Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / AZFEN-TEKFEN-AMEC-də nə baş verir?

AZFEN-TEKFEN-AMEC-də nə baş verir?

Bu şirkətdə yerlibazlıq tüğyan edir, xarici və yerli fəhlələr arasında ayrı-seçkilik var, işə düzəlməyin isə 5-6 min manat olduğu deyilir

Azərbaycanın ən iri təbii qaz yatağı olan «Şahdəniz-2»də bütün işləri həyata keçirən AZFEN-TEKFEN-AMEC-də qəribə vəziyyət yaşanır. JAM.AZ-a verilən məlumata görə, sözügedən şirkətdə işçilərin durumundan tutmuş, onlara verilən əmək haqqına, yerlibazlığa qədər bütün sıxıntılar yaşanır.

Yerlibazlıq

Qeyd edək ki, AZFEN-TEKFEN-AMEC-ə Həmid adlı şəxs rəhbərlik edir. İş icraçısı isə Aslan adlı şəxsdir. Onlardan biri Tovuz rayonundan, digəri isə Gürcüstandandır. Bu şəxslərin şirkətdə əsas missiyaları bütün mühüm vəzifələrə, işlərə yalnız öz yerlilərini gətirməkdən ibarətdir. İş götürülənə hansı mühüm vəzifənin tapşırılmasından asılı olmayaraq, onun ali savadlı olub, olmaması da mühüm hesab edilmir. Əsas kriteriya onların Tovuz və ya Gürcüstandan olması götürülür.

JAM.AZ-a verilən məlumata görə, şirkətdə çalışan bütün işçilər artıq neçə illərdir yaranmış vəziyyətin əziyyətini çəkirlər. Qeyd edilir ki, AZFEN-TEKFEN-AMEC-də hal hazırda xeyli sayda ali təhsilli şəxslər çalışır ki, onların böyük qismi fəhlə qismində işə götürülüb. Lakin onlara ali təhsilli olmamasına rəğmən, Tovuz və ya Gürcüstandan olması səbəbindən rəislik edirlər.

Fəhlənin puluna da göz dikirlər

AZFEN-TEKFEN-AMEC-də bir sıra biabırçı olaylar da yaşanır. JAM.AZ-a verilən məlumata görə, şirkət layihə üzrə götürdüyü işləri başa çatdırdıqdan sonra bir sıra işçiləri ilə yollarını ayırmalı olur. Bu zaman şirkət işdən çıxardığı həmin fəhləyə ən azı 3 aylıq maaşını birdəfəlik verməyi üzərinə öhdəlik kimi götürüb. Bu isə təqribən 2500-3000 manat vəsait deməkdir. Lakin kağız üzərində.

Məlumatlarda deyilir ki, şirkətin rəhbərliyi həmin pulu verməmək üçün qəribə bir vasitəyə əl atıb. Belə ki, şirkətdə hazırda xüsusi qruplar fəaliyyət göstərir. Onların vəzifəsi layihə müddəti başa çatmaqda olan sahələrdə çalışan fəhlələri izləməkdən ibarətdir. Əllərində fotoapparat ortalıqda dolaşan bu adamlar iki fəhlənin bir yerdə dayanıb, söhbət etdiyini gördükdə fotolarını çəkib, Kadrlar Şöbəsinə təqdim edirlər. Və bundan sonra «araşdırma», daha doğrusu, sıxma-boğma başlayır.

JAM.AZ-a daxil olan məlumata görə, fotoları çəkilmiş fəhlələr qısa müddətdən sonra Kadrlar Şöbəsinə çağırılırlar. Onlara iş vaxtı başqa işlərlə məşğul olduqları, lazımi səviyyədə əmək sərf etmədikləri və digər ittihamlar irəli sürülür. Və təklif olunur ki, fəhlə ya öz ərizəsi ilə işdən çıxmalı, ya da maddə ilə işdən çıxarılacağına razılaşsın.

Qeyd edək ki, bütün bu oyunların tək səbəbi onlara verilməli olacaq üç aylıq maaşı ödəməməkdir. Nəticədə, onlarla fəhlə işdən azad edildikdən sonra halal-hümmət pullarını ala bilmirlər.

Xariciyə 5 dollar, yerliyə 2,78 manat

Bildirək ki, «Şahdəniz» layihəsinin sifarişçisi qismində çıxış edən şirkət BP-dir. Dünyanın ən nəhəng şirkətinin AZFEN-TEKFEN-AMEC-də çalışan fəhlələrin hər biri üçün ayırdığı pul heç də kiçik rəqəmlərlə ifadə olunmur. JAM.AZ-a daxil olan məlumata görə, BŞ bir fəhləyə hər saatı üçün 8-10 dollar pul ödəyir.

Lakin AZFEN-TEKFEN-AMEC-in rəhbərliyi bu məsələdə də ayrı-seçkilik edərək, yerli və xarici işçiləri bir birindən ayırır. Belə ki, bu şirkətdə çalışan azərbaycanlı fəhlə işlədiyi hər saatı üçün 2,78-3,14 manat əmək haqqı alır. Eyni işi görən, xarici fəhləyə isə hər saatı üçün 5 dollar ödənilir. Ortalıqdakı fərq isə təqribən, 3 dollara yaxındır.

Ortadakı fərqin bu qədər böyük olmasının dəqiq səbəbləri məlum deyil. Amma bilinən odur ki, azərbaycanlı fəhləylə xarici fəhlə arasındakı bu qədər fərq, ədalətsizlikdir. Və qanunla da təsdiqlənməyən haldır.

İşə düzəlmək neçəyədir?

AZFEN-TEKFEN-AMEC-də işə düzəlməyin özü də bir ayrı məsələdir. Əvvəla, şirkət işçilərini xüsusi olaraq seçir. Bu zaman pul ödənişi məsələsinin də mühüm olduğu vurğulanır. JAM.AZ-a məlumat verən mənbələrin iddiasına görə, bu şirkətdə işə düzəlmək istəyən fəhlədən 5000 manat alırlar. İşin kateqoriyasından asılı olaraq həmin rəqəmin 6000 manata qədər yüksəlməsi də mümkündür.

Qeyd edilir ki, məsələ bununla da bitmir. Məsələn, şirkətin Topoqrafiya Şöbəsində işə düzəlmək üçün 5000 manat tələb olunsa da, hər üç aydan bir fəhlələrin hər birindən daha 500 manat alınır. Bu pulu verməyən fəhlə isə dərhal işdən çıxarılır və yerinə bir başqası götürülür.

Bu pulun nə məqsədlə alındığı və kimə çatdırıldığı məlum deyil. Güman edilir ki, işə götürmək üçün alınan pullar elə rəhbərliyə çatdırılır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın