Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / DİN-in istintaq səlahiyyətlərinin genişləndirilməsi nə vəd edir?

DİN-in istintaq səlahiyyətlərinin genişləndirilməsi nə vəd edir?

Mehman Muradlı: “Polisə bu səlahiyyətin verilməsi digər qurumların da yükünü azaldar və kibercinayətlərin araşdırılmasında daha effektiv nəticə əldə olunar”

“Polisdə bu sahədə çalışmaq üçün ixtisaslı kadrların hazırlanmasına böyük üstünlük verilməlidir”

Daxili İşlər Nazirliyinə (DİN) kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərmanında əksini tapıb.
Xatırladaq ki, indiyə qədər kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsus olub. Bundan sonra isə kibercinayətlərlə bağlı işi başlamış daxili işlər (polis) orqanları da ibtidai istintaq apara biləcək.
Qeyd edək ki, kibercinayətlərə kompyuter sisteminə qanunsuz daxilolma (271-ci maddə), kompyuter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1.-ci maddə), kompyuter məlumatlarının saxtalaşdırılması (273-2.-ci maddə) daxildir. Bu maddələr üzrə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, 2 min manatdan 4 min manatadək cərimə nəzərdə tutulur.
Daxili İşlər Nazirliyinə bu səlahiyyətin verilməsinin hansı üstünlükləri ola bilər?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələni müsbət istiqamətdə şərh edə bilər: “Dünyada gedən texniki inkişaf bizim gündəlik həyatımıza da sirayət olub. Artıq gündəlik həyatımızı kompyutersiz təsəvvür etmək mümkün deyil. Bu səbəbdən də belə vasitələrdən istifadə edilərək cinayətlərin törədilməsi də baş verir. Maraqlıdır ki, analoji cinayətlər yalnız fiziki şəxslərə yönəlik baş vermir. Bəzən kibercinayətin obyektinə banklar, dövlət qurumları, hətta KİV-lər də düşür. Statistika göstərir ki, belə cinayətlərin sayında artım müşahidə olunur. Hazırda bu qlobal problemdən bütün dünya əziyyət çəkir. Hətta bəzən insanlar adi məişət zəminində belə deyilən növ cinayətlərlə rastlaşır. İndi təsəvvür edin ki, həmin adama deyirlər ki, mütləq xüsusi xidmət orqanlarına şikayət etməlisən. Belə olanda vətəndaş məsələyə bir qədər fərqli yanaşır. Bir sözlə, şikayət edəcəyi yerin adının zəhmi onu basır. Amma polisə müraciət psixoloji cəhətdən bir qədər asan aşılır. Təbii ki, bu sahədə olan və daha böyük təhlükə törədə biləcək hallarla xüsusi xidmətlər məşğul olmalıdır. Polisə bu səlahiyyətin verilməsi digər qurumların da yükünü azaldar və kibercinayətlərin araşdırılmasında daha effektiv nəticə əldə olunar. Amma burada daha bir vacib məqam kadr çatışmazlığı ilə bağlıdır.
Mən bilirəm ki, İKT sahəsində bizim kadrlarımız yetərli deyil. Polisdə belə çatışmazlığın olacağı labüddür. Bu səbəbdən də polisdə bu sahədə çalışmaq üçün ixtisaslı kadrların hazırlanmasına böyük üstünlük verilməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın