Ana səhifə / Gündəm / Akademikdən Sərdar Cəlaloğluna mənəviyyat dərsi – “Karikaturuda Naxçıvan ləhcəsinin bayağı şəkildə lağa qoyulması…”

Akademikdən Sərdar Cəlaloğluna mənəviyyat dərsi – “Karikaturuda Naxçıvan ləhcəsinin bayağı şəkildə lağa qoyulması…”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun təsiscisi olduğu “Hurriyyət” qəzetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın orta ümumtəhsil məktəblərində dərs poqramında nəzərdə tutulan ədəbiyyatdan başqa əlavə bədii əsərlərin oxunmasının tövsiyə edilməsi barədə sərəncamına isteza ilə yanaşıldığını əks etdirən karikatura dərc edilib. Həmin karikaturada Naxçıvan ləhçəsi də bir lağ obyekti kimi təqdim edilib. Məlum karikatura Naxçıvan əsilli ziyalıların arasında böyük narazılığa səbəb olub. Redaksiyamızın elektron ünvanına Sərdar Cəlaloğlunun sahibi olduğu qəzetin buraxdığı yalnışlığı tənqid edən bir neçə müəllif yazısı təqdim edilib. Həmin yazıları bir-bir ictimaiyyətin diqqətinə çatırmağı söz veririk. Bu xüsusda ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının  vitse-prezidenti, akademik İsa Həbibbəylinin müəllif yazısını təqdim edirik:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın orta ümumtəhsil məktəblərində dərs poqramında nəzərdə tutulan ədəbiyyatdan başqa əlavə bədii əsərlərin oxunmasının tövsiyə edilməsi barədə sərəncamı hələ də müzakirə olunmaqda davam edir. Bu, əhəmiyyətli layihəni dəstəkləyənlərin, kitaba çağırışın əhəmiyyətini təhlil edib qiymətləndirən çoxsaylı ziyalıların mövqeyi yeni şəraitdə maarifçiliyi daha da inkişaf etdirməklə müasir inkişafa nail olmağın mümkünlüyünə və üstünlüklərinə inamı ifadə edir. Bununla belə, az da olsa kitaba, mütaliəyə çağırışları qəbul etməyib, mənasız və məqsədli söz-söhbətə çevirənlərin niyyətlərinin arxasında nə dayandığını da təsəvvür etmək çətin deyildir. Aşkar görünür ki, bu qəbildən olanlar üçün kitab oxumağa çağırış məsələsi ələ düşmüş bir bəhanədir. Onların canfəşanlığının mahiyyətində bədxassəli bir qarayaxma, paxıllıq, qısqanclıq və daha fərqli məkrli niyyətlər dayanır. XX əsrin əvvəllərində tanınmış Azərbaycan yazıçısı İbrahimbəy Musabəyov haqlı olaraq belələrini öz adı ilə “cəhalət fədailəri” adlandırmışdı. Aradan bir əsr keçməsinə baxmayaraq, “cəhalət fədailərinin” hələ də meydanda görünməkləri min təəssüf doğurur.

Bu günlərdə “Hürriyyət” qəzetinin çap etdiyi “karikatura” isə kitaba çağırışa tamam əks mövqedən, qeyri-obyektiv münasibəti ifadə edir. Nə qədər təəccüblü olsa da nəinki Azərbaycan karikaturaçılığının, tam halda Azərbaycan satirasının tarixində ilk dəfədir ki, kitaba, mütaliəyə, oxuyub öyrənməyə çağırış sərt tənqid hədəfi kimi seçilib. Azərbaycan mətbuatı bir əsrdən çoxdur ki, təhsillə, elmlə, kitabla, məktəblə əlaqədar idealların əleyhinə olanları tənqid etməklə xalqı inkişaf etdirmək uğrunda mübarizə aparır. Lakin ilk dəfədir ki, mətbuatda bunun tərsinin şahidi oluruq. XX əsrin əvvəllərində “Oxutmuram, əl çəkin” deyib övladlarını təhsildən, kitabdan uzaqlaşdıranlar, “nə bilirdim nə zəhrimardı kitab” təsəvvürü ilə yaşayanlar tənqid atəşinə tutulurdusa, indi elə müxalifət düşərgəsi və mətbuat orqanı da tapılır ki, özünəməxsus məqsədlərlə “Oxumuram, əl çəkin” – məntiqini cəmiyyətə müasr dövrün reallığı kimi çatdırmaqda israrlıq edir. Nə qədər ağlasığmaz olsa da, gənclərə kitab oxu demək və ya bu kitabları da oxuyun demək böyük qəbahət, az qala fəlakət hesab olunur. Əgər Azərbaycan müxalifəti və mətbuatı bu yolla getməkdə davam edəcəksə bu o deməkdir ki, vay bizim halımıza!

“Hürriyyət” qəzetindəki “karikatura” Azərbaycan klassik maarifçiliyinin təməl prinsiplərinə zidd olmaqla bərabər, ümummilli baxışlarımızın, milli mətbuatımızın müasir dövrdəki məramı və məqsədləri ilə də tam tərs mütənasibdir. Bu, Azərbaycan maarifçiliyinə, milli-mənəvi dəyərlərimizə, böyük mətbuat ənənələrinə hörmətsizlikdir. Heç şübhəsiz, “Hürriyyət”in karikaturası konkret olaraq seçilmiş mövzuya qarşı da haqsız və ədalətsiz münasibəti kobudcasına ifadə edir. Bu, bütövlükdə kitab oxumağı faydalı hesab edən, elmə, təhsilə inam bəsləyən hər kəsə qarşı yönəldilmiş təhqirdir. “Kitab oxuma” deyənlərin hamısının, o cümlədən də həmin mövqedən çıxış edən “Hürriyyət” qəzetinin və onun sifarişi ilə çəkilmiş karikaturanın cızmaqaraçısının hədəfində dövlət başçımız İlham Əliyevin ölkəmizin bütün regionlarını inkişaf etdirmək qayğılarının işığında Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı islahatlara, əldə olunan nailiyyətlərə qara niyyətlərlə, dargözlüklə baxmağın dayandığı hər kəsə gün kimi aydındır. Haradan baxsaq, Azərbaycan cəmiyyəti üçün müxalifətin və müxalifətçi mətbuatın bu cür haqsız və ədalətsiz münasibəti heç cür qəbuledilməzdir. Özünü dünya miqyasında bir neçə “elmi nəzəriyyənin” müəllifi kimi təqdim edən Sərdar Cəlaloğlunun təsisçisi olduğu qəzetdə kitab oxumağa, mütaliə etməyə, elm öyrənməyə çağırışın bu cür aşağılanması və təhrif edilməsi onun özünün hansı səviyyədə “elmə” aid olduğunun göstəricisidir. Əslində burada təəccüblü də heç nə yoxdur. Yad ölkələrdəki məkrli niyyətli xüsusi dairələrin pul kisəsindən asılı olan, mümkün olan bütün vasitələrlə “himayədarlarının” etimadını qazanmaqdan, bu yolda lazım gələrsə ölkəsinə və xalqına qara yaxmaqdan çəkinməyən qruplardan fərqli bir addım gözləmək sadəlövhlük olardı.

Başqa bir məsələ. “Hürriyyət”çilərin karikaturasında Naxçıvan ləhcəsinin bayağı şəkildə lağa qoyulması ölkəmizdə mövcud olan, xalqımıza məxsus dialektlərdən və şivələrdən yoğrulmuş müqəddəs ana dilimizə həqarətdir. Azərbaycan dilinin milli koloritini, daxili zənginliyini göstərən dialektlər və ləhcələr hər bir azərbaycanlı üçün çox qiymətli və doğmadır. Bu dialekt və şivələrə xor baxmaq, yumşaq desək, dilimizin zənginliklərini təhrif edərək lağlağı obyektinə çevirmək siyasi mənsubiyyətindən asılı olmayaraq hər hansı bir özünü azərbaycanlı hesab edən şəxs üçün bağışlanmaz haldır. Əlbəttə, biz onu da unutmuruq ki, kiçik qrup mənafelərini hər şeydən üstün tutmağa hazır olan “hürriyyətçilər” üçün belə bir milli-mənəvi məsuliyyət dəryada balıq sövdasından da uzaqdır.

Ümumiyyətlə, kitab oxumağa çağırışa narahatlığın dərəcəsini aşan bu “karikatura” onun sifarişçisinin və icraçısının subyektiv çirkin niyyətlərini əks etdirir. Belə bəd niyyətli adamlara son çarə olaraq Naxçıvanda məktəblilər üçün tövsiyə olunmuş kitabların siyahısına daxil edilmiş Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”ndəki aşağıdakı müdrik kəlamları təkrar-təkrar oxumağı məsləhət bilirik: Kitab oxumayan adam əlində çıraq saxlayan kora bənzəyir!
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar, qazanılan nailiyyətlər və davam etməkdə olan proseslər bütövlükdə müstəqil dövlətimizin real inkişafının əyani göstəricisidir. Bizə görə bu proseslərin daha da inkişaf etdirilməsinə sevinmək və dəstək olmaq əsl azərbaycanlı mövqeyi ifadə etdirmək deməkdir. Əks mövqedə dayananların isə məqsədlərinin əsl mahiyyətini deməyə ziyalı andına sədaqətim yol vermədiyi üçün bu işi düşüncəli azərbaycançı oxucunun vicdan mühakiməsinə və Mətbuat Şurasının müzakirəsinə buraxıram…
Müstəqil Azərbaycan dövləti və onun bir parçası olan qədim Naxçıvan diyarı isə tarixi yolunu davam etdirmək, müasir dövrdəki ümummilli hədəflərinə, milli-mənəvi bütövlüyünün möhkəmləndirilməsinə doğru daha qətiyyətlə addımlamaq üçün özünün şərəfli missiyasını layiqincə həyata keçirmək yollarında daim səy göstərəcəkdir.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik”

Azinforum.az 

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …