Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Ayaqyolu”na çevrilən binalar… – FOTOLAR

“Ayaqyolu”na çevrilən binalar… – FOTOLAR

Bakıda inşa edilən yeni tikililərin əksəriyyətinin girişlərində rəqəmsal kodlu qıfıllar olur. Bu da binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması baxımından, önəmli faktor kimi qiymətləndirilir. Lakin paytaxtımızda yeni tikililərlə müqayisədə köhnə binalar daha çoxdur. Bu binaların isə əksəriyyətinin bloklarında nəinki rəqəmsal kodlu qıfıl, heç qapının özü belə, yoxdur. 
Xüsusilə də “20 Yanvar” dairəsi, Bakının Yasamal rayonu Şərifzadə küçəsində  yerləşən köhnə binalarda vəziyyət daha acınacaqlıdır. “20 Yanvar” dairəsində olduğumuz zaman söhbət etdiyimiz sakinlər bildirdilər ki, xüsusilə Xırdalan istiqamətinə hərəkət edən avtobusların dayanacağına yaxın məsafədə yerləşən binaların blokları demək olar ki, tualetə çevrilib.
Sakin Feyruz Kərimov bildirdi ki, hətta havalar soyuq olduğu zaman binaların bloklarında küçə itlərinə də rast gəlmək olur: “Bura dayanacağa yaxındır. Eyni zamanda bu boyda ərazidə bir dənə də olsun, tualet yoxdur. Ancaq təbii ki, bu, ona əsas vermir ki, yol üstündə olan şəxslər öz təbii ehtiyaclarını insanların yaşadıqları binaların blokunu tualet kimi istifadə etməklə ödəsinlər. Bu ərazidə yerləşən binaların əksəriyyəti köhnə tikililərdir. Elə binalar var ki, bu kimi səbəblərə görə sakinlər yığışıb, bloklara qapı düzəltdiriblər. Ancaq hansı blokun qapısı yoxdursa, orada zibildən tutmuş digər bu kimi natəmizliyə rast gəlmək olur. Hətta hava soyuq olduğu zaman bir də görürsən ki, küçə itləri girib, blokda yatıblar. Eyni zamanda binaların təmirə də ehtiyacı var. Pilləkənlər də yaxşı vəziyyətdə deyil”.
Oxşar hala demək olar ki, şəhərin bütün rayonlarında yerləşən köhnə binalarda da rast gəldik. Yasamal rayonu Şərifzadə küçəsində yerləşən binaların birində yaşayan Kərim adlı sakinin sözlərinə görə, bu ərazidə zibil əlindən tərpənmək olmur: “Bu küçə demək olar ki, mərkəzi küçələrdən hesab olunur. Düz “Kaktus” restoranı ilə üzbəüz binada yaşayıram. Binamız köhnə olsa da, bloklara kodlu qapı qoydurmuşuq. Ancaq nə zaman ki, qapı təsadüfən açıq qalır, blok zibillənir. Ona görə də məcbur olub, qapıya yazı da yapışdırmışıq ki, “Xahiş edirik, qapını örtün”. Doğrudur, binalar köhnədir. Ancaq gərək insanların özü də düşünsünlər ki, anti-sanitariya qaydalarına əməl etmək lazımdır. Xüsusilə, son zamanlar qənaət rejiminə keçidlə əlaqədar küçələrin işıqları gecələr söndürülür. Bu da mövcud vəziyyəti daha da ağırlaşdırır. Binaların da heç birinin girişində işıq yoxdur”.
Məsələ ilə bağlı münasibət öyrənmək üçün Bakı şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə əlaqə saxladıq. Departamentin sədr müavini Sabit Hüseynov musavat.com-a bildirdi ki, hansı rayondan şikayət varsa, həmin rayonun mənzil kommunal təsərrüfatı birliyinə müraciət etmək lazımdır. Bu kimi problemin şəhərin əksər rayonlarında olduğunu söylədiyimiz zaman S.Hüseynov telefonu qapatdı.
Əli Rais, 
Musavat.com,
Fotolar müəllifindir.










Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın