Ana səhifə / Gündəm / Əhmədzadənin ətrafında “Quliyevlər kabusu” – ARAŞDIRMA

Əhmədzadənin ətrafında “Quliyevlər kabusu” – ARAŞDIRMA

Ölkə mətbuatında daha çox tənqid olunan məmurlardan biri də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadədir. Respublikada suvarma kanallarının, təsərrüfat su sistemlərinin istənilən səviyyədə qurulmamasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri sədri təqsirli bilirlər.

Bu dövlət qurumu ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı çox ilginc faktlara və bşgicəlləndirici maxinasiyalara rast gəldik. Bu da səbəbsiz deyil. Çünki Əhmədzadənin rəhbərlik etdiyi ASC-də iş düzgün qurulmayıb. Birinci şəxs olduğu üçün Ə.Əhmədzadə daha çox diqqət mərkəzinə düşür. Onun müavinləri isə bu vaxta qədər mətbuatın gündəminə gəlməyiblər. Bu yazıda ASC sədri, müavinləri və gördükləri işlər barədə məlumatlar verəcəyik.

Məlumat üçün bildirək ki, cəmiyyət Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qurumun aparatı 84 nəfərdən ibarətdir. Onun strukturuna Bakı şəhərində və respublikanın rayonlarında yerləşən 134 idarə və təşkilat daxildir. Meliorasiya və su təsərrüfatı sistemində 22 min 300 nəfər işçi çalışır.

ASC-yə sədrlik edən Ə.Əhmədzadə 1945-ci ildə Qax rayonunda anadan olub. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967- 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir. 2006-cı ildən isə qurumun sədri kimi fəaliyyət göstərir.

Cumhuriyyet.az bildirir ki, 67 yaşı olmasına rəğmən, hələ ki, istefa ərizəsi yazmaq fikrində deyil. Bir neçə dəfə işindəki nöqsanlara görə yuxarıların hədəfinə çevrilən sədr hər dəfə vəziyyətdən çıxmağı bacarıb. Amma deyəsən, artıq səhhəti ona işləməyə imkan vermir. Bir müddət əvvəl infarkt keçirən Əhmədzadənin son vaxtlar işə düz-əməlli çıxmadığı bildirilir.

Həkimlər onun vəzifəsini icra edə bilməyəcək dərəcədə xəstə olduğunu deyirlər. İşə hər gün çıxa bilməməsi müavinlərinin işinə çox yarıyır. Bu müavinlərlə bağlı da cumhuriyyet.az olaraq mediada apardığımız araşdırmada ilginc faktlara rast gəldik. Məsələn, Quliyev Məmmədsadıq Zülqərneyn oğlu birinci müavindir. Azərbaycan Politexnik İnstitutunu bitirən məmurun 63 yaşı var. 1989 – 1998-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsində su ehtiyatları və sudan pullu istifadəyə nəzarət idarəsinin rəisi vəzifələrində çalışıb. 7 ildir birinci müavindir. M.Quliyev ASC-də əsasən su anbarlarının və magistral kanallarının istismarını kurasiyada saxlayır. Çünki bu sahəyə digərləri ilə müqayisədə daha çox pul ayrılır, həm də sənəd qeydiyyatında saxtakarlığa yol vermək çox asandır. Rafiq Aslanov da müavin vəzifəsini tutur.

Füzuli rayonunda anadan olan məmur 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Sonuncu təhsil ocağına testdən kənar qəbul olduğu barədə bəzi məlumatlar var. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. Və 2006-cı ildə cəmiyyət yaranandan sonra sədr müavini kimi fəaliyyətə başlayıb. “Əməkdar mühəndis” adına layiq görülsə də, ortaya qoyduğu işlə bunu sübut edə bilmir. Aslanovun çörəyi isə bəndvurmadan çıxır. Hər il daşqın təhlükəsi ilə bağlı olaraq ASC-yə bəndvurma və bərkitmə işlərinin həyata keçirilməsi üçün milyonlar ayrılır. Lakin bu məbləğin bir hissəsi müavinin əli ilə sanki qeybə çəkilir.

Müavinlərdən biri də Quliyev Zakir Bəybala oğludur ki, onun haqqında daha çox məlumata sahibik. 1966-cı ildə Sabirabad rayonunda anadan olan Z.Quliyev 1998-2006-cı illərdə Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləyib. ASC yaranan gündən isə müavin keçib. Araşdırmalara görə, Z.Quliyevin atası Bəybala Quliyev SSRİ dövründə, daha dəqiq desək, 1980-ci illərdə Sabirabadda 6 saylı sovxozun direktoru işləyib. Ancaq dövlət əmlakını taladığına görə, o vaxtkı Cinayət Məcəlləsinin 88.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. İndi belə bir insanın, dövlət əmlakını mənimsəyən cinayətkarın oğlunu Əhmədzadə özünə müavin götürüb. Gör, bu qurum nə vəziyyətdədir. Vaxtilə atası dövlətin malını viran edən şəxs heç vaxt qanuni şəkildə işləyə bilməz. O da nə vaxtsa atasının əməllərini təkrar edəcək.

Növbəti yazımızda Bəybalə Quliyevin övladları haqqında yazı dərc edəcəyik. Elçin və Namiq Quliyev qardaşlarının hansı vəzifələrdə çalışmasından yazcağıq.

Qeyd edək ki, yazıdakı faktlarla bağlı sözügedən qurum heç bir rəsmi açıqlama verməyib. Məmurların mediaya qapalı fəaliyyəti isə təəssüf ki, hələ də ciddi problemlərdən biri olaraq qalır. (cumhuriyyet.az)

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın