Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Bu Xalq şairlərini nə üçün Fəxri Xiyabanda dəfn etməyiblər? ARAŞDIRMA

Bu Xalq şairlərini nə üçün Fəxri Xiyabanda dəfn etməyiblər? ARAŞDIRMA

Qaydalara görə, Xalq şairi və Xalq yazıçısı adını alan şəxslər vəfat edərkən Fəxri Xiyabanda dəfn edilir. Bu sırada bir çoxlarının adını çəkmək olar. Onların bir neçəsi II, böyük əksəriyyəti isə I Fəxri Xiyabanda dəfn edilib.
Xalq şairi və yazıçısı tituluna malik bir neçə ədəbiyyat adamı da var ki, onlar Fəxri Xiyabanda dəfn olunmayıblar.
Moderator.az saytı onların Xalq şairi və yazıçısı olmalarına baxmayaraq nə üçün Fəxri Xiyabanda dəfn olunmamasının səbəblərini araşdırıb:
Azərbaycan nəsrində ən çox roman yazan nasir kimi tarixə düşən Sabir Əhmədli 2008-ci ildə 78 yaşında vəfat edib. Ailəsi onun Fəxri Xiyabanda dəfn olunacağını gözləsə də, bu, baş tutmayıb. Xalq yazıçısı Binəqədi rayonundakı qəbiristanlıqda dəfn edilib. Qeyd edək ki, tarixi romanlar ustası Fərman Kərimzadənin də məzarı həmin qəbiristanlıqdadır. Xalq yazıçısının Fəxri Xiyabanda dəfni üçün AYB-nin  və onun sədri Anarın da xeyli çalışdığı deyilir.
Əbülhəsən Ələkbərzadəyə  1979-cu ildə Azərbaycan xalq yazıçısı fəxri adı verilib. 1986-cı ildə 82 yaşında vəfat edən yazıçının vəsiyyəti nəzərə alınaraq, doğma kəndində dəfn olunub. O, Fəxri Xiyabandan imtina edən, dünyaya gəldiyi kəndində uyuyan ilk xalq yazıçısıdır. Qeyd edək ki, müharibə veteranı və xalq yazıçısı Əbülhəsən Ələkbərzadə 1904-cü ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. Yazıçı Çingiz Ələkbərzadənin atası, müğənnilər  Sevda və Elmira Ələkbərzadələrin isə babasıdır.
Tarixi romanlar ustası olan Əzizə  Cəfərzadə 2001-ci ildə xalq yazıçısı fəxri adına layiq görülüb. Əzizə Cəfərzadə 2003-cü ilin sentyabrında uzun sürən xəstəlikdən  vəfat edib. Vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağlı  kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.
1924-cü ildə Ağstafanın Yeni gün kəndində anadan olan xalq şairi Hüseyn Arif  vəsiyyətinə uyğun olaraq elə o kənddə də dəfn olunub. Qeyd edək ki, 1989-cu ildə xalq şairi fəxri adını alan Hüseyn Arif 1992-ci ildə dünyasını dəyişib. Özü vəsiyyət edib ki, onu vaxtsız vəfat edən oğlu Arifin yanında dəfn etsinlər.
 Bütün ruhu ilə kəndə, torpağa bağlı olan şair Osman Sarıvəlli 1990-cı ilin qışında Bakıda vəfat edib. 1977-ci ildə xalq şairi adı alıb. Şairi öz vəsiyyətinə əsasən, doğma kəndlərində – Qazaxın İkinci Şıxlı kəndində dəfn ediblər.
1974-cü ildə xalq şairi adını alan Mirvarid Dilbazi 2001-ci ildə 88 yaşında vəfat edib. Şairə Bakının “Qurd qapısı” deyilən qəbiristanlığında, mərhum bacısının məzarının yanında torpağa basdırılıb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın