Ana səhifə / Gündəm / Devalvasiya turizm sektorunu necə çökdürdü?

Devalvasiya turizm sektorunu necə çökdürdü?

“Devalvasiyadan sonra turizm şirkətlərinin vəziyyətini bir sözlə belə ifadə etmək olar – bərbad”.

Bunu virtualaz.org saytına açıqlamasında “Alfa tour” turizm şirkətinin əməkdaşı Telli Orucqızı deyib.

Şirkət əməkdaşının sözlərinə görə, devalvasiyadan sonra müştərilərin sayı kəskin azalıb: “Bayram günləri arxada qalsa da müştərilərin sayı çox azdır. Nəinki keçən illə müqayisədə, elə bir neçə ay əvvələ nisbətən də çox fərq var. Adətən noyabr-dekabr ayları turizm mövsümü sayılır, o aylarda turpaketlərin satışı artır. Amma indi tam əksi oldu”.

T.Orucqızı əlavə edib ki, şirkət xaricdəki otellər, aviaşirkətlərlə işlədiyinə görə dolların bahalaşması onlara birbaşa təsir edir və bu da müştəriləri qorxudur: “Hər şəhərə – Dubay, İstanbul, Tokio, eləcə də Avropa şəhərlərinə turlarımız var idi. Dubaya 4 nəfərlik 6 gecə 7 günlük turpaketin qiyməti 3600 manat idisə, indi bu məbləğ 5 min manata çatıb. Ona görə də heç kim getmək istəmir. Əvvəldən turpaket alanlar da devalvasiyadan sonra sifarişlərini geri götürür, getməkdən imtina edir. Kimin pulu varsa, dollara çevirib oturub evində”.

Şirkət əməkdaşının sözlərinə görə, devalvasiyanın turizmə təsiri özünü ən çox fevral ayında göstərəcək. Belə ki, fevraldan başlayaraq yay mövsümü üçün turpaketlər gəlir, müştərilərə təkliflər olur: “Gedən adam onsuz da gedəcək. Elə adamlar var ki, məsələn, Tümenə, Moskvaya və digər belə şəhərlərə iş üçün getməlidir. İstirahətə gəlincə isə məsələn, Antalya üçün turpaketlər fevral ayında gələcək. Onda bilmək olacaq ki, əsl vəziyyət necədir”.

Söhbətləşdiyimiz digər turizm şirkətlərinin əməkdaşları da oxşar vəziyyətdən gileyləndilər. Hamısı bir ağızdan təkrarladılar ki, “müştəri yoxdur, vəziyyət pisdir”.

“Özünüzün də gördüyünüz kimi, müştəri yoxdur, oturub öz aramızda söhbət edirik. Turpaket almaq istəyənlərin sayı kəskin azalıb. Bir neçə ay əvvəl alanlar da qiymətlərə görə gəlib qaytarırlar ki, sərf eləmir, çox bahadır” – deyə “VİP Travel”in əməkdaşı bildirir.

Onun sözlərinə görə, Fransadakı terror aktından sonra bu ölkəyə getmək istəyənlərin sayı azalsa da, digər Avropa şəhərlərinə getmək istəyənlər var idi: “Məsələn, Yeni ili qarşılamaq üçün ən çox üz tutulan şəhərlərdən biri Praqa idi, amma devalvasiyadan sonra vəziyyət kəskin dəyişdi. Bizim işimizə çox ziyan vurdu. Adətən qış aylarında ən çox seçilən istiqamətlərdən biri Dubay idi. Devalvasiyaya qədər Dubayda orta səviyyəli oteldə iki nəfərlik istirahət 1200 manat idisə, indi qiymət iki dəfə artıb. Birbaşa uçuşlar da bahalaşıb. Məsələn, əvvəllər 260 manatlıq bilet indi 383 manatdır”.

“Fly Travel”ın əməkdaşı Mamed Əliyev də deyir ki, vəziyyət ürəkaçan deyil. Dolların məzənnəsindəki dəyişiklikdən sonra iş, demək olar ki, dayanıb: “Qiymət yüksəkdir deyə heç kim turpaket almaq istəmir. Ona görə də iş tamamilə dayanıb. AZAL-ın qiymətləri bahalaşdırması da bu işə təsir edir. Bakı-İstanbul-Bakı reysi 250 manatdan 380 manata qalxıb. Bayram ərəfəsində də satışda heç bir irəliləyiş olmadı. Turpaket alanlar da geri qaytardı ki, maliyyə imkanları çatmır”.

Şirkət əməkdaşı deyir ki, onlarda hər şəhərə tur təşkili var, amma alıcı yoxdur: “Maldiv adalarına iki nəfər üçün bir həftəlik səyahət 1800 manat idi, artıq 2800 manata qalxıb”.

“Globus travel”də də oxşar mənzərənin – müştərisizliyin şahidi olduq.

Eyni vəziyyət bütün turizm agentliklərində hökm sürür. Dollar bahalaşıb, qiymətlər qalxıb, nəticə etibarilə müştəri yoxdur.

“Globus travel” agentliyinin Nazim adlı əməkdaşı deyir ki, hər şey dolların bahalaşma faizi qədər bahalaşıb: “Biz də ziyana düşmüşük. Bəzi müştərilərə izah edə bilmirik ki, dollar bahalaşıb, pulu verin, onlar isə deyir ki, “yoxdur, vermirəm”. 1000 manatlıq tur, 1500 manat olub. Camaat necə versin?”.

Manatın fevral ayındakı devalvasiyasından fərqli olaraq dekabrın 21-dəki ucuzlaşma daha kəskin olduğundan hər sahədə, eləcə də turizm sektorunda daha ağır fəsadlar törədib. Hazırda manatın üzən məzənnədə olması onun hər gün dəyərinin dəyişəcəyindən xəbər verir.

Ekspertlər isə bu dəyər dəyişmənin manatın bahalaşması yox, daha da ucuzlaşması istiqamətində olacağını proqnozlaşdırırlar. Bu da belə düşünməyə əsas verir ki, turizm sektorunun çətinliyi hələ qabaqdadır.

Nahid Bağırov

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov davirtualaz.org saytına açıqlamasında ölkədən gedən turistlərin sayında azalma müşahidə olunduğunu təsdiqlədi. Onun sözlərinə görə, devalvasiyadan sonra turizm agentliklərinin müştərilərinin sayı azalıb: “Bu da ondan qaynaqlanır ki, turizm agentlikləri otelləri, biletləri yalnız xarici valyuta – ya dollar, ya da avro ilə alırlar. Yerli qanunvericiliyin tələbinə görə isə müştəridən pulu yalnız milli valyuta ilə ala bilərlər. Dolların yeni qiymətini manata çevirəndə də əvvəlki qiymət arasında kəskin fərq yaranır, turpaketin qiyməti qalxır. Müştərilər də elə bilir ki, qiyməti turizm agentliyi qaldırıb, əslində isə sırf dolların məzənnəsi ilə bağlı olan bahalaşmadır”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın