Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Cəbhə bölgəsindəki evlər sığortalanırmı? – ARAŞDIRMA

Cəbhə bölgəsindəki evlər sığortalanırmı? – ARAŞDIRMA

Aprel ayının 1-dən etibarən cəbhə bölgəsində  vəziyyətin gərginləşməsi nəticəsində ölüm halları ilə yanaşı, daşınmaz əmlaklara, evlərə və avtomobillərə də xeyli ziyan dəyib. Bəs əmlaklara dəyən ziyana görə sığorta ödənişi verilə bilərmi? Sığorta ekspertləri fins.az-a bildirirlər ki, qanunla müharibə riski xüsusi imtinalara aid edildiyi üçün sığorta ödənişi verilə bilməz. 

Avtomobilləri müharibə riskindən sığortalamaq qanunla qadağandır

Sığorta eksperti Fuad Nəbiyev fins.az-a bildirib ki, avtomobillərin həm icbari, həm də kasko sığortası qaydalarında imtinanın əsasları maddəsində müharibə riski də qeyd edilib. Ona görə də, avtomobilləri bu riskdən sığortalamaq mümkün deyil.  Və yaxud sığortalı sürücünün avtomobili düşmən hücumu nəticəsində yararsız hala düşübsə, buna görə sığorta şirkətindən ödəniş tələb edə bilməz. Ekspertin sözlərinə görə, hətta avtomobilə bir düşmən gülləsi belə dəyibsə, bu müharibə riski ilə bağlı olduğu üçün dəyən ziyan ödənilməsindən imtina edilir.

Evləri könüllü qaydada müharibə riskindən sığortalamaq olar

F.Nəbiyev bildirib ki, avtomobillərin  sığortasından fərqli olaraq daşınmaz əmlakın sığortasında vahid qaydalar tərtib edilmədiyindən icbari sığortada olmasa da, evləri könüllü qaydada müharibə riskindən sığortalamaq olar. Ekspert hesab edir ki, bu əlavə risk yaratdığı üçün çox nadir halda hansısa şirkət evləri müharibə riskindən sığortalaya bilər.

Cəbhə bölgəsində yaşayanlara ev sığortası 3 dəfə baha başa gəlir

Bu riski sığortalamaq isə minimal halda vətəndaşa  adi ev sığortasından 3 dəfə baha başa gəlir. “Azsığorta” şirkətinin anderraytinq şöbəsinin müdiri Cəlal Mehdiyev fins.az-a bildirib ki, minimal halda müharibə riskinin könüllü sığortaya daxil edilməsi  əlavə  1% tarif hesabına başa gələ bilər. Məsələn, adi qaydada 20 min manatlıq həyət evi 0,3-0,5 % tariflə  100 manata sığortalana bilərsə, müştəri müharibə riskinə görə əlavə 200 manat ödəməli olacaq. Bu evin sığortası orta hesabla 300 manata başa gələcək. Məsələ bununla da yekunlaşmır. Adazolma məbləği də eyni zamanda  minimum 2%-dən başlayır. Risklərin yüksək olduğu ərazilərdə 5% və daha çox ola bilər. Yəni,  misaldakı evə ziyan dəyən zaman 400-1000 manat sığorta ödənişdən çıxılır. C. Mehdiyevin sözlərinə görə, mürahibə riski  cəbhə xəttindən orta hesabla 30-40 kilometr məsafədə yerləşən evlərə aid edilir. Belə ki, adətən iri çaplı silahlar və toplar bu məsafəyə qədər ərazini vura bilir  və ona görə də risk artmış olur.

Şirkətlər evləri müharibə ziyanından sığortalamaqdan imtina edirlər

Sığorta şirkətləri də  könüllü əmlak sığortasına əlavə olaraq müharibə riskini qeyd etməyin mümkün olduğu bildirsələr də, amma təcrübi olaraq bundan imtina edildiyini deyirlər. Belə müraciətlərin olmamasını digər sığorta şirkətləri də təsdiqləyirlər.“Beynəlxalq Sığorta” şirkətinin biznesin inkişafı departamentinin rəhbəri Məmməd Həmidov fins.az-a bildirib ki, indiyə qədər daşınmaz əmlakın könüllü sığortasına müharibə riskinin daxil edilməsi ilə bağlı heç bir müştəri müraciəti olmayıb: “ Hazırki vəziyyətdə isə bu risk üzrə evləri və digər əmlakları sığortalamaq heç bir sığorta şirkəti üçün sərfəli deyil”.

Müharibə və terrorizm risklərindən yalnız xarici şirkətlər sığortalanır

Cəlal Mehdiyev bildirib ki, belə risklər adətən sığortalanmasa da, heç müraciət edənlər də yoxdur. Müharibə və terrorizm kimi əlavə risklərindən  yalnız Bakı və Gəncədə xarici şirkət nümayəndələri əmlaklarını sığortalayırlar: “Bu da xarici vətəndaşların sığortaya yanaşmasında irəli gəlir. Belə ki, xarici vətəndaşlar adətən tam sığortaya, yəni bütün risklərdən sığortalanmağa üstünlük verirlər.”

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın