Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / “Delta Telecom”dakı yanğın işi necə baş verib – ilginc təfərrüat

“Delta Telecom”dakı yanğın işi necə baş verib – ilginc təfərrüat

Osman Gündüz: “Bəlkə yanğın məhz “Delta Telecom”dakı MTN-ə aid serverdə olub? O zaman…”

 
“Delta Telekom”un baş direktoru Ramazan Vəliyev ANS-ə müsahibəsində burda baş vermiş qəzadan və onun nəticəsində Azərbaycanın saatlarla internetsiz qalmasının səbəblərindən danışıb. R.Vəliyev öncə onu bildirib ki, yanğın hadisəsi yuxarı hissədə baş verməyib. 
 
Sadəcə olaraq, aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Söhbət zamanı məlum olub ki, yanan   avadanlıq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qoyulub: “Söhbət gedən avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki, biz o avadanlıqları təhvil verəcəyik. Əslində həmin avadanlıqlar təkcə ”Delta Telecom”da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq bütün rabitə operatorlarında quraşdırılıb.Yanğın olan otaq yeni formada bərpa ediləcək. Bir sıra avadanlıqlar tamam söküləcək, tamamilə təmizlənəcək və bütün testlərdən keçiriləcək”.
R.Vəliyev bildirib ki, bu ərazidə olan avadanlıqların bir hissəsi işlək vəziyyətə gətirilib. Əsas problem isə zalda olan avadanlıqların üzərinə tüstü qatı hopması və tüstü qatının kömür qatı yaratmasıdır: “Yanğın hadisəsi FİBER optik kabellərin olduğu hissədə baş verib. Nəticədə bütün FİBER optik kabellər zədələnib.  Həmin gecə tüstü çox olduğuna görə işləmək, hətta nəfəs almaq mümkün deyildi. Lakin işçilərimizin qəhrəmanlığı nəticəsində problem qısa müddətdə aradan qaldırıldı. 600 cüt FİBER optik kabel gecə ilə digər zala köçürüldü və rezervlər işə salındı.  Problem ondan ibarət idi ki, FİBER optik kabellərin bir-birinə calanması, qaynaq olunması tamamilə təmiz mühitdə həyata keçirilməlidir. Əks təqdirdə, müəyyən problemlər yaşana bilər. Bu tüstülü mühitdə dünyanın heç bir ölkəsində texniki işçiyə nə verirsən ver, işləməzdi. Bizim texniki işçilər həqiqətən də böyük qəhrəmanlıq edib, interneti 2-3 saat ərzində bərpa edə bildi”.
 
Milli İnternet Formunun rəhbəri Osman Gündüz “Delta Telekom”da baş verənlərlə bağlı yazıb. O.Gündüz yazısında başqa bir məqama toxunub: “Biz WhatsApp zənglərinə qoyulan qadağanı müzakirə edəndə  məlum oldu ki, bu qadağa MTN tərəfindən ”Telekommunikasiya haqqında” Qanunun 39-cu maddəsinə uyğun olaraq ölkədə qurulan dinləmə və izləmə ilə bağlı nəhəng telekommunikasiya sistemi ilə əlaqəlidir. Yəni WhatsApp-ın zəng qadağası mobil operator və “Delta Telecom”luq deyildi, sadəcə, MTN-ə məxsus bu sistemdə WhatsApp trafikinə blok qoyulmuşdu. Bütün ölkələrdə əməliyyat-axtarış tədbirləri məqsədilə yaradılan və bizdə də qurulan  bu tip alternativ telekommunikasiya sisteminin avadanlıqlarının, serverlərinin bütün provayderlərdə olduğu,  bu sistemin MTN-ə məxsus əsas DATA Mərkəzinin isə “Delta Telecom”da yerləşdiyi bildirilirdi. Güman ki, idarəetməsi də MTN-də olub”.
 
O.Gündüz həmçinin bu situasiyada ortaya çıxan suallardan da danışıb: “”Delta Telecom” həmişə elan edib ki, onun bütün sistemlərinin, giriş-çıxışının alternativi var. Varsa onda niyə alternativ işə düşməyib? Məlum idi ki, “Delta”nın bir-iki sərhəd regionlarında da alternativləri var, bəs onda niyə regionlarda da internet kəsildi? Bu nəhənglikdə “Delta Telecom”, Global dünyanın 4 – 5 yerindən, on min kilometrlerlə məsafədən ölkəyə internet gətirən 15 ilin şirkəti ən azı regionlardakı mərkəzləri ilə internet verə bilərdi axı, ən azı az  həcmdə olsa da qısa müddətdə ölkədə internet təminatı yarada bilərdi axı. Bunlar isə baş verməyib. Şübhələnmək üçün əsaslar var ki, əslində orada tam başqa proseslər olub. Bəlkə yanğın məhz “Delta Telecom”dakı MTN-ə məxsus sistemdə və avadanlıqlarda, enerji təchizatında, bütün ölkənin 200 Gb/s sürətində informasiya trafikinə nəzarət edən MTN-ə məxsus serverlərdə olub və həmin sistemi sıradan çıxarıb?
Əgər belədirsə, onda hər şey aydındır, çünki mövcud qanunvericiliyə görə, internet  ölkəyə “Delta Telcom”un Data Mərkəzindən keçəndən sonra  məhz bu nöqtədən paylanmalıdır, deməli, problem burada ola bilərdi, əgər bu sistemin alternativi olmayıbsa, təbii ki, bərpa prosesi də uzun çəkə bilərdi. Həm də düşünürük ki, əgər bu versiya doğrudursa, onda bu artıq  təhqiqat qrupuna da, RYTN -ə də və digər əlaqəli qurumlara da məlumdur. Amma nə üçün açıqlamırlar, anlaşılan deyil. Eyni zamanda düşünürəm ki, həqiqətən də əgər belədirsə, yəni bu, MTN-in məlum sistemi ilə bağlıdırsa  onda digər operatorlarda, mobil operatorlarda, provayderlərdə olan MTN-ə məxsus bu tip sistemləri də monitorinq etmək doğru olardı”.
 
Ekspertin bildirdiyinə görə, telekommunikasiya sektorundakı bu dinləmə və izləmə sisteminin söykəndiyi təhlükəsizliklə və əməliyyat-axtarışla bağlı  qanunvericiliyi tamamilə yenidən işləmək doğru olardı.  
 
O hesab edir ki, hazırda təhqiqat qrupunun bu yanğınla bağlı açıqlamasının gecikdirilməsi də şübhələr üçün əsaslar yaradır: “Düşünürəm ki, kifayət qədər ictimai əhəmiyyət kəsb edən, ölkənin informasiya təhlükəsziliyi üçün ciddi təhlükə yaratmış bu məsələ ilə bağlı təhqiqat qrupunun, ”Delta Telecom” şirkətinin, XDMX-nin və  RYTN-in də baş verənlərin səbəbləri haqqında ictimaiyyətə təfsilatı ilə məlumat verməsi vacibdir”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın