Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Buşun təriflədiyi, Yeltsinin dostluq etdiyi “ayı” ləqəbli siyasətçi Helmut Kol… – ARAŞDIRMA

Buşun təriflədiyi, Yeltsinin dostluq etdiyi “ayı” ləqəbli siyasətçi Helmut Kol… – ARAŞDIRMA

Almaniyanı birləşdirən böyük siyasətçi Helmut Kol iyunun 16-da 87 yaşında dünyasını dəyişdi. Kol soyuq savaşdan sonra Almaniyanın ilk kansleri olub və ölkəyə 16 il rəhbərlik edib. O, “dəmir kansler” kimi tanınan Bismarkdan sonra bu postda ən çox qalan liderdir. Onun səyləri və vahid Avropanın qurulmasına inancı sayəsində Avropa Birliyinin və vahid valyutanın (avro) əsasını qoyan saziş imzalanıb. 1998-ci ildə ona Avropanın fəxri vətəndaşı adı verilib. 

Biroqrafiya…

Helmut Kol 1930-cu il aprelin 3-də balaca şəhərcik olan Lyudviqsxafendə anadan olub. Gənc yaşlarında pul qazana bilmək üçün sürücülüyə qədər bir çox işlərə baş vurub.

İkinci Dünya müharibəsi başlayanda atası və qardaşı cəbhəyə yollanıb. Özü isə bir çox həmyaşıdları kimi “Qitleryugenda” – “Doyçes yunqfolk” uşaq təşkilatına üzv olub. Savaş davam edir və tədricən Helmutun da siyasi baxışları formalaşmağa başlayırdı.

Lyudviqsxafendə kimya zavodları olduğu üçün şəhər tez-tez bombardmana məruz qalırdı. Helmut qonşularının yanmış cəsədlərini qalıqlar altından çıxarmaq üçün necə əziyyətlər çəkdiyini yaxşı xatırlayırdı. Həmin vaxt onun cəmi 12 yaşı vardı.

Dediyinə görə, onu nasist ordusunda xidmətdən yaşının silah götürmək üçün uyğun olmaması xilas etmişdi.

Atası cəbhədən sağ qayıtmış, qardaşı isə 18 yaşında həyatını itirmişdi. Ağır illərdə Helmut işləməyə davam edir, lakin hər fürsətdə əyalətdən qurtulmağa çalışırdı.

1946-cı ildə o, yenicə təsis edilən Xristian-Demokrat Partiyasına qoşulur. Təxminən 30 il sonra Kol partiyanın sədri olacaq və bu postda 98-ci ilin 7 noyabrına qədər qalacaqdı.

 

Qızıl dövr…

 

Güclü əyalət ləhcəli, nəhəng bədən quruluşlu, yeməyi sevən bu adama zarafatla “ayı” və “armud” deyirdilər.

Kol partiyasını çoxüzvlü təşkilata çevirə bilmişdi. Onun zəif natiqlik qabiliyyətini həmişə lağa qoyurdular. Lakin tənqidçiləri Kolun hakimiyyət rıçaqlarından məharətlə istifadəsini, həmçinin siyasi müttəfiq şəbəkəsi qura bilmək bacarığını düzgün qiymətləndirə bilməmişdi.

1982-ci il seçkilərində 52 yaşlı Helmut bütün rəqiblərini geridə qoyaraq Federativ Respublikanın tarixində ən gənc kansler oldu. 

80-ci illər Almaniya iqtisadiyyatının və siyasi nüfuz dairəsinin “qızıl dövrü” idi. Kol yaxın müttəfiqi olan Fransa prezidenti Fransua Metteranla birgə Avropa Birliyinin sərhədlərini müəyyən etdi və vahid Avropa valyutasının əsasını qoydu.

İqtisadi və sosial siyasətə ağırlıq verməklə Kol uğur qazandı və 87-ci ildə baş tutan növbəti seçkiləri də uddu.

1987-ci ildə Bona Şimali Almaniyanın lieri Erix Honekkrin tarixi səfəri oldu. Səfər Kolun yürütdüyü siyasətinə nəticəsi olaraq reallaşmışdı.

İki il sonra Berlin divarı dağıldı və Helmut Kol Almaniyanın birləşdirilməsi üçün danışıqlara başladı. Qətiyyəti və təmkini sayəsində dünya liderləri ilə – Mixail Qorbaçovla, Corc Buşla (ata Buş) dil tapa bildi. Buş Kolu Avropanın “20-ci əsrin ikinci yarısının ən güclü lideri” adlandırmışdı.

Bu iltifata cavab olaraq Kol bildirmişdi ki, Corc Buş Almaniyanın birləşməsi yolunda onun ən vacib müttəfiqidir.

Həm sovet, həm ABŞ liderləri Kolun vədinə inanmışdılar ki, Hitler dövründən fərqli olaraq, birləşmiş Almaniya Avropanı destabilizə və təhdid etməyəcək.

1990-cı il oktyabrın 3-də Kol milli qəhrmana çevrildi. O, çoxlarının edə bilmədiyini bacarmış, şərqi və qərbi Almaniyanı dinc yolla birləşdirmişdi.

Kolun bu təşəbbüsünü dəstəkləməyənlər də var idi. Məsələn, İsrail baş naziri İsak Rabin açıq şəkildə buna qarşı çıxmışdı.

Qərb ümumilikdə Kolun bu addımını alqışlasa da, Britaniya və Polşada bəzi tərəddüdlər var idi ki, birləşmiş Almaniya Avropa qitəsində hegemonluğa cəhd edə bilər.

Kansler ölkənin şərq hissəsinin problemlərini diqqətdən qoymurdu. “Yenidənqurma”nın müəllifi Mixail Qorbaçovla da dil tapa bilmişdi. Qorbaçov bir dəfə Kolun evinə qonaq gəlmiş və bu ziyarətdən sonra liderlər bir-birlərinə “sən” deyə,  müraciət etməyə başlamışdılar.

Həmin illərdə Almaniya sovet hökuməti üçün böyük əhəmiyyətə malik idi. Bu ölkədən ayrılan kreditlər sayəsində Qorbaçov SSRİ-ni maliyyə böhranından çıxarmağa çalışırdı.

Kol üçün prioritet Almaniyanın birləşdirilməsi idi. Qorbaçov yeni “Marşal” planını görə bilmədi. SSRİ dağıldı və Kolun Kremldə artıq yeni tərəfmüqabili vardı – Boris Yeltsin.

Rusiyanın ilk prezidenti Almaniya kanslerinə belə müraciət edirdi – “Mənim dostum Helmut”. Yeltsin onun yanında özünü rahat hiss edirdi. Almaniyadan qoşunların çıxarılması mərasimində Yeltsin orkestrə dirijorluq edərək “Kalinka”da oxumuşdu.

Kol istefaya gedəndən sonra da Yeltsini unutmadı. 2005-ci ildə keçmiş kansler dostu Borisin Baykaldakı evinə qonaq getdi.

Fransa ilə sıx müttəfiqlik çərçivəsində Helmut Kol Avropa ölkələrinin siyasi konturlarını çəkirdi. Britaniyanın keçmiş xarici işlər naziri Cefri Xou alman kansleri öz hədəflərinə doğru gedə bilən sərt siyasətçi adlandırmışdı: “Kol vətənpərvər, hədəflərinə doğru gedən, Avropada sülh prinsipini əsas tutan siyasətçidir. O çox şeyə nail ola bilib. Xarakterindəki bu cizgilər olmasaydı, çətin ki bunlara nail olardı”.

Kola qarşı bəzi iradlar da vardı. Məsələn, bir vaxtlar onu Afrikadan gələn qaçqınların, türk miqrantların evlərinin neofaşitlər və skinhedlər tərəfindən yandırılmasına dərhal reaksiya verməməkdə ittiham edirdilər.

Kol bəzən Şərqi Avropanın Çexiya, Polşa kimi nüfuzlu ölkələrinin iradlarını da görməzdən gəlirdi.

“Marqaret Tetçerin bu sözlərini heç vaxt unutmayacam: “Biz almanlara iki dəfə qalib gəlmişik. İndi onlar yenə qayıdıblar “, – deyə Helmut  xatırlayırdı.

Almaniyanın birləşdirilməsindən sonra artıq iqtisadi problemlər fonunda kanslerin də populyarlığı sürətlə azalırdı.

98-ci ildə Kol və onun koalisiyası sosial-demokrat Qerxard Şrederə məğlub oldu. 

Növbəti il kansleri ittiham etdilər ki, onun Xristian Demokratik İttifaqı Partiyası ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən qanunsuz olaraq maliyyələşdirilib.

Kol etiraf etməli oldu ki, şəxsən özü partiyaya dəstək üçün 2 milyon alman markasına yaxın ianə qəbul edib.  Lakin o, ianələri verənlərin adlarını açıqlamaqdan qəti şəkildə imtina edərək bunu onlara verdiyi vədi pozmaq istəməməsi ilə izah etdi.

Keçmiş liderin ölkə qarşısındakı xidmətləri nəzərə alınaraq işə xitam verildi. Keçmiş kansler nəhəng cərimə ödəməli oldu. Və onun nüfuzu ciddi şəkildə zədələndi.

2010-cu ildə Kol hazırkı kansler Angela Merkellə birlikdə Almaniyanın birləşdirilməsinin 20 illiyini qeyd etdi.

“Məni 10 il qiymətləndirə bilmədilər. Bunu nəzərə alsaq, heç də pis uğurlara imza atmadım”, – deyə Kol bildirmişdi.

 

Şəxsi həyat 

 

Son illər Kol memuarlar yazır, dünyada baş verən proseslərə şərhlər verirdi. 2001-ci ildə onun xəstəlikdən (gün işığına allergiya) əziyyət çəkən xanımı Hannilore özünə qəsd edərək həyatını itirdi. Bu, xanımı ilə 40 il ömür sürən Kol üçün ağır itki idi.

2008-ci ildə insult keçirən Kol ayağa qaxa bilmir və əlil arabasına məhkum qalır. Hələ xəstəxanada ikən özündən xeyli gənc olan Mayk Rixterlə evlənir. Sonralar Kolun iki gənc oğlu ögey ananı ataları ilə aralarına girməkdə, dostları, həmkarları ilə təmas qurmağa imkan verməməkdə ittiham etmişdi.

Lakin Almaniyanın bu böyük siyasətçi ilə vidalaşdığı vaxtda insanlar onun şəxsi həyatındakı bu xoşagəlməz epizodları yox, ölkə üçün xidmətlərini xatırlamağa üstünlük verirlər…

(Strateq.az)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın