Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Xətai sakinləri: ‘Ağaclara benzin töküb, yandırıblar ki…’ – REPORTAJ, FOTOLAR, VİDEO

Xətai sakinləri: ‘Ağaclara benzin töküb, yandırıblar ki…’ – REPORTAJ, FOTOLAR, VİDEO

Binaların həyətində olan 10-15 ağacı kəsib, yerində ya obyekt, ya da bina tikmək təəssüflər olsun ki, dəb halını alıb. Bir az pulu və lazımlı yerdə adamı olan şəxslər yerli icra orqanlarına rüşvət verib, istədikləri yeri zəbt edirlər.
Onların 90 faizinin bütün sənədləri qaydasında olur. Çünki sənədləri verən dövlət qurumları tikinti üçün icazə verdikləri yerə bir dəfə də olsun, gedib baxmırlar. Sadəcə qol çəkib, pullarını alırlar. Beləcə yüzlərlə yaşıllıq məhv olur, yerində isə çoxmərtəbəli binalar inşa edilir. Sanki insan oksigenlə deyil, betonla nəfəs alır.
Belə hallardan biri də Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 20 ünvanında baş verir. Belə ki, binanın önündə yerləşən bağın ağaclarına göz dikən şəxslər, ənənəvi üsullara əl atıblar. Həmin yaşıllıq düşmənləri ərazidəki ağacları rahatlıqla kəsmək və yerində obyekt tikmək üçün bəzi ağacları kökdən kəsiblər, bəzilərini isə benzin töküb yandırıblar.
Sakinlər ağaclar yandırılarkən heç nədən şübhələnməyiblər. Elə fikirləşiblər ki, hansısa uşaqların dəcəlliyidir. Amma sonradan hər şeyin üstü açılıb. Məlum olub ki, Həsən adlı şəxs öz obyektini bəzi şəxslərə satıb və onlar təkcə obyektin yeri ilə kifayətlənməyiblər. Məqsədləri bütün ərazini zəbt edib, 5 mərtəbəli obyekt tikməkdir.
 
Bu haqda məlumatı musavat.com-un reportyoruna bina sakinləri verib. Onların sözlərinə görə, 2 aydır ki, tanımadıqları şəxslər ərazidə tikinti aparmaq üçün cəhd edirlər: “Binada 72 ailə yaşayır. Balaca uşaqlarımız var. Onların oynaya biləcəkləri park onsuz da yoxdur. Bircə bu ağaclar qalıb. Camaat ağacların kölgəsində otururlar, təmiz hava alırlar. İndi hansısa pullu şəxslər buranı zəbt edib, bina tikmək istəyirlər. 10-a yaxın ağacı kəsiblər. Bəzilərinə benzin töküb yandırıblar. Biz buranı məhv etmələrinə imkan vermərik. MİS buraya baxmır. Zibilləri təmizləyən də yoxdur. Uşaqların vaxt keçirə biləcəkləri yer belə, yoxdur. Balaca parkımız var, onu da məhv etmək istəyirlər”.
Şikayətçilərin dediklərinə görə, Həsən adlı şəxs yaxınlıqdakı obyektini də bu tikintiyə görə satıb: “Əvvəl bu obyektin yerində “moyka” var idi. Səs-küyə görə camaat narazı oldu. Həsən buranı aldı, 2 mərtəbə obyekt tikdi, gözəllik salonu açdı. İndi məlumat var ki, burada obyekt tikmək istəyənlərlə anlaşıb və obyektini onlara satıb. Onlar burada 5 mərtəbəli bina tikəcəklər. Hər mərtəbəsində də bir obyekt olacaq”.
Çəkilişimiz zamanı adıçəkilən Həsən adlı şəxs hadisə yerinə gəlib. Sakinlərlə mübahisə edən şəxs “Burada park olacaq” deyib. Daha sonra isə əməkdaşımızın “Özünüzü təqdim edin zəhmət olmasa… Parkı sizmi salacaqsınız” sualına “Get işinlə məşğul” deyərək, cavab verən həmin şəxs qaçaraq, oradan uzaqlaşıb.
Qaçdığı yer yaxınlıqdakı gözəllik salonu olduğu üçün əməkdaşımız onu elə orada yenidən suala tutub. Bu zaman Həsən adlı şəxsin soyadının Rzazadə olduğu məlum olub.
O, əvvəlcə adının Həsən olduğunu, amma məsələnin ona aidiyyəti olmadığını desə də, sonradan hər şeyi etiraf edib: “Obyekti mən tikmirəm, tikən burada yoxdur. Sənəd ardınca gedib. Mən ağac kəsməmişəm. Bağın öz yiyəsi var. Mən obyektimi böyütmək fikrindəyəm. Ərazini təmizləmək istəyirəm, onu da qoymurlar”.
Xətai rayon İcra Hakimiyyəti bu ərazidə ağacların kəsilməsinə və yerində obyekt tikilməsinə niyə göz yumur? Bu sual bizi çox maraqlandırdığı üçün İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Xətai RİH-in baş memarı Vadim Surxayev bildirdi ki, həmin ərazidə heç biri tikinti aparıla bilməz: “Ərazidə yetərincə sıxlıq var. Orada tikintiyə icazə verilməyib və verilə də bilməz. Ağacların kimlər tərəfindən yandırıldığını bilmirik. Amma bununla bağlı göstəriş vermişik ki, həmin şəxs və ya şəxslər tapılaraq, hüquq-mühafizə orqanlarına təhvil verilsin”.
Musavat.com kiçik bir araşdırma apararaq, Həsən Rzazadənin də kimliyi barədə maraqlı faktlar əldə edib. Məlum olub ki, H.Rzazadə Xətai rayon İH-nin şöbə müdiri olub.
O, bu ilin iyul ayının 27-də yaşı ilə əlaqədar pensiyaya göndərilib. (Rəsmi saytda olan məlumata keçid linki –http://khatai-ih.gov.az/news/740.html). Təntənəli formada, gül dəstələri ilə yola salınan iki əməkdaşdan biri olan H.Rzazadə görünür ki, təqaüdə çıxmağa az qalmış qazanc yerini həll etməyə çalışıb.
Maraqlıdır, görəsən, Rzazadə Həsən Hacı oğlu şöbə müdiri olduğu müddətdə obyekt sahibi necə olub? Bu obyektin sənədləşməsində vəzifəsinin rolu və ya xüsusi təsiri olubmu? Vəzifədən sui-istifadə halı varmı?
Bu suallar hər kəsi maraqlandırır. Xətai RİH-in baş memarı Vadim Surxayev bu suallara da cavab verib:“Həsən müəllim İcra Hakimiyyətində işləyib. Amma şöbə müdiri olmayıb. Bu məsələnin ona aidiyyəti olduğunu düşünmürəm. Çünki heç bir tikintiyə icazə verilməyib”.
Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar və video müəllifindir.





















Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın