Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Gündəm / Akif Çovdarovun icra başçısına qarşı qara maskalı əməliyyatı haqda yeni təfərrüat

Akif Çovdarovun icra başçısına qarşı qara maskalı əməliyyatı haqda yeni təfərrüat

Sabiq MTN generalı dövlətin 800 min manatını reketçiliklə ələ keçirib; həmin vəsait Əhəd Abıyevin Daşkəsəndə tikdirdiyi körpünün pulu imiş, məbləğ hələ də geri qaytarılmayıb

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) vəzifəlilərinin iş adamlarından aylıq xərac toplaması yeni xəbər deyil. Məmurların, vəzifəli şəxslərin də “mahmudovçu”ların caynağına keçməsi haqda indiyədək çox yazılıb, deyilib. Şantaj yolu ilə məmurlardan, iş adamlarından xərac yığması ilə bağlı vaxtaşırı yeni faktlar aşkarlanır. 
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarovun belə qanunsuz əməllərin törədilməsində öncül yerlərdə qərarlaşması da artıq kimsəni təəccübləndirmir. Redaksiyamıza daxil olan məlumata görə, A.Çovdarovun əl uzatdığı şəxslərdən biri də Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev olub. Xatırladaq ki, bu haqda iki gün öncə bəzi saytlarda məlumat gedib. Amma musavat.com bu xəbərə aid əlavə məlumatlar öyrənib. Əlimizdə bəzi detallar var.
***
İki il əvvəl Ə.Abıyevin MTN-in yerli şöbəsinin rəisi ilə aralarında narazılıq yaranıb. Sonradan bu narazılıq ciddi qarşıdurmaya çevrilib. İş o yerə çatıb ki, Ə.Abıyev “yuxarılara” müraciət etməklə MTN-in yerli şöbəsinin ona mane olmasını çatdırmalı olub. Bundan sonra şöbə rəisi geri çəkilib. Tərəflər arasında qarşıdurma səngimiş kimi göründüyü bir vaxtda Daşkəsən rayonunun Qabaqtəpə kəndində körpü tikintisinin aparılması üçün tender elan olunub. Tenderin qalibi olan iş adamı rəhbərlik etdiyi şirkətin mühasibi ilə birgə Bakıya tikintinin aparılması üçün büdcədən ayrılan vəsaitin alınması üçün gəliblər. Amma geri dönməyiblər.
Həmin iş adamının, onun mühasibinin yaxınları güman etdikləri ünvanlarda onları tapmadıqda Daşkəsən İcra Hakimiyyətinə üz tutublar. Əhəd Abıyevdən yaxınlarını tələb edən şəxslərə başçı konkret bir söz deyə bilməyib. 2 günlük axtarışlardan sonra məlum olub ki, hər iki şəxs bankdan 800 min manatı alıb çıxandan sonra MTN-in qara maskalılarının hücumuna məruz qalıblar. Küçənin ortasında oğurlanan həmin şəxslər başlarındakı  torbanı çıxararkən MTN-də Akif Çovdarovun kabinetində olduqlarını görüblər.
A.Çovdarov kabinetinə gətirilən şəxslərin cinayətkar olmalarını “izah” etdiyi bir vaxtda Ə.Abıyev də MTN-ə çağırılıb. Akif Çovdarov Əhəd Abıyevi bir qədər gözlətdikdən sonra onu qəbul edib. Tərəflər arasındakı qarşılıqlı ittihamlar Çovdarovun Abıyevi həbslə hədələməsi ilə nəticələnib. Deyilənlərə görə, A.Çovdarov Ə.Abıyevə “5 ildir icra başçısısan, amma indiyədək gəlib bizi görməmisən” söyləyib. Bunun nəyə işarə olduğunu yəqin oxucu başa düşdü. Yuxarıda qeyd etdiyimiz kimi, MTN rəhbərliyi hər kəsə xərac yükləyib – kiminə az, kiminə çox. Necə deyərlər, damarına baxıb, qan alırlarmış… 
 
Bundan sonra Əhəd Abıyev Eldar Mahmudovla görüşmək istəyib. Görüş baş tutub. Nazir Əhəd Abıyevə 5 il əvvəl icra başçısı təyin edildiyini xatırladıb, bu müddət ərzində MTN rəhbərliyinə sayğı göstərmədiyini irad tutub. Uzun müzakirədən sonra E.Mahmudov Ə.Abıyevə bir tikinti layihəsi verib. Deyib, get bu layihəni reallaşdır. Həmin layihənin tikintisi bir neçə yüz min manat olub.
Əlimizə çatan məlumatlara görə, Əhəd Abıyev MTN-də “təmizləmələr”, həbslər baş verəndən sonra yaradılan istintaq qrupunun üzvləri tərəfindən dindirilib. İcra başçısı körpü tikintisinə dövlət büdcəsindən ayrılan 800 min manatın qaytarılmadığını da istintaqçılara deyib.
Ə.Abıyev tender qaliblərinin Bakıya 800 min manatı bankdan çıxarmaq üçün gəldikləri haqda məlumatların MTN-in yerli şöbəsinin rəisi tərəfindən ötürülməsini də istisna etməyib.
İcra başçısı olayla bağlı mətbuata açıqlamasında belə bir olayın yaşandığını da gizlətməyib.
“Hələ Akif Çovdarov utanmaz-utanmaz mənə deyirdi ki, ”bir neçə ildir ki, icra başçısısan, amma bir dəfə də olsun gəlib, bizi “görməmisən”.
Çox həyasız adam idi. Mən ona ağzıma gələni dedim. İnsanların balası var, küçədən oğurlayıb, ona işgəncə vermişdilər. Hələ Eldar Mahmudov utanmaz-utanmaz mənə deyirdi ki, “bura sənə Milli Məclis deyil”. Dedim, sizin əməlləriniz insanı özündən çıxarır. Onu MTN-dən aparanda tanınmaz halda idi. Eldar Mahmudov və dəstəsi millətin bəlasına çevrilmişdi. Mən yüzlərlə məmur tanıyıram ki, bunlar “vurulanda” qurban kəsdilər” -deyə Ə.Abıyev bildirib.
 
Mənbə bildirir ki, A.Çovdarovun oğurladığı 800 min manat bu günə kimi qaytarılmayıb. Daşkəsəndə tikilən körpü isə Ə.Abıyevin hesabına inşa edilib və ötən il dekabrın 24-də açılışı olub. İcra başçısı həmin vəsaiti, deyilənə görə, çox çətinliklə tapıb. Bu layihənin vaxtında reallaşması üçün Ə.Abıyevin xeyli borca düşdüyü də bildirilir. 
musavat.com

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın