Ana səhifə / Gündəm / Azərbaycanlı Seyid Rükkalın Atatürkə məktubu

Azərbaycanlı Seyid Rükkalın Atatürkə məktubu

Sizə Azərbaycanlı mütəfəkkir Seyid Əhməd Hüsaməddin Əl-Rükkaldan bəhs etmək istəyirəm. Dağıstanın Dərbənd-Tabasaran bölgəsində dağlar ətəyində gözəl təbiəti olan Rükkal kəndi var. Qəhramanımız 1948-ci ilin soyuq fevral ayında bu kənddə dünyaya göz açdı. Atası Şeyx Səid Rükkal ona Səfər adını qoysa da ailə içində onu “Əhməd” deyə çağırırdılar. Anası Şərifə xanım yaşadıqları qəsəbədə böyük hörməti olan Fərhad oğlu Abdullanın qızı idi. Ata tərəfdən Seyid olan Əhməd, uşaq yaşlarından elmə, biliyə can atırdı. Ancaq atasının insani keyfiyyətləri onu daha çox cəlb edirdi. Dinin təməl prinsiplərini və ədəb qaydalarını atasından öyrəndi.  Daha sonra Soqratıl kəndində ilahiyyatçı-alim Şeyx Əbdürrəhman Hacıdan dərslər aldı.

1813-cü ildə Rusiya və İran arasında bağlanan Gülüstan Müqaviləsinə əsasən bu torpaqlar Rusiya sərhədlərinə daxil oldu. Səid Rükkal işğalçılara boyun əymək istəmirdi. Bir yandan da oğlunun gələcəyini düşünürdü. O zamanlar Əhmədin hələ 12 yaşı vardı. Onun üçün hər şey hələ qabaqda idi. Oğlunun savadlanmasını, dini və dünyəvi elmlərə dərindən yiyələnməyini arzulayan ata bir tədarük görməli idi…

1960-cı ildə atasıyla birgə Qafqazın sərt yamaçlarını aşaraq Gürcüstanda Rioni çayının Qara dənizə qovuşduğu yerə, Puti limanına çatdılar. Məqsəd dəniz yoluyla Türkiyəyə getmək idi. Qaradəniz bölgəsinə oradan da İstanbula gəldilər. İstanbulun Fatih səmtində Səid Rükkalın bir tanışı yaşayırdı. Bir müddət onlarda qonaq qaldılar. İstanbul kimi şəhəri oğlunun təhsili üçün fürsət bilən ata, gənc Əhmədi yaxınlıqdaki Fatih mədrəsəsinə qoydu. Əhməd məhşur müdərris Fevzi Əfəndidən dərslər almağa başladı. Fəqət, bu uzun sürmədi. Bir gün Əhmədi görmək və müəllimlərlə onun haqqında danışmaq üçün Səid kişi mədrəsəyə gəldi. O xoşa gəlməyən hadisənin şahidi oldu. Müdərrislər mədrəsənin həyətində qəlyan çəkərək qiybət edirdilər. Səid Rükkal ürəyində düşündü: “Özünü yetişdirə bilməyən adamlar, mənim oğluma nə verə bilər?” Elə həmin gün oğlunu mədrəsədən çıxartdı.

Ata və oğul Məkkəyə hacc ziyarətinə getdi…

 Qaldıqları 11 ildə Mahmud Əfrəcəvi, Krımlı Abdullah Məkki, Ömər Rəbbani və Dağıstanlı Qudqaşın Yəhya əfəndi kimi bir çox seyid, alim, sufi şəxslə tanış oldular. Gənc Əhməd Dəməşqdə yaşayan məhşur islam alimi Abdullah Dəhləvidən aldığı dərslərlə dini təhsilini təkmilləşdirdi.

1871-ci ildə atası Seyid Səid Rükkal 83 yaşında Məkkədə maddi dünyasını dəyişdi. 23 yaşlı Əhməd artıq ərəb və fars dillərini ana dili kimi bilirdi. Zahiri elmlərə yiyələnmişdi. Amma niyəsə bu elmlər onun ruhaniyyətini doyurmurdu. Atasının ölümündən sonra Məkkədə çox qala bilməzdi. Həsrətini çəkdiyi Mədinə şəhərinə, piyada yola düşdü. Bu şəhərin mənəvi havasını tənəffüs etmək, canından çox sevdiyi Məhəmməd peyğəmbərin mübarək ayaqlarının basdığı yerlərə üz sürmək istəyirdi. Öyrəndiyi zahiri elmləri eşq və məhəbbətlə daha da kamiləşdirmək istəyirdi.

Xəlil Şirvani Paşanın dəvətiylə İstanbula gələn Əhməd, yiyələndiyi elmlərlə insanlara xidmət etmək istəyirdi.  Eyni ildə babasının nəsihətini yerinə yetirmək üçün Dənizliyə gedib dövrün böyük övliyası Həsən Fevzi əfəndini ziyarət etdi. Oradan da atasının müridlərindən olan Şeyx Hacı Mustafa ilə görüşmək üçün İspartanın qəsəbəsi olan Uluborluya getdi. 11 il qaldığı bu qəsəbədə ətrafına bir çox insan toplandı. Seyid Əhməd onlarla söhbət edər, dini və dünyəvi elmin incəliklərindən bəhs edər, onlara bilmədiklərini onlara öyrədərdi. Hacı Mustafa bu istedadlı seyidin elminə heyran olmuşdu. Ona qohum olmaq üçün öz baldızı Aişə Siddiqəylə evləndirdi…

Bir rəvayətə görə, o Sivrihisara könlünə gələn ilahi bir işarə üzərinə getmişdi. Getmədən əvvəl masasının üstünə bir məktub yazıb qoymuşdu. Məktubda “Üç nəfər gəlib məni soruşacaq onlara istirahətdə olduğumu deyərsən” yazılmışdı. Həqiqətən də bir neçə gün sonra üç adam gəlib Seyidi soruşdu. Xidmətçi dərviş məktubu onlara verib oxumaqlarını xahiş etdi. Məktubu oxuyan şəxs pərt olaraq “Biz “çələbilərdənik” burada bir alimin yaşadığını eşidib onun elminin dərəcəsini yoxlamaq üçün gəlmişdik. Amma artıq biz öz cavabımızı aldıq”dedi.

O, Sivrihisarın ən məşhur məscidlərdə xütbə verməyə başladı. Qurani Kərimin ayətlərinin incəliklərini, dəruni ayətlərin sirlərini camaata təfsir edib, onları ədəbə, əxlaqa və müasirliyə çağırırdı.

1884-cü ildə Sivrihisarda verdiyi dərslər ərəfəsində “Həqaiqut-təcridil mənazilit-tevhid” (Tövhid məqamına aparan əsas yol)adlı əsərini qələmə aldı.

Seyid Əhmədin xütbələri qulaq asanlara təsir edirdi. Yerli alimlər ondan bəhrələnmək üçün onun söhbətlərinə can atırdı. Amma necə deyərlər “cahil bilmədiyinin düşmənidir”. Bəzi dar çərçivəli insanlar bu söhbətləri fərqli yerə yozmağa başladı. Əhməd Hüsaməddin insanları vətəni, milləti sevməyə çağırır,  müasirlik yolunun İslama zidd olmadığını,  “müsəlmanın tərəqqi etmədikcə zərərdə olacağını” deyərdi.

1887-ci ildə haqsız bir şikayət nəticəsində Seyid Əhməd Ankaraya çağırıldı. Ankara valisi Abidin Paşa vəziyyəti başa düşdü.  Belə bir şəxsdən ziyan gəlməyəcəyini başa düşüb ondan üzr istədi. Vali Əhməd Hüsaməddini öz köşkünə dəvət etdi, ona xüsusi hörmət göstərdi. O zamanlar Abidin Paşa “Məsnəvi”nin (Cəlaləddin Ruminin əsəri) təfsirini yazırdı. O, Məsnəvinin şərhində Əhməd Hüsaməddinin elmindən çox istifadə etdi.

İki il Ankarada yaşayan Əhməd Hüsaməddin daha sonra Bursaya köçdü. O, Maksem səmtində məscid və mədrəsə inşa etdirdi. Hacı Qara Yusif, Dağıstanlı Hacı Mustafa, İçelli Mustafa və Bağavizadə Hacı Sadiq kimi bir çox elm adamı, zahir və batin elmlərini artırmaq üçün ondan dərslər alardı. Lakin, xainlərin dili dinc durmadı. Onun haqqında dolaşan bəzi şaiyələr üzündən 1897-ci ildə II Abdülhamidin əmriylə Afrikaya(Trablusqarpa) sürgün edildi.

Bu yerlər o zaman Osmanlı torpaqlarına aid idi. Son 45 il boyunca bir başa İstanbuldan idarə olunurdu. Aralıq dənizinin sahilində yerləşən liman şəhəri idi. Sahilə yaxın olan Mizran küçəsində Fransız konsolluğu yerləşirdi. Seyidi buranın valisi Rəcəb bəy qarşıladı və bu konsolluğun yaxınlığındaki bir evə gətirdi. Ailəsi Seyid Əhməddən ayrı düşmüşdü.  Bu belə davam edə bilməzdi. Həyat yoldaşı Gülsüm xanım iki oğlu Həsən Təhsin və Hüseyn Hüsnü, altı yaşındaki oğlu Əlirıza, iki yaşında İbrahim  onun yanına köçdülər. Bir tək böyük oğlu İsmətullah İstanbulda qaldı. Sonraki illərdə Şeyxin, Cavad adında bir oğlu və daha sonraki illərdə onun ərəbcə əsərlərini türk dilinə tərcümə edən Fatma Zəhra adında qızı dünyaya gəldi.

Əhməd Hüsaməddin sürgündə qaldığı müddətdə boş durmadı. Qurani Kərimin bəzi surələrinin təfsirini və “Müşaxxasətüles-Süvər əl-Quraniyyə”(Quran surələrinin əsas xüsusiyyətləri) əsərini yazdı.

Rumelində cərəyan edən hadisələr böyüdü. Nəhayət 23 iyul 1908-ci ildə II Məşrutiyyətin elanıyla imperiya yeni bir dönəmə girdi. Osmanlı Sultanı sürgündəkiləri əffetmək məcburiyyətində qaldı.

Əhməd Hüsaməddin Trablusqarp Valisi Rəcəb Paşa ilə İstanbula döndü. İyirmi gün İstanbulda qaldıqdan sonra Bursaya gedib, Maksemdəki məscid və mədrəsənin təmirinə başladı. Bir il sonra Konya valisi olan Arif Paşanın Çapadaki evini alıb, İstanbula yerləşdi.

1915-ci ildə dostlarının dəvəti ilə ailəsini alıb Sivrihisara getdi. İki il orada qaldı. Bu müddət ərzində ətraf qəsəbələrdən yanına axın-axın insanlar gəlirdi. Onun irfanından istifadə edirdi.

1918-ci ildə İzmir yolu ilə İstanbula döndü. Üç gün sonra böyük “Fatih yanğını”nda evi və yüzlərcə əsəri yandı. Yanğından sonra təkrar Bursaya döndü.

1920-ci ildə Balıkəsirə getdi, 1921-ci ilin fevralında İstanbula döndü.

Mustafa Kamal Paşaya Məktubları

I Dünya müharibəsi illərində cəbhədə şəhid olanların və itirilmiş torpaqların dərdi, dinc xalqın kasıb güzəranı davam edirdi. Hər tərəfdə aclıq və səfalət hökm sürürdü….Bu çətin zamanlarda xalqı ümidləndirmək və mübarizəyə səsləmək lazımdı.

Seyid Əhməd Hüsaməddinin Mustafa Kamal Paşaya olan hörməti, hələ o məşhur bir zabit olmadan əvvəl başlamışdı. Onun Trablusqarpda yazdığı bir şeirində vətəni xilas edəcək şəxsin 1881-ci ildə zühur edəcəyinə işarət var. “Başını hırkaya çəkmiş yatan aslana bax” misrası, sanki Mustafa Kamalın Qocatəpə cəbhəsində dincəldiyi bir anı əks etdirən foto şəkli təsvir edirdi. Mustafa Kamal Qocatəpə cəbhəsində əsgər gödəkcəsinə sarılaraq dincəldiyi an çəkilmiş bu şəkil elə bil bu misraların reallaşması idi.

1922-ci ildə Seyid Əhməd Hüsaməddin, Mustafa Kamala göndərdiyi bir məktubunda Farsca yazılmış şeiri vardı. “Sizin kimi mərd bir cəngavər Əhli beyt məhəbbətinin gəmisinə daxil olunca, fəlakət dalğaları ona nə edə bilər”

Eyni ildə göndərdiyi bir başqa məktubda “Uzun müddət millətimizin bəladən xilası və firavanlığı uğrunda zəhmət çəkirsiniz”sözlərindən sonra zəfərin yaxın olduğunu bildirən məktub da diqqətə dəyər. Bu məktub, İstanbul-Çanakkale bölgəsinin komandiri Miralay Şövkət bəy vasitəsilə Mustafa Kamala verilmişdi.

Seyid Əhməd tərəfindən 1923-cü ildə Baytar Emin bəyə yazdırdığı məktubu və Emin bəyin öz qeydlərini aşağıda veririk:“Yaşlılığımın verdiyi acizliklə sizlərə ətraflı yaza bilmirəm. Bəzi məktublarım daha əvvəl sizə təqdim olundu. Bu dəfə yazdığım dostluq məktubuna arxalanaraq, vacib nöqtələrə sizin diqqətinizi cəlb etmək istəyirəm. Haqqın əmirlərini daşıyan alimlərin dua və tövsiyyələrinə boyun əydim. Ona görə dua və himmətimiz daim və sabitdir. Millətin birliyi və xilasını düşünüb, bu xidməti könüldən seçdiyiniz üçün Cənabı-Haqq yardımçınızdır. Buna baxmayaraq düşmənlərin ittifaqına yol vermək olmaz. Çünki, İngilislərin məqsədi Türkləri, Kiçik Asiyadan çıxartmaq və öz idarələrini gücləndirməkdir. Məmləkətimizdən qaçanları dənizdən və qurudan üzərimizə qışqırtmağa hazırlaşırlar. Getdiyiniz yerlərdə sizi qoruya biləcək sayıqlığa, qüvvətə sarılmaq və mətanət göstərmək lazımdır. Qapıları yaxşıca qorumaq lazımdır. Yəni Çanakkaleyə hakim olaq. Ondan sonra üzünüzü şərqə çevirin. Sizə buyurduğum bu sözlər mənə işarə olunaraq bildirilib, mərifət yolu ilə ilham olunub. Siz bizim mənəvi övladımızsınız. Hara getsəniz, harada olsanız könlümüz sizinlədir. Bu piri-faninin sözlərini diqqətlə dinləyib əməl edin. 

Hörmət və sevgi ilə müvəffəqiyyətinizi diləyib, dualar edirəm.

Daha sonra Emin bəy qeyd edir ki, bu məktubu 1923-cü ildə Afyon məbusu(millət vəkili)Vasfi bəy Mustafa Kamal Atatürkə verdi. Məktub tərəfimizdən yazılıb, qorundu. Dediyi iki cümlə necə olubsa, məktuba yazılmayıb. Onlar belə idi: “Qaradənizin xilası əlinizdədir. Bizdən ayrılanların bir daha dönməməsi üçün Boğazı bağlayın. Qapını yaxşıca bağlasanız ziyan içəri daxil olmaz.” Seyid Əhməd hər gün qəzetlərdən ordunun hərəkətini, vəziyyətini təqib edirdi. 1922-ci ilin avqustun 22-si başlayıb, eyni ilin 9 sentyabrında bitən onbeş günlük çaxnaşma qələbəylə sona yetdi. İşğalcıların dənizə tökülməsi məmləkətimizdə bir bayrama çevrildi.

Seyid Əhməd Hüsaməddin Rükkal həyatı boyunca millətin aydınlanması uğrunda yorulmadan çalışdı. İstər yazdığı əsərləri ilə, istər gözəl əxlaqıyla insanlara nümunə oldu. 12 aprel 1925 Cümə ertəsi günü Cərrahpaşadaki evində vəfat etdi.

Əsərləri 

Dini, təsəvvüfi elmlərdən başqa riyaziyyat, biologiya, tibb kimi dünyəvi elmlərə də malik idi. Hələ gənc yaşlarında Nəqşibəndiyyə təriqətinin şeyxi olaraq tanınırdı. Bursa, Sivas, İstanbul kimi şəhərlərdə onun yaratdığı təkkə və zaviyələr fəaliyyət göstərirdi. Nəqşibəndiyyə təriqətində Əhməd Hüsaməddini “Əhmədiyyə” qolunun yaranmasına səbəb odur. Onun çox zəngin elmi çalışmaları var. Onlardan bəziləri bunlardır: Ədvarül-Aləm: Nas və Fələk surələrinə aid hissələri Edvarı-Aləmdən parçalar adıyla Kazım Öztürk tərəfindən nəşr edilib. Əsər günəş sistemindən bəhs edir. Müşaxxasat-i süveril-Quraniyyə: Əsərin Abəsə, Məryəm, Hac, Enbiya, Kəhf, və Tahə surələrinin təfsirindən mütəşəkkil 20 səyfəlik, 6 bölüm şəklində nəşr olundu. Kəhf surəsinin təfsirində torpaq altındaki təbii sərvətlərdən bəhs edir.

Məvalüdil Əhli-beyt: Məvalidi Əhli beyti-nübüvvə adlı ərəbcə əsərin bəzi əlavələrlə türk dilinə tərcüməsidir. “İslam Fəlsəfəsinə İşıq Saçan Seyidlər” adıyla nəşr olunub.

Esrai: Müəllifin Vəcizətül- hüruf  ala mənatiqi -s-süvər adlı ərəbcə əsərinin əsas bölümünün türk dilinə tərcüməsidir.

Məzahirül-vücud ala mənabiri-ş-şühud: Kəhf, İsra, Nəbə və Mülk surələrinin təfsiridir.

Sənan Nağı

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …