Ana səhifə / Gündəm / 2 nömrəli Klinik Psixiatriyada özbaşınalıq və acınacaqlı vəziyyət… – Əlillər və vətəndaşlar niyə incidilir?

2 nömrəli Klinik Psixiatriyada özbaşınalıq və acınacaqlı vəziyyət… – Əlillər və vətəndaşlar niyə incidilir?

Son vaxtlar əlilliklə bağlı komissiyadan keçməli olan vətəndaşlardan şikayətlər çoxalıb. Onlar deyirlər ki, əvvələr komissiya həm Montin qəsəbəsində yerləşən Psixi Sağlamlıq Mərkəzində, həm də 2 saylı Psixiatrik Klinik Xəstəxanasında fəaliyyət göstərirdi. İndi isə Psixi Sağlamlıq Mərkəzində komissiyanı ləğv ediblər və bu problemə görə müraciət edənlərin hamısına 2 saylı Psixiatrik Klinik Xəstəxanaya göndərirlər.

Şikayətçilər bildirirlər ki, 2 saylı Psixiatrik Klinik Xəstəxanada adi bir növbə almaq üçün 3 saat növbəyə durmaq lazım gəlir. Oraya müraciət edən insanların hansı vəziyyətdə olması onsuz da hamıya məlumdur. Belə insanların adi bir qəbul növbəsi almaq üçün 3 saat gözləməsinə niyə göz yumulur və bu şəraiti kimlər, niyə yaradır? Növbə gözləyəndə də uşaq ağlaması böyüklərin səsinə, böyüklərin səsi də qazilərin söyüşünə qarışır. Qazilərimiz bu vətən uğrunda sağlamlıqlarını ona görə itiriblər ki, gedib hansısa bir qapıda sadəcə növbə almaq üçün saatlarla gözləsinlər? Səhiyyə Nazirliyi yaranan bu vəziyyəti bilmirmi və bilirsə niyə sağlamlıqları onsuz da itirilmiş olan vətəndaşlaır üçün normal şərait yaradılmır?

Təbii ki, Səhiyyə Nazirliyi komissiyanın birini ləğv edəndə bunun insan sıxlığına səbəb olacağını çox yaxşı bilirdi. Amma sadəcə olaraq bilirdilər və yaranacaq narazılıqlara göz yumacaqlarını da bilirdilər. Bir növbəyə görə saatlarla gözlədilən qazilərə qarşı bu münasibət haradan yaranır və hansı məntiqə sığır?

Şikayətçilər onu da qeyd edirlər ki, 2 saylı Psixiatrik Klinik Xəstəxanasında baş həkimin yanında olublar. Baş həkim də bildirib ki, Səhiyyə nazirinin əmri belədir. Vətəndaşların artıq otaq və işçi ayrılsın təklifinə də baş həkim nə otağımız, nə də işçimiz var, deyə cavab verib. Budur ölkədə vətəndaşa, sağlamlıq problemi olan insanlara və ən əsası qazilərə qoyulan hörmət və göstərilən xidmət…

https://www.youtube.com/embed/e6ZN5fd8zvM?rel=1&wmode=transparent

Vətəndaşların səhiyyə sistemi ilə bağlı ikinci problemi şəkər xəstələrinə verilən dərmanların sayı azaldılması ilə bağlıdır. Deyirlər şəkər xəstələrinə verilən dərmanlar o qədər azaldılıb ki, çox vətəndaş, əlil dərmanı cibindən almağa məcburdur. Bəs bu dərmanların sayı niyə azaldılıb? Bunun məntiqli bir səbəbi varmı? Yoxsa hökümət dövlət üçün qənaəti ancaq kasıb və imkansız insanlar və qazilərin hesabına həyata keçirçəyi daha məqsədəuyğun hesab edir?

Şəkər xəstələrinin demək olar hamısı yaşa görə deyil, xəstəliyə görə təqaüd alırlar. Bu təqaüd də 286 manatdır. Bu insan aldığı təqaüdə də dövlətin verməli olduğu dərmana verirsə, bəs nə yeyib, nə içməlidir? Necə dolanmalıdır?

Məlumata görə Diabet İctimai Birliyinin bu barədə dəfələrlə Prezidentə müraciət edib. Amma heç bir müraciətlərinə baxılmayıb. Qarabağ Əlilləri Cəmiyyəti də bu vəziyyətdən şikayətçidir. Vətəndaşlar o vəziyyətə gəlib ki, aksiya keçirmək istəyirlər.

Yaranmış problemlərlə bağlı Səhiyyə Nazirliyinə etdiyimiz müraciətə cavab olaraq nazirlikdən bildiriblər ki, problemin əsas səbəblərindən biri poliklinikalarda psixiatriya üzrə peşəkarların az olmasıdır. Qəribə məntiqdir deyilmi? Axı bu çatışmamazlığı aradan qaldırmaq üçün məhz Səhiyyə Nazirliyi tədbir görməlidir və poliklinkalar psixiatriya üzrə mütəxəssislərlə təmin etməlidir.

Çox saylı problemlərlə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız sorğunun cavabı isə açığı bizi heç də məmnun etmədi və yəqin ki, bu yanaşmadan vətəndaş da məmnun olmayacaq. Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq aşağıdakı mətni aldıq:

“Sorğunuza cavab olaraq 2 nömrəli Klinik Psixiatriya xəstəxanasından bildirilib ki, son zamanlar poliklinikalar tərəfindən elektron sistemə “Forma 88” göndərişlərin salınması ilə əlaqədar diaqnozların mübahisəli olması ilə bağlı şikayətlərin sayı artıb. Bunun da əsas səbəblərindən biri poliklinikalarda psixiatriya üzrə peşəkarların az olması ilə əlaqələndirilir.

Qeyd olunanları nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən “Forma 88” göndərişlərinin elektron sistemə bu sahədə ixtisaslaşmış tibb müəssisəsi tərəfindən salınması təklif olunub. Bu, eyni zamanda nəzarətin gücləndirilməsinə də kömək edir.

Beləlikə, hazırda “Forma 88” göndərişlərinin verilməsi psixiatriya üzrə ixtisaslaşdırılmış Səhiyyə Nazirliyinin 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanasında həyata keçirilir.

Həqiqətəndə çoxsaylı müraciətlərlə bağlı müəyyən çətinliklər yaranıb. Yaranan problemlərin aradan qaldırılması məqsədi ilə növbə sistemi yaradılıb və hər bir müraciət edən şəxs təyin olunmuş vaxtda qəbul edilir. Bununla da tibb müəssisəsində yaranan canlı növbə problem aradan qaldırılır”.

Yaxşı olardı ki, Səhiyyə Nazirliyinin bir məsulu 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanaya getsin və ordakı vəziyyətlə birbaşa tanış olsunlar. Çünki 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanada doğrudan acınacaqlı vəziyyətdir və bu vəziyyətin yaranmasına görə Səhiyyə Nazirlyinin məsulları birbaşa məsuliyyət daşıyırlar.

Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirib ki, əlilləri, xəstələri bir yığmaq onlara əlavə işgəncədən başqa heç nə deyil. Bu problemlə bağlı 2 nömrəli Psixiatriya Klinikasının baş həkiminin dedikləri gülməlidir:

“Bu problem çoxdan var. Bir neçə aydır ki, əlillər müayinədən qarşılaşdıqları çox ciddi problemlərlə bağlı sosial şəbəkələrdə, mediada dəfələrlə problemi qaldırıblar. Əlilləri, xəstələri bir yığmaq onlara əlavə işgəncədən başqa heç nə deyil. Bu problemlə bağlı 2 nömrəli Psixiatriya Klinikasının baş həkiminin dedikləri gülməlidir. Əlavə otaq, işçi yoxdur deməklə əlilləri, xəstələri sözün həqiqi mənasında yola verirlər. Əgər Səhiyyə Nazirliyinin əlavə komissiya yaratmaq imkanı yoxdursa, onda zəhmət çəkib hamını bir yerə yığmasınlar. Bu işi mərhələ-mərhələ həyata keçirsinlər.

Belə bürokratik əngəllər insanlarda çox ciddi psixoloji problemlər yaradır. Onsuz da hərbi məsələlərlə bağlı narahatlıqlar var. Onların bir çoxuna haqsızlıq edilib. Buna görə də narazılıqlar çoxalır.

Digər tərəfdən komissiyadan keçmək üçün bölgələrdən də gəlirlər. Onlar günlərlə həm şəhərdə qalnalıdırlar, həm də gündəlik qidalanmalıdırlar. Onlar alacaqları məbləğin yarısını elə burada xərcləyirlər. Səhiyyə Nazirliyi bu işi apara bilmirsə, desinlər apara bilmirik.

Səhiyyə təşkilatlarının çox böyük resursları var. Onların saysız-hesabsız binaları, otaqları, işçiləri də var. Buna görə də insanları belə incitməkdə onların məqsədinin nə olduğunu anlamaq olmur. Sanki bilərəkdən özləri insanları narazı salırlar. Buna görə də məsələ daha çox ictimailəşdirilməlidir. Səhiyyə Nazirliyi də buna çox ciddi açıqlama verməlidir. Bu işi insanlara əzab-əziyyət vermədən təşkil etmək nazirliyin borcudur. Nazir işləyə bilmirsə, istefa versin işi işləyə bilən gəlsin problemləri həll etsin”.
pia.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …