Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / ABŞ Azərbaycan ərazisindən Rusiyaya qarşı hərbi məqsədlə istifadə edib?

ABŞ Azərbaycan ərazisindən Rusiyaya qarşı hərbi məqsədlə istifadə edib?

Qabil Hüseynli: “Azərbaycan heç vaxt bu cür proseslərin olmasına imkan verməzdi”

“Azərbaycanda belə bir şəraitin yetişməsi qeyri-mümkün idi”

Rusiya prezidenti Vladimir Putin dövlət kanalı “Rossiya 1”-də “Prezident” adlı xüsusi proqramda milli təhlükəsizlikdən “pensiya planlarına” qədər maraqlı mövzulara toxunub. Baki-xeber.com xəbər verir ki, “Prezident” adlı film Putinin hakimiyyətdə keçən 15 ilinə həsr olunub.
Putinin açıqlamalarından qısa xülasələr:
Putin CIA-nın (ABŞ kəşfiyyatı) açıqlamadığı bir tarixdə (açıqlamadan bunun Buşun prezidentlik dövründə olduğu aydın görünür) Şimali Qafqazda Rusiyaya qarşı müharibə aparan qüvvələrlə Azərbaycan torpaqlarında birbaşa təmas qurduğunu, hətta onları avtomobillərlə təmin etdiyini bildirib. Rusiya prezidenti bunu dövrün ABŞ prezidentinə söylədiyini, həmsöhbətinin isə “Mən onları…” deyə pis ifadələr işlətdiyini bildirib.
Putin prezidentlik həyatının ən çətin günlərinin Beslanda məktəb, Moskvada teatra terrorçuların hücumu zamanı çox sayda insanın ölməsi ilə nəticələnən hadisələrin olduğu iki günün olduğunu deyib.
2018-dəki prezident seçkisinə gəlincə, Putin özünü prezidentlik xaricində həyata da hazır gördüyünü bildirib: “Əgər insan yalnız sarayların mühitində qalmadan sıradan bir həyata dönüb yaşamağa davam edə bilərsə, o zaman xarici dünya ilə əlaqələrini qoparmayıb deməkdir”.
Putin 1999-cu ildə baş nazir olan vaxt bir oliqarxın otağına gəlib, Yeltsin üzərindəki təsirini nəzərdə tutaraq “Burada prezident heç bir zaman olmayacaq” dediyini, özünün də “Yaşayarıq, görərik” dediyini bildirib.
Rus lider oliqarxları necə zərərsizləşdirdiyinə dair suala isə çox qısa cavab verib: “Fərqli yollarla. Fərqli üsullarla”.
Bəllidir ki, Putinin Azərbaycanın adını belə məsələdə hallandırması heç bir konkret fakta əsaslanmır. İkincisi isə, belə əməllərin törədilməsi Azərbaycanın qəbul etdiyi təhlükəsizlik doktrinasına ziddir.

Həmin vaxt Azərbaycanda mühüm post tutan Qabil Hüseynlinin sözlərinə görə, Putin filmdə Azərbaycanın adını çəkməklə bildirmək istəyir ki, guya vaxtilə Amerika kəşfiyyatı Qafqazda baş verən proseslərə Azərbaycandan müəyyən diqtələr edir və bir növ, Rusiyanın dağılma prosesini sürətləndirmək üçün işlər görürmüş: “Bu, qəti surətdə belə deyil. Əksinə, Azərbaycan həmin dövr Rusiya ilə münasibətləri qaydaya salmaq üçün ciddi addımlar atırdı. Söhbət 1990-cı illərin əvvəllərindən gedir. Həmin dövr Azərbaycan Ermənistanla qızğın müharibə şəraitində idi. Bu müharibədə Rusiya qoşunlarının müəyyən hissəsi yaxından iştirak edirdi. Bu dövrdə Azərbaycanın ən ciddi problemi Ermənistanla müharibə idi. Azərbaycan həmin dövr Rusiya ilə münasibətləri normal vəziyyətə gətirmək üçün çox ciddi səylər göstərirdi. Çünki Yeltsinin dövründə Rusiya Azərbaycana qarşı bir blokada siyasəti həyata keçirməyə başlamışdı. Bunun nəticəsində Azov dənizi vasitəsilə Volqodonsk kanalı ilə Xəzər dənizinə Ukraynadan taxıl daşınmasının və ümumiyyətlə Azərbaycanın dünya okeanına çıxışının qarşısı alınmışdı. Azərbaycan gəmiçilikdən istifadə yolu ilə, bir növ, yükdaşımalarını həyata keçirə bilmirdi. Belə bir zamanda ölkəmizdə Amerikanın elə də böyük səfirliyi yox idi ki, onun ərazisində hər hansı məxfi cihazları və yaxud çeçenlərin hərəkətini istiqamətləndirəcək təlimatçı işinin həyata keçirilməsini təsəvvür edə biləsən. Düzdür, həmin dövrdə Azərbaycanda çeçen yaralıları var idi. Onlar da ölkəmizə qanuni yollarla gələrək müalicə olunurdular. Ancaq bu çeçenlər sayca çox az idi. Buna görə də onların Amerika kəşfiyyatının nəzarəti altında Azərbaycana gətirilməsi və yaxud səfərbər edilmiş çeçenlərin Şimali Qafqazda Amerika kəşfiyyatı ilə işbirliyi qətiyyən ağlabatan deyil”.
Qabil Hüseynlinin sözlərinə görə, Putinin işlətdiyi ifadələrin heç bir ciddi əsası yoxdur: “Həmin dövr mən dövlət vəzifələrində işləmişəm və proseslərin içində olmuşam.
Səmimi deyirəm ki, Azərbaycan heç vaxt bu cür proseslərin olmasına imkan verməzdi. O vaxt təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanlarımız kifayət qədər səmərəli iş aparırdı. Yəni sözügedən hadisənin baş verməsi və Azərbaycanda belə bir şəraitin yetişməsi qeyri-mümkün idi. Xüsusilə də Heydər Əliyev Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına həmin vaxt çox böyük önəm verirdi”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın