Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / “Çudo Peçka”da maaş problemi getdikcə dərinləşir – FOTOLAR

“Çudo Peçka”da maaş problemi getdikcə dərinləşir – FOTOLAR

“Çudo Peçka” mağazalar şəbəkəsində 6 aydan çoxdur ki, işçilərə maaş verilmir. 
Bu barədə musavat.com-a mağazalar şəbəkəsinin narazı əməkdaşları məlumat veriblər. Məlumata görə, artıq işçilər buna dözməyərək məhkəməyə müraciət etməyə qərar veriblər.
Lakin  mövcud durumun “Çudo Peçka” mağazalarının hamısında eyni olmadığı da söylənilir. Belə ki, mağazalar şəbəkəsinin Nərimanov rayonunda yerləşən filialında çalışanlara ödənilməyən maaşların 30-50 manat məbləğində olmaqla hissə-hissə verilməsinə başlanılıb. Orada çalışanlara bildirilib ki, sentyabr ayında  onlara verilməyən maaşların geri qalan qismi də tam olaraq ödəniləcək.
Binəqədi rayonu, Cəfər Xəndan 36a ünvanında yerləşən “Çudo peçka”da isə vəziyyət başqadır. Belə ki, buranın İmran adlı işçisinin sözlərinə görə, onlar  ümumiyyətlə, maaş ala bilmirlər. İşçilər bildirirlər ki, hərdən rəhbərlik tərəfindən onlara 10-20 manat pul verilir. Vəziyyətin düzələcəyini söyləsələr də aylardır ki, durumlarında dəyişiklik yoxdur. İşçilər bildirdilər ki, bu puldan da məhrum olmamaq üçün məcburiyyətdən işlərini tərk etmirlər.
Mağazanın söhbət etdiyimiz əməkdaşları məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirdilər. Eyni zamanda onu da bildirdilər ki, onlar hələ “Çudo Peçka”nın əvvəlki sahibi, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin dövründən də maaşlarının bir qismini ala bilməyiblər. Heydər Babayevin işinin məhkəmədə olması isə bu məsələnin uzanmasına səbəb olub.
Bütün bunlarla bağlı mövqe almaq üçün “Çudo Peçka”nın baş ofisi ilə də əlaqə saxladıq. Ofisdən bizə bildirdilər ki, işçilərin problemləri tezliklə həllini tapacaq.
Onu da qeyd edək ki, elə təxminən 6 ay öncə “Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə Heydər Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılmışdı. Belə ki, “Çudo Peçka” mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.
Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, “Çudo Peçka” da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.
Yuxarıda da qeyd etdiyimiz kimi, mağazalar şəbəkəsi sahibinə qaytarılmamışdan öncə də işçilər maaş problemləri yaşayırdılar. Mağazanın əməkdaşlarının sözlərinə görə, onlar şəbəkənin Cəlilova qaytarılmasından sonra vəziyyətlərinin düzələcəklərinə ümid edirdilər. Lakin, bu, baş vermədi.
“Çudo Peçka” mağazalarında onu da müşahidə etdik ki, ümumilikdə satılan şirniyyatların qiymətlərində hər hansı bir dəyişiklik olmayıb.
Qeyd edək ki, hazırda bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Əhmədli”  və “Neftçilər” metro stansiyalarının çıxışlarında da kafe-mağazaları var.


Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın