Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Yüksək bal toplayanlar da ön cəbhəyə göndərilməlidirlər?

Yüksək bal toplayanlar da ön cəbhəyə göndərilməlidirlər?

Cəmiyyət son günlər cəbhədə baş verən hadisələrə təkcə hərbi-siyasi prizmadan qiymət vermir, eyni zamanda bir sıra təkliflər də irəli sürür.

“Qafqazinfo” xəbər verir ki, bu nöqteyi- nəzərdən son döyüşlərdə həlak olan şəhidlərimizdən biri Müşfiq Orucovun yüksək balla universitetə daxil olması haqda xəbər yayılandan sonra ictimaiyyət arasında bu cür gənclərin ön cəbhəyə göndərilib-göndərilməməsi məsələsi də aktuallaşdı.

Bununla bağlı sosial şəbəkə istifadəçiləri müxtəlif təkliflər səsləndirdilər. Bəziləri hesab edir ki, 700 bal toplayan tələbələrin ön cəbhəyə göndərilməsi düzgün addım deyil. Bu cür intellektual və savadlı gənclərin biliyindən elmin inkişafı naminə yararlanmaq lazımdır. Bunun üçün də müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir.

Digərlərinin fikrincə isə, ümumiyyətlə, aşağı və ya yüksək bal toplayanlar arasında belə bir fərq qoymaq düzgün deyil.

Bəs millət vəkilləri bu məsələ barəsində nə düşünürlər?

“Qafqazinfo” səsləndirilən təkliflərlə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvlərinə müraciət edib.

Deputat Zahid Orucun sözlərinə görə, dörd günlük müharibə vətəndaşların müxtəlif sahələrdə baxışlarını yeniləməyə də imkan verib:

“Düşünürəm ki, qeyd olunan fikirlər də müəyyən zamanlarda korrektələrə məruz qalacaq. Elm və təhsil sistemi də ölkənin təhlükəsizliyinin mühüm bir hissəsidir. İnsanların bilik bacarıqlarından yararlanan ölkə özünü xarici məkanda təqdim edə bilir, elmi nailiyyətlərdən yararlanır. Ancaq ordu haqqında yanaşma belə ola bilməz ki, bu yalnız 100-150 ballıq tələbələrin xidmət etdiyi bir məkan olmalıdır. Hətta Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir neçə dəfə bəyan etdi ki, onların əsgəri heyətinin içərisində 50-60 faiz insanlar tərcümeyi-hallarını dəqiq yaza bilmirlər. Dünyanın ayrı-ayrı ölkələrində bununla bağlı praktika fərqlidir. Qeyd etdiyim kimi, bəzilərində 50-60 faiz orta savaddan aşağıdır, yerdə qalan zabit heyəti güclü imkanlara malikdir, onlar da hər biri ordunu qarşıya qoyulan məqsədə çatmaq üçün irəliyə apara bilirdi”.

Z. Oruc qeyd edib ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra müasir qurğuları, texnikanı xüsusilə elektron sistemlərə, nano texnologiyalara yaxın olan insanları orduya cəlb etməyə çalışır:

“Ona görə də məhz 700 ballıq tələbələrin Silahlı Qüvvələrdə olmasını çox arzulayıram. Unutmayaq ki, bu sahə hərbi taktikaların, silahlar arasındakı rabitəni və onu idarə etməyi bacaranları tələb edir. Bu isə yalnız aşağı bal toplayan tələbələrin üzərində qurula bilməz. Hamı belə başa düşə bilər ki, o savadlı insan alim olmaq imkanını itirib. Amma hərbi sahədə elmin inkişafı üçün mühüm vəzifələr qoyulub. Bu adamlar həmin sahələrdə öz imkanlarını reallaşdıra bilərlər.

Bu gün hərbi sektor ilə elm arasında güclü sinxronlaşma getməkdədir. Müdafiə Nazirliyi hazırda həmin peşəkar kadrları sıralarına cəlb edir. Ordu nə qədər savadlı olsa, bir o qədər güclü olur. Bu gün İsrailin 23 ərəb dövləti içərisində necə güclü təhlükəsizlik sistemi qurduğundan hamı bəhs edir. Bunlar istənilən məsələnin elmləşdirilməsi hesabına olub. Ona görə də indiki məqamda kiminsə parlamentdə bu fikri gündəmə gətirməsi və onu qanunvericilik qaydasında qəbul elətdirməsi həddindən artıq çətin olardı. İndi Azərbaycanın yaşlı insanı da, gənci də, ən savadlısı da bu torpağa canını vermək istəyir”.

Deputat Aydın Mirzəzadə isə bildirib ki, 650-dən yuxarı bal toplayan tələbələrdən başqa sahələrdə daha səmərəli istifadə edilməsi məsələsi bu gün cəmiyyətdə düzgün qəbul edilməz:

“Bir qisim bunu yüksək qiymətləndirir. Amma belə olarsa, cəmiyyət əsgərlərimizin iki kateqoriyaya bölünməsi fərziyyəsini irəli sürər. Biz nə qədər bal toplamasından asılı olmayaraq gənclərimizin hər birini qorumalıyıq.

Xatırladım ki, Müşfiq Orucov 700 bal toplamayıb. Bu haqda dəqiqləşdirilməmiş informasiya yayılıb. Onun topladığı bal 700-dən xeyli aşağıdır. Ümumiyyətlə isə, biz şəhidimizə nə qədər bal toplaması ilə qiymət vermirik. Onların hər biri bizim üçün şəhiddir”.

A.Mirzəzadə daha başqa təkliflə Milli Məclisin iclasında çıxış edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, o 700 bal toplayanların deyil, ailənin tək oğul övladının hərbi xidmətə çağırılarsa ön cəbhəyə göndərilməməsi təklifinin aktuallaşmasının tərəfdarıdır:

“Qanuna görə hər bir gənc sağlamlığı imkan verirsə hərbi xidmət keçməlidir. Ancaq son hadisələrdə biz də gördük ki, ailənin yeganə övladı döyüşlərdə şəhid olub. Bu tək ailə üçün deyil, eyni zamanda cəmiyyət üçün ağrılı bir problemə çevrilib. Ona görə də Milli Məclisin iclaslarının birində ailənin tək oğlan övladının hərbi xidmətə çağırılarsa, onun digər qoşun növlərində xidmət etməsi məsələsini təklif edəcəyəm”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın