Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Elmar Hüseynovun qatili tutuldumu…

Elmar Hüseynovun qatili tutuldumu…

Eynulla Fətullayev 5 il öncə Akif Çovdarov barəsində nələr deyib…

 
Xəbər verdiyimiz kimi, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov noyabrın 15-də həbs edilib. Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev bundan sonra facebook statusunda “jurnalist Elmar Hüseynovun qatili qandallandı. Allaha inanmayan varmı?” yazıb.
“Yeni Müsavat” qəzeti isə “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı E.Fətullayevin illər öncə səsləndirdiyi fikirləri yada salır.
2010-cu il iyunun 16-da keçirilən məhkəməsi zamanı E.Fətullayev bu olayla bağlı detallı danışmışdı. Arxivə nəzər saldıq. AzadlıqRadiosunun məhkəmədən hazırladığı reportajda bu fraqment dəqiqliklə qeyd olunur. Yada salaq: “Təqribən 2007-ci ilin əvvəllərində mən Elmar Hüseynovun qətli ilə bağlı məlumatlar əldə etdim. Akif Çovdarov MTN-in idarə rəisinin müavini idi, indi deyəsən, Baş İdarənin rəisidir, məlumat əldə etmişdim ki, bu insanın bu məsələdə iştirakı ola bilər. Daha doğrusu, bir çox şübhələr onun adı ətrafında dolaşırdı. Mən bu istiqamətdə araşdırmalara başladım”.
İyunun 16-da keçirilən məhkəməsində Eynulla Fətullayev  deyib ki, həbsinin kökündə Elmar Hüseynovun qətli ilə bağlı apardığı araşdırmalar dayanır. Dedi ki, araşdırmalar zamanı qətlin izləri Milli Təhlükəsizlik Nazirliyinin həmin vaxt idarə rəisinin müavini işləmiş Akif Çovdarovun üstünə aparıb çıxardığından onun bu araşdırmaları aparmasına əngəllər yaradılıb. Ən böyük əngəl isə həbsi olub:
“Araşdırmalara başladım və bir aydan sonra həbs olundum. Məni Bayıl həbsxanasından MTN-ə etap elədilər, adını da qoydular ki, guya Bayıl həbsxanasından qaçmaq istəyirəm. Şübhəsiz ki, mən ordan qaçmaq istəmirdim. MTN-in təcridxanasında bu insanlar gəlib mənimlə görüşdülər”.
Eynulla Fətullayev məhkəməsində demişdi ki, Akif Çovdarov onunla görüşərkən Elmar Hüseynovla bağlı araşdırmalara son qoymasını tələb edib. Hətta aralarındakı mübahisə o yerə çatıb ki, onlar əlbəyaxa olublar: “Mən dedim axı, apardığım bütün jurnalist təhqiqatları bir şey göstərir, hər şey gəlib sənə çıxır. Avropa Məhkəməsinə göndərdiyim materiallarda faktlar da göstərmişəm. Ancaq mən bir şeyi başa düşmürəm, siz nəyə görə Elmarı belə qeyri-peşəkarcasına qətlə yetirmisiniz?”
Eynulla Fətullayev iddia etmişdi ki, Akif Çovdarov Elmar Hüseynovun qətlində əli olduğunu açıq şəkildə etiraf edib: “Dedi ki, onu öldürmək azdır, onu yandırmaq lazım idi. Bir də dedi ki, axı biz bunu özümüzə görə etməmişik, atamın sözü ilə etməmişəm ki bunu. Yəni ki, sən məndən nə istəyirsən axı, əl çək məndən. Deyirdi, ağzına gələni yazırdı, axırı belə də olmalı idi”.
Məhbus jurnalist məhkəmədə onu da demişdi ki, Akif Çovdarov ona xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyi və Elmar Hüseynovun qətli ilə bağlı istintaqa yalan ifadələr verməyi təklif edib. O isə təklifi qəbul etməyib: “Dedim yaxşı, mən başa düşdüm ki, artıq bu mövzuya toxunmaq olmaz, məni azadlığa buraxın. Dedi, biz səni elə-belə buraxa bilmərik, biz səni ”verbovka” eləməliyik. Biz səni “verbovka” eləyirik, sən bizim nazirliyə işləyirsən. Dedim, aha, gəldik çatdıq əsas məsələyə. Mənə dedi ki, sən bizə Elmar Hüseynovun qətli ilə bağlı yalan ifadələr ver. Dedim, mən Elmarın qətli ilə bağlı yalançı ifadələr verə bilmərəm, o mənim dostum, həmkarım olub. Dedi, axı biz sənə azadlığa çıxmağa kömək edəcəyik”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arioğlu da deyir ki, E.Fətullayev 2007-ci ildə onunla görüşlərindən birində E.Hüseynovun qətlində Akif Çovdarovun əli olduğunu bildirib.
 
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, E.Hüseynovun qətlinin açılması ilə Akif Çovdarovun  arasında hər hansı bağlılıq yoxdur. Müsahibimiz xatırladıb ki, 2005-ci ildə, qətldən dərhal sonra Azərbaycana gələn Türkiyə hüquq-mühafizə orqanları araşdırma apararaq bəlli nəticəyə gəlmişdi: “Həmin vaxt hakimiyyətə bu qətlin icraçıları və təşkilatçılarının adları verilmişdi. Yəni hakimiyyətdə bu qətlin kim tərəfindən yerinə yetirilməsi barədə məlumat var. Hesab etmirəm ki, bugünkü hakimiyyət bu məsələni açmaqda maraqlıdır”.
M.Əliyev xatırladıb ki, ailəsi daha öncə dəfələrlə qətlin açılması ilə bağlı ən yüksək instansiyalara müraciət edib. Onun sözlərinə görə, ailəsinə qətlin icraçıları və sifarişçilərinin tapılacağı ilə bağlı vəd verilsə də, yerinə yetirilmədi: “Jurnalistlər də bu tələbi dəfələrlə səsləndiriblər. Növbəti çağırışla nəyinsə dəyişəcəyinə inam yoxdur. Qətlin üstünün açılması üçün siyasi situasiya lazımdır. Doğrudur, Çovdarov işdən çıxarılıb. Amma bu qətlin üzə çıxarılması üçün başqa vəziyyət olmalıdır”.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın