Bir xeyli müddətdir «bazarları» bağlanan qumar biznesinin nümayəndələri yenidən hərəkətə keçiblər. Mətbuatda haqlarında yazılanlardan sonra 60-dan çox obyekti bağlanan «qumar kralları» aldıqları yeni tapşırıqdan sonra fəaliyyətlərini əvvəlcə əvvəlki vəziyyətə, daha sonra isə genişləndirməyə başlayıblar.
Məlumatda deyilir ki, qumar biznesinin aparıcı fiqurları olan «Yeraz» Mehman, «Qara Vəzir», və Ordubadlı Vüqar bazarın yenidən bölüşdürülməsi üçün bir araya gəliblər. Lakin aralarında anlaşma əldə olunmayıb. Bu səbəbdən də «ağsaqqal»larının yanına gediblər.
«Qumar kral»ları proses zamanı özlərinin ən yaxın adamlarından birini oyundan çıxarıblar. Bundan başqa, onlar «mətbuat siyasəti»nə də yenidən baxmaq qərarına gəliblər. Belə ki, əvvəllər işlədikləri adamlarla yollarını ayırıb, yeni komanda ilə gündəmə gəlməyə hazırlaşırlar.
Bu zaman, «qumar kral»larının məsləhət üçün kimin yanına getdiyi də maraqlıdır.Həmin şəxs Bakıdakı Polis İdarələrindən birində çalışır və zabitdir. Uzunmüddətdən bəri qumarxana işlərinə nəzarət edən şəxs olaraq ad çıxarıb. Həmçinin hazırda da əsas himayədarlardan biri sayılır.