Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / YAP-ın 16 illik təşkilat sədrini niyə aldadıb işdən çıxarıblar? – Rabitədən şikayət

YAP-ın 16 illik təşkilat sədrini niyə aldadıb işdən çıxarıblar? – Rabitədən şikayət

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin sabiq şöbə müdiri, YAP-ın yerli təşkilatının 16 il rəhbərlik edən, Bakı, M.Hadi küçəsi ev 11, mənzil 44-də yaşayan İlqar Abdullayev Mia.az-a maraqlı müraciət göndərib.

Mia.az həmin müraciəti olduğu kimi təqdim edir:

Hörmətli sayt rəhbərliyi!

Mən, Abdullayev İlqar Binyət oğlu 1965-ci ildə Şəki rayonunda anadan olmuşam, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsini bitirmişəm. Universiteti bitirdikdən sonra təyinatla keçmiş Avtomobil Nəqliyyatı Nazirliyində “proqramçı” vəzifəsində işləmişəm. 1999-cu ildə RYTN-in Məlumat Hesablama Mərkəzinə proqramçı vəzifəsinə işə düzəlmişəm. 2001-ci ildə şöbə müdiri vəzifəsinə təyin olunmuşam və 2016-cı ilin 19 yanvarınadək həmin vəzifədə çalışmışam.

İşlədiyim müddətdə “Aztelekom”, “Azərpoçt”, BTRİB, DRİ, Naxçıvan RYTN və s. qurumlar üzrə bir sıra əsaslı layihələrin icrasında yaxından iştirak etmişəm. Eyni zamanda “Elektron hökumət” sisteminin yaradılmasında iştirak etmişəm, Dövlət Reyestrlərini yaratmışam və fəaliyyətini təşkil etmişəm. Mənim televiziya kanallarına, saytlara verdiyim müsahibələrlə, bir sıra elmi konfranslardakı çıxışlarımla, çap olunmuş elmi məqalələrimlə və s. ilə qısaca tanış olmaqla mənim fəaliyyətimə qiymət vermək mümkündür.

Bildirirəm ki, məni Respublika ərazisində (Naxçıvan MR daxil) istənilən ATS-də və poçt şöbəsində bütün işçilər qiyabi də olsa tanıyır və mən ən azından telefonla həmin işçiləri MHM-in Billinq proqramları barədə təlimatlandırmışam. 2000-ci ildən işdən çıxarıldığım günədək Yeni Azərbaycan Partiyasının MHM üzrə yerli təşkilatının sədri olmuşam və Partiyanın bütün tədbirlərində yaxından iştirak etmişəm.

MHM-də 17 illik iş fəaliyyətim dövrümdə irad və töhmət almamışam, əksinə “Rabitə Ustası” fəxri adı və Fəxri Fərmanlar ilə təltif olunmuşam.

Qeyd edirəm ki, nazirliyin və MHM-in əvvəlki rəhbərliyi ilə heç bir qohumluq və şəxsi münasibətlərim olmayıb, və hazırda gənc mütəxəssis kimi 1994-cü ildə Avtomobil Nəqliyyatı Nazirliyində mənə verilən birotaqlı evdə yaşayıram.

Cari ilin 19 yanvar tarixində heç bir səbəb və hüquqi əsas olmadan MHM-in yeni direktoru Elnar Əsədov tərəfindən mənə bildirildi ki, məni başqa uyğun işlə təmin edəcəklər və mən işdən azad olunmağım barədə yox, başqa işə keçirilməyim barədə ərizə yazdım. Lakin heç bir səbəb göstərilmədən, heç bir hüquqi əsas olmadan, qeyri-qanuni olaraq AR Əmək məcəlləsinin 68-ci maddəsinə əsasən (həmin madddədə belə bir şey nəzərdə tutulmayıb) işdən azad edildim.

Fikirləşdim ki, mənə başqa iş təklif olunacaq və gözlədim. Beş ay keçsə də mənə heç bir təklif olunmadı və mən aldadıldığımı başa düşdüm. Hazırda işsizəm və mənim bütün iş təcrübəm rabitə və İKT sahəsi ilə bağlı olduğu üçün mövcud şəraitdə başqa sahədə iş tapmaq mənimçün çətindir.

Ölkə Prezidentinə müraciət etdikdən sonra MHM-dən mənə şablon xarakterli və məntiqsiz bir cavab verilmişdir və həmin cavabla mən qətiyyən razı deyiləm:

1. Təkrarən bildirirəm ki, mən təzyiq altında və başqa işə keçirilməyim barədə ərizə yazmışam, işdən azad edilməyim barədə yox. Əgər MHM-də minimum biliyə malik hüquqşünas və ya kadrlar üzrə mütəxəssis varsa, onlar gözəl bilirlər ki, başqa işə keçirilmək barədə ərizə AR Əmək məcəlləsinin 68-ci maddəsinə əsasən işdən azad edilmək üçün heç bir halda hüquqi əsas ola bilməz.

2. Mövcud şəraitdə kim öz xahişi ilə işdən gedər və əgər gedibsə şikayət edər?

3. Mənə bildirilir ki, mənim bilik və təcrübəmə uyğun MHM-də iş yeri yoxdur. Bu absurddur və tam məsuliyyətimlə bildirirəm ki, hazırda MHM-ə gəlir gətirən bütün ciddi layihələrin hamısının birbaşa iştirakçısı olmuşam və bunu E.Əsədov çox gözəl bilir (çünki həmin layihələrin hamısı ilə onu mən tanış etmişəm).

Düşünürəm ki, RYT Naziri cənab Ramin Quluzadənin qəbulunda olub olanları ona deyə bilsəm, məsələyə ədalətli şəkildə baxılar. Amma təəssüf ki, ölkə Prezidentinin hər dəfə məmurlardan vətəndaşların müraciətlərinə, şikayətlərinə fərdi qaydada, diqqətlə, hörmətlə yanaşılması tələb edildiyi halda, cənab Ramin Quluzadənin qəbuluna düşmək qeyri-mümkündür.

Həm də məni, 16 il YAP-nın yerli təşkilatının sədri olmuş bir vətəndaş kimi bir şey çox məyus edir. Axı bəzi məmurlar niyə səbəbsiz yerə vətəndaşları dövlətdən narazı salmaqda maraqlıdırlar??!!

Mən ədalətə inanıram və buna görə də öz konstitusion hüquqlarımın müdafiəsi üçün sonuna qədər, yorulmadan ölkə Prezidentinə müraciət edəcəyəm. Əgər mənim müraciətlərimə baxılmasa, mən məcbur olacağam ki, Prezident Administrasiyasının qarşısında günlərlə gözləyib, öz sözlərimi hansı şəkildəsə cənab Prezidentə çatdırım.

Hörmətli sayt rəhbərliyi!

İnanıram ki, Azərbaycanda demokratiya və ədalətin bərqərar olması üçün Sizin saytınız da öz töhfəsini verməkdədir və Sizdən xahiş edirəm, mənim müraciətimi olduğu kimi öz saytınızda dərc edəsiniz

Əvvəlcədən öz təşəkkürümü bildirirəm”.

Faktla bağlı qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb. Nazirliyin bu şikayətə mövqeyini də dinləməyə hazırıq.

Mia.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın