Ana səhifə / Gündəm / Ziya Məmmədovun İsveçrə müalicəsi barədə şok bilgilər, ilginc təfərrüatlar

Ziya Məmmədovun İsveçrə müalicəsi barədə şok bilgilər, ilginc təfərrüatlar

Avropanı “viran” qoyan iqtidarın nazirləri qoca qitədə necə sağalırlar?

Xəbər verdiyimiz kimi, məzuniyyətdə olduğu dövrdə rəhbərlik etdiyi qurumun səlahiyyətləri alınan nəqliyyat naziri dünən işə çıxıb. “Yeni  Müsavat”a müsahibə verən Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib ki, nazir Ziya Məmmədov oktyabrın 23-nə qədər rəsmi olaraq əmək məzuniyyətindədir. Bu günlər ərzində isə Z.Məmmədov İsveçrədə müalicədə olub. 
Bu günə qədər Azərbaycanda nazir, məmur səviyyəsində insanların xəstələnən kimi yolunu Avropaya salması ənənəyə çevrilib. Rəsmi kanallarda, saytlarda Avropanı qaralayanlar səhhətlərində ən kiçik narahatçılıq olan kimi bu ölkələrə yollarını salıblar.
“Yeni Müsavat” isə Z.Məmmədovun İsveçrədə üz tuta biləcəyi klinikaları, ordakı qiymətləri araşdırıb və ortaya ilginc detallar çıxıb. Öncə ondan başlayaq ki, müasir elmi araşdırmalar İsveçrə əhalisinin uzunömürlülük sahəsində liderlik etdiyini ortaya qoyub. Bəs bu xalqın uzunömürlülüyünün arxasında dayanan məqam nədir? Söhbət iki əsas faktordan gedir: yüksək ekoloji şərtlər və Avropanın ən inkişaf etmiş tibbi.
İsveçrə uzun illərdir ki, farmakologiya və müalicə sahəsində liderlik edir. İsveçrə alimləri daim tibbin müxtəlif sahələrində, yeni tibbi müalicə üsulları, metodika və texnologiya ilə bağlı elmi araşdırmalar həyata keçirirlər.
İsveçrənin tibb sahəsində lider olmasının sübutlarından biri də Qırmızı Xaç və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mərkəzi bazasının bu ölkədə yerləşməsidir. Bu ölkədə müalicə olduqca yüksək standartlara cavab verir. Hətta xərçəngin müalicəsi ilə bağlı İsveçrənin rəqib tanımadığı da statistik məlumatlar sırasındadır. Burada hər xəstə üçün individual dərmanlar nəzərdə tutulur. Bundan başqa, İsveçrədə pasientlərə tam məxfilik vəd edilir. Məhz bu səbəbdən ictimaiyyət üçün maraqlı olan şəxslər, kral ailəsinin üzvləri, biznesmenlər, siyasətçilər, incəsənət adamları… müalicə üçün bu ölkənin qapılarını döyür.
Ölkənin ən məşhur klinikalarının siyahısına nəzər yetirək.
Jenolye klinikası şəbəkəsi – bu, İsveçrə ərazisindəki ən böyük klinika şəbəkəsi adlanır və özündə 12 tibb müəssisəsini əhatə edir.
Hirslanden klinikası şəbəkəsi – masştabına və nüfuzuna görə bu şəbəkə də seçilmişlərdən sayılır. Dünya üzə onkologiya sahəsində özünü təsdiqləmiş klinikalardandır.
Davos klinikası – əsasən allergik və ağciyər xəstəlikləri sahəsində mütəxəssisləşib.
Lyaklinik klinikası – burada isə pasiyentlərə daha çox estetik müalicə də plastik cərrahiyyənin bütün növləri üzrə xidmətlər təklif olunur.
Leman klinikası – daxili orqanların əməliyyatı sahəsində peşəkar sayılır.
Jeneral Bolye klinikası – Cenevrənin mərkəzindən bir qədər aralıda, yaşıllıq bir ərazidə
yerləşir. Şəhərdə və kantonda, özəl klinikalar arasında ən miqyaslıdır. Klinika ilə 40-dan artıq yüksək səviyyəli mütəxəssislər əməkdaşlıq edir. Onlar müasir diaqnostik kompleksləri istifadə sahəsində peşəkarlaşıblar.
Qiymətlərə gəlincə, İsveçrədə müalicə Almaniya və Fransa ilə müqayisədə daha yüksəkdir. Təbii ki, avronun və isveçrə frankının kursunu nəzərə almaqla qiymətlərlə bağlı az-çox təsəvvür formalaşa bilər. Amma deməliyik ki, ümumən “İsveçrədə müalicə qiymətləri” deyə bir anlayış yoxdur. Çünki hər klinikanın öz preyskurantı var. Qiymət fərqi isə heç şübhəsiz ki, klinikanın statusundan, xəstəxanada qalma müddətindən, pasientin durumundan və sair kimi faktorlardan asılıdır. Odur ki, aşağıda qeyd etdiyimiz qiymətlər ümumiləşdirilmiş sayılır:
Kardiologiya
Ümumi müayinə – 3500 – 10.000 frank (1-4 gün)
Klapan dəyişilməsi  -50.000-60.000 frank (12 gün)
Kordiostimulyator– 25.000 – 30.000 frank (2-3 gün)
Şuntlama əməliyyatı – 50.000 frank (12 gün)
Baza diaqnostika:
Çek-up(ümumi profilaktik müayinə) – 3.100 frank
Çek-up kardio – 2.700 frank
Qadınlar üçün çek-up – 3.650 frank
Urologiya
1. Ümumi yoxlama  – 2490 frank
2. Prostat əməliyyatı – 40.000-50.000 frank
3. Böyrəyin cərrahi yolla çıxarılması – 36.000 frank (10 gün)
4. Böyrək daşının götürülməsi – 8500 frank (2 gün)
Stomatologiya
1. Ümumi yoxlama – 1 saat 700 frank
2. Dişlərin müalicəsi, plomblanması – 1 saat 700 frank
3. Dişlərin ağardılması – 1 saat 1400 frank
4. İmplant – 6500 frank
Valyuta kursunu xatırlatmaqla, qiymətlər barədə təsəvvür formalaşa bilər: 
 
100 CHF (İsveçrə frankı) = 105 dollar və ya 110 AZN-dir. 
Ümumiyyətlə, İsveçrədə yaşayanların hamısı sığortalanmalıdır. İsveçrədə xəstəxana kassaları həm könüllü, həm də icbari sığorta növləri təqdim edir. Bu səbəbdən də əlavə tibbi xidmət əldə etmək üçün digər sığorta şirkəti axtarmağa ehtiyac yoxdur. İsveçrədə tibbi sığortanın daha bir fərqli cəhəti vətəndaşların xəstəxana kassasına öz seçimlərinə uyğun ödəniş etməsidir. Xəstəxana kassaları ən yaxşı tibb klinikaları ilə işləyir. Bu da yüksək xidmətə zəmanət verir.
İsveçrədə icbari tibbi sığortaya profilaktik tədbirlər – qripə qarşı peyvənd, ildə bir dəfə tibbi müayinə, xəstəliklərin diaqnostikası da daxildir. Digər Avropa ölkələrində olduğu kimi İsveçrədə sığortalanan şəxs göstərilən tibbi xidmətin 10 faizini ödəyir.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın