Cümə , Aprel 19 2024

Əsəd rejimini hansı sirli güclər qurdu? – ARAŞDIRMA

Düz, 45 il öncə sirlərlədolu qədim Suriya torpağında yeni bir rejim quruldu. 1970-ci il noyabrın 13-də hazırkı prezident Bəşər Əsədin atası Hafiz Əsəd hərbi çevriliş nəticəsində hakimiyyətə gəldi. Bəs, son 45 il ərzində ardıcıl olaraq, ölkədə hökmranlıq etmiş bu rejim hansı daxili və xarici güclər sayəsində bərqərarlaşdı?

İngilis planları Suriyada da davam edir…

Suriyanın bugünkü xaotik duruma düşməsinin ən önəmli tarixi-siyasi səbəbi XX əsrin əvvəllərində İslam və türk düşmənlərinin səyləri nəticəsində, Osmanlı dövlətinin çökməsi oldu. Bu nəhəng dövlətin digər əyalətləri kimi, Suriyanın da dünyanın hegemon gücləri və ideologiyaları arasında qarşıdurma, müharibə və bazarlıq obyektinə çevrilməsi və 21 illik nisbi sabitlikdən sonra, SSRİ-nin də dağılması vəziyyəti hazırkı kritik duruma çatdırdı. Görəsən, bu gün də bütün daxili və xarici təzyiqlərə rəğmən, hakimiyyətdən çəkilmək niyyətində olmayan Əsəd rejimi hansı ideoloji bazaya əsaslanır?
Öncə Osmanlının parçalanmasında aparıcı rol oynamış Böyük Britaniya Krallığının hələ XVIII əsrin əvvəllərində 100 il ərzində İslam Dünyasının sonuna çıxmaq üçün hazırladığı gizli 50 səhifəlik planının bir neçə maddəsi ilə tanış olaq. 5-ci maddədə deyilir: “İran və Türkiyə kimi müsəlman dövlətlərini bir müddət üçün kiçik hissələrə parçalayaraq, onlar arasında heç bir məsələdə razılıq yaranmasına imkan verməmək”.
Müasir Suriya məhz həmin parçalardan biridir. Eyni planın 6-cı maddəsində İslam dini əsasında yeni, qondarma dini cərəyan və məzhəblər yaratmaqdan söhbət gedir. “… “Kəşf edilmiş” həmin “din”lərdən birinin hər hansı ölkə əhalisinin ruh və əhval-ruhiyyəsinə uyğun gəlməsi üçün çox incə plan hazırlamaq lazımdır”. Planda həm şiə, həm süni məzhəblərindən hər birini “din” səviyyəsinə çatan və İslam daxilində barışmaz ziddiyyətlərə gətirib-çıxaracaq, azı, 4 hissəyə parçalamağın yolları izah edilir. 8-ci maddədə isə “ləkəli liderlərin (!) və qəddar hərbçi komandirlərin (!) hakimiyyətə gətirilməsinə xüsusi diqqət” edilməsi məsləhət görülür (M.Sıddıq Gümüş, “İngilis xəfiyyəsinin etirafları”. İstanbul, 1998)…
Göründüyü kimi, son iki yüzillikdə qonşu İraq, Liviya, Yəmən və s. kimi Suriyanın da başına gələnlər sözügedən planların gerçəkləşdiyini təsdiqləyir. İstedad və bacarığı ilə yanaşı, qəddarlığıyla da seçilən Hafiz Əsədin hakimiyyətə gətirilməsi eyni güclərin eyni planı sayəsində baş verməsi ehtimalı da gerçəkliyə çox yaxındır.

BƏƏS – ərəb faşizmi və İslam dinindən sui-istifadə…

Osmanlı dağıldıqdan sonra, Suriya Fransa və İngiltərənin çəkişmə meydanına çevrildi. 1920-ci ildə cəmi bir neçə ay “müstəqil krallıq” olan bu ərəb ölkəsi elə həmin il Fransa tərəfindən işğal edilir. Və düz, 26 il fransızların müstəmləkəsi olur. Suriyanın son 50-60 illik taleyində və Əsəd rejiminin qurulmasında 1947-ci ildə əsası xristian ərəb Mişel Əflaq tərəfindən qoyulan BƏƏS (ərəbcədən dirçəliş, dirilmə) adlandırılan Ərəb Sosialist Dirçəliş Partiyası böyük rol oynayıb. Maraqlıdır, həmin partiyanın yaradılmasında sünni təriqətinə mənsub Saleh əd-Din əl-Bitar və ələvi Zəki əl-Ərsuzi də Mişel Əflakla birgə fəal iştirak ediblər. Mişel Əflak və Saleh əl-Bitar 1928-1932-ci illərdə birlikdə Fransada Sorbona Universitetində təhsil alıblar. Dostlar orada naməlum güclərin təsiri altında Avropa faşizmi ilə maraqlanır və beyinlərini, əsasən, Almaniya irqçi sosializm ideyaları ilə doldurub Suriyaya dönürlər… On üç ərəb ölkəsində, o cümlədən İraqda dayaqları yaradılmış BƏƏS marksist-sosialist düşüncəyə əsaslanmaqla, ərəb irqçiliyi və antiimperializm ideyalarının sintezi üzərində qurulub. Birbaşa ateistruhlu olmasa da, BƏƏS İslam dinindən siyasi alət kimi istifadə etməyə tam bəraət qazandırır. Elə eyni 1963-cü ildə İraqda sünnilərin, Suriyada isə şiə hesab edilən Ələvilərin dəstəyi ilə hakimiyyətə gəlməsi BƏƏS yaradıcılarının hansı güclərin sifarişi ilə işlədiyini göstərir…

Əsəd rejiminin İslamla ideoloji bağlılığı yoxdur

1970-ci ildə hərbi çevriliş sayəsində baş nazir olan Hafiz Əsəd BƏƏS-dən sünni qanadını tam uzaqlaşdıraraq, 1971-ci ildə prezident postunu tutmağa nail olur. Əsəd rejiminin hakimiyyətə gəlməsi və formalaşmasında Suriyada sayı 5 milyonu ötən və əsasən, H.Əsədin böyüyüb-boya-başa çatdığı Latakiya-Tartus regionunda məskunlaşan Ələvilər icmasının böyük rolu olub. Həmin ərazidə Osmanlının parçalanmasından sonra, Ələvilər dövləti yaranmışdı. Amma əslində, nə Hafizin, nə də hazırda hakimiyyətdə olan oğlu Bəşərin istər ələviliyə, istərsə də şiəliyə və ümumiyyətlə, İslama ruhən bağlılıqları olmayıb. Düzdür, ata Əsədin əksər çıxışlarında Qurandan və Peyğəmbərdən (s.ə.s) sitatlar gətirilirdi. Amma bu, öncə söylədiyimiz kimi, BƏƏS Partiyasının İslamdan sui-istifadə üsullarından biri kimi anlaşılmalıdır.
Hafizin atası Əli Süleyman Osmanlı dönəmində fransız işğalçılarına qarşı savaşın fəal iştirakçısı olmusdu. Cəsurluğu, döyüşkənliyi və ən əsası, atıcılıq istedadını H.Əsəd məhz atasından mənimsəmişdi. Hətta 60-65 yaşlarında belə o, 100 metrdən hədəfi dəqiq nişan alırdı. Adı ərəbcə “mühafizəçi” anlamına gələn Hafiz ailəsindənqalma adətləri də mühafizə edirdi. Elə gəncikən bir çox mübahisənin həllində vasitəçilik edir, haqqı tapdanan kasıblara dayaq dururdu…

Ata Əsəddə millətçilik hissi də güclü idi…

Hafiz ilk dəfə Latakiyada təhsil alarkən, azlıqda qalmağın nə olduğunu öyrənir. O zaman bu əyalətdə xaos idi. BMT-nın mandatı ilə Suriyada “sülhü qoruyan” fransızlar Britaniya hücumundan qorxurdular. Onlar ingilis bombardımanından qorunmaq üçün sığınacaqlar tikir və yerli əhalini istismar edirdilər. Bu hadisələr yeniyetmə Hafizdə milli təəssübkeşliyin baş qaldırmasına səbəb olurdu. Onu hakimiyyətə gətirən güclərdən biri də məhz bu hiss idi…
Lakin bütün deyilənlərlə yanaşı, ata Əsəd əsas xarici hərbi-siyasi dəstəyi SSRİ-dən alırdı. Elə o vaxtdan düz, 45 ildir Əsəd rejimi Moskva-Tehran və Vaşinqton-Ankara çənbərləri arasında poliqona çevrilib…
Ağ ev nə qədər çalışırsa, Suriyanı Kremlin birbaşa təsiri altından çıxara bilmir. Bu gün də Suriya xalqı məhz bu qarşıdurmanın acılarını yaşayır…
Faktiki, onillər ərzində fövqəladə rejimdə, komendant saatı ilə yaşayan Suriyada bütün mənfiliklərə rəğmən 1970-ci illərdə sabitlik və inkişaf var idi. H.Əsəd iqtisadiyyatı, ordunu kifayət qədər gücləndirməkdə, bu ərəb ölkəsini modernləşdirmək istiqamətində böyük işlər görməkdə idi. Ərəb Dünyasının liderinə çevrilən Hafiz ABŞ və Avropa ilə balanslı siyasət aparırdı. Onun 1991-ci ildə Körfəz müharibəsi zamanı İraqa qarşı çıxması Qərbdə nüfuzunu artırsa da, bundan 11 il öncə –1982-ci ilin oktyabrında İsrailin təhdidləri altında qaldığından, SSRİ ilə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalaması Qərbin bütün planlarını məhv edirdi. Odur ki, H.Əsədi devirmək üçün yaradılan “Müsəlman Qardaşları Birliyi” Suriyada üsyan hazırlayırdı. 1982-ci ildə bu təşkilat BƏƏS partiyasının xeyli üzvünü qətlə yetirir. Ata Əsəd isə qruplaşmanı məhv etmək üçün cavab tədbirləri görür. Nəticədə, 40 min insanın tələf olduğu Hama qətliamı “Müsəlman Qardaşlar”ının “belini qırır” və ölkədə Əsəd xofu daha da güclənir…

Hafizlə qardaşı Rifat arasında qarşıdurma yaranır

1983-cü ildə H.Əsədin ürək-damar sistemində yaranmış problemlər fəaliyyətinə mane olur. Bununla əlaqədar o, Müvəqqəti Şura yaradır. Ancaq bu Şuraya qardaşı, qətliamların təşkilatçısı olan Rıfat Əsədi üzv etmir. İki qardaş arasında yaranan mübahisə, az qala, silahlı qarşıdurma həddinə gəlib-çatır. Və burada da Kreml Əsədin dadına yetir. Nəticədə, sovet rəhbərliyində yüksək vəzifə tutan şəxslərdən biri xüsusi missiya ilə Dəməşqə göndərilir…
1984-cü ilin yanvarında Sov.İKP MK-nın Siyasi Bürosunda SSRİ DTK-ının Suriyadakı vəziyyətlə bağlı baş katib Yuri Andropov üçün hazırladığı məruzə əsasında prezident Hafiz Əsədlə Suriya məxfi informasiya xidmətinin rəhbəri olan qardaşı Rifat arasındakı qarşıdurma müzakirə olunur…

Suriyada qardaş qırğınının qarşısını Heydər Əliyev aldı…

1998-ci ildə Moskvada çap olunmuş “Görkəmli adamların həyatı” nəşrinin Heydər Əliyevə həsr olunmuş 1132-ci buraxılışının 134-cü səhifəsində 1980-ci illərdə Suriyada qardaş qırğınının qarşısının alınması barədə çox maraqlı bir faktdan danışılır. Sən demə, Siyasi Büro Suriyadakı problemi yoluna qoymaq üçün məhz SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əliyevi xüsusi vasitəçilik missiyası ilə bu ölkəyə göndərmək qərarına gəlir. O zaman H.Əliyev həm də SSRİ-nin müsəlman ölkələri ilə əlaqələrini kurasiya edirdi. Sözügedən qərar baş katib Yuri Andropovun vəfat etməsi səbəbindən martadək təxirə salınır…
Heydər Əliyevin özünün bu barədə qeyd etdiyimiz mənbədə dərc olunmuş xatirəsini olduğu kimi nəzərinizə çatdırırıq: “1984-cü ildə məni təcili Dəməşqə göndərdilər. DTK-nın verdiyi məlumata görə, Hafiz Əsəd və məxfi informasiya xidmətinin rəhbəri olan qardaşı Rifat arasında qarşıdurma gedirdi. Kremldə Suriyadakı rejimin, yaxud onun rəhbərinin dəyişilməsinə yol verə bilməzdilər. Mən təcili Dəməşqə yollandım. Sağalmaqda olan Hafiz Əsədlə görüşdüm. Onun xəstə olmasına baxmayaraq, bizim söhbətimiz 8 saat davam etdi. Çox keçməmiş o, öz qardaşını İspaniyaya göndərdi. Beləliklə, problem həll olundu və Siyasi Büro rahat “nəfəs aldı…”.
Həmin illərdə Suriyada SSRİ səfiri olmuş keçmiş Şimali Osetiya rəhbəri Aleksandr Zasoxov Heydər Əliyevin Suriya xalqını qardaş qırğınından xilas etməsi faktını öz xatirələrində təsdiqləyib.

Holan təpələri 100 milyon dollara satılıb?

2011-ci ildə Suriyada Əsəd rejiminə qarşı etirazlar yenicə baş qaldırarkən, Ərəb Dünyasının “Nuqudy” və “Al Bawaba” kimi nüfuzlu qəzetləri ata Əsəd haqqında gözlənilməz məlumat yaydı. Yazıda Misirin keçmiş prezidenti Ənvər Sadatın yaxın dostu Məhəmməd Camiyə istinadən “Altıgünlük müharibə”nin gedişində strateji əhəmiyyətə malik Holan təpələrini İsrailə 100 milyon dollara satdığı açıqladı. 1967-ci ilin iyununda İsraillə ərəblər arasında savaş zamanı Misirin Məsləhət Şurasının üzvü olmuş Cami qeyd edib ki, sözügedən məbləğ H. Əsədin qardaşı Rifat Əsədə verilib, o isə həmin pulun bir hissəsini İsveçrə bankında qardaşı Əsədin adına açılmış hesaba yatırıb. Cami Ərəb Dünyasında şok yaratmış bu müdhiş sirri keçmiş Misir prezidentinin öz dilindən eşitdiyini vurğulayıb: “Bir gün səhər Sadat mənimlə Holan təpələrinə getdi. O, maşından düşdü və əlini çiynimə qoyaraq mənə sual ünvanladı: “Məhəmməd, bu möhtəşəm Holan təpələrini dünyanın supergücləri və yaxud İsrail işğal edə bilərmi?”. Mən isə cavabımda “Xeyr, bu, mümkün deyil” dedim. Bu məqamda Ənvər Sadat üzünü mənə çevirərək, “Məhəmməd, mən sənə çox təhlükəli sirr açıqlayıram. İsrail bu təpələri 100 milyon dollara alıb. 100 milyonluq çek Rifat Əsədə verilib. Pul Hafiz və Rifat Əsəd qardaşlarının İsveçrə bankındakı hesablarına yatırılıb”…

Əsəd rejiminin qurulmasıında İsrailin rolu olub?

Ə.Sadatın dostunun sözlərinə görə, 100 milyon dollar “Altıgünlük müharibə” zamanı Suriyanın müdafiə naziri olan H.Əsədə suriyalı əsgərlərin İsrail hücumlarına müqavimət göstərməyərək, strateji təpələrdən geri çəkilməsi müqabilində ödənilib. Cami bu sirrin Livanın eks-prezidenti Əmin Cimael tərəfindən də səsləndirildiyini xatırladıb.
Bəzi iddialara görə, o vaxt müdafiə naziri olan H.Əsəd hakimiyyəti ələ keçirmək üçün ölkə daxilində narazılığı artırmaq və mövcud iqtidarda parçalanma yaratmaq məqsədilə İsraillə razılığa gedib. Məhz Suriya üçün həyati əhəmiyyət kəsb edən Holan təpələrinin İsrail tərəfindən işğal edilməsindən sonra, ata Əsədin Suriyada iqtidara qarşı narazılığın artmasından istifadə edərək hakimiyyəti ələ keçirməsi bu iddiaların doğruluğu ehtimalını artırır…
Hafiz Əsədin Türkiyəyə münasibəti Suriyanın sonrakı, o cümlədən, bugünkü taleyində də önəmli rol oynayıb. Cəmi bir ay öncə, 2015-ci ilin oktyabrında Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazarı Bülent Orakoğlu Suriya-Türkiyə münasibətlərinin tarixi ilə bağlı ilginc bir fakt açıqladı. Suriyada 1970-ci ildə hakimiyyəti ələ keçirəndən az sonra Hafiz Əsəd Türkiyənin Hatay vilayətinin Suriya torpaqlarına birləşdirilməsi üçün diplomatik və qeyri-qanuni fəaliyyətə başlayıb. O, Hatayın fransızlar tərəfindən hazırlanan bir razılaşma ilə Türkiyəyə verildiyini iddia edib. Guya, həmin razılaşmada vilayətin taleyinə 100 il sonra yenidən baxılacağı barədə maddə olub. Hatayı Suriya torpaqları daxilində göstərən xəritələr nəşr etdirməklə H.Əsəd həmin ərazini zəbt etmək üçün Türkiyəyə düşmən güclərdən dəstək almağa çalışıb. Bu məqsdlə ata Əsəd Türkiyədə xaos və qeyri-sabit vəziyyət yaratmaq üçün PKK, ASALA DHKP-C başda olmaqla bir sıra terror təşkilatlarını dəstəkləyib və işğal etdiyi Livan torpaqlarında onların təlim düşərgələrinin qurulmasına da göz yumub.
Türkiyəli yazar vurğulayır ki, hazırda Bəşər Əsəd atasının yolu ilə gedərək, Türkiyəyə terrorun ixrac strategiyasını həyata keçirir. Orakoğlunun sözlərindən belə çıxır ki, dünənədək Suriyanı bölüşdürə bilməyən Kreml və Pentaqon bu gün gizli şəkldə birləşərək, Türkiyəni bölməyə çalışırlar…

 Sultan Laçın

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın