Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Dələduz bankirin əmlakı niyə müsadirə olunmur?

Dələduz bankirin əmlakı niyə müsadirə olunmur?

Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmənin qərarının onun əmlakının müsadirə edilməsi ilə bağlı hissəsi hələ də icra olunmayıb.

 

Qeyd edək ki, bu iş üzrə 81 nəfərin zərərçəkmiş şəxs kimi tanındığı bildirilir. Həmin şəxslərə dəymiş zərərin külli miqdarda – milyonlarla manat olduğu da bəllidir. Lakin bu günə qədər zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib.

 

Teleqraf.com məlumat verir ki, vətəndaşlara dəyən ziyan Zal Yusifova məxsus mülk və obyektlərin müsadirə olunaraq, hərracda satılması yolu ilə ödənilə bilər. Bəs, fırıldaqçı bankirin əmlakı nədən müsadirə olunmur? Bu məsələnin yubanmasının səbəbi nədir?

 

Məsələ burasındadır ki, Zal Yusifovun atası Zakir Yusifov məhkəmələrə şikayət ərizələri ünvanlayıb. O, həmin ərizələrdə iddia edir ki, məhkəmənin qərarı ilə müsadirə olunması nəzərdə tutulan “Humay” şadlıq sarayı və digər mülklər oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. Zakir Yusifov bildirib ki, “Humay” şadlıq sarayının əmlak hüququna 1992-ci ildə, Rəsulzadə qəsəbəsindəki mülkə isə 2002-ci ildə sahib olub.

 

Xatırladaq ki, Zal Yusifovun barəsində 2008-ci ilin avqustunda Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsində cinayət işi başlanıb. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifov istər Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsində, istərsə də Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslər zamanı həmin əmlakların onun atasına yox, özünə məxsus olduğunu bildirib.

 

Hətta zərərçəkmişlərin bildirdiyinə görə, Zal Yusifov dələduzluq əməllərinin bir çoxunu “Humay” şadlıq sarayında törədib. O, zərərçəkmişlərə özünü bankir, biznesmen, şadlıq sarayının sahibi kimi təqdim edərək, onları özünə inandırıb. Buna görə də zərərçəkmişlər Zal Yusifovu şadlıq sarayının sahibi kimi tanıyaraq, əmanətlərini ona etibar ediblər.

 

Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Həmçinin məhkəmə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün “Humay” şadlıq sarayını, Rəsulzadə qəsəbəsində olan evin və digər əmlakların müsadirə edilməsi barədə qərar qəbul edib.

 

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub ünvanlayıb və bildirib ki, həmin mülklərin müsadirə olunması qanunsuzdur. O, bunu qeyd etdiyimiz kimi, həmin əmlakın (“Humay” şadlıq sarayı, Rəsulzadə qəsəbəsindəki ev və digər əmlaklar) oğluna deyil, özünə məxsus olması ilə əsaslandırıb.

 

Bundan sonra Ali Məhkəməsinin sədri Ramiz Rzayev işin yenidən araşdırılması barədə göstəriş verib. Lakin hələ buna qədər Bakı Apelyasiya Məhkəməsində hakimlər – Rizvan Səfərov və Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyalarda apelyasiya şikayəti araşdırılıb. Orada Zakir Yusifovun “Humay” şadlıq sarayı və Rəsulzadə qəsəbəsindəki evin ona məxsus olması barədə iddiası əsassız sayılıb və təmin edilməyib.

 

Beləliklə, 2008-ci ildən indiyədək Zakir Yusifovun məhkəmədə qaldırdığı iddialar üzündən əmlakların müsadirə edilməsi mümkün olmayıb. 15 il cəza alan Zal Yusifovun cəzasının müddəti isə 2023-cü ildə başa çatacaq. Zal Yusifov cəzasının yarıdan çoxunu çəkməsinə baxmayaraq, bu günə kimi heç bir zərərçəkmişə dəymiş ziyan ödənilməyib.

 

Biz artıq zərərçəkmişlərin hüququnun hansı səbəbdən bərpa olunmadığını qeyd etdik. İndisə məsələnin digər vacib məqamı barədə. İş burasındadır ki, Azərbaycanda müxtəlif qanunsuz üsullarla – dələduzluq, fırıldaqçılıq, mənimsəmə, rüşvət və s. yollarla əldə edilən pullar və həmin pullar hesabına əldə edilən əmlaklar bir qayda olaraq, cinayət yolu ilə varlanan həmin şəxslərin öz adına sənədləşdirmirlər. Həmin şəxslər başqalarının pulu hesabına əldə etdikləri əmlakları etibar etdikləri adamların, bir çox hallarda isə yaxın qohumlarının adına sənədləşdirirlər. Məhz bu səbəbdən bu tip cinayətlərin araşdırılması bəzən illərlə davam edir. Hazırda Azərbaycan məhkəmələrində onlarla belə işlər araşdırılır. Hətta indiyədək bu cür qanunsuz əməllər məhkəmələrdə sübuta da yetirilib. Məsələn, illər əvvəl ağır cinayətlər törədərək ömürlük azadlıqdan məhrum edilən Daxili İşlər Nazirliyinin baş əməliyyatçısı Hacı Məmmədov da cinayət yolu ilə əldə etdiyi pullar hesabına aldığı əmlakları atasının adına rəsmiləşdirmişdi və bu fakt məhkəmədə sübuta yetirildi. Məhkəmənin qərarı ilə Hacı Məmmədovun yaxın qohumlarının adına rəsmiləşdirdiyi bütün əmlaklar müsadirə olundu.

 

Dələduz bankir Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına aldığı əmlaklar Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyanın qərarı ilə müəyyən edilib. Hakim kollegiyası həmin əmlakların müsadirə edilməsi barədə qərar versə də, onun icrası təmin edilməyib. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Zal Yusifovun atası Zakir Yusifov əmlakın ona məxsus olduğunu iddia edərək məhkəmələrin yanlış qərarlar verməsinə nail olmağa cəhd edir. Amma onun bu cəhdləri üç məhkəmə prosesində boşa çıxıb…

 

Qeyd edək ki, Zakir Yusifovun iddiası üzrə Bakı Apelyasiya Məhkəməsində yenidən proses başlayıb. Prosesə hakim Vüqar Məmmədov sədrlik edir. Məhkəmənin baxış iclası bu gün – yanvarın 11-də keçirilib. İclasda əmlaklarla bağlı müvafiq dövlət orqanlarına məhkəmə sorğusu göndərilib.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın