Ana səhifə / Gündəm / Bakı mağazalarından siqaretlər niyə yoxa çıxıb? – ARAŞDIRMA

Bakı mağazalarından siqaretlər niyə yoxa çıxıb? – ARAŞDIRMA

Son bir neçə gündə Azərbaycanda siqaret satışında bir sıra problemlər yaranıb. Kiçik mağaza və köşklərin əksəriyyətində siqaret tapılmır, olanlarda isə qiymət bahadır. Siqaret satışı yalnız iri supermarketlərdə həyata keçirilir. Yaranmış problemlə bağlı virtualaz.org-un redaksiyasına son bir neçə gün ərzində xeyli şikayət daxil olub. Şikayətçilər bildirirlər ki, mağazalarda siqaretin tapılmaması bir yana, həmişə eyni qiymətə aldıqları tütün məhsulları müxtəlif mağazalarda fərqli qiymətlərə satılır.

“Əvvəllər həmişə siqaret aldığım mağaza və köşklərin çoxunda siqaret tapa bilmirəm. Olsa belə, hərəsində bir qiymət qoyulub. Ancaq iri supermarketlərdə bütün siqaretlər var ki, ora da həmişə yolum düşmür. Kiçik mağazalardakı qiymətlər supermarketlərdən xeyli bahadır. 2-3 gündür ki, eyni siqareti müxtəlif mağazalardan fərqli qiymətlərə alıram”, – deyə şikayətçilərdən biri deyir.

Virtualaz.org siqaret bazarında yaranmış problemlə bağlı araşdırma aparıb. Məlum olub ki, həqiqətən də, əksər məhəllələrdə yerləşən kiçik mağazalarda və köşklərdə siqaret satışı dayanıb. Siqaret satılan mağazalarda isə qiymət supermarketlərdən ən azı 20-30 qəpik bahadır.

Siqaret satışı ilə məşğul olan kiçik sahibkarlar problemin kartla satış sisteminə keçdikdən sonra yarandığını deyirlər. Onların sözlərinə görə, siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı məhdudlaşdırıblar.

Sahibkarla söhbət zamanı məlum oldu ki, onların bəziləri siqaret almaq üçün hesabına pul köçürüb firmalardan siqaret istəsə də, satışın dayandırıldığı deyilib. Satıcılar ümidlə vəziyyətin düzələcəyini gözləyirlər.

Kiçik sahibkar Rəfiqə Nağıyeva deyir ki, hələ mağazada əvvəldən alınmış siqaretlər satılır. Həmişə işlədiyi firmaya 2 min manatlıq siqaret sifarişi versə də, hələ siqaret satışının dayandırıldığını deyiblər:

“Biz həmişə işlədiyimiz “Kent” firmasına 2 min manatlıq siqaret sifariş vermişik. Hələ ki, satış dayandırılıb. Sifarişimizi imzalayıb götürüblər. Hesab-fakturanı gətirəndən sonra biz banka ödəniş edəcəyik və bundan sonra məhsulu gətirəcəklər. Bu nə bizlikdir, nə də onlarlıqdır. Hələ ki, gözləyirik”, – deyə sahibkar bildirir.

Qərardan ən çox narazı qalanlar isə köşk sahibləridir. Onlar satışda nağdsız ödəniş sisteminin tətbiqindən sonra alverin çox zəiflədiyini deyirlər. Əksər müştəriləri siqaret alanlar olduğundan, siqaret satmamaq və ya baha satmaq onları müflis edir:

“Köşklərə ən çox siqaret üçün gəlirdilər. Nağdsız ödəniş sisteminə keçiblər, qaydaları çox çətinləşdiriblər, VÖEN tələb edirlər. Əvvəllər siqareti Ticarət Departamentindən alıb satırdıq, çox rahat idi. Hazırda firmalar satışı ümumiyyətlə dayandırıblar. Biz də bir neçə gün siqaret gətirmədik, amma gətirməməklə də olmur. Onda müştərilərimizi itiririk. Məcbur olub supermarketlərdən aldıq. Dünən “Araz” marketdən almışıq. 1.28 manata aldığımız siqareti məcburuq ki, 1.30-a sataq, bizə də əlavə 3-5 qəpik qalsın. Bu da bir başqa dərddir, baha malı kim alır ki…”, – deyə köşk sahibi Rahib Rəhimov deyir.

Ekspertlər isə hesab edirlər ki, problem siqaret bazarında rəqabət mühitinin olmaması, siqaret satışının inhisarda olması ilə bağlı ortaya çıxıb, problemin kökü kartla satışla bağlı deyil. İqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə, real bazar qanunları yaratmadan burada vəziyyətin düzəlməsinə nail olmaq mümkün deyil.

“Ümumilikdə, problemin kökü siqaret bazarının, siqaret idxalının inhisarda olması ilə bağlıdır. Təbii ki, kartla satış da problemin dərinləşməsinə təkan verdi. İnhisar siqaret bazarında qeyri-sağlam rəqabət yaradıb. Hətta kartla satışa keçməmişdən əvvəl siqaret qiymətləri həm qaldırıldı, həm aşağı salındı. Əgər hansısa ciddi iqtisadi amil yoxdursa, necə ola bilər ki, qəfildən 2 manat 50 qəpiyə satılan siqaretlər 3 manata qaldırılır, sonra yenidən 2.50 manata salınır? Bu anormal vəziyyətdir və onu göstərir ki, Azərbaycanda siqaret bazarı inhisarçıların şərtləri ilə işləyir, real bazar qanunları ilə yox”, – ekspert deyir.

Kartla satışın daha da böhran vəziyyəti yaratdığını deyən ekspertin sözlərinə görə, indiki mərhələdə fundamental çıxış yolu siqaret bazarında liberal mühitin yaradılmasıdır. Eyni zamanda, indki şərtlər daxilində kartla satışı həyata keçirmək düzgün deyil. Azərbaycan istehlakçıları, həm də ticarətçilər buna tam hazır deyillər və bu qaydanı mərhələ-mərhələ tətbiq etmək olar.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın