Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Binəqədidə evləri ucuz qiymətləndirib narazılıq yaradan gizli şirkət…

Binəqədidə evləri ucuz qiymətləndirib narazılıq yaradan gizli şirkət…

Dövlət qurumları “qiymətləndirmə şirkəti”nin adını və kimə məxsus olduğunu niyə açıqlamır?

 
Noyabrın 28-də Xocahəsən qəsəbəsi, “Motodrom” adlanan ərazidəki yaşayış massivinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın az olmasıdır.
Belə ki, metronun “Avtovağzal” stansiyasının depo ərazisinə düşən 65 evin sökülməsi nəzərdə tutulub. Həmin evlərin sakinləri isə onlara veriləcək kompensasiyanın azlığından şikayətçidirlər.
Bununla yanaşı, ölçü və kompensasiya işlərini aparan qiymətləndirmə şirkətinin fəaliyyəti də sakinlərin narazılığına səbəb olub. Evləri plana düşən vətəndaşlar iddia edirlər ki, həmin qiymətləndirmə şirkəti mənzillərin hər kvadratmetrini 360-500 manatdan hesablayırlar. Ölçü işlərini isə düzgün aparmırlar. Həmin şirkət özəl olsa da, Maliyyə Nazirliyi tərəfindən təyin olunduğunu bildirənlər az deyil.
“Qiymətləndirmə şirkəti bir neçə aydır ki, iş aparsa da, ancaq nümayəndələrini tanımırıq. Axı bu özəl şirkətin başında kim dayanır? Özbaşına qiymətləndirmə aparır, camaatı etiraza qaldırır. Min bir əziyyətlə ev tikmişik, dünən yaranan  bir özəl şirkət evimizə ağlından keçən qiyməti verir. Kompensasiyanı iki dəfədən aşağı hesablayırlar. Metropoliten bir tərəfdən, Binəqədi İcra Hakimiyyəti bir tərəfdən, Maliyyə Nazirliyi də susub, oturub. Dərdimizi bilmirik kimə deyək… Axı nə qədər yol kəsib, polislə mübahisə aparmaq olar”.
Adının çəkilməsini istəməyən “Motodrom” sakini metropoliten əməkdaşlarından ərazidə tikinti işlərinə nəzarət edənlərdən olan Zakir Məmmədovun həmin qiymətləndirmə şirkətinin nümayəndələrini tanıdığını öyrəndik və əlaqə nömrəsini əldə etdik. Özünü Perspektiv İnkişaf Departamentinin rəisi kimi təqdim edən Zakir Məmmədov musavat.com-a danışdı. Departament rəisi qiymətləndirmə şirkətinin adını dəqiqləşdirib, qısa zamanda məlumat verəcəyini bildirdi: “Orada heç bir ailəni məcburi köçürmürlər. Kimin kompensasiyası verilibsə, həmin evlər sökülür. Təqribən 10 ev kompensasiya ilə razılaşıb, köçüblər. Həmin ərazi çox təhlükəlidir. Yerin altı bataqlıqdır. Hazırda yeraltı tunel həmin evlərin altında tikilir. Fövqəladə Hallar Nazirliyi də əraziyə baxış keçirib, sökülmə qərarı çıxarılıb. Orada tikilən evlərin çoxunun bünövrəsi olmadığından vəziyyəti daha da çətinləşdirir. Kompensasiya məsələsinə biz baxmırıq. Biz yalnız tunelin tikinti  işlərini aparırıq. Hansı şirkət tərəfindən qiymətləndirmə aparılır dəqiqləşdirib, sizə məlumat verəcəyəm”.
Qeyd edək ki, “Motodrom” sakinləri verilən kompensasiyaya etiraz olaraq  noyabrın 28-də Milli Məclisdə olublar. Onları vitse-spiker Bahar Muradova və millət vəkili Çingiz Qənizadə qarşılayıb, sakinlərin problemlərini dinləyib. Onlara məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlayacaqlarını və məsələni aydınlaşdıracaqlarını deyiblər.
Məsələ ilə bağlı hüquqşünas Müzəffər Baxışın da fikirlərini aldıq. Hüquqşünası bildirdi ki, qiymətləndirmə şirkəti evin tikilməsinə sərf olunan məbləği bazar qiymətləri ilə hesablayıb məbləği müəyyənləşdirməlidir:““Motodrom” adlanan ərazidəki evlərin sənədləri yoxdur. Həmin evlərlə bağlı Nazirlər Kabinetinin 10 aprel 2012-ci il tarixli qərarı var. Bu qanunun tələbinə uyğun olaraq həmin evlərin tikintisinə nə qədər vəsait gedibsə kompensasiya hesablanır. Qiymətləndirmə şirkətinin adı niyə gizlin saxlanılır, o barədə heç nə deyə bilmərəm. Amma  şirkət evin dəyərini real bazar qiyməti ilə hesablamadılar. Yəqin ki, şirkət bunu aşağı qiymətlərlə hesabladığından narazılığa səbəb olur. Tutaq ki, bazarda 200 min manata olan evə məbləğindən dəfələrlə aşağı kompensasiya ödəyirlər. Nəyə görə belə  edirlər? Bu, artıq Milli Məclisin və yaxud yüksək dövlət orqanlarının səlahiyyətindədir. Bu barədə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, qiymətləndirmə şirkəti haqda məlumatları dəqiqləşdirmək və kompensasiya məbləğinin az olmasının səbəbini öyrənmək üçün Maliyyə Nazirliyinə rəsmi sorğu ilə də müraciət etmişik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bu məsələni araşdıraraq məlumat verəcəyini bildirdi.
Mövzunu davam etdirəcəyik.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın