Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / DHKP-C terror təşkilatı haqda nə bilirik? – Türkiyədə

DHKP-C terror təşkilatı haqda nə bilirik? – Türkiyədə

Bu həftə Türkiyədə “Sabancı sui-qəsdi” adlanan terror hücumunu həyata keçirənlərdən biri həbs olundu. Polisin Aydın vilayətində həyata keçirdiyi əməliyyatda DHKP-C sol terror təşkilatının iki silahlı üzvü həbs olundu. 
 
“Abidin Gümüş” və “Hatice Çalışkan” adına saxta pasportla tutulan şəxslərdən birinin 1972-ci il təvəllüdlü İsmayıl Akkol olduğu müəyyən edilib. Digəri isə yenə DHKP-C üzvü Fadık Adıyaman olduğu müəyyən edilib.
Qeyd edək ki, “Sabancı sui-qəsdi” adlı hadisə 1996-cı il yanvarın 9-da baş verib. Sabancı Mərkəzində baş verən terror hücumu nəticəsində “Sabancı Holdinq”in İdarə Heyətinin üzvü Özdəmir Sabancı, Toyota Sa baş direktoru Haluk Görgün və katib Nilgün Hasefe öldürülmüşdü.
Sui-qəsdin planlaşdırıldığı Sabancı Holdinqin prezidenti Sakip Sabancı isə tədbirə gec qatıldığı üçün sağ qalmışdı.
Terror hücumunu həyata keçirən DHKP-C üzvləri Fehriye Erdal, İsmail Akkol və Mustafa Duyar ölkədən qaçmışdılar. Daha sonra Türkiyənin Suriyadakı səfirliyinə gedərək təslim olan Mustafa Duyar, Türkiyənin Afyon vilayətində həbsxanada öldürülüb. Digər terrorçu Fehriye Erdal Belçikaya qaçsa da. Orada həbs olunaraq mühakimə edilib və daha sonra bəraət alıb. İsmayıl Akkol isə 3 il əvvəl Yunanıstanda həbs olunmuş, lakin daha sonra azad edilmişdi.
Yenə DHKP-C
 
Qeyd edək ki, son illərdə məlum terror olayları və Suriyadakı müharibə səbəbilə arxa plana keçən DHKP/C Türkiyədə fəaliyyət göstərən ən çox tanınan sol terror təşkilatlarından biridir.  Təşkilatın qurulması ili 1994-cü il hesab olunsa da, ideya olaraq ortaya çıxması 1970-ci illərə təsadüf edir. THKP-C adı ilə qurulan təşkilatın ideya müəllifi Mahir Çayan və onun “inqilab savaşı” konsepsiyası olub. Bu ideya isə daha çox Latın Amerikasında fəaliyyət göstərən sosialist inqilabçı qrupları örnək alıb.
Lakin metod olaraq THKP-C tipik bir terror təşkilatı kimi fəaliyyət göstərir və lideri Mahir Çayan Türkiyənin “oliqarxik bir sistemlə idarə olunan müstəmləkə ölkəsi” olduğunu və təşkilatın məqsədinin şəhər gerillası metodu ilə sistemi ortadan qaldıraraq sosialist bir sistem qurmaq olduğunu bəyan edib.
1972-ci ildə hökumət qüvvələri ilə silahlı toqquşmada Mahir Çayan və təşkilatın liderləri öldürülür. Bununla da təşkilat 1978-ci ilə qədər səssiz qalır. Həmin il təşkilatın bazasında Dev-Sol (Devrimci Sol) terror təşkialtı yaradılır. Yeni təşkilatın bazasında “Silahlı İnqilabçı Birliklər” adlı quruluş yaradılır. Dursun Karataşın rəhbərlik etdiyi qruplaşma 1980-ci ildə baş verən hərbi çevrilişdən sonra zəifləsə də, 80-ci illərdən sonra yenidən fəallaşır.
1994-cü ildə Dursun Karataşın liderliyi ilə keçmiş DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası- Cəbhəsi) qurulur. Yeni təşkilat daha öncə mövcud olmuş THKP-C və Dev-Sol qruplaşmasının fəaliyyət strategiyasını davam etdirir. 1994-cü ildə ilk fəaliyyətlərinə başlayan DHKP-C əyalətlərdə və yaşayış məntəqələrində təhlükəsizlik qüvvələrinə hücumlar etməyə başladılar. 1996-cı ildə “Sabancı Center Sui-qəsdi” terroru ilə qruplaşma bir anda məşhurlaşır.
2000-ci ildə hökumətin başlatdığı geniş miqyaslı antiterror əməliyyatları nəticəsində qruplaşma xeyli zəifləyir və strategiyasını dəyişir. 2001-ci ildən başlayaraq isə “canlı bomba” terroruna başlayır. Sonuncu dəfə DHKP-C Ankarada ABŞ səfirliyinə qarşı terror törədir.
Bir sıra terror və təhlükəsizlik ekspertlərinə görə Türkiyədə sol ideyalı terror təşkilatları bir qayda olaraq xarici, xüsusən də qonşu ölkələrin təsiri olub. Qeyd edək ki, Türkiyədə 1965-ci ildən sonra sol terror təşkilatlarının aktivləşdiyi dövr hesab olunur. Məsələn, o dönəm TİİKP (Türkiyə Qiyamçı Fəhlə Kəndli Partiyası) Livanda yerləşən düşərgələrdə təlim keçib, THKO ( Türkiyə Xalq Qurtuluş Ordusu) qruplaşması isə Fələstindəki düşərgələrdə təlim keçib. Bundan başqa Suriyada bir sıra terror qrupları Türkiyəyə qarşı fəaliyyətlər göstəriblər. Bunun ən məşhur nümunələrindən biri də 1975-ci ildə qurulmuş ASALA terror təşkilatı olub. ASALA-ya o zaman sovet kəşfiyyatı geniş dəstək verib. 1980-ci illərdə isə PKK Suriyada möhkəmlənib.
THKP-C terror təşkilatının da uzun müddət Suriya ilə əlaqələrinin olduğu mediaya sızdırılıb. Qruplaşmanın “acilcilər” adlanan yan təşkilatı Türkiyənin Hatay vilayəti ərazilərində fəaliyyət göstərib və Suriyanın Laziqiyyə şəhərində möhkəmləniblər.
Yunanıstan nədən Türkiyədəki terror qruplarını dəstəkləyir? 
DHKP-C terror qruplaşmasının daha bir mühüm bağlantısı isə Yunanıstanla olub. Türkiyədə bir sıra sol qrupların Yunanıstanla əlaqələrinin olması haqda məlumatlar zaman-zaman yayılıb. Xüsusən də PKK-nın təşkilatlanmasında Yunanıstanın xüsusi rolu olub. Bu ölkədə yerləşən
Lavrion düşərgəsində daha əvvəl PKK hərbi və siyasi təlim keçib. Daha sonra isə bu düşərgədə DHKP-C yerləşib. Bu dövrdə Lavrion düşərgəsi DHKP-C üçün “təşkilat məktəbi” şəklində fəaliyyət göstərib. Xüsusən də bu düşərgədə terror və hərbi təlim verilib. Ancaq daha sonra düşərgədə PKK və DHKP-C arasında anlaşılmazlıq yaranması səbəbi ilə ikinci düşərgəni tərk edərək Kinesa və Dileysi düşərgələrinə yerləşir.
2012-ci il sentyabrın 11-də DHKP-C İstanbul Sultanqazi Polis İdarəsinə qarşı terror aktı həyata keçirir. Sonradan araşdırmalar nəticəsində məlum olur ki, terror hücumunun əmrini həmin vaxt Yunanıstanda olan qruplaşma lideri verib. Eyni zamanda canlı bomba olaraq terror törətmiş terrorçunun Yunan adalarından Türkiyəyə daxil olduğu haqda məlumatlar əldə edilmişdir. 2012-ci il dekabrında İstanbul Qaziosmanpaşa ərazisində bir polisi öldürən DHKP-C üzvü terrorçunun Yunanıstanın Lavrion düşərgəsində təlim keçdiyi istintaq tərəfindən müəyyən edilib.
Eyni zamanda araşdırmalar nəticəsində məlum olub ki, bu terror hücumları DHKP-C ilə Yunanıstan hökuməti arasında anlaşma nəticəsində baş tutub. Təşkilatın liderlərindən olan “abla” ləqəbli Zərrin Sarının Yunanıstanda olduğu haqda məlumat əldə edilmiş, eyni zamanda terrorçulardan əldə edilmiş flaş yaddaşlardan birində dosya şifrəsinin Yunanıstan olduğu üzə çıxıb.
Türkiyəli ekspertlərə görə, Yunanıstan Türkiyə ilə rəqabət apardığı üçün Ankaranın regional siyasi aktivliyini zəiflətmək üçün Türkiyədəki sol təmayüllü qrupları dəstəkləyir.  Musavat.com

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın