Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm /  İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

 İslamda dini-siyasi cərəyan və məzhəblər – Vaqif Cəliloğlu

Azinforum.az tanınmış dinşunas t.e. üzrə fəlsəfə doctoru Hacı Vaqif Cəliloğlunun bugünkü İslam ailəmindəki hadisələrlə həmahəng olan silsilə yazısını təqdim edir.
5–ci yazı
Yazının əvvəli ilə bu linklər vasitəsilə tanış ola bilərsiniz :
1.(https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu/)
2.https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu-2/
3. https://www.azinforum.az/20783-2/

4.https://www.azinforum.az/islamda-dini-siyasi-c%C9%99r%C9%99yan-v%C9%99-m%C9%99zh%C9%99bl%C9%99r-vaqif-c%C9%99liloglu-3/

İslamda 5 məzhəb qurucuları

İmam Cəfəri –Sadiq ( Təqr. 700-765)

İraqın rəyi ilə məşhur olan ən böyük  alimi  Əbu Hənifə (IV sünni məzhəbinin banilərindən birincisi) şiələrin V imamı Məhəmməd Baqiri  Mədinədə ziyarət etdiyi zaman aralarında belə dialoq oldu:  Məhəmməd Baqir: Cəddimin yol və hədislərini qiyasla dəyişdirən sənsən?  Əbu Hənifə: “Əvvəl sən sənə layiq olan yerdə əyləş ki, mən də mənə layiq yerdə əyləşim. Məhəmməd(ə)-yə səhabələri necə hörmət edirdisə, mən  də sizə elə hörmət bəsləyirəm”. Hər ikisi əyləşəndən sonra Əbu Hənifə dedi:  Sizə üç sualım var, lütfən cavab verin: 1) Qadınmı, yoxsa kişimi daha zəyifdir? Məhəmməd Baqir:  Qadın. Əbu Hənifə : Qadının kişiyə nisbətən mirası necədir?. Məhəmməd Baqir:  Kişiyə düşən hissə iki, qadına isə birdir. Əbu Hənifə: Cəddinin sözü də belədir. Əgər mən onun şəriətini dəyişdirsəydim, qiyasa istinad edib kişiyə bir, qadına iki hissə verilməsinə hökm edərdim. Çünki qadın kişiyə nisbətən daha zəyifdir. 2) Namazmı, yoxsa orucmu daha əfzaldır? Məhəmməd Baqir: Namaz daha əfzaldır (daha fəzilətli, artıq- V.C.) Əbu Hənifə: Bu da cəddinizin sözüdür. Əyər mən onu dəyişdirsəydim, qiyasa görə qadının ayhalından təmizləndikdən sonra namazı qəza (vaxtında icra edilməyib sonradan icra edilən oruc və  ya namaz- V.C.) etməsini, orucu da qəza etməməsini əmr edərdim. 3) İdrarmı (sidik- V.C.), yoxsa  mənimi (sperma –V.C.) daha pisdir? Məhəmməd Baqir: İdrar daha pisdir. Əbu Hənifə:  Cəddinizin şəriyyətini qiyasla dəyişdirsəydim, idrardan sonra qüsl edilməsini, məni çıxdığdan sonra abdəst alınmasını deyərdim. Cəddinizin şəriətini qiyasla dəyişdirməkdən Allaha sığınıram – dedi. Bu dialoqdan sonra İslam aləminin iki böyük alimi-  Məhəmməd Baqir (şiə) və Əbu Hənifə (sünni) qucaqlaşıb öpüşdülər…

Məhəmməd(ə)-nin Rəbbinə qovuşmasından düz 100 il sonra- 732-ci ildə vəfat edən Məhəmməd Baqir (Baqir -elmin dərinliklərinə qərq olan tədqiqatçı), şərəfli ərəb qızlarından biri- əl- Qasım b. Məhəmməd b. Əbu Bəkrin qızı, yəni  I xəlifə həz. Əbu Bəkrin nəslindən olan Ummil  Fərvəyi ilə evlənib. Beləliklə, VI imam Cəfərdə  həm həz. Əlinin kəraməti, elmi, igidliyi, həm də həz. Əbu Bəkrin siddiqliyi vəhdətdə olub. Başqa sözlə, o, ata tərəfdən həz. Peyğəmbərə, ana tərəfdən həz. Əbu Bəkrə qohumdur.

Uşaqlıqdan elm ocağı olan ailədən aldığı bilgi, Mədinənin  elmi mühiti  Cəfəri- Sadiqi dövrünün ən məşhur alimi səviyyəsinə yüksəltdi. Artıq o, 40 yaşında həm hədis, həm də fiqh elmi üzrə çox məşhur alim idi. İmam Cəfəri-Sadiqi digər alimlərdən fərqləndirən əsas cəhətlərdən biri onun müxtəlif baxışlı elm adamlarının metodunu öyrənib təhlil etməsi olub. Məhz bu metod vasitəsilə o, ən sağlam  olan görüşlərə sahib idi. Bu baxımdan imam Əbu Hənifədən belə rəvayət edilir: “Xəlifə əl- Mənsur mənə: “ Ey Əbu Hənifə, xalq Cəfər b. Məhəmmədə heyran olub. Onun üçün ən çətin suallar hazırla” dedi. Mən də 40 çətin sual hazırladım”. Az sonra şiə və sünni cərəyanlarını təmsil edən iki korifey- Cəfəri-sadiq və  Əbu Hənifə Mənsurun hüzurunda qarşılaşırlar. Bu elmi diskusiya  haqqında Əbu Hənifə yazıb: “Mən xəlifənin hüzuruna gəldiyim zaman Cəfər b. Məhəmməd onun sağ tərəfində əyləşmişdi. Cəfəri-Sadiqi görüncə, Mənsurun yox, onun heybətindən qorxdum. Xəlifə mənə oturmağı təklif etdi və Cəfərə  dedi: “ Bu, Əbu Hənifədir”. Cəfəri-Sadiq: “Bəli, tanıyıram”- dedikdən sonra Mənsur mənə:” Suallaırnı ver”- dedi. Mən hazırladığım sualları  bir-bir Cəfəri Sadiqə verdim. O: “Siz bu xüsusda belə deyirsiniz, mədinəlilər başqa cür, biz də belə deyirik”- dedi. Cəfəri-Sadiq 40 sualın hamısını ətraflı cavablandırdıqdan sonra həm xəlifə, həm də mən cavablardan razı qaldıq”. Əbu Hənifə sonda yazır: “İnsanların ən bilgili olanları ixtilaflı məsələləri bilənlərdir”.

Cəfəri-Sadiq təkcə dini yox, dünyəvi elmlərin də bilicisi olub. O, kimya, astronomiya, riyaziyyatı və fəlsəfə üzrə xüsusi elmi baxışları ilə dövrünün ən qabaqcıl alimi kimi tanınıb.Uçan  aparatın nəzəri əsaslarını hazırlayan Cabir b. Həyyan onun tələbəsi olub. İmam həm də “cifrlə” (şifrə, kod), qeyblə əlaqəli  elmə sahib  nadir şəxsiyyət kimi məşhurlaşıb. Qeyd edək ki, 4  sünni məzhəbinin qurucularından imam Malik və həmyaşıdı olmasına baxmayaraq imam Əbu Hənifə  imam Cəfərdən dərs alıb, ondan rəvayətlər yazıblar. Çox təəssüf ki, bu böyük  şəxsiyyətlər Cəfəri- Sadiqdən rəvayət etdikləri halda, sonradan gələn hədisçilərin – xüsusən, sünni alimlərinin bəziləri imam Cəfərdən gələn hədisləri birmənalı qəbul etməyiblər. Hesab edirik ki, belə yanaşma məzhəb təəssübkeşliyindən doğub… Halbuki Quran hikməti və həz. Məhəmməd sünnətindən çıxış edib əhli-beytə sevgi bəsləyən əksər  sünni alimləri yekdilliklə bəyan ediblər və edirlər ki, “əhli-beyt sevgisi əhli-sünnət üçün bir axirət sərmayəsidir”.

Şəhristani Cəfəri-Sadiq haqqında  yazıb: ”O, dində dərin bir elm, hikmətdə kamil bir ədəb, dünya xüsusunda böyük bir  zuhd sahibi və şəhəvi arzulardan tamam  uzaq idi. O, xalqı marifləndirib və heç kimlə xilafət barədə heç bir məsələni müzakirə etməyib.  Çünki elm dənizinə baş vuran sahil aramaz…”

Deməli, Şəhristaniyə  istinadən deyə bilərik ki, VI imam siyasətdən uzaq olub. Ümumiyyətlə, bu, əksəriyyətin fikrinə görə də belədir. Lakin İmamiyyə cərəyanının nümayəndələri Cəfəri-Sadiqin “Təqiyyə” (ehtiyat etdiyi üçün fikrini gizlin saxlayan- V. C.) prinsipini mənimsədiyini, hətta  “Təqiyyə mənim və atalarımın yoludur”- dediyini  söyləyiblər.

Əlbəttə, imam Cəfəri-Sadiq atası imam Məhəmməd Baqir və babası imam Zeynalabidindən  cəddindən olan həz. Əlinin şəhadətə yetirilməsini, imam həz. Həsənin zəhərlənməsini, imam Hüseynin iman atını şahə qaldırdıqdan sonra başının kəsilməsini eşitmişdi və bu ağır hadisələr onun qəlbində dərin iz buraxa bilməzdi.  İmam Cəfəri- Sadiq əmisi Zeyd b. Əli Zeynalabidinin Əməvi  xəlifəsi  Hişam b. Əbdülməlik dövründə haqq uğrunda mübarizəsini, onun faciəli şəkildə öldürülməsini və sonda qəbirdən çıxardılaraq cəsədinin bir xurma ağacından asıldığını, iraqlıların xəyanətini isə gözləri ilə görmüşdü. Imam Cəfəri- sadiq Abbasilər dövründə əl- Mənsurun həz. Əli nəslinin  tərəfdarlarının da öldürülməsinin canlı şahidi idi. İmam Cəfəri –Sadiq bu müsübətləri  bildiyi və gördüyü üçün siyasətlə məşğul olmayıb və  ömrünü  elmə sərf edib. Qohumları və Əhli-beyt  tərəfdarlarının  faciəsini önə çəkən imam deyib: “Dövlət başçısı olmaq istəyən həlak olar”.

Beləliklə, yuxarıdakı qaçılmaz faktların məntiqinə söykənərək deyə bilərik ki, imam Cəfəri-Sadiq  böyük ehtimalla təqiyyə sahibi olub. Lakin imamın siyasətdən uzaq olmasına baxmayaraq, xəlifə Mənsur müxtəlif bəhanələrlə onu təqib edib. İmam Cəfərin iştirak etdiyi xəlifə məclisində bir milçək (??) Mənsuru çox narahat edirdi. Xəlifə imama xitabən: “Ey Abdullahın babası, Allah milçəyi nə üçün yaradıb?”. İmam deyir: “Ululuq  satanları kiçiltmək üçün yaradıb” (!!). Bir dəfə Mənsur imama yazır: “Nə üçün başqaları kimi siz də mənim ətrafımda olmursunuz?”. Cəfəri-Sadiq cavab verir: “Bizim sizdən bir qorxumuz, umacağımız yoxdur ki, onun üçün yanınıza gələk. Sizin də bir axirət məsələniz yoxdur ki,  onu sizə anladım. Sizi elə bir nemət içində görmürəm ki, təbrikə gəlim. İçində olduğunuz neməti fəlakət də saymırıq ki, taziyyədə bulunaq”. Buna rəğmən, xəlifənin imama: “Bizə nəsihət vermək üçün yanımızdan ayrılmayın” yazdığı məktuba o, belə cavab verir: “Dünyanı istəyən sizə öyüd verməz, axirəti istəyən  də sizinlə qardaşlıq etməz”.

İmam Cəfəri- Sadiqin tərcümeyi-halını yazanlar onun xarici görünüşünü belə təsvir ediblər: “İmam orta boylu, iri gövdəli, ağ və parlaq bənizli  olub. Üzündə nur parıltısı var idi. Saçları qara və qıvrım, burnu  nazik və iri, alnı açıq,  üzündə bir xal olub. İmam mənsub olduğu ailəyə uyğun olaraq ixləs, bəsirət və elm sahibi kimi tarixə düşüb. Çox səbirli və şükürlü, fərasətli və zabitəli olub”.

İmamın yaşadığı dövrdə bəzi  təriqətlər Quran ayələrinin zahirinə uyaraq, Allahın əli, üzü və insan kimi surəti olduğunu zənn ediblər.  Cəfəri-Sadiq bu fikirləri rədd edərək: “…Allahın əli onların əlləri üzərindədir” (Fəth 10) və digər ayələrdəki sözlərin Onun  qüdrətinə  məxsus olduğunu bildirib.  İmam xeyir və şəri ilə qədərə inanıb və hesab edib ki, burada cəbr (məcburetmə) yoxdur.

İmamın Qurani-Kərim haqqında fikirləri bəzilərinin ona istinad etdiyi və bir-birinə zidd olan iki tezisdən ibarətdir. Əl- Kuleyninin söylədiyinə görə, guya Cəfəri-Sadiq hesab edib ki, Qurandan bəzi sözlər sonradan götürülüb. Guya kitabda “Ali Məhəmməd” sözləri əvəzinə, sonradan  “Məhəmməd” sözü yazılıb. (Məsələn, Məidə 67, Şuara 227, Nisə 108 və d.)Yəni “Məhəmməd ailəsi” sözü  “Məhəmməd”-lə əvəz edilib. Digər mənbə ( Şərif Murtaza) isə imamın Quran haqqında fikrini belə nəql edib: “Quran Peyğəmbər(ə) zamanında olduğu kimi qalıb, heç bir söz dəyişdirilməyib”.

İmamın fiqhi haqqında danışarkən, onu xüsusi qeyd etmək lazımdır ki, imam Əbu Hənifə və imam Malikin (hər ikisi sünni məzhəb rəhbəridir), Sufyani Səvri və Sufyan b. Uyəynənin fiqh üzrə  ustadı- müəllimi olan  imam Cəfəri -Sadiq olduqca dolğun, zəngin, dəlillərlə dolu mənəvi  irsə malik olub. O, bu dəlilləri  Quran və sünnətdən çıxarıb. İmamiyyə məzhəbinə daxil olanların çoxu Cəfəri-Sadiqin ancaq Əhli-beytdən rəvayət edilən hədisləri qəbul etdiyini desələr də, fəqət əksər mənbələr bu fikri təkzib edir. Çünki nə imam Əli Zeynalabdin, nə də onun oğulları- imam Məhəmməd  Baqir və Zeyd öz dövrlərində səhabə və tabiinlərdən ayrılmayıb, Əhli-beyt və Əhli-sünnətdən rəvayət edilən hədisləri birgə təhlil ediblər.

İmam Cəfəri –Sadiq 765-ci ildə Mədinədə vəfat edib. O, Əl- Bəqi qəbristanlığında dəfn edilib. Rəvayətə görə, sağlığında təqib etdiyi imamın ölüm xəbərini eşidən xəlifə Mənsur saqqalı islanıncaya qədər ağladıqdan sonra deyib: “İmam Cəfər, Allahın : “Sonra biz o kitabı qullarımızdan seçdiklərimizə miras buraxdıq” (Fatir, 32- V.C.) buyurduğu ayədəki kimsələrdəndir”.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın