Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Cahangir Hacıyevin Rusiyada daha bir cinayəti açıldı…

Cahangir Hacıyevin Rusiyada daha bir cinayəti açıldı…

Azərbaycan Beynəlxalq  Bankının keçmiş rəhbərliyinin bankın pullarını öz məqsədləri üçün sağa-sola səpələmək, səriştəsiz adamlara həvalə edilmiş müxtəlif riskli biznes layihələrinə yatırmaq ənənələri Rusiyadakı törəmə bankdan-“MBA-Moskva”dan da yan keçməyib.

Virtualaz.org saytı ötən buraxılışlarında “MBA-Moskva” bankının Sankt-Peterburq şöbəsində aparılmış qəfil və müəmmalı yoxlama barədə xəbərləri, habelə pulların Cahangir Hacıyevin Rusiyadakı benefisiarları üzərindən necə xərcləndiyinə dair araşdırmanı dərc etmişdi.

Fuad Abdullayev

Məlum olmuşdu ki, “MBA-Moskva”nın bu yaxınlarda işdən uzaqlaşdırılan rəhbəri Fuad Abdullayev Cahangir Hacıyevin “irs”ini Rusiyada davam etdirib. Nəzarət səhm paketi dövlətə məxsus olan bankın pulları C.Hacıyevlə onun qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun tikinti layihələrinə yönəldilib.

Habelə “MBA-Moskva” hazırda problemli kreditlər üzrə Rusiyada ən irəlidə gedən iki bankdan biridir.

Moskvadan redaksiyaya zəng

“MBA-Moskva”nın keçmiş rəhbərliyinin fəaliyyətinə dair araşdırmada bu bankla kredit borcuna görə məhkəmə çəkişməsində olan iş adamı Zeynulla Qurbanovla bağlı epizod da yer almışdı.

Rusiyanın ədliyyə sisteminin məlumat bazasından götürülmüş məlumatdan belə qənaət ortaya çıxırdı ki, Azərbaycanda istehsal olunan nar şirələrini “O`grae” brendi altında satışa çıxaran bu iş adamı ilə “MBA-Moskva” arasında milyonlarla dollarlıq kredit borcuna görə məhkəmə çəkişməsi gedib. İş adamı isə bankı onun biznesini qəsdən müflis etməkdə günahlandırır.

Bu yazı dərc olunandan sonra Z.Qurbanov virtualaz.org saytının redaksiyası ilə əlaqə saxlayaraq onunla bağlı epizodun mahiyyətinin əslində tamam başqa olduğunu bildirdi və “MBA-Moskva”nın keçmiş rəhbərliyinin onun kifayət qədər uğurlu biznes layihəsini necə çökdürdüyünə dair sensasion faktları açıqladı.

Zeynulla Qurbanov

Və belə məlum oldu ki, Azərbaycanda Cahangir Hacıyevin və komandasının tətbiq etdiyi, sahibkarları əvvəlcə bankdan asılı vəziyyətə salıb daha sonra müflis etməyə və bütün biznesini ələ keçirməyə yönələn, MTN-də kök salmış mütəşəkkil qruplaşmanın iş üslubunu xatırladan metodları Moskvada “MBA-Moskva”nın rəhbərliyi eynilə təkrarlayırmış.

Şübhəsiz ki, bunun arxasında “ana” bankın o vaxtkı rəhbərliyinin şəxsi maraqları dayanırdı.

Virtualaz.org saytı Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankının keçmiş rəhbərliyinin fəaliyyətini araşdırarkən qarşılaşdığı bu epizodu – Z.Qurbanovun biznesinin müflis edilməsi əhvalatını dərindən araşdırmaq qərarına gəldi.

Azərbaycanın nar şirəsi Rusiya bazarına çıxır və…

Zeynulla Qurbanov Zaqatalada anadan olub. İki ali təhsili var. BDU-nun hüquq fakültəsini və Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.

10 ilə yaxın Azərbaycanın vergi sistemində işləyib. 2000-ci ilin əvvəllərində Rusiyada bizneslə məşğul olmağa başlayıb və Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxarmaq üçün xüsusi ticarət markasını – “O`grae” brendini yaradıb.

İş adamı deyir ki, brendi tanıtmaq və bazara girmək ona böyük əziyyət hesabına başa gəlmişdi. “O`grae” Azərbaycanın Rusiyada ilk ticarət markası idi.  

Z.Qurbanov bu biznesə 2 milyon dollara yaxın şəxsi vəsaitini sərf edib. Habelə biznesi inkişaf etdirmək üçün “MBA-Moskva”dan o qədər də böyük olmayan məbləğlərdə kreditlər cəlb edib. Və bu kreditləri həmişə vaxtlı-vaxtında qaytarmaqla bankın ən nümunəvi müştərilərindən biri kimi tanınıb.

Cahangir Hacıyevin adamından ortaqlıq təklifi

2008-ci ildə “O`grae” ticarət markası Rusiyada “İlin brendi” adına layiq görülür. Konsaltinq araşdırmalarına görə, brendin bazar dəyəri on milyonlarla dollarla ölçülürdü.

Ancaq elə həmin 2008-ci ildən etibarən iş adamının problemli günləri başlayır. “O`grae” ticarət markası Rusiya bazarında özünə mövqe qazanmağa başlayanda və gəlirli biznesə çevriləndə Z.Qurbanova ilk baxışdan sərfəli təklif gəlir.

“MBA-Moskva”nın rəhbərliyi ona təklif edir ki, bank brendi daha da inkişaf etdirmək və biznesi böyütmək üçün “O`grae” Ticarət Evi” ASC-nin ortağı olmağa hazırdır.

Əvəzində bank Z.Qurbanova biznesin tam maliyyələşməsini öhdəsinə götürməyi vəd edir və ona bildirir ki, artıq kredit axtarmağı yaddan çıxarsın.

Beləliklə, tərəflər biznesdə 70 faizlik payın “MBA-Moskva” bankınına bağlı offşor şirkətə, 30 faizlik payın isə Z.Qurbanova məxsus olması şərti ilə anlaşırlar.

Həmin Zaur İsazadə, Vəzirovun qohumu

Bank Z.Qurbanovun biznesinə Kiprdə İsazadə Zaur Natiq oğlunun adına qeydiyyatdan keçmiş “Flor Systems Limited” offşor şirkəti vasitəsilə ortaq olur.

Həmin Zaur İsazadənin ki, onun barəsində ötən araşdırmamızda bəhs etmişdik. Söhbət Cahangir Hacıyevin Rusiyadakı benefisiarından və Azərbaycan KP MK-nın keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun qohumundan gedir.

Anlaşmanın şərtlərindən biri də biznesin idarə edilməsində qərarların qəbulunun “MBA-Moskva”nın nümayəndəsinin öhdəsinə buraxılması olur.

Z.Qurbanov deyir ki, bankla bu ortaqlıq anlaşmasına qədər onun “MBA-Moskva” qarşısında təxminən 650 min dollarlıq kredit öhdəliyi vardı və bu öhdəliklər üzrə ödənişləri vaxtlı-vaxtında ödəməkdə idi.

Krediti götürmək üçün isə əmlakını, habelə Moskvadakı şəxsi mənzilini banka girov qoymuşdu. Anlaşmanın şərtinə görə bank Z.Qurbanovun biznesinə ortaq olduqdan sonra onun kredit borcunu bağlamalı, mənzilini girovluqdan azad etməli idi.

“Rosoboroneksport”un tərcüməçisi hara, nar şirəsi hara?!

Nəhayət, ortaqlıq başlayır və “MBA-Moskva” Cahangir Hacıyevin tələbə yoldaşı Elman Məmmədovu biznesin idarə edilməsi üçün “O`grae” Ticarət Evi” ASC-nin direktoru təyin edir. Şirkətin baş mühasibi, maliyyə direktoru vəzifələrini da bankın seçib göndərdiyi adamlar tutur.

Bəs bu Elman Məmmədov kimdir? Belə məlum olur ki, E.Məmmədov BDU-nun şərqşünaslıq fakültəsində C.Hacıyevlə oxuyub və Rusiyanın silah ixracı dövlət korporasiyası “Rosoboroneksport”da ərəb dili üzrə tərcüməçi işləyib.

Kifayət qədər güclü rəqabətin hökm sürdüyü Rusiya bazarında biznesi idarə etmək üçün heç bir səriştəsi olmayan, bu sahədən tamamilə uzaq birinin – E.Məmmədovun şirkətdə əsas səlahiyyətli şəxs statusunda vəzifə tutması Z.Qurbanovun biznesinin çökdürülməsinə aparan proseslərin başlanğıcı olur.

Virtualaz.org saytı bankın Z.Qurbanovun biznesinə ortaq olduqdan sonra onun şirkətində E.Məmmədovun əli ilə yaradılan və biznesin tamamilə ələ keçirilməsinə yönəlmiş intriqalardan bəhs edən çoxsaylı xidməti yazışmalara, məktublara malikdir.

Azərbaycan Beynəlxalq Bankının Moskvadakı törəmə bankı Z.Qurbanovun biznesinə ortaq olduqdan sonra şirkətə “Flor Systems LTD” şirkətinin payçı kimi yatırmalı olduğu investisiyanı kredit adı ilə rəsmiləşdirməyə başlayır. Üstəlik bu kreditlərin necə xərclənməsinə nəzarət tamamilə Cahangir Hacıyevin adamının əlində idi.

Tanış sxem: pulları özü xərcləyir, məsuliyyəti başqasına yükləyir…

Tanış sxemdir, elə deyilmi? Bu ilin yazında Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqallı proseslər, “kredit oliqarxları”nın həbsi başlayanda məlum olmuşdu ki, kreditlərin xərclənməsinə və biznesin idarə olunmasına görə məsuliyyəti tamamilə C.Hacıyevin səriştəsiz adamları daşıyıb.

Ancaq kreditlərin altında əslində pulların xərclənməsində heç bir səlahiyyəti olmayan adamların imzası olduğuna görə “Bandotdel”ə bir çox hallarda günahsız adamlar – icraçı direktorlar və ya mühasiblər salınıb.

Z.Qurbanov deyir ki, bankla ortaqlıq başlayandan sonra Azərbaycanda nar şirəsinin alındığı istehsalçı müəssisə də dəyişdirildi.

Əvvəllər şirkət nar şirəsini “Sabirabad Konserv” zavodundan alırdısa bu ortaqlıq yaranandan sonra məhsulu C.Hacıyevin və ortaqlarının nəzarətində olan Balakən Konserv Zavodundan almağa başladılar.

İş adamı danışır ki, bankla ortaqlıq münasibətlərinin başlamasından çox keçməmiş məqsədin əslində biznesi tamamilə onun əlindən almaq olduğunu anlamağa başladı. Çünki C.Hacıyevin “Rosoboroneksport”da  tərcüməçi işləmiş tələbə yoldaşı biznesin idarə edilməsində heç bir səriştəyə malik olmasa da bütün işləri öz nəzarətinə götürməyə çalışırdı.

Biznesin inkişafı üçün düzgün vaxtında düzgün qərarların qəbul edilməsi mümkün olmurdu və şirkətdə intriqalar yaradılırdı.

Cahangir Hacıyevin adamı qıza sataşır və deyir…

Z.Qurbanov deyir ki, E.Məmmədov günlərin birində ofisdə işləyən qadına sataşdığına və içkili vəziyyətdə kollektivdə özünü nalayiq apardığına, “buranın əsl sahibi bizik, Zeynulla heç kimdir” məzmunlu ifadələr işlətdiyinə görə onu işdən azad edib. Və bunun ardınca biznesinə və özünə güclü hücumlar başlayıb.

Zeynulla Qurbanovun danışdıqlarından: “Elman Məmmədovu işdən çıxardığım üçün mənə qarşı güclü hücumlara başladılar. Rusiya sərhədində, Mahaçqala sərhəd-keçid məntəqəsində Azərbaycandan nar şirəsi gətirən 12 vaqonu saxladılar. Bank yükün ƏDV-sini ödəməkdən imtina etdi və nəticədə mal aylarla gömrükdə ilişib qaldı, xarab olmağa başladı.

Bundan əlavə Türkiyədən ekzotik meyvə şirələri gətirən 12 TIR-ı gömrükdə saxladılar. Nəhayət, məcbur olub Elman Məmmədovu şirkətə qaytardım.

Yalnız bundan sonra Rusiya sərhədində saxladıqları yükü gömrükdən keçirdilər. Yük 6 ay açıq havada vaqonlarda qaldığı üçün xarab olmuşdu. Onu maya dəyərindən xeyli ucuz qiymətə satmalı olduq. Şirkət xeyli ziyana düşdü. Dağıstan gömrükçüləri deyirdilər ki, onlar ilk dəfədir belə vəziyyətlə qarşılaşırlar”.

Cahangir Hacıyevin adamını şirkətə qaytardıqdan sonra Z.Qurbanovun qarşısında şərt qoyulur ki, heç nəyə qarışmasın. Çünki ayrılan kreditlərin xərclənməsi və biznesin idarə edilməsi ilə bağlı bütün qərarları E.Məmmədov verəcək.

Bu, reyder hücumu deyil, bəs nədir?

Z.Qurbanov deyir ki, bank rəhbərliyinin onun biznesini reyder üsulu ilə ələ keçirmək məqsədini başa düşəndə mübarizə aparmağa başlayıb.

“MBA-Moskva”nın rəhbərliyinə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinə, bankın Müşahidə Şurasına rəhbərlik edən Maliyyə Nazirliyi rəhbərliyinə çoxsaylı müraciətlər göndərib. Ancaq bir dəfə də olsun onun müraciətinə cavab verən, problemlə maraqlanan olmayıb.

2009-cu ilin dekabrında “MBA-Moskva”nın kredit şöbəsinin rəhbərinə göndərilmiş belə müraciətlərdən birində deyilir ki, bankla şirkət arasındakı tərəfdaşlıq münasibətlərində tam anlaşılmazlıq hökm sürür. Vəd edilmiş maliyyə vəsaitləri vaxtlı-vaxtında ayrılmır, gecikdirilir. Nəticədə şirkət daim çətinliklər içində olur. Kredit ayrılanda isə onu biznesin rentabelliyini təmin etməyə yönələn istiqamətlərə deyil, bank rəhbərliyinin göstərdiyi istiqamətlərə xərcləməli olurlar.

Nəhəng məbləğlərdə kreditlərin xərclənməsinə görə məsuliyyət bir nəfərin üzərindədir. Kredit müqavilələrinin heç biri şirkətin mühasibatlığına təqdim edilmir.

“Belə partnyorluğun məqsədi qətiyyən aydın deyil. Sanki bütün səylər ona yönəlib ki, şirkət çökdürülsün. Azərbaycanda reyderlik anlayışı varmı, bunu bilmirik, ancaq bütün baş verənləri reyder üsulu ilə ələ keçirmək cəhdi kimi qiymətləndirmək olar” – məktubda bildirilir.

“Səni məhv edərik” hədəsi və məhkəmə çəkişməsi

Z.Qurbanovun bank rəhbərliyinə, Beynəlxalq Bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Azər Bayramova ünvanlandığı çoxsaylı müraciətlərə nəinki məhəl qoyan olmur, hətta əksinə, onun özünü hədələməyə başlayırlar ki, bu şikayətlərə son qoysun. Əks halda iş adamını məhv edəcəkləri ilə təhdid ediblər.

Nəhayət, iş adamının bankla cəmi 2 il davam edən mübahisəli partnyorluq münasibətləri sona çatır. 2010-cu ildə “MBA-Moskva” bankı Z.Qurbanovdan kreditləri geri tələb etməyə başlayır və onu məhkəməyə verir. Söhbət təxminən 4 milyon dollarlıq kredit öhdəliyindən gedir.

40 milyon dollarlıq brend müflis olur

“Kredit müqavilələrinin hamısının altında Cahangir Hacıyevin adamının imzası dayansa da təkcə məni məhkəməyə verdilər. Öz adamlarının xərclədiyi pulların hesabatını məndən tələb etməyə başladılar. Məqsəd “O`grae” brendini mənim əlimdən almaq idi. Bu məhkəmə çəkişməsinin və bankın mənim biznesimi ələ keçirmək hərisliyi ucbatından bazar dəyəri 40 milyon dollara yaxın olan brend müflis oldu”- iş adamı danışır.

Hörmətli oxucular, əgər aşağıda sizlərə təqdim etdiyimiz videorolikə baxsanız, özünüz də görülən işlərin miqyasından əmin olacaqsınız və Beynəlxalq Bankın keçmiş rəhbərliyinin mafioz fəaliyyətinin nəticəsi olaraq mənasız yerə nəyi itirdiyimizi görəcəksiniz.

2012-ci ildə bankla Z.Qurbanov arasında məhkəmə çəkişməsi iş adamının müflis elan edilməsi ilə yekunlaşıb. Həmin vaxta qədər tamamilə müflis olan brend bankın mülkiyyətinə keçib. Bank isə Z.Qurbanovun Moskvadakı mənzilini girovluqdan azad etmir və onu dəyər-dəyməzinə satır.

C.Hacıyev guya anlaşma üçün vəd edir ki, Z.Qurbanovun biznesə yatırdığı pulların bir hissəsini – 1 milyon dolları ona ödəyəcək. 2010-cu ilin oktyabrında bankla Z.Qurbanov arasında tanınmış hüquqşünasların şahidliyi ilə aparılan danışıqlarda əldə edilmiş, rəsmi protokolla, tərəflərin imzaları ilə təsdiq edilmiş razılaşmaya əsasən “MBA-Moskva” iş adamının üçüncü şəxslər qarşısında öhdəliklərini yerinə yetirə bilməsi üçün ona əvəzsiz olaraq 30 milyon rubl (o vaxtkı kursla 1 milyon dollar) verməyi üzərinə götürüb (həmin protokolun surəti).

Lakin “Canik və komandası” bu öhdəliyini də yerinə yetirməyib. “O`grae”  brendi əlindən çıxan Z.Qurbanov isə hər şeyə sıfırdan başlamağı qərara alıb və bu dəfə Azərbaycanın “AzGranata” şirkətinin istehsalı olan nar şirələrini “Leyli” brendi altında Rusiya bazarına çıxarmağa başlayıb.

Biznesinə yaradılan bütün çətinliklərə, məhkəmə təqiblərinə baxmayaraq iş adamı Rusiyada daha bir uğurlu brend yaratmağa nail olur. Rusiya mətbuatında dərc edilən xəbərlərdən də təsdiqlənir ki, qısa müddət ərzində “Leyli” nar şirəsi brendi bu ölkədə böyük populyarlıq qazanıb. Hətta Gürcüstanın “Borjomi” mineral suları qədər məşhurlaşıb və satış həcminə görə bu suların satış səviyyəsinə çatıb.

Zeynulla Qurbanovun yeni brendi də təzyiqlərə dözməyib

Yüksək keyfiyyəti və peşəkar marketinq sayəsində “Leyli” nar şirəsi cəmi bazara çıxarılandan cəmi 1 il sonra – 2013-cü ildə öz seqmentində şəriksiz liderə çevrilə bilmişdi.

Bunu Fransanın ASHAN korporasiyasının supermarketlər və hipermarketlər şəbəkəsində aparılmış sorğu da təsdiq edirdi. Məlum olmuşdu ki, cəmi 1 il ərzində “Leyli” şirələrinin satışı 14 dəfə artıb və Ermənistan istehsalı olan nar şirələrini bazardan sıxışdırıb.

Ancaq Z.Qurbanov deyir ki, “Leyli” nar şirəsinə Rusiya bazarında böyük tələbatın olmasına, satışların get-gedə artmasına baxmayaraq şirkət fəaliyyətini dayandırmalı olub. Çünki “MBA-Moskva” ilə məhkəmə çəkişmələri iş adamının Rusiya bazarında yaratdığı ikinci uğurlu brendin də fəaliyyətinə təsirsiz ötüşməyib. Hərçənd ki, bank hüquqi baxımdan birbaşa “Leyli” brendinə təsir etmək imkanında deyil, buna baxmayaraq iş adamı bankla çəkişmələr ucbatından hələ də dözülməz şərtlər altında işləməyə, fəaliyyət göstərməyə məcburdur…

Beləliklə, Beynəlxalq Bankının keçmiş rəhbərliyinin cinayətkar fəaliyyəti nəticəsində Azərbaycan Rusiya kimi böyük bazarda özünün real milli ticarət markasını yarada bilmədi.

Cahangir Hacıyev və komandası Azərbaycanda uğurlu biznes layihələrini bir-birinin ardınca batırdığı (“Azərinşaat”ın, “Bahar Energy”nin, “AzMeCo” metanol zavodunun və C.Hacıyevin kredit toruna düşmüş digər layihələrin aqibəti bəllidir)  kimi Rusiyada da ölkəni tanıdan, ona nüfuz qazandıran ticarət markası yaratmağa nail olan iş adamını dolaşıq sxemlərlə çökdürməyə nail oldu…

Beynəlxalq Bank Moskvada öz filialını ona görə açmışdı ki, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığa, Azərbaycandan Rusiyaya mal ixracına, beləliklə də ölkə iqtisadiyyatının inkişafına dəstək versin.

Ancaq Cahangir Hacıyevin və onun Moskvadakı kriminal qruplaşmasının fəaliyyəti sayəsində tam tərsi oldu-Azərbaycanın Rusiyadakı iki uğurlu ticarət markası çökdürüldü. Nəticədə Azərbaycandan Rusiyaya hazır məhsul ixracına ciddi zərbə vuruldu.

Əgər Zeynulla Qurbanov “MBA-Moskva”nın Azərbaycan iqtisadiyyatına dəstək vermək üçün yox, C.Hacıyevin mütəşəkkil qruplaşmasının şəxsi maraqları üçün yaradıldığını bilsəydi, yəqin ki, krediti əvvəldən hansısa Rusiya bankından  götürərdi və bütün bunlar da onun başına gəlməzdi…

İndi Beynəlxalq Bankın C.Hacıyevin qruplaşmasından təmizlənməsindən və ölkədə biznesi təhdid edən “paqonlu əcinnələrin” zərərsizləşdirilməsindən ruhlanan  iş adamı öz biznesini bu mütəşəkkil qruplaşmadan geri almaq üçün mübarizəyə başlamağa, Azərbaycanın hüquq-mühafizə orqanlarına və prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın