Ana səhifə / Gündəm / 42 dərəcə istidə dənizə sığınanlar – Adı pulsuz, özü pullu…

42 dərəcə istidə dənizə sığınanlar – Adı pulsuz, özü pullu…

Bu ay həm Sumqayıt, həm də Bakı Şəhər İcra başçılarının imzaladığı sərəncama görə, artıq əhalinin çimərlik ərazilərinə və sahilyanı zonalara girişi birmənalı olaraq pulsuzdur. Belə ki, “Şıx” çimərliyi istisna olmaqla, çimərliklər ödənişsizdir və hər hansı ödənişin tələb olunması qanunsuzdur.

Bu yaxınlarda Bakı şəhərində keçirilən sorğuda iştirak edənlərin 73%-nin paytaxtda istirahət edəcəyini nəzərə alsaq, çimərliklərə üz tutanların sayının xeyli çox olduğunu görə bilərik. Bəs çimərliklərə üz tutan sakinləri nələr gözləyir?

Qafqazinfo”nun əməkdaşları bu suala cavab tapmaq üçün paytaxt ərazisində yerləşən bir neçə çimərliyə üz tutub. Müşahidələrimiz zamanı məlum oldu ki, bütün göstərişlərə baxmayaraq Türkan, Pirşağı, Novxanı və digər əhalinin daha çox üz tutduğu çimərliklədə ödənişli məkanların sayı xeyli çoxdur.

İlk olaraq başlayaq Türkan çimərliklərindən. Sahilyanı ərazidə xeyli sayda ödənişli çimərlik fəaliyyət göstərir. Həmin ödənişli məkanlardan birinə yaxınlaşırıq. Çimərliyə giriş 5 manatdır. Bu məbləğə çətir altında oturmaq üçün yer, lejanka, uşaqlar üçün oyun meydançası daxildir. Pullu çimərlik olduğu üçün sahil və qum xeyli təmizdir. Ancaq 100 metr aralıdakı pulsuz çimərliklər üçün eyni sözü demək olmaz.

Nahar və axşam yeməyini ərazidəki kafelərdən sifariş etmək istəyənlər üçün onu deyə bilərik ki, qiymətlər münasibdir. Sifariş verdiyimiz günorta yeməyi (tikə və toyuq kababı, göyərti, sous, pendir və çörək) üçün 13 manat ödədik. Girişdə sərinləşdirici içkilərin baha olduğunu dedikləri üçün, su və şirələri mağazadan aldıq. Sahildə adam sayı elə də çox deyildi.

Növbəti yollandığımız məkan isə Pirşağı çimərlikləri oldu. Burada isə adam sayı xeyli çox idi. Sahilə üz tutanlar üçün burada da iki seçim var: adam sayı az olan ödənişli çimərlik, adam sayı çox olan ödənişsiz çimərlik. Biz hər ikisinə baş çəkmək qərarına gəldik.

Həftəsonu və dəniz mövsümü açılandan bəri istirahət günlərində hava buludlu olduğunu üçün bu dəfə çimərlikdə, xüsusilə də ödənişsiz hissəsində insan sayı xeyli çox idi. Sahildə sözün əsl mənasında oturmaq üçün belə yer tapmaq mümkün deyildi. Münasib olaraq geyinib-soyunma kabinetlərinin qarşısında da eyni “insan tıxacı”nı görmək mümkündür. Ərazidə otura bilməyəcəyimizi anlayıb yandakı taxta səddən ödənişli tərəfə keçirik. 5 metr o tərəfdə olan ödənişsiz çimərliyə nisbətən burada adam çox azdır. Maraqlısı budur ki, insanlar nəinki ödənişli sahilin qumunda əyləşmir, hətta qarşısındakı sahilə belə keçib üzmürlər. Bu zaman yaranan mənzərə isə şəkildəki kimidir:

Pullu sahildə otursaq da, bizdən hər hansı bir məbləğ tələb edən olmadı. Bizim kimi pulsuz dincələn Cəmilə xanım heç bir ləvazımat vermədikləri üçün pul istəməyin də absurd olduğunu söylədi:

“Bayaq gəlib burada oturdum. Dənizlə quma pul verəsi deyiləm ki, Lejanka belə yoxdur. Buraya istirahətə gələnlər pul verərək pis öyrədir. Bir-iki dəfə verməsələr, istəyən olmaz”.

Yaxşı olar ki, geri qayıtmaq üçün 18:00-dan sonraya qalmayın. Saat 19:30 avtobusa minsək də, tıxac olduğu üçün Pirşağıdan Azadlı metrosuna 2 saat yarıma çata bildik. Sakinlərin sözlərinə görə, həftəsonları çox zaman belə tıxaclar müşahidə olunur.

Son olaraq yolumuz Bilgəh çimərliklərinə düşdü. Burada sakinlər daha çox sanatoriyanın həyəti kimi bilinən çimərlikdə dincəlməyə üstünlük verir. Çimərlik pulsuz olmaqla yanaşı sahili də xeyli təmizdir.

Digər çimərliklərdəki qiymətləri isə internet vasitəsilə öyrənə bildik:

Mərdəkanda “Dalğa Beach”- 6 AZN, xidmətə uzanmaq üçün ləvazimat, çətir, masa, stul, geyinmə otağı və duş daxildir.
Şıxovda “Eldorado Beach”- 10 nəfər üçün stol, stul və çətirin qiyməti 10 AZN.

Novxanıda “Tural Beach”- Uzanma ləvazimatı və ya çardaqdan asılı olaraq qiymətlər 5 və 10 AZN arası dəyişir.

Buzovna və Zaqulbada da xeyli sayda ödənişli çimərliklər fəaliyyət göstərir.

 

42 dərəcə istidə dənizə sığınanlar - Adı pulsuz, özü pullu...
42 dərəcə istidə dənizə sığınanlar - Adı pulsuz, özü pullu...

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın