Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / 5 tələbənin qatili olan sürücü 61 dəfə cərimə olunubmuş!

5 tələbənin qatili olan sürücü 61 dəfə cərimə olunubmuş!

Ərşad Hüseynov: “İctimai nəqliyyat vasitələrinin sükanı arxasında olan sürücülərimizin 70-80 faizi potensial qatillərdir”
Son vaxtlar Azərbaycanda dəhşətli yol qəzalarının sayı artıb və bu qəzalarda kütləvi ölüm halları az qala adi hala çevrilib. Bu cür dəhşətli avtobus qəzalarından biri də martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verib. Qəza “Ford-tranzit” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində baş verib.
Mikroavtobusda olan 5 tələbə həlak olub, 21 nəfər yaralanıb. Ölənlərin hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Qəzada həlak olan tələbələrin meyitləri ailələrinə təhvil verilib.
“Qafqazinfo” xəbər verir ki, cəsədlərin təhvil verildiyi Respublika Kliniki Xəstəxanasının qarşısında dramatik anlar yaşanıb. Səhər övladlarını dərsə yola salan valideynlər az sonra onların cəsədlərini qarşılayıblar.
Baş verən qəzaya görə saxlanılan 52-BE-874 dövlət qeydiyyat nişanlı “ZİL” markalı yük avtomobilinin sürücüsü, Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Şəmistanlı Elvin Eldar oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində izahat verib. O bildirib ki, martın 8-də axşam saat 22:00 radələrində Sumqayıt istiqamətində körpünün üzərində idarə etdiyi yük avtomobilinin təkərlərində problem yaranıb. Nəticədə sürücü yük avtomobilini körpünün sonunda saxlayıb: “Mən maşını saxladığım yerdən bir neçə metr aralıda xəbərdarlıq nişanı və 30 metr aralıda 3 ədəd mişar daşı qoymuşdum. Gecə saatlarında isə yol polisi əməkdaşları yük avtomobilinin hərəkətsiz vəziyyətdə dayandığı yeri xəbərdaredici lentlərlə bağlayıb. Səhər saatlarında usta ilə birgə geri dönərkən gördüm ki, ”Ford” mişar daşlarının üstünə çıxıb və mənim yük avtomobilimin arxa hissəsinə çırpılıb”.
Faktla bağlı cinayət işi başlanılıb, E. Şəmistanlı və “Ford” markalı mikroavtobusun sürücüsü Namiq Hüseynov saxlanılıb. Qeyd edək ki, qəzanın başvermə anını və səbəbini açıq-aşkar əks etdirən görüntülər yayılıb. Görüntülərdən məlum olur ki, qəza törədən qırmızı rəngli “Ford”un sürücüsü körpünün üzərində qanunsuz ötmə əməliyyatı aparır, digər “Ford”u sağdan ötməyə çalışır. Hansı ki, sağdan ötmə qadağandır. Araşdırmalar zamanı məlum olub ki, qəza törədən “Ford” markalı mikroavtobusun sürücüsü Namiq Hüseynov uzun illərdir “Ford” sürür və o, 2012-ci ildən martın 6-dək 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.

Mahir Mammadli adlı birinin şəkli.
Görünən odur ki, növbəti sürücü səhlənkarlığı daha 5 nəfər ailənin gözünü yaşlı qoydu. Son statistikaya nəzər salsaq görərik ki, yanvarın əvvəlindən fevralın 16-na qədər baş vermiş yol-qəza hadisələrində piyadaların avtomobillərlə vurulması halları ciddi narahatlıq doğurur və ciddi tədbirlərin görülməsini zəruri edir. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib. V.Əsəsdov deyib ki, qeyd olunan müddət ərzində Bakı şəhərində yol-nəqliyyat hadisələrində 22 nəfər həyatını itirib ki, bunun da 13-ü piyadalardır. Piyadalarla bağlı həyata keçirilən zəruri tədbirlər davam etdirilir. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı qeyd edilən tarix ərzində ümumilikdə yol polisi əməkdaşları tərəfindən 91,625 inzibati protokol tərtib edilib. Eyni zamanda 22,753 piyada saxlanılaraq məsuliyyətə cəlb edilib. Bundan əlavə, mərkəzi məlumat sistemi vasitəsilə elektron qaydada 74,848 protokol tərtib edilib.
Maraqlıdır, bu qədər yol qəzalarının baş verməsinə səbəb nədir? Xatırladaq ki, Azərbaycanda kifayət qədər yarımçıq və uçuq-sökük təhlükəli magistral yollar var. Təhlükəli hesab edilən yollardan biri də Ağsu aşırımıdır. Bundan başqa, Lənkəran-Lerik yolu da təhlükəlidir. Bura yolu düşənlər hər ağaca qırmızı lent bağlandığını görə bilərlər. Bu isə o deməkdir ki, bu yol çox canlar alıb. Daha bir təhlükəli yol Şəkidən Qaxa gedən yol və Oğuz yoludur. Bu yollar dar olduğuna görə tez-tez qəzalar baş verir. Qəzaların bir səbəbi də Bakıdan rayonlara fasiləsiz və yuxusuz halda işləyən mikroavtobus sürücüləridir. Bir çox ekspertlər bu cür sürücüləri potensial qatil, cani adlandırırlar. Bildiyiniz kimi, rayonlara çalışan mikroavtobusların gecə saatlarında yola çıxması qadağan edilib. Ancaq buna baxmayaraq, hələ də gecə rayona yola çıxan mikroavtobuslar var. Onlar avtovağzaldan kənarda dayanır və əvvəlcədən təyin olunmuş müştəriləri yığıb yola düşürlər. Çatdıqları rayonda 2 saat dincəlib yenidən sərnişin yığaraq geri qayıdırlar. Təbii ki, yuxusuz və yorğun sürücü hər an onlarla günahsız insanın qatilinə çevrilə bilər. Paytaxtda baş verən qəzalara səbəb isə sürücülərin plan doldurmaq istəyi və 20 qəpik artıq qazanc əldə etmək hərisliyidir. Çoxlarımız sürücülərin telefonla danışaraq, tum çırtlayaraq, siqaret çəkərək avtobus idarə etdiyinin və qəzalı vəziyyət yaratdığının şahidi olmuşuq. Maraqlısı isə odur ki, yol polisləri bu kimi neqativ halları görməzlikdən gəlir.

Image result for Ərşad Hüseynov
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, burada əsas səbəb insan təfəkkürü, insan düşüncəsidir: “Bu dəqiqə Azərbaycanda avtobus sükanı arxasında olan sürücülərimizin 70-80 faizi potensial qatillərdir. Çünki heç bir hazırlıqları yoxdur, sadəcə olaraq, kamikadzeliklə məşğuldurlar. Bu sürücülər pul qazanmaq üçün hər şeyə getməyə hazırdırlar. İnsan həyatı, yol hərəkəti qaydaları hamısı ikinci, üçüncü planda qalır. Biz bunu dəyişməliyik. Sürət yolunda təhlükəsizliklə bağlı çox ciddi qüsurlar var. Sürücülər, xüsusən də avtobus sürücüləri kamikadzeliklə məşğul olduqları üçün nəticədə 5 nəfər ölüb, 21 nəfər insan xəsarət alıb. Bu insan amilidir, çünki bunlara nəzarət edən insandır. Mən dəfələrlə radioda, mətbuatda, televiziyada da danışmışam ki, sürücülər kamikadzelik edir, insanları öldürür və azadlıqlarını itirir”.
Ə.Hüseynov Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə bağlı şok detalları da açıqlayıb. Ekspertin sözlərinə görə, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin aparan nəqliyyat vasitələrinin əksəriyyəti yük maşınlarıdır: “Həmin avtomobillərin əksəriyyəti yük avtomobilləridir. Sadəcə, konstruksiyasını dəyişib sərnişin mikroavtobusu ediblər. Bundan əlavə, sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi ediblər. Şəhadətnamədə yük avtomobili yazılıb, amma sərnişin daşıyırlar. Hətta sərnişin daşıma üçün nəzərdə tutulan avtomobillərin də əksəriyyətində konstruksiya dəyişikliyi edilir. O maşını zavod 13, 15 nəfərlik buraxır. Amma ara məsafəsi üçün nəzərdə tutulan hissəyə açılıb-yığılan oturacaqlar düzürlər və 18, 20 və daha artıq adam aparırlar. Konstruksiyaları da dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı bir az da artır. Mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalıdır. Oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilmiş olmalıdır. Belə olan halda qəzanın nəticələri minimuma enir. Amma bunlar yoxdur. Olmadığı üçün də belə faciələr yaranır”.
Ərşad Hüseynovun sözlərinə görə, bu özbaşınalıq illərdir davam edir: “Bu faciəvi özbaşınalıqdır, illərdir davam edən vəhşilikdir. Buna göz yumulur. Nəinki göz yumulur, hətta buna şərait də yaradılır. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. “20 Yanvar” metro stansiyasının ətrafında Bakı-Sumqayıt yolunun sürücüləri nə hoqqalardan çıxır, hamı bunu gözəl bilir. Təkcə DYP yox, nəqliyyatın tənzimlənməsinə məsul olan, habelə polisin bütün xidmətləri bu işə ciddi yanaşmalıdır. “20 Yanvar” ətrafına Bakı-Sumqayıt yolunda ”meymunluq” edənlər hətta özlərinə qanunsuz avtovağzal da yaradıblar. Oradan da işləyirlər. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. Yığışdırılması üçün müraciət etmişəm. Mətbuatda işıqlandırmışam. Onlarda nəinki sürücülük, heç insanlıq əlamətləri yoxdur. Kamikadze kimi aparırlar özlərini. Nəticəsi də göz qabağındadır”.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın