Ana səhifə / Gündəm / Bakıda və Sumqayıtda hemofiliyalı xəstələrin sayı artıb

Bakıda və Sumqayıtda hemofiliyalı xəstələrin sayı artıb

Elmi-Praktiki Hemofiliya Mərkəzində hazırda 1554 hemofiliyalı xəstə qeydiyyatdadır. Hər il 40-50 yeni xəstə qeydiyyata götürülür. Xüsusilə Bakı, Sumqayıt və Aran bölgəsində hemofiliyalı xəstələrin sayı artıb.

Virtualaz.org saytı xəbər verir ki, bunu mərkəzin rəhbəri Elmira Qədimova Dünya Hemofiliya Günü ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

E.Qədimova deyib ki, ötən il ölkədə 69 hemofiliyalı xəstə ilkin qeydiyyata alınıb. “Bakı üzrə 738, Sumqayıtda 76 xəstə qeydiyyatdadır. Xəstələrin 113-ü 1-5 yaş, 222-si isə 5-15 yaş arasında olanlardır”, -mərkəz rəhbəri qeyd edib.

Hazırda dünyada 400 000-dən çox hemofiliyalı xəstə var. Direktor deyib ki, xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatlar ölkəyə gətirilir: “Dünyada 80 faiz xəstələr dərmanla təmin olunmur. Lakin 20 faiz ölkələr hemofiliyalı xəstələri dərmanla təmin edir. Azərbaycan da bu ölkələrin siyahısına daxildir. Ölkədə “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş xəstələrə qayğı” dövlət proqramı icradadır”.

E.Qədimova onu da qeyd edib ki, dərmanla təminatdan sonra uğurlu cərrahiyyə əməliyyatı olunan xəstələrin sayı artıb. Ötən il 27 hemofiliya xəstəsi əməliyyat olunub. Ağır xəstə olan 47 uşaq isə profilaktikaya cəlb edilib. Mərkəz Britaniya Krallıq Xəstəxanası ilə əməkdaşlıq edir.

Respublika Hemofiliya Assosiasiyasının icraçı direktoru, hemofiliyalı xəstə Ayaz Hüseynov isə dərman veriləndən sonra xəstələrin həyat şəraitinin yaxşılaşdığını söyləyib. “Bu dərmanlar milyonlarla manata başa gəlir. Hemofiliyalı xəstələrin normal yaşaması üçün dərman və savadlı həkim tələb olunur. Bundan sonra əsas məsuliyyət xəstələrin üzərinə düşür. Xəstələr maarifləndirilir, onlara dərmanların vaxtında və düzgün qəbulu, yaşam qaydaları başa salınır. Çünki həkim hər zaman xəstənin yanında olmur”,-A.Hüseynov deyib.

Xatırladaq ki, hemofiliyanın səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon Villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar zamanı qanın oynaq və yumşaq toxumalara yığılması nəticəsində xəstənin hələ uşaq və gənc yaşlarında əlil və ya şikəst olmasına, bəzən də ölümünə səbəb olur.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın