Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / 1 saylı Doğum Evində “özəl” qaydalar – ŞİKAYƏT VAR

1 saylı Doğum Evində “özəl” qaydalar – ŞİKAYƏT VAR

Məlum olduğu kimi, bir neçə ay bundan öncə Sumqayıt şəhər 1 saylı Doğum Evinin rəhbərliyində dəyişiklik olmuşdur. Belə ki, müəssisənin keçmiş baş həkimi Sevda İsgəndərli tytsyğy vəzifədən azad olunaraq, onun yerinə, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Təranə Rəcəbli baş həkim vəzifəsinə təyin edilmişdir. Qeyd etməliyik ki, xüsusilə son bir il ərzində “Bizim Dövr”ün redaksiyasına Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan neqativ hallara dair davamlı olaraq məlumatlar daxil olmaqda idi. Həmçinin biz də qəzetimizin səhifələrində, aldığımız açıqlamalar əsasında hazırladığımız bir neçə tənqidi material dərc etmişdik. Həmin yazılarda da, biz hər dəfə Səhiyyə Nazirliyinin diqqətini bu tibb müəssisəsində baş verənlərə cəlb etməyə çalışırdıq. Əlbəttə, bütün bunların fonunda nəhayət ki, sözü gedən doğum evinin baş həkiminin işdən çıxarılması zəruri və təsirli tədbir kimi qiymətləndirilməlidir. Lakin, deyəsən bu dəfə Səhiyyə Nazirliyinin rəhbərliyi bizim yazılarda təqdim olunan açıqlamalara gözlənildiyindən də çox, həm də məhz hərfi mənada diqqət yetirmişdir. Belə ki, dərc etdiyimiz yazılardan birində belə bir ifadə işlənmişdi: “Əldə etdiyimiz məlumatlarda 1 saylı Doğum Evinin bir çox məqamlarda məhz özəl tibb müəssisəsi kimi fəaliyyət göstərdiyi vurğulanır”. Maraqlıdır ki, bu müəssisəyə baş həkim təyin olunmuş Təranə Rəcəbli də, buna qədər Sumqayıtda fəaliyyət göstərən “Real” özəl tibb mərkəzinə rəhbərlik edirdi. İndi anlamaq olmur, bu təyinatı Səhiyyə Nazirliyinin 1 saylı Doğum Evinin fəaliyyətini normal məcaya gətirmək cəhdi kimi qiymətləndirmək lazımdır, yoxsa əksinə, bu müəssisənin “özəlləşməyə doğru” irəliləməsini bir qədər də sürətləndirmək niyyəti kimi?

Hər halda, Təranə Rəcəblinin təyinatından sonra keçən müddət ərzində Sumqayıt şəhər 1 saylı Doğum Evindən ara-sıra aldığımız məlumatlarda, bu yeniliyin hələlik müəssisənin fəaliyyətinə heç bir müsbət təsirini göstərmədiyi vurğulanırdı. Son günlərdə isə, artıq redaksiyamıza Təranə Rəcəblinin fəaliyyətilə bağlı konkret şikayət ərizələri daxil olmağa başlayıb. Belə açıqlamalardan birini olduğu kimi dərc etmək qərarına gəlmişik. Məlumatda deyilir: “Əslində Təranə Rəcəblinin bizim doğum evinə baş həkim gəlişindən elə bir ciddi islahatlar gözləmirdik də. Hamıya məlumdur ki, Təranə xanımın “Real” tibb mərkəzinə rəhbərliyi də, təxminən elə bizim keçmiş baş həkimin işi ilə oxşar senarilər əsasında qurulmuşdu. Hətta bəzi məqamlarda, bizim doğum evinə təkrar gələn pasiyentlər, yəni keçmiş baş həkimi tanıyanlar, Təranə xanımla müqayisədə onun daha insaflı olduğunu da iddia edirlər. Amma ümumilikdə demək olar ki, doğum evində baş həkimdən başqa heç nə dəyişməyib. Təranə xanım özü ilə köhnə iş yerindən üç gənc xanım da gətirib. Onlardan biri katibədir. Digər ikisi, Turanə və Sevinc adlı qızlar isə, xəstəxanada yalnız pul yığmaqla, gəlib-gedənlərin sayına nəzarət etməklə məşğuldurlar. İndi bizim müəssisədə adi doğuş üçün 350 manat, qeysər əməliyyatı üçün də 650 manat pul ödəmək tələb olunur. Bu məqsədlə qəbul şöbəsində Elza adlı bir işçi oturub və daxil olan pasiyentlərdən pulu alıb, sonra da Turanəyə və ya Sevincə təhvil vermək məhz onun funksiyasına aiddir. Təsəvvür edin ki, ay ərzində bizim doğum evinə 150-200 nəfər pasiyent gəlir. Həkimlərə isə ciddi şəkildə tapşırılıb ki, daxil olan pasiyentə pul “oxuya” bilməyən həkimlər doğuş qəbul etməyə buraxılmayacaqlar. Bu səbəbdən də, bəzən həkimlərin başı maddi məsələlərə elə qarışır ki, əllərindən hətta fatal nəticəyə səbəb olan xətalar da çıxır. Belə ki, cəmi iki gün bundan əvvəl, oktyabr ayının 25-də həkim Gülnarə Təkləvinin pasiyentə doğuşu sürətləndirmək üçün vurduğu iynə preparatının dozasını düzgün müəyyənləşdirməməsi səbəbindən, doğulmalı olan uşaq ölmüşdür. Lakin doğum evinin rəhbərliyi bu kimi məsələlərə elə də əhəmiyyət vermir. Hal-hazırda isə, baş həkimin başı doğum evinə yeni işçilərin qəbuluna qarışıb. Əslində buna heç bir ehtiyac olmasa da, hər yeni işçidən alınan 3- 4 min manat bu məqamda da həlledici amil kimi çıxış edir…”

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın