycanın bütövlükdə Qazaxıstana sürgün edilməsinin qarşısını alıb” fikirlərinə münasibətiniz necədir?” – sualımıza cavabında tanınmış tarixçi bunları açıqladı: “Bilirsiz, bunlar hamısı Bağırovun əməllərinə bəraət qazandırmaq üçün uydurulmuş nağıllardır. Əvvəla, bunu deyənlər sovet rəhbərliyinin bu istiqamətdə rəsmi bir qərarını göstərsinlər. İkincisi, sovet hökumətinin heç bir neçə yüz minlik çeçeni sürgün etməyə maddi imkanı çatmırdı. Bu boyda Azərbaycanı köçürtməyə gücü çatardımı?”.
Mir Cəfər Bağırovun müsbət işləri sırasında onun 1945-1946-cı illərdə Moskvanın xətti ilə Güney Azərbaycanın Azərbaycan SSR-lə bütövləşməsinə çalışması da göstərilir. Bəzi şahidlər hətta Stalinin Təbrizdəki müstəqillik qazanmış Pişəvəri hökumətini müdafiəsiz qoyaraq İrandakı sovet qoşunlarının çıxarılması barədəki əmrinə Bağırovun etiraz etməsi, hönkür-hönkür ağlamasını da söyləyirlər. Tarixçi Nəsiman Yaqublu bunun da uydurma olduğunu, Güney Azərbaycanın taleyini böyük dövlətlərin həll etdiyini, Mir Cəfər Bağırovun burada heç bir rol oynamadığını hesab edir. Və Pişəvərinin sonradan Yevlaxda qəzaya salınaraq öldürülməsində Bağırovun da əli olduğunu vurğulayır…

“Mir Cəfər Bağırov Azərbaycanı qoruduğuna görə şəhid edilib”…

Özünün “Bir əsr -bir nəsil” adlı 8 cildli tarixi-sənədli romanında Mir Cəfər Bağırovun fəaliyyəti və şəxsi həyatı barədə bir sıra maraqlı faktlara toxunmuş siyasi analitik Tahir Cəfərli Mir Cəfər Bağırovu “Azərbaycan xalqının əsl övladı” adlandırır. Bizimlə söhbətində o, keçmiş Azərbaycan başçısının daha çox müsbət cəhətlərini sadaladı:

“Mir Cəfər Bağırov yeganə I katib idi ki, SSRİ rəhbərliyinin qarşısında əyilmirdi, sözünü deyirdi, vətəni Azərbaycanı mümkün qədər basqılardan qoruyurdu. Mir Cəfər Bağırov haqqında Azərbaycan xalqı həmişə yüksək fikirdə olub, onun haqqında bir fəhlə, bir kəndli pis fikir deməyib. Bu qənaətdəyəm ki, Mir Cəfər olmasaydı, indi Azərbaycan adlı müstəqil dövlət də yox idi. Heç kəs unutmasın ki, 1940-cı illərdə Mikoyanın Stalin qarşısındakı oyunbazlığı nəticəsində Krım tatarları və Şimali Qafqaz xalqları kimi Azərbaycanı da Qazaxıstana köçürməli idilər. Bağırov bunun qarşısını aldı… Xalqın ona necə hörmət bəslədiyini görmək üçün Bakının mərkəzindəki körpülərdən birinin bu günədək “Bağırov körpüsü” adlandırılması da göstərir. Körpünün tikilməsi əmrini verəndən sonra Mir Cəfəri həbs etdilər, tikilib hazır olanda isə məhkəmədə onu “vətən xaini” elan edib güllədilər. Amma bəzi ziyalılardan fərqli olaraq bütövlükdə xalq Mir Cəfər Bağırovu “xalq düşməni” saymadı və ona olan münasibətini dəyişmədi. Çünki sadə insanlar anlayırdi ki, sovet imperiyası xalqın övladını “vətən xaini” adlandırmaqla Azərbaycanı ermənilərin güdazına verirdilər. Çünki Mikoyan və onun Kremldəki erməni komandası Bağırovun həbsinə çalışmışdılar. Moskvanın oyunlarına uyub Mir Cəfəri “vətən xaini” hesab etmək günahdır. Biz ondan danışmalıyıq ki, Bağırovun ətrafında Moskvanın göstərişi ilə nə qədər erməni olsa da, o, Azərbaycan xalqının bütövlükdə Qazaxıstana köçürülməsinə imkan vermədi. İranla Azərbaycan arasında qondarma “Kürdüstan” dövlətinin yaradılmasına mane oldu. Kremlin qılıncının dalı-qabağı kəsən bir dövrdə bunu heç kim edə bilməzdi. Bunu bilmək lazımdır ki, Bağırov Azərbaycanı qoruduğuna görə şəhid olub. Moskva ondan intiqam alıb. Bağırov öz övladını müharibəyə göndərdi – həlak oldu. Bu fakt onun necə düzgün insan olduğunu, öz övladını xalqın balalarından artıq tutmadığını göstərir. Biz Bağırova başqa gözlə baxmalıyıq: Azərbaycanı xilas etdiyinə görə imperiya tərəfindən şəhid edilən azərbaycanlı şəxsiyyət”.
“Bəs Mir Cəfər Bağırov niyə Azərbaycanın Ə.Cavad, H.Cavid, M.Müşfiq, A.Yıldırım, S.Mümtaz və s. kimi say-seçmə ziyalıların, eləcə də din xadimlərinin, sadə vətəndaşların kütləvi şəkildə güllələnməsi, sürgün edilməsinə imkan verirdi” – sualına cavabında isə siyasi analitik Mir Cəfər Bağırovun bu proseslərdə rolu olmadığını belə əsaslandırmağa çalışdı:

 

“Müşfiqlər, Cavidləri “Öl Cavid!”, “Oxuma, tar!” deyənlər güdaza verdi”

“Alim, şair və ruhanilərin Bağırovun göstərişi ilə güllələnməsini düşünmək gülüncdür. Əvvəla, Mir Cəfər “NKVD”nin rəisi yox, Azərbaycanın 1-ci katibi idi. İndiki qayda ilə desək, prezidenti, dövlət başçısı idi. Məgər bu və ya digər adamın tutulması ilə dövlət başçısı birbaşa məşğul olur. Məgər Moskvaya “anonimka”nı Bağırov yazırdı ki, Müşfiq və yaxud Cavid pantürkistdir? “Danos” yazanlar kimlər idi? Onun ətrafı – Azərbaycan Yazıçılar İttifaqının üzvləri. Adlarını çəkmək istəmirəm – o dövrün bir neçə yazıçı, şairindən savayı, hamısının əli qanlıdır. Onlar öz dostlarını, həmkarlarını satıblar. Həmin “ziyalılar” hökumət qəzetlərində “Öl, Cavid!”, “Oxuma, tar!” – deyə bağırırdılar. Moskvadan göndərilən “anti-sovet ünsürlərinə qarşı mübarizə” – direktivlərində mindən artıq şair və yazıçının, alimin, din xadiminin adı vardı. Bunların adlarını məgər Mir Cəfər vermişdi Kremlə? Bu siyahılar Moskvada Bakıdan gedən çoxsaylı məktublar əsasında tutulmuşdu. Eyni zamanda, həmin siyahılar müzakirə üçün Yazıçılar İttifaqına gələndə bu qurumun heyət üzvlərinin qərarı olmasaydı, Müşfiqi, Cavadı və s. heç kim həbs etməz, güllələməzdi. Məsələ bundadır ki, hazırda yüksək dövləti vəzifə tutan o dövrün bəzi şair və yazıçılarının övladları Mir Cəfər Bağırovla bağlı həqiqətlərin üzə çıxmasını istəmirlər. Televiziya və başqa vasitələrlə 37-ci ilin günahlarını Azərbaycanı xilas edən və faktiki olaraq Moskva tərəfindən güllələnmiş şəhidimizin üzərinə yıxmaqla, onu gözdən salırlar. O dövrün arxivlərindəki faktiki materialları üzə çıxartsaq, görərik ki, nə qədər xəyanətkar yazıçı və şairlərimiz olub. Onların övladlarının Bağırov haqqında yaydığı yalanlar isə Azərbaycan cəmiyyətində özünə yer almır. Çünki Azərbaycan cəmiyyəti təmizlənməyə doğru gedir, təmizlik isə heç vaxt yalanı qəbul etməz. Əvvəl-axır həqiqət öz yerini tapmalıdır…”.

Sultan Laçın

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın