Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Zibili kimi həyətində basdırır, kimi küçəyə atır… – ARAŞDIRMA

Zibili kimi həyətində basdırır, kimi küçəyə atır… – ARAŞDIRMA

Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətinin payız-qış aylarında bataqlığa çevrilən yol problemi ilə yanaşı daha bir dərdi var: zibil yeşiklərinin yoxluğu. Bakı və ətraf qəsəbələrin inkişafına dair dövlət proqramları sayəsində bu qəsəbə-kəndlərin çoxunda su, qaz, elektrik xətləri yenilənib. Ancaq məişət tullantılarını atmaq üçün münasib yerlər və tullantıların vaxtında daşınması hələ də ciddi problem olaraq qalır.

Virtualaz.org sakinlərdən ayrı-ayrı vaxtlarda daxil olan şikayətlərə və apardığı müşahidələrə əsasən qeyd edir ki, bu qəsəbələrdə zibil yeşikləri ən yaxşı halda əsa küçələrin kənarlarında qoyulub. Məhəllələrin içərisində isə məişət tullantılarını ya divarlara yazılmış “Bura zibil atanın …” tipli söyüşlərə, qarğışlara baxmayaraq hasarların dibinə atırlar, ya da torbalara, əl arabalarına yığıb zibil yeşiklərinə atmaq üçün uzun məsafə qət etməli olurlar.

Kimi həyətində basdırır, kimi torbalarda daşıyır..

 

Bakının ətraf qəsəbələrində tullantıların hansısa çalaya basdırılması hallarını da görmək olar. Çünki yaxınlıqda zibil atmağa başqa yer olmur. Bir çox hallarda isə zibil qutuları elə yerlərdə qoyulub ki, yağış yağanda onlara yaxın düşmək müşkülə çevrilir, çünki ətrafları keçilməz gölməçəyə, bataqlığa dönür.

Bu qəsəbələrin şəxsi avtomobili olan sakinlərinin zibil sarıdan işləri nisbətən asandır. Onlar hər gün zibil torbalarını maşınlarında aparıb yolüstü hansısa zibil qutusuna ata bilərlərBəziləri problemin həlli yolunu tullantıları öz həyətlərində çala qazaraq basdırmaqla tapırlar.

Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivi 9-cu döngədə yaşayan sakinlər isə deyirlər ki, əvvəllər bu üsuldan əksəriyyət istifadə etsə də, get-gedə həyətlərdə qazılası yer qalmayıb: “8 ildən çoxdur bu ünvanda yaşayırıq. Amma indiyədək məhəllədə zibil qutusu görməmişik. Əvvəllər zibillərimizi həyətimizdə basdırırdıq. Burada hamının cəmi 1-2 sot həyəti var, bu boyda həyətdə nə qədər zibil basdırmaq olar ki? Hər yeri qazıb qurtardıq, indi də məcburuq aparıb zibil qutusuna ataq. Qəsəbədə iki yerdə zibil qutuları var, ora daşıyınca əldən düşürük. Dərdimizi kimə deyək? Bələdiyyəyə, icra hakimiyyətinə dəfələrlə şikayət eləmişik, baxan yoxdur”, – deyə qəsəbə sakinləri bildirirlər.

Həftədə 5 manat zibil pulu

 

Onların sözlərinə görə, məhəllələrdə zibil qutuları tapılmadığından sakinlərin çoxu tullantıları küçəyə atır. Əksər hallarda valideynləri zibil atmağı azyaşlılara tapşırırlar ki, onlar da qəsəbənin palçıqlı yollarını keçib zibil qutusuna yetişənə qədər özləri az qala, zibilə qarışırlar.

Eyni problemi Suraxanı rayonu Bülbülə qəsəbəsinin sakinləri də yaşayırlar. Qəsəbənin S.Əliyev küçəsi “A” yaşayış massivinin sakinləri bildirirlər ki, böyük yaşayış massivi olmasına baxmayaraq yalnız əsas yolun kənarında icra hakimiyyəti tərəfindən qoyulan zibil qutularından başqa məhəllələrdə heç bir qutuya rast gəlinmir. Bu qutulara qəsəbənin zibilini sığışdırmaq mümkün olmadığından əksər hallarda dolub-daşaraq ətrafa səpələnir.

 

“Hərdən zibil yaddan çıxıb maşında qalırdı, iylənirdi…”

 

Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri isə yığılıb qalan zibillərini atmaq üçün başqa yol fikirləşiblər. Atçılıq yaşayış massivində yaşayan Rübabə Məmmədovanın sözlərinə görə, əksər ailələr evlərindən çıxan məişət tullantılarını daşımaq üçün bələdiyyə nümayəndəsi ilə razılaşırlar.

“Oğlum hər səhər işə gedəndə evdəki zibilləri maşına qoyub harada qabağına zibil yeşiyi çıxsa atırdı. Amma çox vaxt zibil yadından çıxıb maşında iylənirdi, bir də işdən çıxanda xəbər tuturdu. Sonra qonşulardan öyrəndik ki, bələdiyyə nümayəndəsi var, o, həftədə bir dəfə gəlib həyətdən zibili götürür. İndi onunla danışmışıq, küçəyə – qapının ağzına bir çəllək qoymuşuq, zibilləri ora atırıq. Beş manat ödəyirik, həmin nümayəndə həftədə bir dəfə gəlib zibilləri aparır. Qışda o qədər hiss olunmur, yay aylarında zibilin iyindən qapını açmaq olmur”, – deyə sakin bildirir.

Sakinlərin sözlərinə görə, illərdir salınan qəsəbəyə zibil qutularının qoyulmaması  böyük problemdir. Çünki heç də hamının məişət tullantılarına görə ayda 20 manat ödəməyə pulu çatmır.

 

“İcra hakimiyyətlərinin funksiyaları məhdudlaşdırılmalıdır”

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, məişət tullantılarının təmizlənməsi icra hakimiyyətlərinə aid məsələdir. Ekspertin virtualaz.org-abildirdiyinə görə, əslində bələdiyyələrin də tullantıları daşımaq səlahiyyəti var. Amma digər səlahiyyətlər kimi bu da bələdiyyələrdən mənimsənilib.

“Məişət tullantılarının daşınması ilə bağlı çox böyük problemlər var. Şəhərin mərkəzində təmizlik aparırlar, zibil qutuları qoyurlar, amma bir qədər kənarlara getdikcə hər yeri zibil iyinin basdığının şahidi oluruq. Zibillər vaxtlı-vaxtında yığılmır və ya zibil qutuları çox səmərəsiz yerləşdirilir.Problemdən çıxış yolu odur ki, məişət tullantılarının daşınması səlahiyyəti bələdiyyələrə verilsin. Bələdiyyələr bu təmizlik işlərinə daha yaxşı baxa bilər. Həm də əhalinin icra hakimiyyətindən fərqli olaraq bələdiyyədən tələb etmək imkanı daha çoxdur”-həmsöhbətimiz deyir.

Ekspertin sözlərinə görə, məişət tullantılarının daşınmasının qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilsə də, təəssüf ki, bəzi rayonlarda icra hakimiyyətləri öz səlahiyyətlərini aşaraq Tarif Şurasının müəyyən etdiyi məbləğdən artıq tələb edirlər. Məsələn, bəzi rayonlarda adambaşına 30 qəpik əvəzinə 50 qəpikdən yığılır.

S. Əliyev hesab edir ki, hər il dövlət büdcəsindən icra hakimiyyətlərinə məişət tullantılarının daşınması ilə bağlı vəsait ayrılsa da, bu çox vaxt səmərəsiz istifadə edilir. Əgər bu səlahiyyət bələdiyyələrə verilsə, daha faydalı ola bilər: “Məişət tullantılarının daşınması ilə bələdiyyələr məşğul olsalar daha yaxşı olar. İndi bələdiyyələrdən tələb edəndə bildirirlər ki, bu işi icra hakimiyyəti görür, bizim səlahiyyətimiz daxilində deyil. Əvvəl Bakıda bir neçə bələdiyyə məişət tullantılarını daşımaq funksiyasının öz üzərinə götürərək kreditlə maşın və texnika almışdı. Lakin icra hakimiyyəti bu səlahiyyəti onların əllərindən aldı. Burada təkcə pul məsələsi deyil, problemin kökündə idarəetmə ilə bağlı problem dayanır. Hesab edirəm ki, icra hakimiyyətlərinin təsərrüfat funksiyaları getdikcə məhdudlaşdırılmalıdır”, – deyə S. Əliyev bildirib.

 

Bələdiyyə ilə icra hakimiyyəti arasında

 

Problemlə bağlı Binəqədi rayonu Biləcəri qəsəbəsinin bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə nümayəndəsi Şükür müəllim zibil qutuları ilə bağlı heç bir problem olmadığını deyərək bildirdi ki, telefonla əlavə məlumat verməyəcək. Əgər hər hansı məlumat almaq istəyiriksə, zəhmət çəkib bələdiyyənin ofisinə gəlməliyik: “Qəsəbədə bütün lazım olan yerlərdə zibil yeşiyi qoyulub. Sakinlər müraciət edəndə baxılır və qoyulur. Bələdiyyənin istənilən yerə zibil qutusu qoymağa imkanı çatır. Amma mən telefonla məlumat vermirəm, istəsəniz buyurub ofisə gəlin danışaq”.

Suraxanı rayonu Hövsan qəsəbəsinin bələdiyyə sədri Elbrus Xəliov isə məişət tullantılarının daşınmasının bələdiyyənin imkanları xaricində olduğunu dedi:

“Suraxanı rayonunda 6 bələdiyyə var. Onların heç biri, o cümlədən, Hövsan bələdiyyəsi məişət tullantılarının daşınması ilə məşğul olmur. Bizim rayonda vətəndaşların Mənzil Kommunal Təsərrüfat Birliyi və Kommunal Xidmətlər İdarəsi ilə müqavilələri var və müqavilə əsasında vətəndaşların zibilləri onlar tərəfindən daşınaraq atılır. Hansı bələdiyyənin maşını, texnikası var, onlar zibili atırlar. Bizim bələdiyyənin bu imkanları yoxdur”.

Bakı Şəhər İcra hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsindən, habelə Xəzər, Suraxanı və Sabunçu icra hakimiyyətlərinin müvafiq şöbələrindən isə telefonlarımıza cavab verən olmadı.

 

50- manatdan 1000 manatadək cərimə

Məlumat üçün bildirək ki, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “İstehsalat və məişət tullantıları haqqında” Qanunla müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.Qanunvericiliyə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə müəyyən edilir.

Nazirlər Kabinetinin qərarına əsasən, parkların hər 600-800 kvadratmetrlik sahəsinə bir zibil yeşiyi qoyulmalıdır. Bu işləri isə küçə və meydanlarda, park və bağlarda, dayanacaq və metro girişlərində aidiyyəti üzrə kommunal-təsərrüfat orqanları görməlidir. Yəni məhəllələrdə, küçə və meydanlarda, vağzallarda, hava və dəniz limanlarında, bazarlarda, park və bağlarda lazımi sayda tullantı qabları yerləşdirmək bu inzibati ərazilərə nəzarət edən qurumların rəhbərliyi yerinə yetirməlidir. Əhalisi çox olan yerlərdə, eləcə də xiyabanlarda tullantı qabları hər 40 metrdən bir qoyulmalı, adam azdırsa, bu məsafə 100 metri aşmamalıdır. Yeməkxana və dükanların, alış-veriş mərkəzlərinin yanında azı 10 litr tutumu olan zibil qabları yerləşdirilməlidir.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın