Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Xaçmaz dönüb olub “razborkaxana” – Ərəb şeyxləri Azərbaycanda aranı qarışdırır…

Xaçmaz dönüb olub “razborkaxana” – Ərəb şeyxləri Azərbaycanda aranı qarışdırır…

Dəfələrlə yazdıq və dedik ki, bu Azərbaycanın dini cameəsi xaricdən idarə olunur, bizi eşitmədilər. Ona görə də hərə bir tərəfdən fətva verib aranı qarışdırır. Ara isə doğrudan da qarışır, məhzəb itir. Ötən yazılarımızda sələfilərin lideri Qamət Süleymanovla tanınmış dindar Adil Rəcəbov arasında gedən qarşıdurmanın şimal regionunda, o cümlədən, Xaçmazda da ciddi problemlər yaratdığını yazmışdıq. “Sələfi liderindən şok açıqlamalar” yazısında bu məsələlər təhlil olunmuşdu. Qeyd edilmişdi ki, regionda hizbi ocaqları yaranır. Məqalə böyük rezonans doğurdu. İndi-indi ictimaiyyət dərk etməyə başlayıb ki, özlərini dindar kimi qələmə verənlər əslində fitnə-fəsadla məşğuldurlar. İstər dövlətə qarşı, istərsə də din qardaşlarına. Ona görə də, çoxsaylı zənglər oldu, hətta söz-söhbət yayıldı ki, mənim və Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə barəsində fətva da verilib. Nə dərəcədə doğrudur, bunu Allah bilir. Amma od olmayan yerdən tüstü də çıxmaz. Çox qəribə bir vəziyyət yaranıb. Xaçmaza Qamət gəlir Adil qayıdır, Adil gəlir Qamət qayıdır. Rayon dönüb olub “razborkaxana”. Heç kəsin də vecinə deyil ki, bu “razborkaların” axırı pis qurtarar, dövlət zərər çəkər. Adil Rəcəbovun tərəfdarları isə sözün həqiqi mənasında kimlərəsə söykənib az qala meydan sulayırlar. İki məscidi ələ keçirib özlərini qalib sayırlar. Söhbət ondan getmir ki, mövcud sabitliyi pozmağa gücləri çatar. Sadəcə su bulandırırlar. Biz də bu səbəbdən bəzi həqiqətləri açıqlamamaqla bunların dəyirmanlarına su tökmürük. Açıb danışsaq xalq onları daş-qalaq edər, bu insanlar nifrət hədəfi olarlar. Onsuz da nə qədər yığılıb-dağılışsalar da xeyri yoxdur. Sabitliyi poza bilməyəcəklər. Çünki ifşa olunublar.
Mövzunu davam etdirmək istəyərkən təcili bir məlumat aldım. Adil Rəcəbovun ən yaxın adamlarından biri olmuş, Rəcəbov qruplaşmasının vatsapdakı administratoru Zöhrab Şəmkirli yanvarın 3-də bəyanatla çıxış edib. Əvvəl dedilər ki, Ermənistana qarşıdır, Azərbaycan əsgərinin təhqir olunmuş cəsədindən hiddətlənib. Sevindim. Lakin qulaq asıb pərt oldum. Sən demə bu bəyanat Adil və Qamətin davasına həsr olunub. Müraciətini bütün dindarlara ünvanlayan bu şəxs Adil Rəcəbovu lap rüsvay edib, ondan ayrıldığını açıqlayıb. On səkkiz dəqiqəlik çıxışında bütün dindarlardan Adil Rəcəbovun arxasından geri çəkilməyi  xahiş edib. Bundan əlavə, onun özündən isə tələb edib ki, haqqında gedən söz-söhbətlərə münasibətini əks etdirən bəyanatla çıxış etsin. “Mən bunlardan nələr görmədim? Bunların iç üzlərini, xəbisliklərini, məsələlərə don geyindirməkləri, böhtanları, iftiraları. Bunlar problemli insanlardır. Ən çox da Adil.” Gör bu kişini nə günə qoyublar ki, Adil Rəcəbovun yolundan tövbə etdiyini də deyir. Yüzlərlə insanı ondan üz çevirməyə çağırır. Zöhrabı əsəbiləşdirən bir məsələ də budur ki, Rəcəbov və tərəfdarları İŞİD-i dəstəkləyən ərəb şeyxi Hələbini alim adlandırır, sələfi şeyxi Rabini isə alçaldırlar (Hər ikisi Səudiyyə Ərəbistanındandır).
Bu bəyanata tam aydınlıq gətirmək istədik. Telefon açdıq Zöhrab Şəmkirliyə. Qısa müsahibə verdi. Demək olar ki, bəyanatda dediklərini təsdiqlədi. Bircə onu əlavə etdi ki, Adil Səudiyyədəki alimələrə tənə edir, Şeyx Abdullah Buxarini “şıntır”(üzr istəyirik-red) adlandırır, Hələbinin qaydalarını dəstəkləyir və s. “Əsl sələfi alimlərinin dediyi kimi getmirlər. Bunlar hizbiliyə meyllidirlər.” O ki qaldı Adilin Azərbaycanda dövlət və hakimiyyət məsələsinə münasibətinə, müsahibimiz məsləhət gördü ki, bu suala özü cavab versin. Neyləyək, bunu da edərik.
Məni düşündürən başqa sualdır. Bu kəslərin çıxışlarını, dediklərini və bəyanatlarını dinləyəndə belə məlum olur ki, sanki onların rəhbərləri ərəb şeyxləridir. O şeyxlər ki, Azərbaycanda elə bir vəziyyət yaradıblar ki, bir qrup digərini lənətləyir, digər qrup isə o birini. Əhsən. Adını dindar qoyan bu kişilər də uyublar öz dövlətlərində və xaricdə kef damaq içində yaşayan səudiyyəli şeyxlərin fətvalarına. Və yaxud vətənləri darmadağın olduğu halda, eyş-işrətlə məşğul olan və özlərini İslam bilicisi sayanların şeytan əməllərinə. O əməllərə ki, Vaşinqtondan, Londondan, Qərbdən və digər ölkələrdən idarə olunur və belə üzdəniraq şeyxlərin vasitəsi ilə qırğınlar törədilir. Yaxın Şərqdən qaçan minlərlə müsəlman miqrant insan dənizlərdə batıb, minlərlə uşaq yetim qalıb, evlər xarabazara çevrilib. Di gəl ki, bu şeyxlərdən birinin də barmağı qanamayıb. Deyəsən, indi də Azərbaycanı qarışdırmaq eşqinə düşüblər. Bilmirlər hansı oyunlardan çıxsınlar. Gah dini qarşıdurma salırlar, gah İŞİD-i dəstəkləyən dəstələrə himayədarlıq edirlər, işləri alınmayanda isə başlayırlar yerlərə fitnə-fəsad salmağa. Amma alınmayacaq. Arzuları gözlərində qalacaq. Bizim xalq əmin-amanlığın tərəfdarıdır. “Ərəb baharları”ndan, Yaxın Şərqdəki süni yaradılan münaqişlərdən ibrət götürüb. Belə fitnələrə getməzlər, bu cür dindarların sıralarına daxil olmazlar.
Mənim Qamətin də, Adilin də tərəfdarlarına sözüm var. Azərbaycanda yaşayırsınız. Bu dövlətin və millətin rəhbəri də var, gücü də var, dindarı da var, alimi də. Ayıbdır cənablar!!! Yaşadığınız məmləkətin torpaqlarının iyirmi faizini erməni daşnakları işğal ediblər. Bir milyondan çox qaçqın və köçkünümüz var. İndiki vəziyyətdə ölkəmizdəki sabitliyi güclə saxlayırıq. Belə bir vaxtda var-dövlət içində yaşayan və min bir oyundan çıxan şeyxlərin məkrli planlarına alət olmayın. Onlardan kim haqlıdır, kim haqsızdır özləri bilərlər. Daha sizlər dəstələrə bölünüb onlar üçün tərəfkeşlik etməyin. İnanın ki, axırda arada qalacaqsınız. Bir söz də deyim. Daha xalqda sizlərə inam qalmayıb. Yavaş-yavaş bu inamı hərəkətlərinizlə, sözlərinizlə məhv etdiniz. Allahdan və yaratdığınız dini cameənin başınıza yıxılacağından qorxun.
P.S: Yaxın günlərdə Xudatda Adil Rəcəbovla Qamət Süleymanovun tərəfdarları arasında gedən qarşıdurmanın detallarını açıqlayan yazı hazırlayacağıq.
Müqəddəs Mehdiyev,
“Şimal xəbərləri” qəzetinin baş redaktoru

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın