Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakıda məşhur iş adamı özünü niyə güllələdi

Bakıda məşhur iş adamı özünü niyə güllələdi

Ötənilin səs-küylü intihar hadisələrindən biridə “İnteryer-S” MMC-nin direktoru, iş adamı 56 yaşlı Söhbət Hacıyevin yaşadığı mənzildə ov tüfəngi ilə özünə atəş açması oldu.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (“Özünü öldürmə həddinə çatdırma”) maddəsi ilə cinayət işi başlanıldı, araşdırmalar aparıldı. İlkin məlumatlarda S.Hacıyevin rəhbərlik etdiyi müəssisənin banklara borcu olması və intiharın bu səbəbdən baş verdiyi göstərilsə də, mərhumun ailə üzvləri yayılan məlumatların həqiqəti əks etdirmədiyini, iş adamının heç kimə borcu olmadığını, sonuncunun silahla ehtiyatsız davranması nəticəsində bədbəxt hadisə baş veridiyini söyləmişdilər…

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, dələduzluqda ittiham olunan 60 yaşlı Əliş Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

“Virtual Azərbaycan”ın xəbərinə görə, prosesə hakim Azad Məcidov sədrlik edir. Cinayət işi üzrə Söhbət Hacıyev istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə verib. Bəzi mətləblərə aydınlıq gətirilsə də, çox şey hələ də müəmma olaraq qalıb…

İstintaq yolu ilə müəyyən edilib ki, Ə.Dadaşov öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, vəzifə saxtakarlığı törədib. Qohumu Vaqif Hüseynovu aldadaraq işlədiyi bankda depozitə qoyulmuş əmənətlərə yüksək faiz verdiyini, əmanətlərin tam sığortalandığını, müəyyən müddətdən sonra faiz dərəcələrinin artırılacağını bildirməklə aralarındakı yaxın münasibətlərə görə onun inamından istifadə edib və 62.670 manat pulunu mənimsəyib.

Bundan başqa, 2010-cu ildə yaxın münasibətdə olduğu “İnteryer-S” MMC-nin direktoru Söhbət Hacıyevlə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən, cəmiyyət tərəfindən götürülmüş 60 min manat məbləğində krediti 2010-cu ildə ondan alsa da, pul vəsaitini filialın xəzinəsinə ödəməyib, şəxsi ehtiyaclarına xərcləyib. Həmçinin, yaxın qohumu Azad Zeynalov və onun şəriki Əli Əhmədova sahibkarlıq fəaliyyəti ilə bağlı vəsait lazım olduğunu S.Hacıyevə deyib. Onun etibarını qazanaraq “İnşaat İstehsalat Təsərrüfat” MMC ilə “Texnikabank” ASC-nin Nərimanov filialı arasında kredit müqaviləsi bağlamağa nail olub. S.Hacıyevə məxsus 130 min manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəyib.

 

Təqsirləndirilən şəxs qismində dindirilən Əliş Dadaşov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 2007-2011-ci illərdə “Texnikabank” ASC-nin Nərimanov filialının müdiri vəzifəsində işlədiyini, Vaqif Hüseynovu 2002-ci ildən tanıdığını, qohum olduqlarını göstərib: “2008-ci ildə Vaqif Hüseynovdan 50 min dollar, daha sonra isə 300 min dollar almışdım. Həmin pulları faizə verib qazanc əldə etməyi bildirmişdi. Pulları təhlükəsiz olduğuna görə bankın xəzinəsində saxlayır, ayrı-ayrı şəxslərə faiz verir, aldığım faizdən Vaqif Hüseynova 2 faiz pul ödəyirdim. 2011-ci ilin əvvəlinədək Vaqif pulların hamısını götürdü, ona borcum qalmadı. 300 min dolların qarşılığında ona 120 min dollar gəlir vermişdim”.

Ə.Dadaşov ifadəsində Nəsrəddin Şahbazovu bankın müştərisi kimi tanıdığını, onun rəhbərlik etdiyi “Xudabin” MMC-nin “Texnikabank” ASC-nin Nərimanov filialında hesabı olduğunu deyib: “2011-ci ilin avqust ayında Nəsrəddin Şahbazovdan 50 min manat borc pul götürdüm. Bir müddət sonra 23 min manatını qaytardım. Sonradan imkanım olmadığına görə pulun hamısını qaytara bilmədim. Nəsrəddin Şahbazovdan pulu depozitə qoymaq məqsədilə yox, borc kimi almışam”.

Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərib ki, Söhbət Hacıyev bankın müştərilərindən olub, tez-tez kredit götürərək ödəyib: “Söhbətin mənim barəmdə dedikləri həqiqəti əks etdirmir. O, həmişə pulları ödəməmək üçün bəhanələr gətirirdi. Söhbət Hacıyev sonuncu dəfə bankdan əvvəlcə 160 min, sonrasa 130 min manat kredit götürmüşdü. Söhbətin götürdüyü pullardan 100 minə yaxın borcu qalmışdı”.

Ə.Dadaşovun ifadəsinə görə, “Texnikabank” ASC-nin Nərimanov filialının müdiri vəzifəsidnə işlədiyi dövrdə Ş.Hacıyevin öz adına və firmalarının adına kreditlər verilib. Həmin ərəfədə qohumu Azad Zeynalov Rza Əhmədova məxsus “Zövq” MMC-də direktor işləyib: “2010-cu ildə Azad Zeynalovla Rza Əhmədov yanıma gəlib 200 min manat lazım olduğunu dedilər. Pulum olmadığına görə Söhbət Hacıyevdən pul götürməyi məsləhət bildim. Danışıqlarına əsasən, Söhbətin onlara verdiyi pulun qarşılığında 8 min manat ələvə pul veriləcəkdi. Söhbət 200 min manatı verdi”.

Təqsirləndirilən şəxsin dediklərindən belə məlum olub ki, R.Əhmədovun işləri yaxşı getmədiyinə görə pulu qaytara bilməyib. İki ay sonra isə S.Hacıyev təcili pul lazım olduğunu deyib və pullarını geri tələb edib. Pulu ala bilmədikdə S.Hacıyevə girov qarşılığında 230 min manat kredit vermək təklif olunub. S.Hacıyev də razılaşıb. Özünəməxsus ticarət obyektini, 3 otaqlı mənzilini girova qoyaraq ayrı-ayrılıqda 130 min və 100 min manat kredit götürüb: “Pulları Söhbət özü götürdü. 130 min manata görə 10 min manat, 100 min manata görə isə 55 min manat ödəniş etmişdi”.

Zərərçəkmiş şəxs qismində dindirilən mərhum Söhbət Hacıyev istintaqa verdiyi ifadəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün mütəmadi olaraq “Texnikabank” ASC-nin Nərimanov filialına gedib-gəldiyini, şirkətlərin hesabının həmin filialda olduğunu, banka gedib-gələrkən filial müdiri Ə.Dadaşovu tanıdığını, aralarında münasibət yarandığını göstərib. İfadəsində tez-tez kredit götürdüyünü, vaxtlı-vaxtında ödəniş etdiyini və kreditlərini bağladığını bildirib. 2010-cu ildə bankdan növbəti dəfə kredit almağa gedən S.Hacıyev istintaq zamanı belə deyib: “130 min manat kredit almaq üçün “Texnikabank”ın Nərimanov filialına getdim. Rəhbərlik etdiyim firmanın adına kredit sənədləşdirildi. Lakin pulu almazdan əvvəl Əliş Dadaşov məni otağına dəvət etdi. Orada onun qohumu Azad Zeynalovla tanış oldum. Əliş Dadaşov Azad Zeynalovun böyük həcmdə əsgər paltarları tikdiyini, onun hesabına pul köçməli olduğunu, amma müəyyən problemlərlə əlaqədar pulun köçürülmədiyini dedi”.

Zərərçəkmişin ifadəsinə görə, Ə.Dadaşov ona adına götürdüyü 130 min manat pulu Azad Zeynalova verməyi, sonuncunun bir ay ərzində pulu geri qaytaracağını deyib. S.Hacıyev əvvəlcə razılaşmayıb, A.Zeynalovu tanımadığını, ona görə də, ona pul verə bilməyəcəyini bildirib: “Əliş dedi ki, narahat olma, əgər Azad pulu qaytarmasa, mən özüm qaytaracağam. Mən də Əlişə inanıb 130 min manatın kassa məxaric orderinə imza etdim, lakin pulu götürmədim. Sonralar Əlişin yanına gedib Azad Zeynalova verdiyim pulu geri istəsəm də, bir müddət gözləməyi xahiş etdi. Mən də gözlədim, amma pulumu ala bilmədim. 2011-ci ilin sonlarında filiala audit yoxlaması gəldi, yoxlama zamanı müəyyən edildi ki, 2009-cu ildə götürdüyüm 100 mindən 45 min, 2010-də götürdüyüm 60 min manatdan 49 min manat borc qalıb. Yoxlamanı həyata keçirən şəxslərə götürdüyüm kreditləri tam olaraq ödədiyimi, hətta 100 min manat kreditini təminatı kimi banka girova qoyduğum mənzili azad etdiyimi dedim. Əlişlə görüşüb bunun nə məsələ olduğunu soruşdum. O da 45 min manatı Fəridin götürdüyünü, 49 min manatı isə öz işləri üçün xərclədiyini dedi. Mənə dedi ki, narahat olma, qısa müddət ərzində həmin vəsaitləri ödəyib, sənin adına olan kreditləri bağlayacağam. Həmçinin ondan şikayət etməməyimi xahiş etdi. 2014-cü ilin sonunda Əliş Dadaşov pulları ödəmədiyinə görə onun barəsində şikayət ərizəsi yazaraq hüquq-mühafizə orqanlarına göndərdim”.

İstintaq dövrü iş adamı Ş.Hacıyev dünyasını dəyişdiyinə görə onun oğlu Tural Hacıyev zərərçəkmişin hüquqi varisi kimi tanınıb. O, ifadəsində mərhum atasının “İnteryer-S” və “İnşaat İstehsalat Təsərrüfatı” MMC-ləri təsis etdiyini və tikinti-təmir işləri ilə məşğul olduğunu göstərib. T.Hacıyevin ifadəsinə görə, cəmiyyətlərin bank hesabları “Texnikabank” ASC-nin Nərimanov filialında olub: “Filialın müdiri Əliş Dadaşovla atamın münasibətləri yaxşı idi. Atam “Texnikabank”ın Nərimanov filialından 2009-cu ildə 100 min manat kredit götürmüşdü, kreditin təminatı kimi mənzil girov qoyulmuşdu. Həmin məbləği Əliş Dadaşova tam ödəməsinə baxmayaraq 55 min manat pul kassaya mədaxil olunmuş, qalan 45 min manat isə Əliş tərəfindən ödənilməyib. Kredit tam ödənildiyinə görə mənzil də girovdan çıxarılmışdı. Bundan başqa “İnteryer-S” MMC-nin adına 2010-cu ildə 60 min manat kredit götürülmüşdü. Həmin məbləğ də tam şəkildə ödənilmişdi. Sonradan məlum oldu ki, məbləğ tam şəkildə ödənilməsinə baxmayaraq Əliş Dadaşov yenə də atamın etibarındna sui-istifadə edib. 11 min manat kassaya mədaxil etməklə 49 min manatı özünə götürüb. Atam 2010-cu ildə 130, 2011-ci ildə 100 min manat olmaqla 230 min manat kredit götürüb. Kredit müqabilində qeyri-yaşayış sahəsini girov qoyulmuşdu. Həmin məbləğ də banka tam şəkildə ödənildi. Atamın dediyinə görə, krediti banka ödəmək istəyərkən Əliş Dadaşov 130 min manatı ondan alıb bir neçə günə özü banka mədaxil edib krediti bağlayacağını vəd edib. Lakin pulu mənimsəyib”.

Məhkəmə prosesi mayın 31-də davam edəcək.

musavat.com

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın