Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakıda yaşayış binasının yanması ilə bağlı yeni TƏFƏRRÜATLAR – REPORTAJ, FOTOLAR

Bakıda yaşayış binasının yanması ilə bağlı yeni TƏFƏRRÜATLAR – REPORTAJ, FOTOLAR

Aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında baş verən güclü yanğında zərər çəkən vətəndaşların köçürülməsi davam edir.
Binanın fasadı və yanan mənzillər Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən təmir olunur. Artıq əraziyə tikinti materialları gətirilib və işə başlanılıb. Evləri yanan 60 ailənin hər birinə 500 manat kirayə pulu verilib. Yanmayan evlərin sakinləri üçün isə binada yaşayış bərpa edilib.
Musavat.com-un müxbiri hadisədən iki gün sonra yanan binaya baş çəkib və aparılan işləri müşahidə edib.
Sakinlərlə söhbət zamanı yanğının səbəbləri ilə bağlı yeni ehtimallar üzə çıxıb. Sakinlərdən adının çəkilməsini istəməyən bir şəxs bildirib ki, həmin gün binanın həyətində çalışan fəhlələrlə iş verən arasında mübahisə yaranıb. Yanğın da bundan bir müddət sonra ortaya çıxıb. İndi sakinlər yanğının həmin hadisədən qaynaqlandığını deyirlər.
Yanğının güclənməsinə səbəb olan daha bir amil də binanın fasadının yenilənməsi üçün quraşdırılan konstruksiyanın dəmirdən deyil, taxtadan olması ilə bağlıdır. Şahidlər deyir ki, yanğın yerdə yandırılan zibillərdən başlayıb. Daha sonra binanın sol küncünə keçib. Binanın fasadı tezalışan üzlüklə örtüldüyündən yanğın bir neçə saniyə içərisində bütün binanı bürüyüb. Hadisə zamanı binanın təhlükəsizlik çıxışları da bağlı olub ki, bu da evakuasiya zamanı problemlər yaşadıb.
Tüstüdən zəhərlənənlərin səhhəti isə hələ də düzəlməyib. Onların arasında azyaşlı uşaq da var. Əmisi Vüqar Əhmədzadə Amil Əhmədzadə adlı uşağın vəziyyətinin ağır olduğunu bildirib.
Zərərçəkənlərin narazılığına səbəb olan daha bir məqam isə FHN-in müvafiq komissiyası tərəfindən dəyən ziyanın dəyərindən az qiymətləndirilməsi olub. Sakinlər qiymətləndirmənin obyektiv aparılmadığını bildirirlər: “800 manatlıq kondisioneri 400 manata qiymətləndiriblər və bu yolla dəyən ziyanın həcminin azaltmağa çalışırlar”. 
Kirayə evlərə köçürülməklə bağlı verilən kompensasiyaya gəlincə, sakinlər 500 manatın yetərli olmadığını deyirlər:“500 manat bizim həm əşyaları daşımağımıza, həm ev tapıb yerləşməyimizə kifayət etmir. Kirayə evlərin qiyməti çox yüksəkdir. Bu pulla boş evlərə köçə bilərik. Əşyalarımız, pullarımız da yanıb. Bir ay necə dolanacağıq?” 
Qonşu binaların sakinləri də bizimlə söhbətində yaşadıqları binanın tez alışan “penoplas” örtüklə üzləndiyini və bu təhlükənin onları da gözlədiyindən narahat olduqlarını bildirdilər. Onlar tezliklə həmin örtüyün sökülməsini tələb edirlər.
Onu da bildirək ki, son 3 gündə nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi alkopon tipli tezalışıan sintetik örtüklə üzlənən digər binaların taleyi ilə bağlı bəyənat verməyiblər. Yanan binanın sakinlərinin problemləri həll olunsa da, oxşar binaların sakinlərinin narahatlığına məhəl qoyulmur.
Müşahidələrimiz zamanı qonşu binaların bəzi sakinlərinin binalardakı fasad üzlüyünü qoparmasının şahidi olduq. Aidiyyatı qurumlardan reaksiya gəlmədiyini görən vətəndaşlar özləri alkpan örtükləri qoparmağa başlayıblar.
Aparılan təmir-bərpa işləri isə hələlik ilkin mərhələdədir. Binanın yanmış fasad örtüyü qoparılır, təmir üçün dəmir konstruksiya quraşdırılır, ərazinin tullantılardan təmizlənməsi istiqamətində iş aparılır. Ancaq hələlik yanğından ziyan çəkmiş mənzillərin təmirinə başlanılmayıb.
Qeyd edək ki, aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində binanın fasadı yanıb, 60 mənzil yanaraq yararsız hala düşüb. 107 mənzilin olduğu binada 408 nəfərin yaşadığı bildirilir.
Yanğında ölən olmasa da, bir neçə sakin tüstüdən zəhərlənib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, binadakı sakinlərin hamısı təxliyə olunub, yanğın saat 22:00 radələrində söndürülüb.
Hadisənin səhəri gün binanın qarşısında polis və icra nümayəndələri ilə vətəndaşlar arasında gərginlik yaşanıb. Daha sonra vətəndaşlar kirayə haqqları ödənilməklə iki ay müddətində müvəqqəti kirayə evlərdə yaşamağa və sonradan təmir olunmuş mənzillərinə köçürülməyə razı salınıb. FHN-in müvafiq komissiyası dəymiş ziyanı müəyyənləşdirib və pulu, qızılı, dəyərli əşyaları yanan vətəndaşlara kompensasiya ödəniləcəyinə dair söz verilib. Son 3 gündə FHN-in Yanğından Mühafizə Xidməinin əməkdaşları və polis qüvvələri əraziyə nəzarəti davam etdirir.
Qeyd edək ki, ictimaiyyət nümayəndələrinin baş verən hadisəyə reaksiyası da özünü çox gözlətməyib. Millət vəkili Fazil Mustafa sosial şəbəkədəki səhifəsində yazdığı qeydlə aidiyyatı qurumları kəskin tənqid edib: “Nobel prospektində 9 mərtəbəli binanın yanıb, kül olması təsadüfi hadisə deyil. Vətəndaşların bu cür iztirabını görmək üzücüdür. Kiminsə axmaq metodlarla pul qazanması üçün bu qədər insanı belə ağır bir problemlə üz-üzə qoydular. Yadıma Qabriel Qarsia Markesin illər öncə oxuduğum “Gözlənilən bir qətlin tarixçəsi” əsəri düşdü. Hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcəklər. Ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı.
Davamsız materiallarla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma risqi olduğunu ağlı başında olan hər kəs bilir. Xüsusilə də intensiv küləyin olduğu şəhərdə bu risq daha da artır. Ancaq nə etməli? Kiminsə gətirdiyi mal əlində qalmayacaq ki..? Hələ bəlkə də bu hadisəyə sevinənlər də tapılacaq… Aha, təmir pulunu xərcləməyə bir bina da gəldi! Hələ bir açıqlama da verirlər ki, “zərərçəkmiş ailələrdən kim istəsə, sığınacaqla təmin olunacaq”. Görəsən bu “istəsə” sözünü təmir etməzdən öncə bina sakinlərindən soruşmaq olmazdımı? Yəni “siz vətəndaşlar istəyirsinizmi, bu oda davamsız materialdan binanızı üzləyək?” sualını verən olubmu? Gec də olsa, bütün bu tipli yanğın risqi olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalı, oda davamsız materialdan üzlənmiş binaların təhlükəsizliyi barədə ciddi tədbirlər görülməlidir.”
Vəkil  Aslan İsmayılov da sosial şəbəkədəki səhifəsində hadisəyə sərt reaksiya verib: “Bu gün alkopon tipli sintetik üzləmə ilə qaplanmış, Xətai rayonundakı evin bir neçə saniyənin içində külə dönməsi yüzlərlə insanı evsiz-eşiksiz, gündəlik həyat üçün illərlə topladığı əşyasız qoydu. Yəqin ki, hakimiyyət bunu da hansısa texniki xəta ilə əlaqəndirəcək və bir JEK işçisini məsuliyyətə alacaq. Halbuki, həmin üzləmə materiallarının tərkib etibarı ilə kimyəvi, şüa buraxan, insan həyatı üçün zəhərli, yanğına meylli olduğundan təhlükəli olması hamıya bəlli idi. Ancaq həmin material istehsal edilən zavod “yuxarı”lara bağlı olduğundan, onsuz da vətəndaşının həyatını heçə sayan məmurlar cınqırlarını belə çıxarmadılar. Heç olmasa, indi orada yaşayan vətəndaşlar, həyatınızın təhlükədə olduğu dövrdə səsinizi çıxarın, etiraz edin!
P.S. Hakimiyyət təmsilçiləri nə qədər ki, hələ gec deyil, onlarla bu cür qaplanmış binaları qaydaya salın, insanlar yazıqdır… Allahdan qorxun!”
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.













































Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın