Ana səhifə / Gündəm / Yeni qanun hamıya təhsil haqqı verir: əsgərliyə kim gedəcək?

Yeni qanun hamıya təhsil haqqı verir: əsgərliyə kim gedəcək?

“Təhsil haqqında” qanunda dəyişikliklə bağlı daha bir tənqidi məqam ortaya çıxıb.

Axar.az xəbər verir ki, ali məktəblərə qəbul imtahanında müsabiqədən keçə bilməyənlərin bir illik hazırlıq kursları vasitəsilə ali məktəblərə qəbul olunmasını nəzərdə tutan dəyişikliyə hərbi ekspert Üzeyir Cəfərov da münasibət bildirib.

Onun sözlərinə görə, bu dəyişiklik ali məktəbə qəbul olmayan oğlan uşaqlarına 1 il ərzində xidmətdən möhlət hüququ qazandıracaq:

“Əslində, çox gözəl bir addımdır və həqiqətən də gənclərimiz nə qədər savadlı, bilikli olsalar, Silahlı Qüvvələrdə xidmətə başlıyanda da, xidmət keçəndə də həm özləri üçün, həm də komandir və rəis heyəti üçün onlarla qarşıya qoyulan tapşırıqları yerinə yetirmək daha rahat, daha asan başa gəlir. Amma bu yeniliyin qəbul olunması ortaya xeyli çətinlik və problemlər çıxaracaq”.

Ü.Cəfərov bildirib ki, il ərzində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına 4 dəfə həqiqi hərbi xidmətə çağırış həyata keçirilir. Və hər çağırışda minlərlə gənc əsgəri xidmətə cəlb olunur:

“Məncə, bu dəyişiklikdən sonra ən böyük yük Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) üzərinə düşəcəkdir. Tutaq ki, 20 min gənc SHXÇDX-nin yerlərdəki rayon və şəhər idarələri və şöbələri tərəfindən əvvəlcədən tərtib edilmiş siyahılarda 2017-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedəcək şəxslər kimi qeydiyyata alınıblar. Və 2017-ci ildə bu uşaqlardan müəyyən qismi ali məktəblərə qəbul olundular və yerdə qalanlar da gələn il ali təhsil almaq arzusunda olduqlarını bildirərək hazırlıq kurslarına yazıldılar. Bəs həqiqi hərbi xidmət borcunu yerinə yetirmək üçün o minlərlə çağırışçı kontingenti necə və nəyin hesabına doldurulacaq? Onu da anlıyıram ki, bizdə demoqrafik məsələdə hər hansı problem yoxdur və əsgəri borcunu yerinə yetirmək üçün kifayət qədər resurslarımız var.

Onda ortalığa digər sual çıxır. Birdən-birə bu qanunun tətbiqi ortalığa hansısa boşluğu çıxara bilməzmi? Dövlətin bir qurumu əslində gələcək nəsil oğlan uşaqlarının daha savadlı və bacarıqlı olması üçün irəliyə bir addım atır, amma ortalığa çoxlu problemlər, çətinliklər çıxır. Və ən böyük problem isə bundan sonra başlayacaq”.

Ekspert bildirib ki, ali məktəblərə qəbulun nəticələrinin bəlli olması ilə hazırlıq kurslarının başlanma vaxtının tənzimlənməsi barədə qanunvericilikdə aydın izah olmadığından, bu məsələ narahatlıq yaradır.

Ü.Cəfərov sonda qeyd edib ki, Azərbaycan gənclərinin daha yüksək təhsil alması üçün atılan bu addım təqdirəlayiqdir, ancaq belə qanunlar ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı müvafiq qanunvericiliklə mütləq uzlaşdırılmalıdır.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın