Ana səhifə / Gündəm / Xəlil Rza Ulutürkün mərhum qardaşının Aqil Abbasa sərt ittihamları üzə çıxdı

Xəlil Rza Ulutürkün mərhum qardaşının Aqil Abbasa sərt ittihamları üzə çıxdı

Məhəmməd Rza Xəlilbəyli 1947-ci ildə Salyanda doğulub. ADPU-nu bitirib. 1992-ci ildən ömrünün sonuna -1998-ci ilə kimi Salyanda çıxan “Qələbə” qəzetinin baş redaktoru olub. “Xəlil hey…!”, “Qəhrəman Təbrizim”, “Əsrlərin sönməz məşəli”, “Boz qurdun harayı”, “Ulutürk bayramı”, “Ata harayı” və digər kitabların müəllifidir. Sonuncu kitabı olan “Ələmdən qələmə” 1998-ci ildə, ölümündən bir neçə gün sonra çap olundu…

Məhəmməd Rza Xəlilbəyli 20-ci yüzilliyin 80-ci illərinin sonlarında Azərbaycanda cərəyan edən xalq azadlıq mücadiləsinin öncüllərindən biri olub. 90-cı illər Azərbaycan ədəbi mühitində də çox fəal olan M. R. Xəlilbəyli o dövrün bir çox mətbu orqanları və tanınmış simaları haqqında tənqidi fikirlər səsləndirib, kəskin şeirlər yazıb. Bu şeirlərin bəziləri indiyə qədər heç bir sayt və qəzetdə yayımlanmadığı üçün ədəbi ictimaiyyətə tanış deyil.

Həmin şeirlər arasında “Ədalət” qəzetinə və Aqil Abbasa yazdığı iki şeir var. Sizə təqdim edəcəyimiz şeirdə mərhum şair M. R. Xəlilbəyli Aqil Abbası öz yolundan sapmaqda və haqq uğrunda mübarizədən geri çəkilməkdə qınayır. Şeiri qısa ixtisarla strateq.az saytının oxucularına təqdim etməyi qərara aldıq. Yaxın günlərdə Aqil Abbasa ünvanlanmış digər şeiri də oxuculara təqdim etməyi düşünürük.

Qeyd edək ki, Məhəmməd Rza Xəlilbəyli böyük azadlıq şairimiz, istiqlal mücahidi Xəlil Rza Ulutürkün kiçik qardaşıdır.

“Ədalət” qəzetinə, Aqil Abbasa

Doxsanbir ocaqda şeir yazmışdım;

“Başları kəsilən, qəzetlərimiz”.

Səni o yazının yazı saymışdım,

Fəryaddan yaranmış “Ədalət”imiz.

Ətalət çoxalıb, kəsafət artıb,

Dərdlərim “Ədalət” səhifəsində.

Qaldırıb vətəni çiyinlərinə,

Gedir döyüşlərin ön cəbhəsində.

Sənin hər sayını təbərrik sanıb,

Beş ilə yaxındır, əzizləmişəm.

Makina dalında yuxusuz qalıb,

Korrektor qüsurun təmizləmişəm.

Demişəm: “nə çoxdur, qəzetlər nə çox,

Həmişə züy tutub dişi qəzetlər.

Var olsun hər sətri bir mərmi, bir ox,

Ürəkli qəzetlər, kişi qəzetlər”.

Qara haşiyəniz – dərdim, qübarım,

Qara günlərimin şahidlərisiz.

Güllə qabağına, toplar ağzına,

Hər həftə təpilən şəhidlərimsiz.

Göyərən arzumun çiçəklərisiz,

Xalqın fəryadından yaranmısınız.

Neçə senzuranın, neçə orqanın,

Qayçı barmağıyla daranmısınız…

“Millət” sönükləşdi atəşkəsmədə,

Alovu yoxaldı ilikdə, qanda.

“Mozalan” başımı tərsə kəsmədə,

“Yurddaş” dönük çıxır içdiyi anda.

Haqq yolu tutmadı millət yolunda,

Bağrımı yandıran söz yarasıdır.

Ağ “ləkə”ylə çıxan qəzetlər ki var,

Ac qalan ölkənin üz qarasıdır.

Hər qəzet öləndə gözlərim dolar,

Qəzetsiz bir ulus naxırdı, naxır.

Hər cür müsibətə qatlaşmaq olar,

Qəzeti lal etmək, lallıqdan ağır.

Heyif ki, yolundan sən də sapındın,

Duruş gətirmədin bu basa-basa.

Uydun nöqtələrə – cılız hislərə,

İndi vaysınıram Aqil Abbasa.

Balanın babası Məmməd Arazdır,

Bir az diqqətlə bax, Kürə, Araza.

Yaralı vətənim bütöv görsənər,

Onun gözlərini hər kim arasa.

Redaktor səngərim yağı əlində,

Gədalar alnımda tonqal çatıbdır.

Fəqət, idrakımın işıq selində,

Yaralı pələngin qeyzi yatıbdır.

Ağdamın uğrunda üç balam gedib,

Sənsə bir sətrini qıymadın mənə.

Bərpa kağızıma dirsək göstərib,

Üstəlik bir qınaq sapladın mənə.

Yurdum yeddibaşlı div ağzındadır,

Çırpınır quş kimi pələng tələdə.

Düşmənin təpiyi boğazımdadır,

Cinayət üyüyüb artır hələ də.

Düşmən ocağımın lap başındadır,

Hədəfi düz seçib gedəsiyəm mən.

Koroğlu üsyanı alt-üst olsa da,

Qiyamı qələmlə edəsiyəm mən…

Kağız yoxalsa da, qəzet çoxalır,
Ancaq kişi naşir-şir ürəkli az.
Haqqı, ədaləti tapdaq ölkədə,
Qəzeti şərəfsiz çıxarmaq olmaz.

Ustad Ulutürküm tel göndərmişdi:
“Redaktor qardaşım, imzan mübarək!
Redaktor ürəyi qurd ürəyidi,
Ürəyi yoxdursa, çaqqaldır demək”!

Dərdlərin içində inildəyirəm,

Öz gülləm bağrıma tuşlanıb bu gün.

Yusif Vəzir kimi “Qan içində”yəm,

Ağ bayraq altında sinəm dağ, düyün.

“Qayıt, yerinə qoy Ayı, Günəşi”,

Tapda kəsafəti, boğ ətaləti.

Sən qələm yoldaşım, ey Aqil kişi,

Silkələn, təzədən doğ “Ədalət”i!

Həmçinin oxuyun

Bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – İcra başçısını qəbulunda olay

Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bu günlərdə Masazırda sakinlərlə görüşü vaxtı gözlənilməz anlar …

Bir cavab yazın