Ana səhifə / Gündəm / “Binəqədi petrol” sakinlərin həyatı üçün təhlükə mənbəyidir

“Binəqədi petrol” sakinlərin həyatı üçün təhlükə mənbəyidir

“Zapravka”nın işçiləri sürücülərə kələk gəlir

Paytaxtda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı günü-gündən çoxalsa da, əksəriyyətinin fəaliyyəti istehlakçıları razı salmır. Belə ki, yanacaqdoldurma məntəqələrinin çoxu yanlış ərazilərdə yerləşdirilib. Belə zapravkalardan biri də Binəqədi rayonu ərazisində yerləşən Binəqədi (BP) petrol yanacaqdoldurma məntəqəsidir. Sözügedən obyekt Azadxan adlı iş adamına məxsusdur. Binəqədi petrol yanacaqdoldurma məntəqəsi əhalinin sıx məskunlaşdığı ərazidə yerləşdirilib. Yaşayış evləri ilə zapravka arasında məsafə azdır. Ona görə də sözügedən yanacaqdoldurma məntəqəsi həmin ərazidə məskunlaşan sakinlər üçün təhlükə mənbəyidir.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq dünyanın bir sıra ölkələrində “zapravka”lar yaşayış evlərindən ən az bir kilometr uzaqlıqda yerləşir. Bu ölkələrdə yanacaqdoldurma məntəqələrində qəza baş verəndə vətəndaşlar bundan əziyyət çəkmirlər. Azərbaycanda bu sahədə qanunvericilik bazası yox deyil. Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən verilmiş lisenziya ilə tənzimlənir. Lisenziyanın tələbinə görə, yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırma aparmalıdırlar.

Müvafiq qanunvericiliyə əsasən, yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol sahələrində salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmiryol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədəmüvafiqdir. Həmçinin bu cür obyektlərin layihələndirilməsi zamanı 1200 minik avtomobili üçün 1 yanacaqpaylama kolonkası nəzərə alınmaqla həyata keçirilməli və onların torpaq sahələrinin ölçüləri hektarla qəbul edilməlidir. Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur. Bu məsafə yanacaqpaylama kolonkalarından və yeraltı maye yanacaqsaxlama çənlərindən hesablanmalıdır. Təhlükəsizliyi təmin etmək məqsədilə yüksək gərginlikli, yəni 1000V və daha yuxarı gərginliyə malik elektrik hava xətlərindən yanacaqdoldurma məntəqələrinə qədər olan məsafə 10 metrdən az olmamalıdır. Gərginlik və ya digər parametrlərdən asılı olmayaraq yüksək gərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır.

Təhlükəsizliyin təmin olunması məqsədilə yanacaqdoldurma məntəqələri, həmçinin yeraltı və yerüstü magistral qaz kəmərlərindən müəyyən məsafədə aralı olmalıdır.

Lakin iş adamı qanunları pozaraq “Binəqədi petrol” yanacaqdoldurma məntəqəsinin fəaliyyətini həyata keçirir. Bizə daxil olan şikayətlərdə göstərilir ki, sözügedən “zapravka”nın operatorları sürücüləri aldatmaqla məşğuldur. Belə ki, adını çəkdiyimiz yanacaqdoldurma məntəqəsinin işçiləri müəyyən yollarla yanacağı çənə az vururlar. Bundan başqa “Binəqədi petrol” yanacaqdoldurma məntəqəsində yanacağın keyfiyyəti həddindən artıq aşağıdır. Bir sözlə, orada xidmət sıfıra bərabərdir.

Hətta “zapravka”da çalışanların əksəriyyəti iş vaxtında mobil telefon istifadə edirlər.

Xatırladaq ki, “zapravka”larda mobil telefonlardan istifadə olunması da təhlükəsizlik qaydalarına uyğun deyil. Yadda saxlamaq lazımdır ki, cib telefonlarının açılması və ya zəng çalması nəticəsində yaydıqları dalğa yanmaya səbəb ola bilər. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrində olarkən və ya maşınlara, yanacaq doldurarkən mobil telefonlardan qəti surətdə istifadə edilməməlidir.

Mənbənin sözlərinə görə, “Binəqədi petrol” yanacaqdoldurma məntəqəsinin yanında Azadxan adlı iş adamına məxsus hamam fəaliyyət göstərir. Lakin deyilənlərə görə, obyekt hamam adı altında başqa məqsədə xidmət edir. Azadxan adlı iş adamı heç kəsdən və heç nədən çəkinmədən qanunlara məhəl qoymayaraq bu cür xoşagəlməz işlərə yol verir. Bu şəxsin fəaliyyətinin ciddi şəkildə araşdırılmasına ehtiyac var. Ümid edirik ki, hüquq mühafizə orqanları iş adamının rəhbərlik etdiyi obyektlərdə yoxlamalar aparacaq və lazım gələrsə, həmin şəxsin məsuliyyətə cəlb olunmasını təmin edəcək.

gundelikbaku.com

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın